Məhkəmə qərarları › İş №2(005)-1950/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1950/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1950/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəçi Cavabdeh tərəfindən icarəyə götürülmüş 1 (bir) ədəd "Playstation 5" dəyəri 1000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması, oyun konsollarının icarə müddətdə geri qaytardıldığı təqdirdə əşyadan mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olduğumu nəzərə alaraq, əldən çıxmış faydaya görə isə 1500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, elektronik əşyaların icarəyə verilməsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-ci il tarixində Cavabdeh iddiaçıya zəng edərək fərdi istifadəsi üçün "Playstation 5" oyun konsolunu icarəyə götürmək istədiyini bildirmiş və iddiaçı bu cihazı onun təhvil alacağı ünvana kuryer ilə göndərərək həmin tarixdə ona təhvil vermişdir. İcarəçi Cavabdeh 1 ədəd "Playstation 5" oyun konsulunu 1 (bir) gün müddətinə icarəsi üçün icarəverənə 35 manat icarə haqqı ödəmişdir. Razılaşmaya əsasən Cavabdeh xx.xx.2023 tarixində icarəyə götürdüyü cihazı iddiaçıya təhvil verməli idi, lakin xx.xx.2023-cü il tarixdə icarə müddətinin bitməsinə baxmayaraq icarəçi Cavabdeh icarəyə götürdüyü 1 (bir) ədəd "Playstion 5" oyun konsolunu geri qaytarmaqdan boyun qaçırmışdır. Qeyd edir ki, dəfələrlə telefon vasitəsilə oyun konsulunu geri qaytarmağı və ya dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, Cavabdeh buna məhəl qoymayaraq öhdəliklərini icra etməyib. Qeyd edir ki icarəyə götürən şəxsin qeyriqanuni əməlini sübut edən aralarında olan danışıqlardan bəzilərini sübut olaraq səs yazmaları formasında saxlamışdır. Bildirir ki, səs yazmaları qanunun tələblərinə cavab verir, çünki bu səs yazmalarındakı danışıqlardan öncə Cavabdeh zəngin qeydə alınması barədə məlumatlandırılmışdı. İddiaçı bildirir ki, icarəçinin oyun konsolunu geri qaytarmaması nəticəsində sahibkar kimi həmin əşyaların başqa şəxslərə icarəyə verərək əldə edəcəyi gəlirdən onu məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmənin 30 may 2024-cü il tarixli iclasında iştirak edən cavabdeh bildirmişdir ki, İddiaçı 1 (bir) ədəd "Playstation 5" əşyasını almışdır, lakin onu başqa şəxsin istifadəsinə vermişdir. Dəfələrlə qaytarılmasını tələb etmiş, nəticəsi olmamışdır. Həmin əşyanı götürən dostunun atası ilə də əlavə saxlamış, əşyanın dəyərini ödəyəcəyinə söz vermiş, lakin əməl etməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü i iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında "Playstation 5" oyun konsolunun icarəyə verilməsi ilə bağlı münasibətlər olmuş, cavabdeh isə götürdüyü oyun konsolunu iddiaçıya geri qaytarmamışdır. İşin bu halı iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş səs yazılarını əks etdirən “flash card” vasitəsi ilə müəyyən olunur. Həmçinin, cavabdeh özü də 30 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında "Playstation 5" oyun konsolunu iddiaçıdan götürdüyünü, lakin qaytarmadığını, eyni zamanda dəyərini də ödəmədiyini etiraf etmişdir. Qeyd olunan hallara əsaslanaraq, məhkəmə cavabdeh tərəfindən götürülmüş 1 (bir) ədəd "Playstation 5" qaytarılması barədə iddiaçının tələbini əsaslı hesab edir. Qeyd edilən əşya natura şəklində, bu mümkün olmadığı təqdirdə isə əşyayın dəyərinin pul şəklində iddiaçıya verilməlidir. İddiaçı həmin əşyanın dəyərinin 1000 manat olmasını iddia edir, caabdeh tərəf həmin əşyanın dəyərinin fərqli məbləğdə olmasını mübahisələndirməmişdir. Digər tərəfdən, məhkəmə iddia tələbinin «əldən çıxmış fayda şəklində ona dəyən zərərin kompensasiyası üçün 1500 manat məbləğində pulun» tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, cavabdehin iddiaçıya məxsus "Playstation 5" oyun konsolundan faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmir. Birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında danışıqlarda belə bir razılaşma nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus əşyadan faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1 (bir) ədəd "Playstation 5" alınaraq iddiaçı İddiaçı verilməlidir. Həmin əşya olmadığı halda onun dəyəri 1000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə ödənilmiş 45 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1 (bir) ədəd "Playstation 5" alınaraq İddiaçı verilsin. Həmin əşya olmadığı halda, onun dəyəri 1000 (bir min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar