Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1965/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X4 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəçəsi 55 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı Cavabdeh ailə quranadək daim Səttar Bəhlulzadə 20 "a” mənzil 44-də ata evində yaşayıb. Ailə qurduqdan sonra həyat yoldaşının evinə Pirşağı qəsəbəsi, Sovxoz Rəsulzadə küçəsi, ev 1, mənzil 1-ə köçüb. 19 ilə yaxındır ki, hal-hazırki dövrədək orada yaşayır. xx.xx.2003-cü il tarixdə Səttar Bəhlulzadə ev 20 “a” - ünvanında yerləşən 2 otaqdan ibarət 44 nömrəli mənzili (ata evini) notarial qaydada ona bağışlamışdır. Bağışladığı mənzil onun tam mülkiyyətindədir. Müəyyən səbəblərdən onu həyat yoldaşı ilə Nərimanov Rayonu, Sabit Rəhman 55 ünvanındakı evə qeydiyyata salmışdır. Valideynlərin etimadını doğrultmadığı üçün ona bu ünvandan çıxmağı tələb etmişdir. Lakin cavabdeh bu günə kimi həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Bu məsələ ilə bağlı Mediasiya Təşkilatına da müraciət etmişdir. Lakin heç bir nəticə alınmamışdır Hazırki dövrədək cavabdeh həmin mənzildə deyil, tamamilə fərqli ünvanda - həyat yoldaşının evində - Pirşağı qəsəbəsi, Sovxoz Rəsulzadə küçəsi, ev 1, mənzil 1-də yaşayır. Onun Nərimanov Rayonu, Sabit Rəhman 55 ünvanındakı mənzildə qeydiyyat isə formal olaraq qalıb. Həyat yoldaşı vəfat edib. Halhazırda həmin yaşayış evində o və cavabdehdən başqa qeydiyyatda heç kim mövcud deyil. Cavabdehin mənzilindən çıxarılması ilə bağlı xx.xx.2023-cü ildə ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə də müraciət etmişdir. Həmin orqan tərəfindən xx.xx.2023-cü il tarixdə ona göndərilən cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının cavabdehə qarşı məhkəmədə qaldırdığı iddianın heç bir hüquqi əsası olmadığından, iddia ərizəsi rədd edilməlidir. Mülkiyyət hüququnun olması üçün həmin mənzil dövlət reyestrində qeydiyyata alınmalı idi. Lakin mənzilin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd olmamışdır. Mübahisəli yaşayış sahəsi özbaşına tikilidir və heç bir sənədi yoxdur. Bu səbəbdən də hazırda cavabdehin atasının belə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Həmin Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq, məhkəmə ilk növbədə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalı olduğu qənaətinə gəlir. Məhkəmə bildirir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddiaçının ümumiyyətlə iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququnun olmadığı müəyyən olunmuşdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə istifadə hüququ ilə bağlı məsələləri birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bu baxımdan məhkəmə bildirir ki, özbaşına tikili ilə bağlı tərəflərin qeyd olunan hüquqları yaranmadığına görə hazırki iddia tələbinin təmin edilməsinə heç bir əsas mövcud deyil. Belə ki, əgər mübahisəli tikili ilə bağlı istifadə hüquqları yaranmamışdırsa, mövcud olmayan hüquqa xitam verilməsindən də söhbət gedə bilməz. Belə olan halda iddiaçı cavabdehin mübahisəli tikiliyə olan istifadə hüququna xitam verilməsini tələb edərkən subyektiv hüquqa malik olmadığından hazırki iddia tələblərini irəli sürməsi həmin iddianın əsassız olduğuna dəlalət edir. Bundan başqa məhkəmə iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququndan məhrum olmadığını izah etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1965/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1965/2023
06.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver