Məhkəmə qərarları › İş №2(005)-1973/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1973/2025

15.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1973/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Məmmədli Gündüz oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və kompensasiya tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 321/k nömrəli əmrin ləğv edilməsi, Cavabdeh QSC şirkətində İT və X1 İT üzrə mütəxəssisi kimi işə bərpa olunması və işsiz qaldığı günlərə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh QSC-də işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh 321/k nömrəli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ilə “Azərqaz” İB arasında bağlanmış xx.xx.2021-ci il tarixli satınalma müqaviləsinə əsasən yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın xx.xx.2025-ci il tarixdən dayandırılması qərara alınmış və həmin işlərin “Azərqaz” İB tərəfindən həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh həmin işlərin “Azərqaz” İB tərəfindən ləğv edilməsini və bunun nəticəsində həmin müqavilə üzrə əldə edilən gəlirin itirilməsini nəzərə alaraq, xx.xx.2024cü il tarixli, 936/Ü nömrəli əmri ilə işçilərin ixtisar edilməsi qərara alınmışdır. İxtisarla bağlı əmr barədə məlumat xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsilə şöbə rəisi tərəfindən ona rəsmi olaraq göndərilmiş və ixtisarların başlanacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İxtisarın başlanacağı bildirilsə də, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinin ləğv edilməsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi yerinə, 68.2-ci maddəsinin “b” bəndi (müqavilənin müddətinin bitməsi ilə əlaqədar xitam) qanunsuz olaraq tətbiq edilmişdir. İşəgötürən işçi ilə əmək müqaviləsini bitirmək üçün müddətin bitməsi bəhanəsindən sui-istifadə edərək, ixtisar prosedurunu manipulyasiya etmişdir. Əmək Məcəlləsinə əsasən 3 ildən 5 ilədək stajı olan işçilərə əmək müqaviləsinin ləğv edilməsinə dair ən azı 4 həftə əvvəl bildiriş verilməlidir. Lakin işəgötürən yalnız işçinin əmək müqaviləsini ləğv etməyi seçmişdir. İşçiyə xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi ilə əlaqədar xəbərdarlıq bildirişi verilmiş və işçinin əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə ixtisar səbəbindən xitam verilməmişdir. Belə ki, ona təqdim edilən əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıq məktubunda ixtisarla bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir. Əksinə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir. Xəbərdarlıq məktubunda ixtisarla bağlı, habelə “Azəriqaz” İB ilə bağlanmış satınalma müqaviləsində nəzərdə tutulan bir sıra xidmətlərin alınması səbəbindən xitam verilməsi qeyd edilsəydi, o zaman işçinin ixtisar edilməməsi səbəbindən Cavabdeh QSC məsuliyyət daşıyardı. xx.xx.2024-cü il tarixli, 936/Ü nömrəli ixtisar əmrinin 5-ci bəndində işçilərin ixtisar edilməsi ilə əlaqədar işçilər müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilmələri qeyd edilmişdir. Əgər iddiaçı ixtisar edilsəydi, ona stajına uyğun olaraq, müddətin bitməsi ilə bağlı xəbərdarlıq məktubu əvəzinə ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edilmiş olardı. Əmrin surəti İT və X1 rəhbəri Ramil Rzayev tərəfindən tabeliyində olan işçilərə təqdim edilmişdir. İddia ərizəsinə qoşma şəklində əlavə edilən elektron poçtun çıxarışından görünür ki, İT və X1 rəhbəri Ramil Rzayev tabeliyində olan bütün işçilərə həmin əmrin surətini təqdim etmişdir. Cavabdeh tərəfindən işçi ixtisar edilməmiş və ixtisara dair siyahıda işçinin adı və soyadı olmamışdır. Əlavə olaraq əmək müqaviləsinə məzuniyyətdə olduğu dövrdə xitam verilməmiş və ya məzuniyyətdə olduğu zaman ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Məmmədli Gündüz oğlu iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh QSC-nin 936/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın keçirilməsi” işlərinin icrası üçün işə qəbul edilmiş işçilərin, eləcə də digər struktur bölmələrində çalışan işçilərin bir qisminin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77, 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla ixtisarının təmin edilməsi qeyd edilmişdir. Həmin əmr üzrə ixtisar edilməsi təklif olunan işçilərin siyahısında İddiaçı adı qeyd olunmamışdır; Cavabdeh QSC-nin 792 saylı, xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi və həmin müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir; xx.xx.2024-cü il tarixli, 321/K saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, N1237 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir; xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdeh QSC tərəfindən 657,64 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatı son haqq-hesab kimi göstərilmişdir; Bakı 10 saylı Mediasiya təşkilatının MŞB/10/2025-00020 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, 14-cü səhifəsində İddiaçı Cavabdeh QSC-də xx.xx.2021-ci il tarixdə Bakı Regional Mərkəzinə İT üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, daha sonra xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən İT və Texniki Təminat şöbəsinə İT üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh QSC-də xx.xx.2021-ci il tarixdə Bakı Regional Mərkəzinə İT üzrə mütəxəssis peşəsinə qəbul edilmiş, daha sonra həmin peşə üzrə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən İT və Texniki Təminat şöbəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli, 936/Ü saylı əmr ilə bir sıra işçilərin ixtisara alınması qərara alınmışdır. Həmin siyahıda isə iddiaçının adı qeyd olunmamışdır. Cavabdeh QSC xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfə əmək müqaviləsinin müddətinin bitməsi və müddətin bitməsi təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, son haqq-hesab ödənilmişdir. İş üzrə mübahisələndirilən hallar ondan ibarətdir ki, iddiaçı, Əmək Məcəlləsinin 68.2ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən çıxarılma barədə əmrinin qanunsuz olduğunu hesab edir. İddiaçı iddia edir ki, ona ixtisarların edilməsi ilə bağlı əmr barədə rəsmi məlumat verildiyi təqdirdə ixtisar əmri ilə işdən azad olunması əvəzinə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridə əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 73-cü maddəsinin: 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. İşdə olan sübutlar ilə təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq, bildiriş təqdim edilməklə işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin 6 əsası müəyyən edilmişdir. Həmin əsaslardan biri də əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində müqaviləyə xitam verilməsidir. Əmək müqaviləsinin müddətinin bitməsinə 10 gün qalmış işəgötürən tərəfindən işçiyə bildiriş təqdim edilmiş və daha sonra əmək müqaviləsi müddətin bitməsi əsası ilə ləğv edilmişdir. Eyni zamanda işçiyə ixtisarla bağlı xəbərdarlıq məktubu deyil, müddətin bitməsi ilə bağlı xəbərdarlıq məktubu təqdim edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməli olduğu halda, 68.2-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinin qanunsuz olduğunu əsas gətirmişdir. İşəgötürən, işçi ilə müqavilə müddətinin uzatması əvəzinə, müqaviləni ləğv etməsi barədə iradə ifadəsində tam haqlı olmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı tam təkzib olunmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar