Məhkəmə qərarları › İş №2(005)-1989/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1989/2020

14.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1989/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh-nin nümayəndələri X3 iştirakı ilə, İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Əmək və X4 Nazirliyinin 2 saylı region üzrə Əmək Müfəttişliyi cəlb edilməklə işə bərpa və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Əmək və X4 Nazirliyinin 2 saylı region üzrə Əmək Müfəttişliyi cəlb edilməklə işə bərpa və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin aprel ayından Cavabdeh-ə aid Ramada-Baku oteldə daimi işçi kimi bağban vəzifəsinə işə götürülmüşdür. Çoxsaylı müraciətindən sonra onunla Əmək müqaviləsi xx.xx.2019- cu il tarixdə bağlanılıb və ƏMB üzrə EİS-ə yazılıb. Onun qarşısına xx.xx.2019- cu il tarixdən etibarən gecə növbəsində işləmək tələbi qoyulub. Onunla müəssisə arasında xx.xx.2019cu il tarixli 76 saylı əmək müqaviləsinə əsasən belə bir öhdəlik götürmədiyi üçün gecə növbəsinə çıxmaqdan imtina etmiş və yazılı ərizəni xx.xx.2019-cu il tarixdə kadrlar şöbəsinə təqdim etmişdir. Ona işdən öz xoşu ilə çıxmaq barədə ərizə yazmaq tələbi qoyulmuş, o isə imtina etmişdir. Ona çıxış vərəqi verilmiş, o, da bu vərəqi Mühafizə, Təmizlik və Yeməkxana rəislərinə təqdim etmişdir Çıxış vərəqini və işə giriş-çıxış kartını, Cavabdeh-nin X2ması (İ.R.İ) departamentinin rəisi Hicran Ağayevaya təqdim etmişdir. Beləliklə onu əsassız olaraq işdən azad etmişlər. xx.xx.2019-cu il tarixdə maaş vərəqinə imza atmaq üçün işə Ramada-Bakuya gəlmişdir. Kadrlar şöbəsindən onunla bağlı son qərar və Əmək kitabçası bəradə maraqlanmışdır. Kadrlar şöbəsindən Ləman xanım ona işdən azad olunmasını və onunla əlaqə saxlanılacağını bildirmişdir. xx.xx.2019-cu ildə "xxxxxxxx" MMC -nin X2ması (İ.R.İ) departamentinin rəisi Hicran xanım tərəfindən ona xəbərdarlıq məktubu göndərilmiş, guya o, səbəbsiz olaraq xx.xx.2019-cu ildən işə çıxmır. Məktubu xx.xx.2019- cu ildə almış və xx.xx.2019-da işə Ramada-Baku-ya gəlmişdir. Mühafizədən (N.B.M) əlaqə saxladılar kadrlar şöbəsi ilə, ondan könüllü olaraq işdən çıxmağı tələb etmişlər. O, belə bir ərizə yazmaqdan imtina etmişdir. Telefon vasitəsilə X2ması (İ.R.İ) departamentinin rəisi Hicran Ağayeva ilə əlaqə saxlamağa çalışmış və xx.xx.2019-cu il tarixdə telefon əlaqəsi mümkün olmuşdur. Ona heç kim onu işdən çıxarmayıb, hazırda işə çıxıb əvvəlki işini qrafik üzrə 09:00-18:00 qədər əvvəlki kimi işini davam etdirə bilər bildirilmişdir. O, isə hazırda ona qarşı haqsızlıqla bağlı hərarəti qalxdığı üçün işə çıxa bilməyəcəyini bildirmiş əvəzində isə ondan işə çıxanda tibbi arayış təqdim etməsi tələb edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə üç günlük (13,14,15) 07.2019-cu il tarixlərə tibbi arayışını Ramada-Bakuda kadrlar şöbəsinə Ləman xanıma təqdim etmişdir. O zaman Ləman xanım, Hicran Ağayeva ilə əlaqə saxladı, o isə bildirmişdir ki, işdən azad edilib. Bundan sonra iddiaçı müvafiq orqanlara qanunsuz və əsassız olaraq işdən azad edildiyi barədə müraciət edib. O, ƏƏSMN-yi yanında DƏM-ə xx.xx.2019-cu il tarixdə müraciət edib, həmin müraciəti ilə bağlı Cavabdeh-nin ünvanına 2 saylı region üzrə DƏM tərəfindən xx.xx.2019-cu il tarixdə **********0 nömrəli məktub göndərilmişdir. Məktuba cavab olaraq Cavabdeh-nin baş direktoru Emin müəllim Rüstəmov tərəfindən rəsmi olaraq xx.xx.2019-cu il tarixli 2 saylı region üzrə DƏM yazmışdır ki, qeyd etdikləri vətəndaş cavabdeh müəssisədə çalışmamışdır. 2 saylı region üzrə əmək müfəttişliyi işi araşdıraraq əmək müqaviləsi düzgün tərtib edilmədiyi üçün Cavabdeh-nin vəzifəli şəxsi inzibati qaydada cərimə olunmuşdur.Qeyd edilənləri nəzərə alaraq məhkəmədən, Əmək Məcəlləsində işdən çıxarılmağı barədə "70Ç" maddəsinin ləğv edilərək xx.xx.2015-ci il tarixdən daimi işçi kimi işə qəbul olduğu Cavabdeh-də əmək müqaviləmin bağlanması, əmək kitabçasında və məcburi qaydada buraxılmış xx.xx.2019-cu ildən başlayaraq hazırkı günə kimi əmək haqqının birdəfəlik ödənilməsi və alınaraq ona ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh-nin nümayəndələri X7 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini bildirərərk də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh-də Ramada-Baku otelinin Texniki Şöbəsində bağban vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 99 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il 76 №-li tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh-nin baş direktoru X6 ilə İddiaçı arasında növbəli iş rejimi tətbiq edilməklə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh-nin mövsümi işlərin tənzimlənməsi haqqında 12 saylı xx xxxx 2019-cu il tarixli əmrdən görünür ki, Cavabdeh şirkətinin tabeliyində olan “Ramada by Wyndham Baku” texniki şöbələrinin əməkdaşları yay mövsümü - 2 aylıq müddət ərzində (xx.xx.2019-xx.xx.2019) çoxnövbəli iş rejimi ilə işləməsi, iş qrafiki gecə növbəsinə təsadüf edən işçilərin əmək haqqları, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən hesablanması, otellərin maliyyə xidməti ayın sonu əmək haqqı hesabını 2-ci bəndə uyğun tərtib edilməsi, X1 Departamenti bu əmrin icrası ilə bağlı lazımi tədbirləri görülməsi, əmrin icrasına nəzarətin otellərin direktorlarına həvalə edilməsi və cəmiyyətin aidiyyatı olan işçilərinin bu əmrlə tanış edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh-nin İddiaçı ünvanalnmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, heç bir səbəb göstərmədən və iş yerinə məlumat vermədən, əsassız şəkildə xx xxxx 2019-cu il tarixindən işə gəlmədiyi aşkarlanmışdır. İşə gəlməməyinin üzürlü səbəbdən olduğunu təsdiq edən sənəd və sübutlan iş yerinə tədqim etmədiyi halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “a” bəndində göstərilən hal üzrə) əmək müqavilənizə xitam veriləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixli 76 №-li tarixli əmək müqaviləsinə əsasən Cavabdeh-nin baş direktoru X6 tərəfindən Cavabdeh-də Ramada-Baku otelinin Texniki Şöbəsində bağban vəzifəsinə işə götürülmüşdür. Mülki işin materiallarından müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə heç bir səbəb olmadan iş vaxtlarında işə gəlməməsi səbəbindən xitam verilmişdir, bu səbəbdən də İddiaçı işə bərpa, maddi və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Məhkəmə təqdim edilmiş iş materiallarını, hər iki tərəfin izahatlarını araşdırıb işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki ilk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərzəli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfin izahatları ilə sübut olunur ki, İddiaçı iş günlərində işdə olmadığını etiraf etmişdir. O, gecə növbələrinə çıxmaq istəmədiyini bildirmiş, bu səbəbdən də işə gəlmədiyini izahatında qeyd etmişdir. Lakin məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin şərtləri nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, müqavilədə İddiaçı ilə əmək müqaviləsini 4.17-ci bəndində növbəli iş rejimi barədə müqavilə bağlandığı göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, belə olan halda işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə kənarlaşdırılması qanunvericiliyə zidd deyildir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyiəmək haqqını, haqq hesabının ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının maddi ziyan tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddələrinin maddəsinin tələblərinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Əmək və X4 Nazirliyinin 2 saylı region üzrə Əmək Müfəttişliyi cəlb edilməklə işə bərpa və ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Əmək və X4 Nazirliyinin 2 saylı region üzrə Əmək Müfəttişliyi cəlb edilməklə işə bərpa və ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar