Məhkəmə qərarları › İş №2(005)-2/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2/2021

01.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xıtam verilməsi və əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Mirabdulsam oğlu Cavabdeh qarşı mənzildən istifadə hüququna xıtam verilməsi və əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və ona dəqiqiləşdirmə verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istiafdə hüququna xitam verilməsi və ona məxsus olan: qonaq otağı dəsti – 2 ədəd qorka, güzgülü komod, stol, 6 stul, komod, servant, yataq otağı dəsti,- çarpayı, şkaf, trümo, ikitumboçka, komod, servizlər – 12 person 2 dəst – nahar, çay və kofe və 2 dəst nahar servisi natamam vəziyyətdə, mətbəx dəsti (quraşdırma), soyuducu, paltaryuyan, çılçıraq – 2 ədəd olmaqla mətbəx əşyalarının mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil 2009-cu ildə, nikahdan əvvəl atası tərəfindən iddiaçıya hədiyyə edilmişdir.Həmin mənzil üzrə iddiaçının mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsində 10.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və iddiaçıya ******* nömrəli çıxarış verilmişdir. İddiaçı ilə 2013-cü ildə nikaha daxil olduqdan sonra iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar və cavabdeh cehiz əşyalarını həmin mənzildə yerləşdirmişdir. 2016-cı ilin aprel ayında iddiaçı ilə faktiki olaraq ailə münasibətləri pozulmuş və həmin vaxt iddiaçı uşaqları da götürüb mənzili tərk etmişdir. 2016-cı ilin iyun-iyul aylarında iddiaçı nikahın pozulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Məhkəmə qəntaməsi qanuni qüvvəsini almışdır və iddiaçıya nikahın pozulması haqqında şəhadətnaməsi verilmişdir. İddiaçı mənzili tərk edərkən bir daha qayıtmayacağını bildirmişdir, iddiaçı bir müddət gözləmiş, düşünmüşdür ki, iddiaçı fikrini dəyişəcək və ailə münasibətlərini bərpa etməyə çalışacaqdır. Lakin iddiaçı münasibətləri bərpa etmək istəmədi, məhkəmə tərəfindən barışmaq üçün verilən müddət ərzində iddiaçı barışmağa cəhd göstərməmişdir. Əksinə, iddiaçıya qarşı aqressiv münasibətdə olmasını davam etmişdir. Bu səbəbdən də, iddiaçı ilə münasibətləri tam olaraq pozulmuşdur. İddiaçı mənzili 2016-cı ilin aprel ayında tərk etmiş, özünə məxsus əşyaların bir qismini götürmüşdür, o vaxtdan hal-hazıradək, özü dəfələrlə qeyd etdiyi kimi, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində qalır, uşaqlar həmin ərazidə yerləşən uşaq bağçasına gedir, iddiaçı həm orta məktəbədə, həm də şirkətdə işləyir. İddiaçı artıq sosial adaptasiya mərhələsini keçmişdir. İddiaçı hesab edir ki, tərəflərin gələcəkdə bir mənzildə yaşaması qeyri-mümkündür və hazırki vəziyyətdə iddiaçı öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə və sahiblik edə bilmir. İddiaçı Mirabdulsam oğlunun nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əşyaların artıq mənzildən çıxarıldığını bildirərək cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdeh 08.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək, əşyaların mənzildən çıxarıldığını lakin özünün həmin mənzildə qeydiyyatda olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli 2(005)-5329/2016 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Mirabdulsam oğlu ilə Cavabdeh arasında 30 aprel 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 314 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 21.11.2013cü il təvəllüdlü X4 və 21.11.2013-cü il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılması və 28 oktyabr 2016-cı il tarixdən İddiaçı Mirabdulsam oğlundan 21.11.2013-cü il təvəllüdlü X4 və 21.11.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan 15.12.2016-cı il tarixli AZ-İ serialı 253408 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı Mirabdulsam oğlu ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə 15.12.2016-cı il tarixdə akt qeydləri kitabında 372 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhər Təbriz küçəsi 108, 25 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda İddiaçı Mirabdulsam oğluna məxsusdur və bu barədə 10.02.2010-cu il tarixdə ********* nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2017-ci il tarixli 2(103)-10884/17 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.07.2017-cı il tarixli 2(005)-497/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməsi və Cavabdeh 21.11.2013-cü il təvəllüdlü X4 və 21.11.2013-cü il təvəllüdlü X5 ilə birgə, ünvan 2 ünvanına 6 ay müddətinə köçməsi (yaşayış sahəsindən istifadə hüququ) təmin edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil 2009-cu ildə, nikahdan əvvəl atası tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Həmin mənzil üzrə iddiaçının mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsində 10.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və iddiaçıya ******* nömrəli çıxarış verilmişdir. İddiaçı ilə 2013-cü ildə nikaha daxil olduqdan sonra iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar və cavabdeh cehiz əşyalarını həmin mənzildə yerləşdirmişdir. Nərimanov Rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Məhkəmə qəntaməsi qanuni qüvvəsini almışdır və iddiaçıya nikahın pozulması haqqında şəhadətnaməsi verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzildə istifadə hüququnun 2 il müddətinə saxlanılması qət edilmişdir. Hazırda iddiaçı cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini və əşyaların çıxarılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mənzil iddiaçının xüsusi mülkiyyətindədir.Tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuşdur və bundan sonra cavabdeh övladları ilə birgə mənzili tərk etmişdir və hal-hazırda faktiki olaraq digər ünvanda yaşayır.Cavabdehin həmin mənzilə olan istifadı hüququ formal xarakter daşıyır.Bu hal və cavabdehə məxsus əşyaların iddiaçının mənzilində qalması iddiaçıya öz mənzilinə sərbəsy maneəsiz sahiblik etmək və ondan istifadə etmək hüquqlarına toxunur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququnun saxlanıması üçün əsaslar olmadığından iddia tələbləri təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi bina 108, 25 saylı mənzildən istiafdə hüququna xitam verilməli, ona məxsus olan əşyalar mənzildən çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi bina 108, 25 saylı mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh məxsus olan: qonaq otağı dəsti – 2 ədəd qorka, güzgülü komod, stol, 6 stul, komod, servant, yataq otağı dəsti,- çarpayı, şkaf, trümo, iki tumboçka, komod, servizlər – 12 person, 2 dəst – nahar, çay və kofe və 2 dəst nahar servisi natamam vəziyyətdə, mətbəx dəsti (quraşdırma), soyuducu, paltaryuyan, çılçıraq – 2 ədəd olmaqla mətbəx əşyaları Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi bina 108, 25 saylı mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar