Məhkəmə qərarları › İş №2(005)-200/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-200/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-200/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırıması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırıması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi, ev 836 nömrəli evin 9.4 kv.m və 11.2 kv.m yaşayış otaqlarına bitişik əlavə sahəsi 4 kv m olan hamam və ayaqyolundan istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi 836 nömrəli evin 9,4 kv.m və 11.2 kv.m yaşayış otaqlarına bitişik əlavə sahəsi 4 kv.m olan sanitar qovşaqdan (hamam və ayaqyolu) istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, sanitar qovşağın yararlı vəziyətə qaytarılmasının cavabdehə həvalə edilməsi və həmin qovşaqdan istifadənin təmin edilməsi üçün iddiaçının adına su və işıq çəkilməsinə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov küçəsi, 836 saylı evin 9.4 kv.m yaşayış otaqları onun və ailə üzvlərinin istifadəsindədir, 1978-ci ildən hazırkı vaxtadək həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İstifadə edilən həmin iki otağın mətbəxi belə yoxdur, iddiaçı həmin otaqlardan birində məcbur olub mətbəx kimi istifadə edir. Cavabdeh mübahisəli evin onun otaqlarına bitişik 4 kv.m-dən ibarət əlavə sahəsindən (sanuzer) istifadə etməyə qoymur, məcbur edir ki, 20.6 kv.m olan yaşayış sahəsində hamam və sanuzer tiksin, bu isə mümkün deyildir, çünki həmin otaqların sahəsi kiçik olduğundan, orada əlavə olaraq sanitar qovşaq inşa edilməsi, otaqlardan istifadəni mümkünsüz edir. Həmçinin qeyd edir ki, göstərilən ünvanda cavabdehə məxsus yaşayış sahəsində 3 dənə əlavə sanitar qovşaq və mətbəx mövcuddur və və cavabdehlər həmin 3 sahədən istifadə edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçılar və cavabdehlər eyni ünvanda özbaşına tikilidən istifadə etməklə yaşayırlar. Tərəflərin istifadəsində olan yaşayış sahələri ayrıdır və hər kəs həyətə ayrıca çıxışı olan sahələrdə qalır. Cavabdehlərə məxsus və hal-hazırda istifadələrində olan yaşayış sahələri üçün ayrıca üç ədəd sanitar qovşaq və mətbəx mövcuddur və onlar iddiaçının istifadəsinə imkan yaradılmasını tələb etdiyi sanitar qovşaqdan istifadə etmirlər. Belə olan halda cavabdehlərin həmin sanitar qovşaqdan iddiaçının istifadəsinə yaradılmış maneə heç bir zərurətdən irəli gəlmir və sadəcə olaraq iddiaçının ümumiyyətlə həmin sahədən çıxarılmasına nail olmaqdan ibarət hərəkətlərdir. Cavabdehin həmin sahədən istifadə etdiyi və iddiaçının həmin sahədən istifadəsinin cavabdehin hər hansı formada hüquqlarının pozulmasına səbəb olduğuna dair hallar yoxdur. Ümumiyyətlə isə cavabdehlər həmin sahədən istifadə etmirlər və iddiaçının tələbinin təmin olunması onların qanunla qorunan hansısa maraqlarına zidd deyil. Xüsusi olaraq nəzərə alınmalıdır ki, artıq 42 ildir ki, həmin yaşayış sahəsində yaşayan iddiaçının sanitar qovşaqdan heç bir maneə yaradılmadan istifadəsi onun fundamental hüququdur və buna yaradılmış istənilən maneə iddiaçının hüququna qanunsuz müdaxiləyə bərabərdir. Faktiki vəziyyət ondan ibarətdir ki, iddiaçı yaşadığı mənzildə sanitar qovaşaqdan istifadə edə bilmədiyi üçün qonşusunu narahat etmək məcburiyyətində qalır. Bu isə elementar hüquqlardan məhrumetmənin bariz nümunəsidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin baş təhqiqatşısı X3 15 iyun 2021ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarından görünür ki, Vətəndaş İddiaçı müraciəti əsasında araşdırma aparılarkən Cavabdeh əməlində cinayət tərkibi müəyyən olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilərək, vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati icraat başlanması üçün qərarın surəti aidiyyəti əməkdaşa tapşırılması, ünvan 1 ünvanında yaşayan İddiaçı ilə eyni ünvanda yaşayan əvvəllər məhkum olmuş Cavabdeh aralarında gələcəkdə baş verə biləcək daha ciddi hadisələrin qarşısının profilaktik tədbirlərlə alınması üçün onlar münaqişəli tərəflər kimi qeydiyyata alınmaları qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1031/2008 saylı, 12.05.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Axundova Ülkər Məmməd qızının İddiaçı Firudin qızı və qeydlərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun İtirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı Firudin qızı və qeyrilərinin X4 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın iş üzrə 04 sentyabr 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş uzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli 2(005)-3304/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Axundova Ülkər Məmməd qızının nümayəndəsi X8, həmçinin cavabdeh İddiaçı Firudin qızı, X5 və X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(102)- 3201/08 saylı, 16.12.2008-ci il tarixli qərarı ilə iddiaçı Axundova Ülkər Məmməd qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın iş üzrə 04 sentyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın iş üzrə 19 avqust 2021-ci il tarixli, 2(103)-7710/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2021 saylı iş üzrə 02.06.2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022ci il tarixli 10/5952 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi ev 836 nömrəli evin İddiaçı Firudin qızının istifadəsində olan yaşayış otaqlarına bitişik, eni 1.45 metr, uzunluğu, 2.8 metr olan sahəsi 4 m2 olan tikilinin mövcud olduğu müəyyən olundu. Həmin tikilinin daxilində su və kanalizasiya xətləri olsa da, faktiki vəziyyətdə sanitar qovşaq olaraq yox, əşyaların saxlanılması üçün istifadə olunur. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, sözügedən tikili faktiki vəziyyətdə Cavabdeh tərəfindən əşyaların saxlanılması üçün istifadə olunur. Həmçinin baxış zamanı Cavabdeh həmin tikilini təmir sexi olaraq istifadə etməyi nəzərdə tutduğunu bildirmişdir. 18 saylı MKİS-in 02.04.2021-ci il tarixli, 18/484 saylı arayışdan görünür ki, X2 Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi, ev 836 nömrəli evin 2 otaqlı mənzilində yaşayır. 18 saylı MKİS-in 02.04.2021-ci il tarixli, 18/486 saylı arayışdan görünür ki, Axundova Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi, ev 836 nömrəli evin 4 otaqlı mənzilində yaşayır. Göründüyü kimi, X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov küçəsi, 836 saylı evdə 9,4 kv.m və 11.2 kv.m-lik onun istifadəsində olan otaqlarda yaşayır. Qeyd edilən otaqların şəraiti əlverişli deyil, həmçinin ayrıca mətbəxləri olmadığından mətbəx həmin otaqlardan birində yerləşir. Cavabdeh mübahisəli evin onun otaqlarına bitişik 4 kv.m-dən ibarət əlavə sahəsindən (sanuzer) istifadə etməyə maneə yaradır. Bu səbəbdən iddiaçı X2 məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi 836 nömrəli evin 9,4 kv.m və 11.2 kv.m yaşayış otaqlarına bitişik əlavə sahəsi 4 kv.m olan sanitar qovşaqdan (hamam və ayaqyolu) istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, sanitar qovşağın yararlı vəziyyətə qaytarılmasının cavabdehə həvalə edilməsi və həmin qovşaqdan istifadənin təmin edilməsi üçün iddiaçının adına su və işıq çəkilməsinə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mül9kiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2022-ci il tarixli 10/5952 nömrəli rəyindən müəyyən edildi ki, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi ev 836 nömrəli evin İddiaçı Firudin qızının istifadəsində olan yaşayış otaqlarına bitişik, eni 1.45 metr, uzunluğu, 2.8 metr olan sahəsi 4 m2 olan tikilinin mövcuddur. Həmin tikilinin daxilində su və kanalizasiya xətləri olsa da, faktiki vəziyyətdə sanitar qovşaq olaraq yox, əşyaların saxlanılması üçün istifadə olunur. Baxış zamanı əldə olunmuş məlumatlara əsasən, sözügedən tikili faktiki vəziyyətdə Cavabdeh tərəfindən əşyaların saxlanılması üçün istifadə olunur. Həmçinin baxış zamanı Cavabdeh həmin tikilini təmir sexi olaraq istifadə etməyi nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X1 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi 836 nömrəli evin 9,4 kv.m və 11.2 kv.m yaşayış otaqlarına bitişik əlavə sahəsi 4 kv.m olan sanitar qovşaqdan (hamam və ayaqyolu) istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın, sanitar qovşağın yararlı vəziyətə qaytarılması cavabdehə həvalə edilməli və həmin qovşaqdan istifadənin təmin edilməsi üçün X1 adına su və işıq çəkilməsinə maneə aradan qaldırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ : İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsi 836 nömrəli evin 9,4 kv.m və 11.2 kv.m yaşayış otaqlarına bitişik əlavə sahəsi 4 kv.m olan sanitar qovşaqdan (hamam və ayaqyolu) istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın, sanitar qovşağın yararlı vəziyətə qaytarılması cavabdehə həvalə edilsin və həmin qovşaqdan istifadənin təmin edilməsi üçün X1 adına su və işıq çəkilməsinə maneə aradan qaldırılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar