Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2020/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “icarə haqqının, kommunal xərcin və borcun ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının, kommunal xərcin və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “icarə haqqının, kommunal xərcin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat icarə haqqı, 615 manat kommunal xərc, 1300 manat borc, 150 manat vəkil xidməti və 59 manat dövlət rüsumu olmaqla, cəmi 3924 manat pul alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı 15 noyabr 2023-cü il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, sahəsi 96,0 kv.m. olan qeyri-yaşayış sahəsinə - kafe restorana - dair (içərisində olan bütün əşyalarla və quraşdırılmış avadanlıqlarla birlikdə) üç ay sınaq müddəti ilə aylıq icarə haqqı 200 manat olmaqla cavabdehlə icarə müqaviləsi bağlayıb. Cavabdehlə razılıq əsasında sınaq müddəti üçün bağlanmış müqaviləni xx.xx.2024-cü il tarixdə ləğv edərək 16 fev ral 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsinə dair 16 yanvar 2025-ci il tarixədək icarə müqaviləsi bağlamışlar. Müqavilə üzrə aylıq icarə haqqı 800 manat müəyyən edilmiş və tərəflər müqaviləni imzalamışdır. Müqavilənin 2.2.6-cı bəndinin tələbinə əsasən kommunal xərclər cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh 2024-cü ilin yanvar ayında ona bildirmişdir ki, işlətdiyi kafedə işini tam gücləndirmək üçün ona əlavə pul lazımdır. Bu səbəbdən ondan 800 manat borc istəmişdir. O, X3 iştrakı ilə ona 800 manat borc pul vermişdir. Bundan sonra yenə 500 manat borc pul istəmiş, o yenidən Amirin vasitəsi ilə cavabdehə 500 manat pul verdi. 27 mart 2024-cü il tarixdə ona qaz sayğacının nəzarətçisi bildirdi ki, 500 manat qazdan istifadəyə görə borc yaranmışdır, ödəmək lazımdır. Araşdırma nəticəsində iddiaçıya məlum oldu ki, cavabdeh 505 manat qazdan istifadəyə görə, 110 manat işıqdan istifadəyə görə kommunal xərci ödəməmişdir. Bundan sonra iddiaçı cavabdehlə görüşüb araşdırarkən məlum oldu ki, kommunal xərcləri ödəməyib. İddiaçı həm icarə haqqı, həm kommunal xərc, həm də verdiyi borcu tələb etsə də cavabdeh pulu olanda ödəyərəm deyərək, eyni zamanda dəfələrlə söz verərək, iddiaçıya olan borcu ödəməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdrır ki, cavabdehi iddiaçı mərhum dostu müğənni Səyyad Əlizadənin (Əliyev) kürəkəni kimi tanıyıb, çox yaxın ailəvi münasibətləri olmuşdur. Onun vəfalından sonra həyat yoldaşı iddiaçıdan xahiş etmişdir ki, kürəkəni işsizdir. Ona bir iş yeri tapmağı xahiş etmişdi. İddiaçı da onun xahişinə əməl edib mülkiyyətində olan qeyriyaşayış sahəsini kafe-restoran kimi onun icarəsinə vermişdi. İddiaçı mərhum dostu ilə ailəvi dostluğunun hesabına kürəkəni olan cavabdehə inanıb etibar etmişdi. Cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu aşağıdakılardan ibarətdir.İcarə haqqı= (3 ay sınaq müddəti üçün, hər aya 200 manat =600 manat)+ (xx.xx.2024-cü il tarixdən 27 mart 2024-cü il tarixə kimi -1,5 ay üçün 800 manat+ 400 manat icarə haqqı=l200 manat)=1800 manat icarə haqqı, Kommunal xərcə görə - ( 505 manat qazdan istifadəyə görə)+ 110 manat işıqdan istifadəyə görə)=615 manat, Borc məbləği 1300 manat (500 manat » 800 manat), Vəkil xidməti üçün= 150 manat, Dövlət rüsumu 59 manat. 1800 manat icarə haqqı» 615 manat kommunal xərc» 1300 manat borc+ 150 manat vəkil xidməti+ 59 manat dövlət rüsumu 3924 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavbdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun tanışıdır. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur və kafe kimi fəaliyyət göstərir. Cavabdeh 2023-cü ilin son aylarında onun iştirakı ilə iddiaçıdan mübahisəli qeyriyaşayış sahəsinin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün ***-**** manat borc pul istəmiş və iddiaçı da elə həmin zaman 800 manat pul vəsaitini cavabdehə şahidin iştirakı ilə vermişdir. Sonradan 2024-cü ilin fevral ayında iddiaçı şahidə cavabdehin maddi çətinliyi olduğundan ona əlavə olaraq 500 manat pul vəsaiti verməsini bildirmiş, şahid də kart hesabından cavabdehin hesabına 550 manat pul vəsaiti köçürmüşdü. Lakin cavabdeh həmin vəsaiti sonradan şahidə qaytardı. Bundan 1 həftə sonra yenidən iddiaçının xahişi ilə cavabdehin hesabına 500 manat pul vəsaiti köçürmüş və sonra iddiaçı həmin məbləğləri şahidə qaytarmışdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı cavabdehin ailəsi ilə dostluq münasibətlərində olduğundan 800 manat borcunun olmasına baxmayaraq, ona maddi köməklik üçün yenidən 500 manat borc pul vermişdir. İş materialları: - “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinin: Bənd 3.1. İcarə haqqı hər ay üçün 200 manatdır. Bənd 5.1. İcarənin sınaq müddəti 3 ay, 15 noyabr 2023-cü il tarixdən başlayır və 15 fevral 2024-cü il tarixdə bitir. - “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli İcarə müqaviləsinin: Bənd 2.2.6. İcarəçi icarəyə götürülmüş sahədən vicdanla istifadə etməyi, kommunal, elektrik, su sərfinə, beynəlxalq və mobil telefon danışıqlarına, internet xidmətlərinə görə beynəlxalq və mobil telefon danışıqlarına, internet xidmətlərinə görə haqlar daxil olmaqla və bununla məhdudlaşdırılmadan bütün xidmətlərə görə nəzərdə tutulan haqları vaxtında ödəməyi öhdəsinə götürür. Bənd 3.1.İcarə haqqı hər ay üçün 800 manatdır. Bənd 5.1. İcarə müddəti 11 ay, 16 fevral 2024-cü il tarixdən başlayır və 16 yanvar 2025-ci il tarixdə bitir. - “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış razılaşmadan görünür ki, xx.xx.2023-cü il tarixli İcrarə müaviləsi, həmin müqavilənin 7-ci bölməsinin 7.1 a b bəndinə əsasən, tərəflərin razılığı ilə xitam olunur. - RX seriyalı ******* №-li Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96 kv/m olan qeyri-yaşayış sahəsi üzərindəki hüquq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7502 saylı vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli Milliön Elektron ödəmə sistemi vasitəsilə ödəyici “Aylin kafe”/İddiaçı tərəfindən 110 manat "xxxx" ASC-nin xidmətinə görə ödənilmişdir. - Bakı Regional Qazın Satışı Departamenti Binəqədi XS-in 370 №-li xx.xx.2024-cü il tarixli Hesab fakturasından görünür ki, f/ş İddiaçı oğlunun xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi qalıq borcu 500.05 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli Milliön Elektron ödəmə sistemi vasitəsilə ödəyici f/ş İddiaçı tərəfindən 505 manat "xxxx" ASC-nin xidmətinə görə ödənilmişdir. - 29.03.2024-cü il tarixli Onlayn ödəniş qəbzinin surətindən görünür ki, Abşeron rayon vəkil Bürosunun hesabına X2 tərəfindən 150 manat göstərilən hüquqi xidmətlərə görə ödənilmişdir. - "xxxx" KB ASC-nin İdarə Heyətinin sədri tərəfindən imzalanmış hesab üzrə ödənişdən çıxarışın surətindən görünür ki, ödəyici Alıyev Amir tərəfindən qəbul edən 416973****3255 nömrəli karta 500 manat pul köçürülmüşdür. - Whatsapp sosial şəbəkəsi üzərindən aparılmış danışıqların ekran görüntüsünə əsasən ********* nömrəli Qəbzin surətindən görünür ki, 416973****3255 saylı hesaba 550 manat 523915*****8704 nömrəli hesabdan pul köçürülmüşdür. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin əmlakın icarəyə verilməsi məqsədilə İddiaçı ilə Cavabdeh arasında 15 noyabr 2023-cü il tarixdə 3 ay sınaq müddəti ilə İcarə müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə 11 ay müddətinə icarə müqaviləsi bağlanmış, İcarə müddəti 16 yanvar 2025-ci il tarixədək müəyyən edilmişdir. İcarəyə götürən icarəyə verənə sınaq müddəti ərizində hər ay 200 manat, daha sonra isə hər ay üçün 800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bundan əlavə qeyriyaşayış sahəsində cavabdehin işlətdiyi kafenin ehtiyacları üçün sonuncuya 800 manat nağd, həmçinin də tanışı vasitəsilə 500 manat borc verdiyini bildirir. İcarəçi icarəyə götürdüyü sahənin kommunal ödənişlərini ödəməmiş, qazdan istifadəyə görə 505 manat, işıqdan istifadəyə görə 110 manat borcu yaranmış, həmin kommunal ödənişlər iddiaçı (icarəyə verən) tərəfindən ödənilmişdir. “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış razılaşma əsasında xx.xx.2023-cü il tarixli İcrarə müaviləsi, həmin müqavilənin 7-ci bölməsinin 7.1 a b bəndinə əsasən, tərəflərin razılığı ilə xitam olunmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən icarə haqqlarının ödənilmədiyini, icarə müqaviləsi üzrə öhdəliklərinin icra etmədiyini bu səbəbdən də icarə haqlarının, kommunal borcların və borc qismində verdiyi vəsaitin ona ödənilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Maddə 699.2. Kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1ci maddəsi müvafiq surətdə tətbiq edilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Maddə 15.1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə ödənilməmiş icarə haqqlarının tələb edilməsi hissəsində iddianın dəlillərinə qiymət verilməsini zəruri hesab edərək bildirir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin “kommunal xərclərə görə ödənilmiş vəsaitin cavabdehdən tuutlması” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. İşin müəyyən edilmiş hallarına (xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzləri), o cümlədən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli İcarə müqavilələrinin 2.2.6-cı bəndinin tələblərinə əsasən, təbii qazdan istifadəyə görə yaranmış 505 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış 110 manat pulun tələb edilməsi hissəsində də əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki halda hər iki icarə müqaviləsi üzrə yaranmış kommunal borclar iddiaçı tərəfindən ödənildiyindən, ümumilikdə 615 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə iddia tələbinin “1300 manat məbləğində verilmiş borcun qaytarılması” hissəsində də iddianı əsaslı hesab edərək, özünün gəldiyi bu mövqeyini aşağıdakılarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbinin bu hissədə qanuni əsasını MM-nin 739.1, 739.2, 740.1-ci və 740.2-ci maddəlləri təşkil edir. Belə olan təqdirdə məhkəmə ilk öncə iddia tələbinin 500 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğdə borcun cavabdehə verilməsi işin faktiki halları və şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" KB ASC-nin hesab üzrə ödənişdən çıxarışından, Whatsapp sosial şəbəkəsi üzərindən aparılmış danışıqların ekran görüntüsündən sübut olunur ki, cavabdehə məxsus 416973****3255 nömrəli karta iddiaçının tapşırığı ilə 500 manat vəsait köçürülmüşdür. Bundan başqa məhkəmə hesab edir ki, işin faktiki halları, şahid ifadəsi, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınması kimi halların mövcudluğu cavabdehin iddiaçıdan 800 manat borc pul aldığını, lakin həmin borcu da geri qaytarmaq öhdəliyi daşıdığı halda, bu öhdəliyinin icrasından da yayındığını təsdiq edir. Məhkəmə iclasında şahidin ifadələri ilə müəyyən edilmiş hallara əsasən, iddiaçı müxtəlif vaxtlarda cavabdehə kafenin işini davam etdirə bilməsi üçün maddi kömək göstərmiş, bununla əlaqədar iddiaçının sonuncu dəfə kart vasitəsilə göndərdiyi borcu ilə yanaşı şahidin yanında və iştirakı ilə verdiyi 800 manat məbləğində nağd pulun qaytarılmadığı barədə məhkəmənin gəldiyi qənaət əsaslıdır. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1800 manat icarə haqqı, 615 manat kommunal borclara görə çəkilmiş xərc, 1300 manat məbləğində verilmiş borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 150 manat miqdarında xərci ağlabatan hesab edir, bu səbəbdən də hüquqi yardıma görə 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 59 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 1800 manat icarə haqqı, 615 manat kommunal borclara görə çəkilmiş xərc, 1300 manat məbləğində verilmiş borc, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə pul və 59 manat dövlət rüsumu olmaqla cəmi 3924 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2020/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2020/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver