Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-205/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 38 ünvanında yerləşən 27 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakən Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışına əsasən sözügedən mənzil 12.11.2019-cu il tarixdə tam payda mənim xüsusi mülkiyyətindədir. Cavabdehlər onun gəlini və nəvələridir. Belə ki, oğlu X4 07.07.1990-cı il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və ona məxsus mənzilə gəlin gəlmişdir. Onların birgə nikahlarından iki övladı vardır: xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2. Oğlu ilə gəlini bir müddət ər-arvad kimi yaşasalar da sonradan gəlini və nəvələrinin ona qarşı pis münasibəti onların münasibətlərinə mənfi təsir göstərmişdir. Bir müddət birlikdə yaşadıqdan sonra gəlini onunla birlikdə yaşamaq istəmədiyini bildirərək evdən çıxmağını tələb etmişdir. Bu səbəbdən də 2009-cu ildə oğlu ilə birlikdə həmin evdən çıxmışlar. O vaxtdan bu günə kimi oğlu ilə birlikdə kirayədə yaşayırlar. Artıq onun 80 yaşı var. Səhhətində ciddi problemlər vardır. Kirayə pulu verməkdə, eləcə də maddi cəhətdən vəziyyəti acınacaqlıdır. Öz evi ola-ola kirayədə qalır. Qeyd edir ki, Cavabdeh3 Qubadlı rayonundan məcburi köçkündür. Ona Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən mənzil verilmişdir. Lakin, buna baxmayaraq cavabdehlər yenə də onun xüsusi mülkiyyətində olan evdən çıxmırlar və onun da həmin evdə yaşamağına icazə vermirlər. Bu vaxta qədər nəvələrinə görə və yaşamağa evlərinin olmadığına görə dözsə də artıq bu vəziyyətlə barışa bilmir. Belə ki, yuxarıda qeyd etdiyi kimi Cavabdeh3 dövlət tərəfindən evlə təmin olunmasına baxmayaraq digər cavabdehlər ilə birlikdə evdən çıxmırlar. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı “çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, 18.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışa əsas olmuş sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqılı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı və digər cavabdehlərə qarşı ünvan 1 ünvanından yerləşən 27 saylı mənzildən çıxarılma ilə bağlı Qubadlı Rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçının iddia tələbi əsassızdır. Belə ki, aşağıdakı səbəblərə görə hesab edir ki, ilkin iddiaçının iddianı verməyə yəni onları mübahisəli mənzildən çıxarmağa subyektiv hüququ yoxdur. Bildirmişdir ki, ünvan 1 ünvanından yerləşən 27 saylı mənzildə uzun müddətdir ki, o, ailə üzvləri ilə birlikdə yaşamışdır. Hal-hazırda da o, həmin ünvanda yaşayır. Onlar həmin ünvana məcburi köçkün kimi 1997-ci ildən köçüb yaşamışlar. Mübahisəli mənzil rus əsilli bir şəxsin adına olmuşdur. Həmin mənzilin sahibini onlar heç vaxt görməmişlər. X1 qanunsuz olaraq həmin mənzili öz adına özəlləşdirmişdir. Belə ki, bu günə kimi o və ailə üzvləri mübahisəli mənzilin həmin rus əsilli şəxsin adına olduğunu bilmişlər. Hal-hazırda da, həmin mənzildə yaşayırlar və onların başqa yaşayış yeri yoxdur. İddiaçı iddia ərizəsi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, iddiaçı həmin mənzilə bağlı “mülkiyyət hüququnu” ********** qeydiyyat nömrəli çıxarışla Əmlak Məsələləri dövlət komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri xidmətində qeydiyyata aldırmışdır. Mübahisəli mənzilə uzun müddətdir ki, faktiki sahiblik edir, həmin mənzilin yaxşılaşdırılması üçün külli miqdarda vəsait xərcləmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafi ədərək təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsində qeyd edilən halların əsassız olduğunu bildirərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 18.11.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 28.02.2017-ci il tarixli, 2(028)-11/2017 saylı qətnaməsindən çıxarışın surətindən görünür ki, X4 ilə Cavabdeh1 arasında 07.07.1990-cı il tarixdə Qayalı kənd XDS İcraiyyə Komitəsində bağlanmış və 08 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 25.05.2021-ci il tarixli, 02/583 №-li sorğuya cavab məktubundan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 dövlət tərəfindən mənzillə təmin olunub-olunmaması barədə məlumat verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Müraciətlə bağlı bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 dövlət tələfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 29 10.2016-cı ıl tarixində Bakı şəhəri Abşeron rayonu Mehdıabad qəsəbəsi, Qarant" yaşayış kompleksində 1 saylı binanın 38 nömrəli 2 otaqlı mənzili ilə təmin olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.10.2021-ci il tarixli, **********90 №-li sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlaka dair müvafiq sənəd surətlərinin təqdim edilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Reyestrdə 2V-394 № ilə qeyd edilmiş 14.11.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Sadıqov R.Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsnə əsasən təsdiq etmişdir ki, 13 may 2019-cu il tarixdə vəfat etmş X7 vərəsəsi: Qubadlı r-n, Mahmudlu kəndi qeydiyyatda olan arvadı - İddiaçıdır, o miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 14.11.2019 ildə, ********** № ilə verilmiş elektron arayışa və 05.05.2007-ci ildə, reyestr № **********83-05101-093008, qeydiyyat 110/37764 ilə verilmiş çıxarışa əsasən mərhum X8 məxsus olan ünvan 1, mən. 27 ünvanında yerləşən ümumi sahəsi 40.4 kv.m. olan 1 (bir) otaqlı mənzildən barətdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, ilk iddia ərizəsi üzrə mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 3 İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 18.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Qeyd edilən mənzil, ona mərhum əri X5 miras qalmış və bu barədə Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən 14.11.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda mübahisəli mənzildə iddiaçının keçmiş gəlini olan Cavabdeh1 və nəvələri Cavabdeh2 və Cavabdeh3 yaşamaqdadadır. Bu səbəbdən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin ona məxsus evdən çıxarılmasını tələb etmişdir. Göründüyü kimi, Cavabdeh1 ünvan 3-də övladları ilə birgə yaşayır. Qeyd edilən mənzil onun keçmiş qaynanası İddiaçı məxsusdur. Hazırda Cavabdeh1 mübahisəli mənzildən çıxmaqdan imtina edir və mənzilin uzun müddətdir ki, onun faktiki sahibliyində olmasını və onun tərəfindən yaxşılaşdırılmasını bildirərək, mənzilə dair hüquqlarının yarandığını iddia edir. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, qeyd edilən mənzil mərhum X8 məxsus olmuş, onun ölümündən sonra qanun üzrə vərəsəsi arvadı İddiaçı mülkiyyətinə keçmişdir. Bu barədə 18.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Cavabdeh1, İddiaçı keçmiş gəlinidir. Nikahda olduğu müddət ərzində onun yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvü kimi daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququ qeydə alınmamışdır. Göründüyü kimi Cavabdeh1 qeyd edilən mənzilə ailə qurduqdan sonra gəlin köçmüşdür, onun mübaisəli mənzilə dair mülkiyyət və istifadə hüquqları mövcud olmamışdır. İddiaçı oğlu ilə aralarındakı nikah pozulduqdan sonra Cavabdeh1 mənzili tərk etməkdən imtina edərək, mənzilin mülkiyyətçisinin mənzilə dair sahiblik, istifadə və mülkiyyət hüquqlarını pozmaqla yanaşı, mənzilə qanunsuz sahiblik etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən qeyd edilən mənzilin tutulması və hazırda da cavabdehlərin həmin mənzildə yaşaması mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyiyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından hesab olunduğu təsbit edilmişdir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Həmin Məcəllənin 140-cı maddısinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiasını əsaslı edən halları məhkəmə qarşısında mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Mənzilin mülkiyyətçisi İddiaçı adına verilmiş çıxarışın etibarsızlığına əsas olacaq hallar sübuta yetirilmədiyindən məhkəmə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3-dən çıxarılsın. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-205/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-205/2022
07.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver