Məhkəmə qərarları › İş №2(005)-2057/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2057/2020

27.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2057/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçıl İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “elektron əmək bazasındakı yalnışlığın düzəldilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, “xxxxxxxxxx” MMC-nin Əmək və X8 Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsinə, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyan müqabilində “xxxxxxxxxx” MMC-dən xeyrinə 5000 (beş min) AZN tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixində Cavabdeh MMC şirkətində Dizayner vakansiyası üzrə işə qəbul olunmuşdur. xx.xx.2014cü ildə isə öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. O nəşriyyatdan çıxdıqdan sonra bir müddət fərdi olaraq fotoqraflıqla məşğul olmuşdur. Sonradan rəsmi olaraq işə düzəlmək üçün müxtəlif şirkətlərə CV göndərmiş və işlə bağlı müsahibələrə çağrıldıqda ona əmək kitabçasıyla Sosial Müdafiə Nazirliyinin Online elektron əmək kitabçası bazasının tutuşmadığı bildirilmişdir. Əmək və X8 Nazirliyinin saytında online qeydiyyatdan keçib əmək müqaviləsini yoxlayarkən orda xitam səbəbi olaraq (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) maddəsi ilə rastlaşmışdır. İddiaçı orda işlədiyi müddətdə icasəsiz olaraq 1 gün də olsun işdən qalmamışdır. Hamıdan tez gedib, işdən vaxtından gec çıxdığını bildirmişdir. Tenderlər zamanı sutkalarla evə getmədən gecə gündüz orda qalmışdır. (Giriş-çıxış fərdi kartla olub və hamısı qeydiyyata alınıb). İşlədiyi müddətdə ona tapşırılan işləri zamanında və plandan artıq yerinə yetirmişdir. İşlədiyi dövrdə əmək funksiyasını yerinə yetirməməklə bağlı xəbərdarlıq, töhmət və s. almamışdır. Bu barədə iddiaçı akt və ya digər sənədlər imzalamamışdır. Cavabdeh MMC şirkətinə bu səhvlə bağlı məlumat verib bu səhvin aradan qaldırılmasını, əks halda hüquqlarını məhkəmə yolu ilə bərpa edəcəyini bildirmişdir. Ordan tərəfə deyilən şifahi cavabda bunun işçilərinin səhvi olduğu, heç cür əmri dəyişə bilməyəcəklərini bildirmişlər. “xxxxxxxxxx” MMC şirkətinin bu səhvi ucbatından o bir neçə ildir işə düzələ bilmir. Bu da eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, sonuncu dəfə işə qəbul olmaq üçün müraciət edərkən əmək kitabçası ilə Dövlət Sosial Müdafiə Nazirliyinin Online elektron bazasında uyğunsuzluğun olduğu ona bildirilmiş, onun işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə çıxarılmasından da həmin vaxt xəbəri olmuşdur. İşdən çıxdıqdan sonra bir neçə dəfə keçmiş iş yerinə getmiş, lakin əmək kitabçasını götürməmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı heç də özünün yazdığı kimi nümunəvi işçi olmamış, mütəmadi olaraq əmək intizamını pozmuşdur. Sonuncu belə hüquq pozuntusu xx xxxxxx 2014-cü ildə olmuşdur. O iş vaxtı heç bir xəbərdarlıq etmədən xx xxxxxx 2014-cü il tarixdə iş yerini tərk etmiş və bu barədə aidiyyəti olan rəhbərliyə məlumat belə verməmişdir. Müxtəlif üsul və vasitələrlə onun əmək funksiyasını davam etdirmək təklif olunsa da, İddiaçı buna əhəmiyyət verməmiş və mütəmadi olaraq xx xxxxxx 2014-cü il tarixə kimi heç bir üzürlü səbəb olmadan işə çıxmamışdır. Belə olan halda aidiyyəti üzrə hər gün sənədləşmə aparılmış, İddiaçı işə çıxmaması barədə akt tərtib olunmuşdur. Nəhayət, şöbə müdirinin təqdimatı əsasında İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmiş və müvafiq qaydada portala işlənmişdir. Əmək kitabçasında aparılmış ziddiyyətli qeydlərə gəldikdə isə bu yalnız texniki səhv nəticəsində aparılmış əsassız qeyddir. Bu barədə məlumat alan kimi onun təxirə salınmadan ’’Cavabdeh”MMC-nin kadrlar şöbəsinə gəlməklə həmin yalnışlığın düzəldilməsinin zəruriliyi rəsmən SMS qaydasında İddiaçı nəzərinə çatdırılmışdır. Ancaq o buna əhəmiyyət verməyərək məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda o iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edərək, iddiaçının əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verildiyini, altı ilə yaxın bir vaxt keçəndən sonra əmək kitabçasında olan qeydlərlə elektron bazadakı məlumatlar arasında ziddiyyət vardır. Bu əsaslara görə qanunla müəyyən olunmuş müddət buraxılmışdır. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfin vəsatəti əsasən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, hazırda «Cavabdeh” MMC-nin kompyuter və texniki şöbənin müdiri kimi işləyir. İddiaçı ilə dostluq münasibətləri var. 5-6 il əvvəl Samir işdən çıxmışdır, Samir işə gəlmədiyi üçün təqdimat onun tərəfindən tərtib edilmişdir. İşdən çıxdıqdan sonra bir nəçə dəfə Samiri «Cavabdeh” MMC-də görmüşdür, lakin əmək kitabçasını görürüb-götürməməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfin vəsatəti əsasən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Samirin işdən azad olunduğu vaxt kadrlar idarəsində işləyirdi, hazırda mühasib kimi «Cavabdeh” MMC-də çalışır. 2014-cü ildə Samir avqust aylarında bir neçə gün işə gəlmədi, işə məxsus elektron daşıyıcıları da özü ilə aparmışdı. Həmin vaxt işin gərgin vaxtları idi. Onun işə çıxmaması səbəbindən bütün istehsalat prosesi pozulurdu. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə işdən azad olmuşdur, əmək kitabçasında Əmək Məcəlləsinin 68ci maddəsinin “a“ bəndinin göstərilməsi texniki səhvdir. İşçi olaraq bundan Samirin xəbəri olmuşdur. Ona bir neçə dəfə zəng olunmuş, işə çıxması təklif edilmişdir. Hətta bacısının ünvanına da getmişlər. Lakin orada olmadığını bildirmişdilər. Əmək kitabçasını da götürməsi təklif edilmiş, lakin bundan imtina etmişdir. Samirlə telefonla dəfələrlə əlaqə saxlanılmışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2019-cu il tarixdə Asan-Sumqayıt tərəfindən verilmiş AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatınının surətinə əsasən xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Oğuz rayonunda anadan olmuş Qocayev X7 şəhəri, 11-ci mikrorayon, ev 8, mənzil 22 ünvanında qeydiyyatdadır; E-sosial internet portalının elektron kabinetindən çıxarışdan görünür ki, İddiaçı hər ay 345.60 AZN əmək haqqı ödənilməklə Cavabdeh MMC-yə dizayner, poliqrafiya vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” səbəbi ilə müqavilsəinə xitam verilmişdir; İddiaçı Əsgər oğlunun ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı Əsgər oğlu xx.xx.2013-cü il tarixdə müddətli müqavilə əsasında Cavabdeh MMC-yə Dizayner vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi) xitam verilmişdir; “Heron” şirkətinin xx.xx.2020-ci tarixli məktubundan görünür ki, İddiaçı iş təklifinə cavab olaraq, araşdırma zamanı təqdim etdilən Əmək kitabçası ilə Məşğulluq akt sistemində əks olunmuş məlumatların düz gəlmədiyi, Əmək kitabçasında öz xahişi əsasında işdən azad olunduğu göstərilsə də, Məşğulluq akt sistemində isə onun Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarıldığı göstərilmişdir. Bu hal şirkətin iş prinsiplərinə uyğun olmadığından, onunla əmək müqaviləsi bağlanılmasından imtina edilmişdir. Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 54/1 saylı əmrinə əsasən texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, əmək funksiyalarını, nizamintizam qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilmişdir. Belə halların gələcəkdə təkrar olunduğu halda, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada ləğv olunması qeyd edilmişdir; Cavabdeh MMC-nin kompyuter və texniki şöbənin müdiri T.Ş.Mehdiyev tərəfindən həmin şirkətin direktoru T.B.Axundova ünvanlanan təqdimatdan görünür ki, şöbənin işçisi dizayner İddiaçı xx.xx.2014-cü il tarixində bütün iş günü işə gəlməmiş, xx.xx.2014-cü il tarixində 13:29 radələrində iş yerində görünmüş və işə gəlməməsi barədə heç bir üzürlü sənəd təqdim etmədən bir saatdan sonra əmək fəaliyyətini davam etdirmədən iş yerini tərk edib getmişdir. Həmin hal xx.xx.2014, xx.xx.2014-cü və xx.xx.2014-cü il tarixlərində də təkrar olunmuş və bütün bu günlərdə işçi işə gəlməmişdir. Bu səbəbdən istehsalat zərurəti ilə əlaqədar İddiaçı əmək fəaliyyətini açıq-aşkar davam etdirmək istəmədiyini nəzərə alaraq və əmək qanunvericiliyini kobud şəkildə pozduğundan onunla bağlanmış əmək müqaviləsinin bir tərəfli qaydada pozulmasının müzakirə etməsini xahiş etmişdir; Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 55 saylı əmrinə əsasən dizayner vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir; Cavabdeh MMC-nin əməkdaşları: A.R.Rüstəmov, M.Q.Əsgərova, T.D.Şirinli, N.Ə.Səfərova, T.Ş.Mehdiyev, M.D.Cəlilova, E.Ə.Cavadova, S.N.Məmmədova və S.O.Quluzadə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktla müəyyən olunur ki, texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixindən işə məsuliyyətsiz yanaşaraq, heç bir üzürlü səbəb olmadan, müdriyyətdən icazə almadan və məlumatlandırılmadan bütün iş günü işə gəlməmişdir. Eyni zamanda nəşriyyatın balansında olan şöbəyə məxsus Boxs 3.5 Hard disk aparatı özü ilə aparmışdır. Cavabdeh MMC-nin əməkdaşları: A.R.Rüstəmov, M.Q.Əsgərova, T.D.Şirinli, N.Ə.Səfərova, T.Ş.Mehdiyev, M.D.Cəlilova, E.Ə.Cavadova, S.N.Məmmədova və S.O.Quluzadə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktla müəyyən olunur ki, texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixindən işə məsuliyyətsiz yanaşaraq, heç bir üzürlü səbəb olmadan, müdriyyətdən icazə almadan işə gecikərək saat 13:29-da işə gəlmiş, əmək fəaliyyətini davam etdirmədən bir saat sonra heç bir xəbərdarlıq etmədən iş yerini tərk edib getmişdir; Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahid ifadəlirini qiymətləndirərək iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Əsgər oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Əsgər oğlu Cavabdeh MMC-yə dizayner vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 345.60 AZN məbləğində müəyyən edilmişdir. Bundan sonra Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 54/1 saylı əmri ilə Cavabdeh MMC şirkətində texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, əmək funksiyalarını, nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilmişdir. Bundan sonra “Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 55 saylı əmrinə əsasən İddiaçı Əsgər oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, əmək-intizam qaydalarını pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırda iddiaçı məhkəmədən « -“xxxxxxxxxx” MMC-nin Əmək və X8 Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsi, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyan müqabilində “xxxxxxxxxx” MMC-dən xeyrinə 5000 (beş min) AZN tutulması-»nı xahiş etmişdir. Məhkəmə iddiaçının «xxxxxxxxxx” MMC-nin Əmək və X8 Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsi» tələbinə münasibətdə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı 2014-cü ildən işdən azad olunmasına baxmayaraq hazırkı dövrə qədər həmin uyğunsuzluqdan xəbərdar olmamasını, eləcə də onun işdən azad olması barədə əmrin məhz öz xahişi ilə yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən verildiyini məhkəmədə sübut edə bilməmişdir. Cavabdeh tərəf İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verildiyini bildirmişdir. Bu barədə əmri məhkəmə baxışında təqdim etmişdir. Digər tərəfdən, İddiaçı Əsgər oğlu tərəfindən məhkəmədə Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 55 saylı əmri mübahisələndirilməmişdir, buna görə də, məhkəmə həmin əmrin qanuni olub-olmamasına hazırkı iddia çərçivəsində qiymət vermir. İşəgötürən «xxxxxxxxxx” MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 55 saylı əmri qüvvədə olduğu halda, iddiaçı tərəfindən həmin əmrin ləğvi barədə tələbi olmadığından iddiaçının hazırkı tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi): 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Məhkəmə cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı tələbi (xxxxxxxxxx” MMC-nin Əmək və X8 Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin müəyyən etdiyi fərdi əmək mübahisələrinin predmetinə aid deyil. Buna görə də, iddia 296-cı maddəsi tətbiq edilməklə rədd oluna bilməz. İddiaçının «ona vurulmuş maddi və mənəvi ziyan müqabilində “xxxxxxxxxx” MMCdən xeyrinə 5000 (beş min) AZN tutulması» hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf maddi ziyanı uğraması və ona hər hansı məbləğdə zərər dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X12 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab ke-çir-məsi, mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron əmək bazasındakı yalnışlığın düzəldilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “elektron əmək bazasındakı yalnışlığın düzəldilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar