Məhkəmə qərarları › İş №2(005)-207/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-207/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-207/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MTK”-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK”-nın Cavabdeh qarşı iddia ərizəsi ilə Kommersiya məhkəməsinə müraciət edərək, cavabehdən artıq 12,36 kv. metr sahənin geri qaytarılması və ya onun tərəfindən 12,36 kv.m. X 762 AZN = 9418,32 AZN miqdarında əlavə sahənin dəyərinin ödənilməsi, cavabdehdən, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 30.04.2013 tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 4428 AZN məbləğində ödənilməsi, cavabdehdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 233,64 kv. metr olduqda 3417 AZN, 246 kv. metr olduqda isə 3662 AZN ödənilməsi, cavabdehdən quraşdırılmış soyuq su və təbii qaz smart sayğacları üçün ümumilikdə 628 AZN ödənilməsi və cavabdehdən məhkəmə xərclərinin və geciktirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 11.09.2013 tarixində İddiaçınə üzvlüklə bağlı müraciət etmiş və tərəflər arasında həmin tarixdə Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, "İddiaçı” MTK Cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 233,64 kv. metr təşkil edən 4 otaqlı, 93 saylı mənzili dəyəri müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsini və Cavabdeh isə mənzili qəbul etməyə öz öhdələrinə götürürlər. Müqavilə üzrə hər kv. metr üçün 762 AZN təyin edilib. Cavabdeh müqavilədə nəzərdə tutulan 233,64 kv. metr əvəzinə faktiki olaraq 246 kv. metr mənzil alıb, bu isə 12.36 kv. metr artıqdır. Bunu MTK 2018-ci ilin avqust ayında cavabdehlə 11 sentyabr 2013-cü il tarixində bağlanmış müqavilənin 3.1. maddəsinin B bəndinə uyğun olaraq mənzil sahəsinin ölçülərini dəqiqləşdirərkən müəyyən edib. "İddiaçı” MTK tərəfindən Cavabdehə bir neçə dəfə xəbərdarlıq edilib və məlumat verilib ki, aldığı mənzilin sahəsi müqavilədə göstərilən sahədən artıqdır. Cavabdehə bildirilib ki, ya istifadə etdiyi sahə üçün əlavə müqavilə bağlasın və onun dəyərini MTK-ya ödəsin, ya da həmin sahəni öz istifadəsindən kənarlaşdırsın və MTK-ya geri qaytarsın. Bu məqsəd üçün, MTK hətta xərclərin bir qismini öz üzərinə götürməyi barədə hazır olduğunu da bəyan etmişdir. Cavabdeh bu təkliflərə heç bir məhəl qoymayıb və mənzili təmir etdirmişdir. Qeyd edildiyi kimi, Cavabdeh İddiaçı üzvüdür. İnşa edilmiş yaşayış kompleksinin layihəsi 2014-cü ildə dəyişdirilib. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su / istilik enerjisi paylayıcı şəbəkələri verilib. Layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdi və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğının baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə mənzil sahiblərinin paylarına mütənasib olaraq, yeni layihəyə uyğun guraşdərəlan və birgə istifadədəsində olan avadanlıqın ümumi dəyərinin bölqüsü nəticəsində mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün əlavə 18 AZN düşür. Həmin məbləğ 233,64 kv. metr üçün 4205,52 AZN və 246 kv. metr üçün 4428 AZN təşkil edir. İddiaçı MTK, qanunun tələbinə əsasən, yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya MMMC-yə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, MTK kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün MTK hesablama aparmışdır və müəyyən etmişdir ki, bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0,30 AZN və yaşayış olan mənzil sahələrinə 0,40 AZN təşkil edir. Cavabdeh həmin mənzildə yaşamır, bu məbləğ aylıq olaraq mənzil sahəsi üçün, 0,30 AZN təşkil edir. Cavabdeh 66 aylıq dövr üçün ödəməli olduğu 4870.80 AZN məbləğindən yalnız 1209 AZN ödəyib, onun MTK-ya olan borcu 3662 AZN təşkil edir. Bundan başqa, bağlanmış müqavilədə soyuq su, qaz və elektrik smart sayğaclarının quraşdırılması nəzərdə tutulmamışdır. MTK tərəfindən, binada görülən işlər zamanı və binanın dövlət tərəfindən istismara qəbul edilməsi məqsədilə, elektrik, qaz və soyuq su smart sayğacları da quraşdırılmışdır. Smart sayğaclar quraşdırılarkən cavabdeh dərhal elektrik smart sayğacının pulunu MTK-ya ödəyib. Lakin soyuq su (250 AZN) və təbii qaz (378 AZN) smart sayğaclarının pulunu hələ də ödəməyib. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MTK yazılı ərizə təqdim edərək, 246 kv.m x 0,30=73,8 AZN aylı ödəniş, 73,8 AZN x 50 ay=3690 AZN, 1 illik kommunal ödənişlər= 73,8 x 12=885,6 AZN, illik faizlər 885,6 x 5%/100=44,28 AZN, 50 ay=4 il və 2 ay, nəticə 44,28 AZN x 4 il=177,12 AZN gecikdirilmiş müddət üçün faiz borclarını hesalanmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1587/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçı “İddiaçı" MTK-nın Cavabdeh qarşı “pul” dair 2-2(113)-1587/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "İddiaçı" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış 11.09.2013-cü il tarixli müqavilənin surətinə əsasən Bakı şəhər İH-nin 52 saylı 04 mart 2005-ci il tarixli Sərəncamı ilə İddiaçı MTK -ya Nərimanov rayonu, Əliyar Əliyev küçəsi - 65 ,1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmış, Bu ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının tikintisi İddiaçı MTK-nın üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcək və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir. Müqavilənin «1,1.» bəndində göstərilənə əsaslanaraq Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 65, 1990-ci məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksinin 4 binanın, 14 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 233,64 kv.metr təşkil edən 4 otaqlı, 93 saylı mənzil «Kooperativ» «Payçı»- ya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyə öz öhdələrinə götürmüşlər. Təhvil veriləcək 1 ədəd 4 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 233,64 kv.metr təşkil edir və faktı ilə dəyəri 178034 (yüz yetmiş səkkiz min otuz dörd) AZN məbləğində müəyyən edilir və hər 1 (bir) kv.metr 762 (yeddi yüz altmış iki) AZN qiymət layihə smeta sənədləri müəyyən edilir. «Payçı» tikinti başladığı tarixdən bu müqavilənin «1.2.» bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 83,7%-ni təşkil edən 149000 ( yüz qırx doqquz min) AZN məbləğində vəsaiti ilk ödənişi «Kooperativ»-in xəzinəsinə ödəmişdir Təhvil veriləcək sahənin ümumi dəyərinin qalan hissəsi 29034 (iyirmi doqquz min otuz dörd) AZN təşkil edir. Bu məbləği «Payçı» tikinti müddətinə uyğun olaraq 12 ay bərabər hissəyə bölüb hər ay «Kooperativ»-in hesabına,ya da həzinəsinə nəğd pula ödəməlidir. Hər ayın ödəmə məbləği 2420 (iki min dörd yüz iyirmi) AZN təşkil edir və «Payçı» tərəfindən hər ayın 5 (beşi) tarixdən geç olmayaraq «Kooperativ»-in hesabına ya da həzinəsinə nəğd pula ödənməlidir; İddiaçı MTK-nın 11.09.2013, 03.10.2013, 04.11.2013, 04.12.2013, 03.02.2014, 04.03.2014, 04.04.2014, 02.05.2014, 10.06.2014, 02.06.2014, 01.08.2014, 03.09.2014, 14.07.2015-ci il tarixli maliyyə arayışlarının surətinə əsasən Cavabdeh Bakı şəhərində Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksində 4 saylı binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 233,64 kv.m ibarət olan 93 saylı mənzilin dəyərinin hissə pay ödənişi kimi hər ay 2420 AZN ödəmişdir; Payçı Cavabdeh 01.11.2014-01.04.2020-ci il tarixindəki müddətləri əhatə edən kommunal ödənişlərlə bağlı məlumata əsasən cəmi 4870,80 AZN təşkil etmiş, o məbləğdən 1209 AZN ödənilmiş, 01.04.2020-ci il tarixinə ola borcu 3661,80 AZN təşkil edir; (kommunal ödənişlər 246 kv.m. üçün hesablanmışdır.) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)-386/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı MTK qarşı “müqavilədə nəzərdə tutulan mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarışın alınması, mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı borcun olunmaması ilə bağlı kooperativin sədrinin imzası və kooperativin möhürü ilə təsdiq edilmiş arayışın verilməsinin təmin edilməsi, tərəflər arasında mövcud olmuş öhdəliklərdən kənar ödənilmiş 10.000 ABŞ dollarının və kommunal xidmət adı ilə qanunsuz alınmış 1.464 manat pulun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan 10.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)- 6047/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi “tərəflər arasında 11 sentyabr 2013-cü il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarış alınması və (və ya) mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı bir borcun olmaması ilə bağlı kooperativ sədrinin şəxsi imzası və kooperativin möhürü ilə təsdiq olunmuş arayışın verilməsinin təmin edilməməsi” hissəsində ləğv edilib, həmin hissədə iddia tələbi təmin edilib və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli, 2(102)-7518/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh və cavabdeh "İddiaçı” MTK ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)-6047/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 4, ev 65, mənzil 93 (yeni qaydalarla: AZ 1052, şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 197, M15, m2) nömrəli ümumi sahəsi 207.10 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 27.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır; 27.05.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları və tərəflərin izahatlar ilə müəyyən olunur ki, "İddiaçı" MTK ilə alıcı Cavabdeh arasında bağlanmış 11.09.2013-cü il tarixli müqavilənin surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 65, 1990-ci məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksinin 4 binanın, 14 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 233,64 kv.metr təşkil edən 4 otaqlı, 93 saylı mənzili «Kooperativ» «Payçı»- ya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyə öz öhdələrinə götürmüşlər. Təhvil veriləcək 1 ədəd 4 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 233,64 kv.metr təşkil edir və faktı ilə dəyəri 178034 (yüz yetmiş səkkiz min otuz dörd) AZN məbləğində müəyyən edilir və hər 1 (bir) kv.metr 762 (yeddi yüz altmış iki) AZN qiymət layihə - smeta sənədləri müəyyən edilir. Sonradan məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 4, ev 65, mənzil 93 ümumi sahəsi 207.10 kv.m-dir və mənzil xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 27.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 425.1-ci maddəsinə əsasən hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə iddia tələbinin «cavabehdən artıq 12,36 kv. metr sahənin geri qaytarılması və ya onun tərəfindən 12,36 kv. m. X 762 AZN = 9418,32 AZN miqdarında əlavə sahənin dəyərinin ödənilməs» hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf 12,36 kv. metr sahənin cavabdehə arıtq verilməsini qeyd etsə də, iş materialları ilə yəni bu hal təkzib olunur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda kimi Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, korpus 4, ev 65, mənzil 93 nömrəli mənzilin ümumi sahəsinin 207.10 kv.m olması müəyyən edilmişdir. Halbuki, iddiaçı bu sahəsinin 246 kv.m olmasını iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mənzil artıq Cavabdeh xüsusi mülkiyyətdədir. Həmin mənzilə dair Cavabdeh kommunal xidmətlərə görə borclu olması və 30.04.2013 tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 4428 AZN məbləğində ödənilməsi, cavabdehdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 233,64 kv. metr olduqda 3417 AZN, 246 kv. metr olduqda isə 3662 AZN ödənilməsi, cavabdehdən quraşdırılmış soyuq su və təbii qaz smart sayğaclar üçün ümumilikdə 628 AZN ödənilməsi, cavabdehdən məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə tələblər əsassızdır, təmin oluna bilməz. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün hər hər hansı məbləğin aylıq ödənilməsi barədə razılığa gəlmələri, müqavilə öhdəlikləri götürmələri barədə sənəd mövcud deyil, bu barədə Cavabdeh İddiaçı MTK” qarşısında öhdəlik götürməmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, iddiaçının qeyd etdiyi kimi binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 233,64 kv. metr olduqda 3417 AZN, 246 kv. metr olduqda isə 3662 AZN ödənilməli olması tələb etsə də, mənzilin hazırkı sahəsinin iddiaçının göstərdiyi kimi deyil, 207.10 kv.m olması müəyyən edilmişdir. Cavabdehdən quraşdırılmış soyuq su və təbii qaz smart sayğaclar üçün ümumilikdə 628 AZN ödənilməsini tələb etməsi üçün hüquqi əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan suiistifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə, iddiaçının irəli sürdüyü halların sübut olunmaması baxımından hesab edir ki, iddiaçının iddia tələbləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar