Məhkəmə qərarları › İş №2(005)-2096/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2096/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2096/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi“ tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxxxxxxxxx” MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehin mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və “xxxxxxxxxx” MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının “xxxxxxxxxx” MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxxxxxxxxx” MMC-nə ayrılmış torpaq sahəsinds yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və “xxxxxxxxxx” MMCnin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının “xxxxxxxxxx” MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” MMC iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma vo Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3. bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Ağa-Neymətulla və F.Yusifov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi “xxxxxxxxxxx” MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən “xxxxxxxxxx” MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həval edilmişdir. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Ağa- Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla İddiaçı MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işləniİməzdən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Ağa-Neymətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndis Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələləri üzrə müdür müavini Toğrul Əliyev və Nərimanov rayon 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə X1 Dövlət Agentliyinin xx xxxxxx 2018-ci il tarixli, 36\00594 saylı tapşırığına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt tərtib etmişlər. Göstəilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur, evlərin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olunmuş, həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və thlüləsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. “xxxxxxxxxxx” MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdeh istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Faiq Yusifov küçəsi 11 saylı binanın sakini olan cavabdeh ailə üzvləri ilə (özü və 2 oğlu) “xxxxxxxxxx” MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdeh bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirili mənzilin verilməsi şərtilə, onun mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onun mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 40,9 kv.m. olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzlli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə “xxxxxxxxxxx” MMC-nin təkliflərindən - iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə etməklə tam təmirli mənzilin verilməsi təklifindən imtina etmişlər və iddiaçının təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdeh yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdeh iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək, icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və “xxxxxxxxxxx” MMC ciddi maliyyə itkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilməsi məqsədi ilə “Araz 2011” məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər, istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada yerləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu). ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh ‘İddiaçı" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmırli qeyri-yaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «İddiaçı” MMC-yə həvalə edilməsi, cavabdehlər “xxxxxxxxxx" MMC və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən sökuntü işləri nəticəsində ona dəymiş 10.000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada tutulması və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, mənzil 15 xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1-ci mərtəbədə, yol kənarında yerləşməklə 3 pəncərəsi yola baxır. Mənzildə iddiaçı və yetkinlik yaşına çatmış 2 oğlu qeydiyyatda olmaqla yaşayırlar. Mənzilləri yol kənarında əlverişli məkanda yerləşdiyindən onu qeyri-yaşayış sahəsi qiymətinə satmaqla 2 ayrı-ayrı mənzil almaq qərarına gəlmişdir. Lakin, sonradan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin və “xxxxxxxxxx “MMC-nın nümayəndələri onlarda daxil olmaqla sakinlərə binanın söküləcəyini, əvəzində sakinlərlə razılaşdırılmaqla yeni tam təmirli mənzillərin veriləcəyini və mənzillər hazır olanadək kirayə haqqı veriləcəyini bildirmişlər. Cavabdehlərin etdiyi təklif onlar üçün əlverişsiz və ədalətsiz olduğundan razılığa gələ bilməmişdirlər. Buna görə də, iddiaçıya özünə məxsus olan mənzildə yaşamağa davam etmişdir. Bundan sonra cavabdehlər onların həyat və sağlamlığını təhlükəyə ataraq mənzildə yaşadıqları halda binanı ağır texnika və işçi qüvvəsi ilə uçurmağa başlamışlar. Söküntü zamanı mənzilləri titrəməyə və uçmağa başlamış, divarları çatlamış, ətraflarında olan bütün mənzillər sökülməyə başlamış, binanın damı tamamilə sökülmüşdür. İkinci mərtəbədə yerləşən mənzil və binanın damı tamamilə söküldüyündən evlərini su basmış, yağış yağarkən bütün yağış suları tavandan mənzilə daxil olmaqdadır. Bütün kommunikasiya xətləri, qaz və işıq xətləri kəsilmişdir. Hüquq mühafizə orqanlarına edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Etdikləri bütün müraciətlər cavabdehlərə yönləndirilmişdir. Bütün bu proseslər bu günkü gündə davam etməkdədir. Cavabdehlərin məqsədi onları təhlükəyə ataraq onları mənzildən çıxmağa məcbur etməkdir. Bundan əlavə cavabdeh “xxxxxxxxxx” MMC-nin istinad etdiyi Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarı xx.xx.2019-cu il tarixli 482 nömrəli qərarla ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzr Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 ilə iddiaçı razılığa gələ bilmir, Cavabdeh1 qeyri-yaşayış sahəsi verilməsini tələb edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi “xxxxxxxxxxx” MMC-nin daimi istifadəsinə verilmiş, “xxxxxxxxxx” MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmiş, İddiaçı MMCnə Nərimanov rayonunun Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır; Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 130 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, “xxxxxxxxxx" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1. 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1758 nömrəli razılaşma məktublarını, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 və xx.xx.2018-ci il tarixli, 128 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınaraq, Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda sökülmüş qəzalı binaların yerində "xxxxxxxxxx” MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyətinin 4 nömrəli, xx.xx.2019-cu il tarixli Tikintiyə icazə barədə Xüsusi Nişan”ın surətinə əsasən AR Nərimanov RİH layihəçi "xxxxxxxxxx” MMC-yə Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda 10820,0 kv.m və 5879,2 kv.m olan çoxmərtəbəli yaşayış binalarında tikintisi aparılmasına icazə verilmişdir; AR Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 30/0641 saylı arayışından görünür ki, ünvan 2 15 saylı mənzilindəki ünvanda Cavabdeh1 (1992-ci il tarixdən), Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır; Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, münəndisi Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 30 saylı Mənzil Kommunal istismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə X1 Dövlət Agentliyinin xx xxxxxx 2018-ci il tarixli 36/00594 saylı tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarına vizual texniki baxış keçirmiş, Ağa Nemətulla 32: Üçmərtəbəli yaşayış binası 1962-ci ildə kürsülü, üçgirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina üç hissədən ibarətdir, ölçüləri 13,2 x 9,7; 14,0 x 9,7; 13,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,8 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, arakəsmələr çilləkən üzrə suvaq, damı ağac konstruksiyaları üzrə dalğalı metal vərəqələrlə örtülmüşdür. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda və tavanda nəmişlik əlamətləri mövcuddur Pilləkən qəfəsələrində pillələrin sınması, qopması, müşahidə olundu. Pilləkən qəfəsəsinin meydançalarının altından su çənləri asılmışdır. Bu isə sakinlərin təhlükəsiz hərəkətini məhdudlaşdırır və təhlükəli hesab edilir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması insanların həyatı üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bunlar yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ağa Nemətulla 34: Üçmərtəbəli yaşayış binası 1965-ci ildə kürsülü, dördgirişli inşa olunub. Bina bir-birinə perpendikulyar tikilmiş iki hissədən ibarəldir, ölçüləri 27,2 x 9,7; 27,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, damı yastı tipli olub, üçqat ruberoidlə izolyasiya olunmuşdur. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda nəmişlik əlamətləri, pilləkən qəfəsələrində pillələrin sınması, qopması, navalçaların və dam örüyünün nasaz olması mövcuddur. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması həyat üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 9: İkimərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bina bir-birinə bitişik beş hissədən ibarətdir. Binanın ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialındandır. Pilləkən qəfəsələ-rinin bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbestşifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında şaquli və pilləvari, eni 2- 4 mm olan keçici çatlar, suvaq qatının aşınması, tökülməsi, qapı-pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli, eni 2-3 mm olan birtərəfli çatlar, tavanda və divarlarda nəmişlik əlamətləri, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olması müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatının tökülməsi, həmin hissələrdə açıq qalan armaturların korroziyaya uğraması mövcuddur. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükə mənbəyi dir. Evlərin örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 11: Üçmərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, divarlarda nəmişlik əlamətləri, çardaq konstruksiyalarının elementlərində sınma və köhnəlmə müşahidə olundu. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bunlar isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükəlidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 13: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir- birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvnmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirənit vərəqələrlə örtülmüşdür. Binanın fasadında üfüqi və şaquli elementlərindən ibarət gücləndirmə işləri aparılmışdır. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıq-lar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarlarır dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insanların həyatı üçün təhlükə mənbəyidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 15: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir- birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,6 metrdir. Divarları qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyüı, pilləkən qəfəsəsində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında pilləvari və şaquli ikitərəfli, eni 2- 4 mm olan çatlar, su-vaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün və atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları və tərəflərin izahatlar ilə müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı “xxxxxxxxxx” MMC Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxxxxxxxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və “xxxxxxxxxx” MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının “xxxxxxxxxx” MMC tərəfindən verilməsini tələb edir.Cavabdehə müxtəlif şərtlərlə təklif edilməsinə baxmayaraq, o bu təkliflərdən imtina etmişlər. Cavabdeh tərəf iddianı qəbul etmir, Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu). ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh ‘İddiaçı" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmırli qeyri-yaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «İddiaçı” MMC-yə həvalə edilməsi, cavabdehlər “xxxxxxxxxx" MMC və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən sökuntü işləri nəticəsində ona dəymiş 10.000 (on min) manat məbləğində mənəvi zərərin və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını tələbini irəli sürür. Mübahisəsi gedən ünvan 5 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsinin “xxxxxxxxxxx” MMC-nin daimi istifadəsinə verilməsi və, “xxxxxxxxxx” MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini başa vermuş istismara yararsız və qəzalı vəziyyətdə olduğu, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxx” MMC Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamınna əsaslanmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “xxxxxxxxxxx” MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və “xxxxxxxxxx” MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının “xxxxxxxxxx” MMC tərəfindən verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə), eləcə də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı X7 Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilibedilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMCnin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Cavabdeh tərəf mülkiyyətlərinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən (buna etiraz etmədən) ancaq ödənilən kompensasiyanın məbləği ilə və ona yaşayış sahəsi deyil, qeyri yaşayış sahəsinin verilməli olmasını bildirmiş, bununla belə, alternativ olaraq ona kirayə haqqı olaraq 400 manat deyil, 700 manat verilməli olmasını tələb etmişdir. Buna görə də məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdırır, mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, ödənilməli kompensasiya məbləği ilə bağlı Cavabdeh1 tələbi ona məxsus Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu). ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh «İddiaçı" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsidir. Cavabdeh1 hazırkı tələbinin bazar qiymətinə uyğun olmadığına dair hər hansı əsas müəyyən olunmur. Qarşılıqlı iddiaçının tələbi mülkiyyətçi kimi əmlakına münasibətdə qeyri-mütənasib deyil, «İddiaçı" MMC-nin üzərinə qeyri-mütənasib yük qoymur. Əksinə,İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşması baxımından məhkəmə hesab edir ki, nəzərdə tutulmuş məbləğin ödənməsi şərti ilə cavabdehin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstanaqarşı iş). Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla qarşılıqlı iddiaçı «Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu). ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh «İddiaçı" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmirli qeyriyaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «İddiaçı” MMC-yə həvalə edilməsi» tələbi təmin oluna bilməz. Qarşılıqlı iddiaçının hazırkı tələbinin təmin olunması «müqavilə azadlığı» prinsipinə zidd olmaqla “İddiaçı" MMC-ni müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada məhkəmə, mülkiyyətçinin hüquqlarının üstünlüyü baxımından və Cavabdeh1 «İddiaçı" MMC qarşsında tələbinin qeyri-adekvat olmamasını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbləri təmin oluna bilməz. Cavabdeh1 qarşılıqlı iddia tələbi isə “İddiaçı" MMC-ni müqavilə bağlamağa məcbur etdiyindən əsaslı sayıla bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab ke-çir-məsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi“ tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması» tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar