Məhkəmə qərarları › İş №2(005)-2128/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2128/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2128/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı “İddiaçı“ QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili, Cavabdeh1 Ağası qızının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı “İddiaçı“ QSC-nin Cavabdeh1 Ağası qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı“ QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardada əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzili «İddiaçı” QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa 9.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Cavabdeh1 Ağası qızı, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarıının həyata keçirilməsinə mane olur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər hazırda Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçı “İddiaçı“ QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər, Cavabdeh2 və Cavabdeh3 vəkili, Cavabdeh1 Ağası qızının nümayədəsi və vəkili Vəkil iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadının surətinə əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Ağası qızına və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmiş, Cavabdeh1 Ağası qızı bu barışıq sazişinin 9-cu bəndində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədikdə Cavabdeh1 Ağası qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evini və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilini xx xxxxxx 2020-ci il tarixədək boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 94, 9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 412 nömrəli reyestr kitabının 38333 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; “Elektron notariat” X1 çıxarılmış xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-6/20l9 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardada əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzili İddiaçı QSC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh1 Ağası qızı bu barışıq sazişinin 9-cu bəndində nəzərdə tutulmuş hüquqlarından istifadə etmədikdə Cavabdeh1 Ağası qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 217 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 218 nömrəli bağ evini, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 219 nömrəli bağ evini və Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 saylı mənzilini xx xxxxxx 2020-ci il tarixədək boşaldaraq İddiaçı QSC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin vaxt hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən cavabdehlər mənzildən çıxaraq, onu təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehlər Cavabdeh1 Ağası qızı, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 nömrəli mənzilində yaşamırlar, lakin pasport qeydiyyatında olmaqda davam edirlər. Onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, Cavabdeh1 Ağası qızı mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən cavabdehlər Cavabdeh1 Ağası qızının, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Ağası qızının, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 nömrəli mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ağası qızının, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 nömrəli mənzilindən istifadə hüquqları itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh1 Ağası qızının, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsi 94 saylı evin 9 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar