Məhkəmə qərarları › İş №2(005)-2144/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2144/2020

19.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2144/2020 19.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 ilə onun arasında xx.xx.2019-cu il tarixdə müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi və xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh X1 xx.xx.2019-cu il tarixdən menecer olaraq işləmişdir. MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi ev 11, mənzil 45 ünvanında Hostel qurulmuş və cəmi 4 ay ərzində fəaliyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixdə o işə gələrkən ofis və hostelin bağlı olduğunu və bu tarixdən sonra işə çıxa bilmədiyini qeyd etmişdir. Artıq 9 aydır ki, Cavabdeh X2 rəhbərliyi iddiaçıya cavab vermir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Dövlət Əmək Müfəttişliyinə müraciət edərək, iddiaçı müsbət cavab ala bilməmişdir və ona məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Hal-hazırda da vergi orqanında fəaliyyətli kimi göstərilsə də, MMC-nin keçmiş direktoru X7, direktor müavini olmuş X8 ilə dəfələrlə əlaqə saxlasa da, rəhbərlik barədə ona cavab verən olmamışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxslər Azərbaycandan çıxarılıblar və geri qayıtmaları mümkün deyil. İddiaçı başqa yerdə işə düzələ bilmir, hüquqları pozulur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuş, Cavabdeh X4 ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini və hüquqlarının bərpası ilə bağlı lazımı tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh MMC-nin rəhbəri X7 tərəfindən xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq, vaxtamuzd, hər ay 210 manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-də marketinq mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə, 09/2019 nömrəli əmrlə müddətsiz müqavilə əsasında Cavabdeh MMC-də Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, araşdırma zamanı “Cavabdeh" MMC-nə **********3 saylı, xx.xx.2019-cu il tarixli bildiriş göndərilməsinə baxmayaraq, hazırki tarixədək heç bir cavab verilmədiyi və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-nin rəhbəri X7 tərəfindən xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq, vaxtamuzd, hər ay 210 manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-də marketinq mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, işçi əmək münasibətlərinə xitam verilməsi üçün işəgötürənə müraciət etmiş, lakin nəticə eldə etməmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş və araşdırma zamanı “Cavabdeh" MMC-nə **********3 saylı, xx.xx.2019-cu il tarixli bildiriş göndərilməsinə baxmayaraq, hazırki tarixədək heç bir cavab verilmədiyi üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı iddia edir ki, əmək funksiyalarını xx.xx.2019-cu ildən icra etmir və işçi olaraq əmək münasibətlərinə xitam verilməsini tələb edir. Lakin işəgütürən tərəfindən işçinin bu tələbi yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin “ a “ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Belə ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi də əməyin azadlığına əsaslanır, çünki işçinin könüllü iradə ifadəsinə söykənir. Odur ki, işləgötürən tərəfindən əmək müqaviləsinin ləğvindən imtina olunması hüquqi əhəmiyyətə malik ola bilməz, çünki əməyin azadlığı prinsipinə ziddir və işçinin bitirmək istədiyi əmək münasibətlərinə davam etməsinə məcbur olunmasına işarə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi işçi İddiaçı əmək münasibətinə xitam verilməsini istəsə də, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməyib. Belə ki, işəgötürən Pakistan Respublikasının vətəndaşıdır və hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərmir. Bu səbəbdən də, iddiaçı müvafiq dövlət orqanını müraciət etmiş və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, əmək müqaviləsi işçi və işəgötürən arasında könüllülük prinsipi əsasında bağlandığından və işçinin həmin müqaviləni xitam verilmək üçün müraciət etmək hüququ olduğundan hazırda həmin hüququnun həyata keçirilməsi işəgötürənin təqsiri ucbatından mümkünsüz olmuşdur. İşçi hazırda əmək müqaviləsində müəyyən olunmuş funksiyaları icra etmədiyi halda həmin müqavilənin qüvvədə olması əmək qanunvericiliyinə ziddir, buna görə də iddiaçının tələbi əsaslıdır, təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu tarixli əmək müqaviləsinə xitam verilməldir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh” MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. İşçi İddiaçı ilə işəgötürən Cavabdeh” MMC arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə (xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi) xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinin qeydə alınması və elektron informasiya sistemində elektron qaydada müvafiq qeydlər aparılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə həvalə olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar