Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2154/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi cəlb edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 miras qalan əmlakı (“Toyota Prado” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili) faktiki qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixində stenokardiya xəstəliyindən vəfat etmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisinə “07” aprel 2023-cü il tarixdə müraciət olunmuş və həmin tarixdə mirasın qəbulu üçun qanunla müəyyən olunmuş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, “Sizin xx.xx.2022-ci il tarixdə vəfat etmiş əriniz X5 miras qalmış əmlaka dair vərəsəlik hüququnuzun rəsmiləşdirilməsi üçün ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1243 və 1322-ci maddələrinə əsasən vərəsəlik şəhadətnaməsi mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsələrə verilir, o cümlədən vərəsələr mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə ərizə verməli və mirasa sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. O, həyat yoldaşının vəfat etməsindən çox sarsıntı keçirmiş, nə o, nə də qızları yəni Maraqlı şəxs2 və qızı Maraqlı şəxs3 vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat ofisinə müraciət edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərini yerinə yetirə bilməmişlər. Lakin mərhum həyat yoldaşından miras qalan “Toyota Prado” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki qəbul etmişdir. Həmin avtomobil onun həyətində saxlanılıb, avtomobili həftədə bir dəfə yuyur, içərisindəki tozu alır. Qeyd etdikləri, miras qalan avtomobili faktiki qəbul etdiyini göstərir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 nikahları xx.xx.1982-ci il tarixində bağlanmışdır. Nikahdan sonra arvada Qəribova soyadı verilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixində “stenokardiyanın digər formaları” xəstəliyindən vəfat etmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1992-ci il tarixdə Babək rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1988-ci il tarixdə Şahbuz rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır; AC seriyalı, 286064 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2014-cü il buraxılışlı, “Toyota Prado” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qayınanasıdır. Qayınatası 30 avqust tarixində vəfat etmiş və 31 avqust tarixində dəfn edilmişdir. Qayınatasının vəfatından sonra qayınanasının vəziyyəti pisləşmiş və o əməliyyat olunmuşdur. Ailənin başı yasa və qayınanasının xəstəliyinə qarışdığı üçün vərəsəlik ilə bağlı müraciət edilməmişdir. Daha sonra isə 6 aylıq müddət ötürülmüşdür. Avtomobil hazırda qayınanasına məxsus evin qarajındadır. Avtomobildə nasazlıq yaranmasın deyə onlar tərəfindən ayda bir neçə dəfə işə salınır. Lakin avtomobil qayınatasının vəfatından sonra heç kim tərəfindən sürülməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin əri X10 xx.xx.2022-ci il tarixində xəstəlikdən vəfat etmişdir. Ondan “Toyota Prado” markalı, **-EL- *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. X6 vərəsəsi Ərizəçi miras qalmış əmlaka dair vərəsəlik hüququnun rəsmiləşdirilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Miras qoyanın ərizəçidən başqa digər vərəsələri də vardır. Hazırda ərizəçi miras əmlakı faktiki qəbul etməklə sahiblik etməsinə əsaslanaraq mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246 və 1248.1-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Hazırki iş üzrə xüsusi icraat qaydasında mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edən ərizəçi Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsəsidir. Konstitusiya Məhkəməsi Plenumunun miras əmlakın faktiki qəbulu ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar). Həmçinin həmin Qərarda göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması;hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması;hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-307.2, 307.2.9 və 308-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10 və 10.1-ci bəndlərində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsinə görə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin əri X7 miras qalmış əmlak ərizəçi tərəfindən faktik olaraq qəbul edilmişdir. Belə ki, ərizəçi miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş, avtomobili evinin həyətində saxlamaqla, ona qulluq etməklə, əmlakın saxlanması üçün lazımi tədbirlər görməklə mirasın qəbulunu nümayiş etdirən hərəkətlər etmişdir. Ərizəçi rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat ofisinə müraciət etsə də, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən imtina olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, mirasın qəbulu faktının müəyyən edilməsi haqda qətnamə vərəsəlik şəhadətnaməsini əvəz etmir. Bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması üçün əsas deyildir. Vərəsələrin miras əmlakdakı payları vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış “Toyota Prado” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış “Toyota Prado” minik markalı, **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2154/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2154/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver