Məhkəmə qərarları › İş №2(005)-2155/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2155/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2155/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı və yetkinlik yaşına çatmayan X6, X13, X7 Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki 5 saylı binanın 3 saylı mənzilinin 16/80 hissəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki 5 saylı binanın 3 saylı mənzilinin 16/80 hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 28.08.2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətindədir. Qeyd etdiyi ünvandakı mənzilinin 16/80 hissəsində cavabdeh 3 azyaşlı və yetkinlik yaşına çatmayan uşağı ilə X6, X13, X18 ilə formal qeydiyyatdadırlar, həmin mənzildə yaşamırlar və onlara məxsus heç bir əşyaları yoxdur. 2017-ci ildə mərhum həyat yoldaşı X10 öz oğlu Türxana həmin ərazidə, yəni Nərimanov rayonu, Ş.Mustafayev küçəsindəki 7 saylı evin 9 «C» saylı 2 otaqlı mənzilini alıb vermiş, oğlu hazırkı cavabdeh və uşaqları ilə həmin ünvana köçmüşlər. 3 aydan sonra oğlu X14 həmin mənzildə vəfat etmiş və cavabdeh uşaqları ilə yuxarıda göstərilən mənzilə köçüb getmiş və həmin ünvanda yaşayırlar. Cavabdeh faktiki olaraq iddiaçının ailə üzvü hesab olunur, onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə heç bir ehtiyacı yoxdur. Cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 111.60 kv.m sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, b. 5, 3 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı 16/80 hissədə 28.08.2019-cu il tarixdə, X2 16/80 hissədə 17.05.2008-ci il tarixdə, X5 4/80 hissə (açıq saxlanıldı), X3 16/80 hissədə 17.05.2008-ci il tarixdə, X4 28/80 hissədə 13.05.2016-cı il tarixdə adlarına qeydiyyata alınmışdır; AR Daxili İşlər Nazirliyinin 04.03.2021-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X8, X11, X6, X13, X18, Cavabdeh, X15, X9, X16, X17 Bakı şəhəri, Ş.Mustafayev küçəsi, ev 5, 3 saylı mənzilində qeydiyyatdadırlar; 19.03.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, bina 5, 3 nömrəli mənzilin 16/80 hissəsinə mülkiyyət hüququna malikdir. Mənzildə mülkiyyətçilərin payları naturada ayrılmamışdır. Mövcud vəziyyətdə iddiaçı cavabdehin mənzilə istifadə hüququnun itirilməsini tələb etməklə bağlı subyektiv hüquqa malik deyil. Bununla yanaşı, cavabdehə qarşı digər mülkiyyətçilər olan X2, X3, X4 hər hansı tələbi hazırkı iş üzrə mövcud deyil. Buna görə də, iddia tələbi təmin oluna bilməz. Məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi İddiaçı olmasını qəbul etmək mümkün deyildir, bu hüquq digər mülkiyyətçilərə də məxsusdur. İddiaçıların hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ olmadığından hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddiaçının hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ yaranmadığından, habelə mübahisəli mənzilə dair mülkiyyət hüququnun, o cümlədən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan və mülkiyyət hüqunun elementləri olan sahiblik, sərəncam və istifadə hüquqlarını digər payçılara da məxsus olduğundan hazırki iddia tələbi rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar