Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2186/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehler Cavabdeh1 MMC, Cavabdeh2 Məhhərəm oğlu, Cavabdeh3 qarşı “icra edilməmiş öhdəliyə görə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “icra edilməmiş öhdəliyə görə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 22 650 manat icra edilməmiş öhdəliyə görə vurulmuş zərərin, həmçinin 70 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin, eyni zamanda 158 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2021-ci ilin sentyabr ayında Nizami rayonu, Nəsimi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 114 kv. m ölçüdə mənzil almışdır. Həmin mənzili təmir etdirmək üçün bir müddət maraqlanmağa başlamışdır. Həmin ərəfədə, yəni xx.xx.2021-ci tarixdə “İnstagram” sosial şəbəkəsində güzəştli kompaniya keçirən təmir —tikinti şirkəti olan Qarabağ-İnşaat adlı səhifə ilə (Merdinli tikinti-təchizat” MMC) rastlaşdığı üçün həmin şirkətlə 070 8266644, ********** mobil telefon nömrələri ilə əlaqə saxlayıb adını Cavabdeh2 kimi təqdim edən şəxslə danışıb həmin şəxsi təmir etdirəcəyi ünvana çağırmışdır. Cavabdeh2 mənzilə baxandan sonra aramızda şifahi razılaşma olmuşdur ki, həmin şirkət iddiaçının evini 25 000 manata təmir etdirib verəcəyini bildrimişdir. 21 sentyabr 2022-ci il tarixdə iddiaçı Xaliqin dəvəti ilə Yasamal Rayonu ərazisində yerləşən Qarabağ İnşaat adlı ofisə yaxınlaşmışdır. Orada bir neçə vərəqdən ibarət guya müqavilə bağlanması haqqında sənədlər verilmiş, həmin vərəqlərdə görüləcək işlər yazılmışdır. Razılaşmaya əsasən 3 ay ərzində təmir işləri yekunlaşdırılıb təhvil verilməli idi. İddiaçı elə orada da 5000 manat pulu Cavabdeh2 təhvil vermişdir. Sonuncu iddiaçı ilə razılaşmışdır ki, qalan pulu təmir müddəti ərzində hissə-hissə ödəyəckdir. Xalıq Şükürov iddiaçı bildirdi ki, işini yaxşı bacaran Allahşükür adında usta vardır. Sonuncu həmin vaxt digər evi təmir edir, gözləmək lazımdır. Onunla razılaşmışıq 2021-ci ilin noyabr ayında Cavabdeh2 təmir etdirəcəyi mənzilə Cavabdeh3 adında bir usta gətirmiş, Allahşükür mənzilə baxdıqdan sonra iddiçıya demişdir ki, kompaniya olduğu üçün pulun qalan hissəsini tam şəkildə ödəmək lazımdır. Həmçinin təmir tikinti materiallarının qiyməti qalxdığı üçün pul ödəmək lazımdır ki, materiallar alınıb anbarda saxlanılsın. O sözlərinə inanıb 2021-ci ilin noyabr ayının 20-si tarixində mənzilə 2 nəfər usta gəlmiş və bir neçə adda təmir tikinti avadanlıqları gətirilmişdir, orada təmir başlamışdır. 2022-ci ilin yanvar ayında mənzildə təmirin çox asta surətdə getdiyini görüb, həmin Cavabdeh2 və Cavabdeh3 ilə səbəbini aydınlaşdırmağa çalışsaq da, lakin bu mümkün olmamışdır. Sonuncular bizdən qaçmağa başlayıb telefon zənglərinə cavab verməyib, görüşməkdən imtina elmişlər. Bu səbəbdən 2022-ci ilin mart ayında onlar həmin iki nəfər ustanı oradan uzaqlaşdırmışıq. Orada həmin tarixədək görülən işlərin keyfiyyətinə baxanda isə görmüşük ki, həmin adamlar bizi aldadıb, verdikləri vədlərə əməl etməmişlər. Cavabdehlərə ümumulikdə 22650 manat pul vəsaitini evini təmir etmək üçün (7200 manat şəxsən Cavabdeh2, qalan məbləğ isə Cavabdeh3) verilmişdir. Qalan borc iş təhvil veriləndə tərəfinizdən ödənilməli idi. Həmçinin, 2022-ci ilin usta ümumiyyətlə gəlməmişdir, cavabdehlər cüzi işlər görmüş olsalar da, həmin iş keyfiyyətli şəkildə görülmədiyindən, keyfiyyətsiz materiallardan istifadə edildiyindən, həmçinin qəza şəraiti, yanğın təhlükəsi yarada bildiyindən tamamilə sökülmüş və yenidən təmir işlərinə başlanılmışdır. Görüləcək işlərin siyahısında hissə-hissə ödəniş edilərkən hər dəfəsində cavabdehlər pulu qəbul edərkən imzalamışlar ki, həmin sənəd də onlar tərəfindən 22000 manat pul vəsaitinin alqıları, 650 manat isə Cavabdeh3 kartına göndərildiyindən iddia ərizəsinə əlavə edilmiş qəbzlər həmin halı təsdiq edir. Aldadıldığını anladıqdan sonra Nizami Rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş olsaq da, 21 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarla da əsaslandırılmışdır ki, mülki xarakterli məsələ olduğundan iddia ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2186/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci tarixli təklifindən görünür ki, tərəflər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti K.Balakişiyev M.Abbasov və Nəsimi küçəsi 2400 məhəllədə yerləşən X1 aid olan 114 kv.m evin təmir edilməsi razılaşdırılmışdır. Həmin razılaşmanın ödənişlər bölməsinin 1-ci bəndində ödənilən məbləğ əl yazısı ilə razılaşmaya qeyd olunacağı göstərilmişdir. Həmin razılaşmada əl yazısı ilə xx.xx.2021-ci il tarixə 5000 manat, xx.xx.2021-ci il tarixə toplam 10500 manat, xx.xx.2022-ci il tarixə 1500 manat ödənildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azərtürk bank” vasitəsi ilə edilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, hesab nömrəsi ******************** olan hesaba ümumilikdə 650 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Göründüyü kimi tərəflər arasında iddiaçıya məxsus evin təmir edilməsi məqsədi ilə müqavilə bağlanmışdır. İddiaçı təmir işlərinin görülməsi üçün ödənişləri cavabdehə ödəsədə, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Belə olan halda cavabdeh razılaşmanın şərtlərinə əməl etməyərək iddiaçıya ziyan vurmuduşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi qanunverici vurulmuş ziyanın ödənilməsi tələblərini müəyyən etmişdir. Hazırda iddiaçıya zərərin cavabdehin qanunazidd hərəkətləri nəticəsində bu tələblərə əsasən ziyanvuran qanunazidd təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində vurduğu ziyanın əvəzinin ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsinə görə 70 manat və 158 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüquqn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 Məhhərəm oğlu, Cavabdeh3 müştərək qaydada 22 650 manat icra edilməmiş öhdəliyə görə vurulmuş zərərin, həmçinin 70 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin, eyni zamanda 158 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 Məhhərəm oğlu, Cavabdeh3 müştərək qaydada 22 650 manat icra edilməmiş öhdəliyə görə vurulmuş zərərin, həmçinin 70 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin, eyni zamanda 158 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilsin. Cavabdehlər qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2186/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2186/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver