Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2195/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl olunması öhdəliyinin Cavabdeh oğunun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanda yerləşən 835,5 kv.metr sahədən 25 kv.metr əsas və 15 kv.metr köməkçi olan hissəsini 1 (bir) il müddətinə ona icarəyə vermişdir. Bundan sonra o, həmin icarəyə götürdüyü sahədə ona məxsus olan ********** nömrəli VÖEN vasitəsi ilə sahibkarlıq fəaliyyəti göstərməyə başlamışdır. Həmin icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən, “müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansısa bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulan eyni şərtlərlə bir il müddətinə uzadılmış hesab edilir”. Bu ilin aprel ayında mülki iş üzrə Cavabdeh ona qarşı heç bir pretenziya ilə müraciət etmədiyindən müqavilənin müddəti növbəti bir il ərzində uzadılmışdır. Buna baxmayaraq, cari ilin may ayının 25-də Cavabdeh ona müraciət edərək, bu sahəni satmaq və müqaviləni ləğv etmək niyyətində olduğunu bildirmişdir. Aralarında olan danışıqla o müqavilənin növbəti bir il üçün qüvvədə olduğunu bildirsə də, cavabdeh müqaviləni bir tərəfli qaydada ləğv etmək niyyətində olduğundan hazırda onun sahibkarlıq fəaliyyətinə müxtəlif maneələr həyata keçirir. Cavabdeh məhkəmədən kənar yollarla müqavilə üzrə öhdəliklərini yerinə yetirmək niyyətində olmadığını gördüyü üçün o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi zərərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, xx xxx 2020-ci il tarixdə iddiaçı şəxsə məxsus əşyaların daşınması zamanı külli miqdarda dəymiş ziyanı müəyyən edən aktın surətini və ona əlavə edilmiş fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbininin əsası olaraq xx xxxxx 2019-cu il tarixli “icarə müqaviləsi”nə əsaslanır. Lakin iddia ərizəsinə əlavə olunmuş qoşmadan göründüyü kimi, iddia ərizəsinə müqavilənin əsli əlavə olunmamışdır. Bununla da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları pozulmuşdur. İstinad edilən müqavilənin surətinə əsasən Cavabdeh mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanda yerləşən 835,5 kv.metr sahədən 25 kv.metr köməkçi olan hissəsi İddiaçı bir illik icarəyə vermişdir. Eyni zamanda həmin müqavilənin surətinə əsasən aylıq icarə haqqı 300 (üç yüz) manat məbləğində təşkil etmişdir. Beləliklə, əvvəl müqavilə öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbi irəli sürən İddiaçı daha sonra iddia tələbini dəyişərək, TELFER adlı qurğunun sökülməsinə görə 1.000 (bir min) manat, yeni sahəyə köçməyə görə 3.500 (üç min beş yüz) manat, “qanunsuz” çıxarılma zamanı “məhsula dəyən zərər” 2.000 (iki min) manat, yeni icarə sahəsinin təmirinə çəkilən xərc 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti tələb edir. Bu tələb də qanunsuz və əsassızdır. Belə ki, TELFER adlı qurğunun sökülməsinə görə 1.000 (bir min) manat məbləğində pul vəsaitinin tələb edilməsi ilə bağlı qeyd edilməlidir ki, İddiaçı tərəfindən təqdim olunan müqavilənin surətində icarəçinin özünə məxsus qurğularının montajı və ya demontajı xərclərinin icarəyəverən tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Yeni sahəyə köçməyə görə 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin tələb edilməsi də əsassız və absurddur. Burada köçmə xərclərinin nədən ibarət olunması və bu rəqəmin necə müəyyənləşdirildiyi qeyri-müəyyəndir. Həmçinin, belə bir hal müqavilə şərtlərində nəzərdə tutulmamışdır. “Qanunsuz” çıxarılma zamanı “məhsula dəyən zərər”ə görə 2.000 (iki min) manat məbləğində pul vəsaitinin tələbi də əsassızdır. Çünki, hansı məhsul olması (adı, spesifikasiyası, sortu və s.), həmin “məhsulun” ilkin qiyməti, hansı qaimə ilə haradan alınması, məhz icarə sahəsində saxlanmasının sübutu göstərilməmişdir. Eyni zamanda, icarə müqaviləsinin surətində hər hansı qaimə olmamışdır. Yeni icarə sahəsinin təmirinə şəkilən xərc 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin tələbi ilə bağlı qeyd edilməlidir ki, belə bir müddəa isə icarə müqaviləsinin surətində yoxdur. Ümumiyyətlə icarəçinin Cavabdeh oğlna məxsus sahədən çıxarılmasını “qanunsuz” adlandırılmasının özü qanunsuzdur. Belə ki, bununla Cavabdeh mülkiyyətçi olaraq qanunla qorunan hüquqları pozulur. Həmçinin tələblərdən biri də “iddiaçı öz müştəri bazasını itirmişdir ki, ayda 3.000 (üç min) manat məbləğində olmaqla buna görə toplam olaraq 12.000 (on iki min) manat məbləğində pul vəsaiti Cavabdeh tələb edir. Bu tamam absurddur, çünki hətta İddiaçı qarşı əsassız olan digər tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, əgər İddiaçı bu müddət ərzində doğrudan da yeni sahəyə köçmüşsə, onun heç bir müştəri bazası itə bilməzdi. Digər tərəfdən bu rəqəm də əsaslandırılmamışdır. Çünki İddiaçı ona məxsus olan ********** nömrəli VÖEN əsasında son bir ildə dövriyyəsini əks etdirən vergi bəyannaməsini təqdim etməklə hansı zamanda dövriyyəsinin azaldığını sübut etməli idi. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-icarəyə verən ilə İddiaçı-icarəçi arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, icarəyə verən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanda yerləşən 835,5 kv.metr sahədən 25 kv.metr əsas və 15 kv.metr köməkçi hissəsini icarəçiyə öz ticarət fəaliyyətini həyata keçrimək məqsədləri üçün icarəyə verir (1.1-ci bənd). Sahənin aylıq icarə haqqı 300 (üç yüz) manat məbləğində təşkil edir (3.1-ci bənd). Bu müqavilə xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minir (4.1-ci bənd). İcarənin müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən etibarən 1 (bir) il təşkil edir (4.2-ci bənd). Bu müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulmuş eyni şərtlərlə 1 (bir) il müddətinə uzadılmış hesab edilir (4.3-cü bənd); Cavabdeh-satıcı ilə X4-alıcı arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı paylı mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96,40 kv.metr olan fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0,0835 ha olan torpaq sahəsini alıcının mülkiyyətinə verir (1-ci bənd). Satıcı daşınmaz əmlakı 510.000 (beş yüz on min) manat qiymətə satmış, alıcı isə həmin qiymətə almışdır (4-cü bənd); xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən və xx xxxxxxx 2020-ci il tarixli **********56 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ayrı-ayrılıqda 10 (on) manat və 20 (iyirmi) manat olmaqla, cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh-icarəyə verən ilə İddiaçıicarəçi arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsi ilə icarəyə verən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanda yerləşən 835,5 kv.metr sahədən 25 kv.metr əsas və 15 kv.metr köməkçi hissəsini icarəçiyə öz ticarət fəaliyyətini həyata keçrimək məqsədləri üçün icarəyə vermiş, sahənin aylıq icarə haqqı 300 (üç yüz) manat məbləğində təşkil etmiş, icarənin müddəti 1 (bir) il təşkil etmişdir. Cavabdeh-satıcı ilə X4-alıcı arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə satıcı paylı mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96,40 kv.metr olan fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0,0835 ha olan torpaq sahəsini alıcının mülkiyyətinə vermiş satıcı daşınmaz əmlakı 510.000 (beş yüz on min) manat qiymətə satmış, alıcı isə həmin qiymətə almışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl olunması öhdəliyinin Cavabdeh oğunun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi zərərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, həmin icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən, “müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansısa bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulan eyni şərtlərlə bir il müddətinə uzadılmış hesab edilir”. Cari ilin may ayının 25-də Cavabdeh iddiaçıya müraciət edərək, bu sahəni satmaq və müqaviləni ləğv etmək niyyətində olduğunu bildirmişdir. Bunun nəticəsində iddiaçı şəxs TELFER adlı qurğunun sökülməsinə görə 1.000 (bir min) manat, yeni sahəyə köçməyə görə 3.500 (üç min beş yüz) manat, “qanunsuz” çıxarılma zamanı “məhsula dəyən zərər” 2.000 (iki min) manat, yeni icarə sahəsinin təmirinə çəkilən xərc 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti xərcləmişdir ki, həmin məbləği və öz müştəri bazasını itirdiyinə görə ayda 3.000 (üç min) manat məbləğində olmaqla buna görə toplam olaraq 12.000 (on iki min) manat məbləğində pul vəsaiti Cavabdeh tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində tələb etdiyi pul məbləğini Cavabdeh tələb etməkdə haqlı olmamışdır. Belə ki, müvafiq icarə müqavilə bir il müddətinə bağlanmış və həmin müqavilənin müddəti bitdikdən sonra Cavabdeh paylı mülkiyyətində olan əmlakı başqa şəxsə satmışdır. İddiaçı cavabdeh X2 hər hansı təsiri ucbatından müvafiq xərclərin çəkilməsi tələbi məhkəmə araşdırması zamanı öz hüquqi tədqisini tapmamışdır. İddiaçı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iddia ərizəsinə tərəflər arasında bağlanmış icarə müqaviləsinin surətini və müvafiq əşyaların daşınması zamanı çəkilmiş foto şəkillərini iddia ərizəsinə əlavə etməklə kifayətlənmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2195/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2195/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver