Məhkəmə qərarları › İş №2(005)-2202/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2202/2021

17.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2202/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh-yə sürücü vəzifəsinə qəbul edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə kimi hər ayda 600 (altı)yüz manat verilməklə, cəmi 2400 manat pulun əmək haqqı, habelə 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manatın, ümumilikdə isə 4900 (dörd min doqquz yüz) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 25 avqust 2019-cu ildə Sahil qəsəbəsində yerləşən Cavabdeh-nin direktorunun köməkçisi Samir adlı şəxs tərəfindən işə qəbul olunmuşdur. Əmək haqqı olaraq 600 manat (altı yüz) razılaşdırılmış, fəhlə daşımaq üçün FORD markalı mikro avtobus sürmüş, 25.12.2019-cu ilə kimi həmin işi yerinə yetirmişdir. Bu müddətdə ona rəhbərlik tərəfindən heç bir xəbərdarlıq edilməmişdir. Samir ilin sonunda yol vərəqəsini yazıb ona verərək, “07 yanvar 2020-ci ildə işə çıxıb fəaliyyətini davam etdirərsən” demişdir. İddiaçı 07.01.2020-ci ildə işə çıxmaq üçün cəhd göstərmiş, lakin Samir ona müxtəlif bəhanələr gətirmiş və onu işə qaytaracağını demişdir. İddiaçı aprel 2020-ci ilə kimi Samirin onu aldatdığını və usta Sahiblə birlikdə ona qarşı qərəzli plan qurduqlarını öyrənmişdir. Ona görə də iddiaçı direktora aprel ayının axırlarında müraciət etdmiş və onu aldadaraq işindən uzaqlaşdırdıqlarını və onun yerinə başqasını sürücü olaraq gətirdiklərini bildirmişdir. Beləliklə direktorun köməkliyi ilə o işə qayıtmış və onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər əmək haqqı olaraq 500 (beş yüz) manata razılaşmış və 01.10.2020-ci ilə kimi iddiaçı orda işləmişdir. İddiaçı ilə əmək müqaviləsi 5 ay müddətinə bağlanmışdır. Direktor ona oktyabr 2020-ci ildən işin olmayacağını və olan zaman onu çağıracağını bildirmişdir. İddiaçı qeyd olunan vaxtdan özünə iş axtarır, lakin tapa bilmir. Ona işlədiyi 5 ay müddət üçün əmək haqqı olaraq 144 manat karta pul köçürülmüş, iddiaçı işdən çıxmaqla bağlı isə heç bir ərizə yazmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 30.09.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad olunmuşdur. Bu barədə onun məlumatı olmuşdur. Lakin əmək kitabçasını işdən almaq üçün getməmişdir, onun 30.09.2020-ci il tarixli aktda qeyd edilən ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmışdır. İşdən çıxarılan zaman ona son haqq hesab ödənilmiş, lakin həmin məbləğ də az olmuşdur. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Vəkil iddianı qəbul etməmiş və iddiaya yazılı etiraz təqdim edərək, məhkəmədə verdiyi izahatında bildirmişdir ki, Süleymanov Sahib 26.08.2019-cu il tarixdən 07.01.2020-ci il tarixədək “xxxx” MMC-də sürücü peşəsində işləmiş və “Ford-Transit” markası mikro avtobusu idarə etmişdir. 07.01.2020-ci il tarixdə şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığına) əsasən xitam verilmişdir. 30.04.2021-ci il tarixdə o yenidən ərizə ilə cavabdehə müraciət edərək, onu müəssisədə hər hansı müvafiq bir işlə təmin olunmasını xahiş etmişdir. İddiaçı cavabdehlə bağlanmış müvəqqəti əmək müqaviləsinə əsasən 30.04.2020-ci il tarixli 152/K saylı əmri ilə bir ay müddətinə müəssisəyə sürücü peşəsinə qəbul olunmuşdur. 30 sentyabr 2020-ci il tarixədək Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin müddəti avtomatik olaraq artırılmaqla orada sürücü peşəsində işləmişdir. Cavabdehin iş həcminin azalması ilə əlaqədar, həmçinin müvəqqəti əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar sürücü peşəsinə ehtiyac duyulmadığından, o cümlədən gələcəkdə onunla əmək müqaviləsinin davam etdirilməsinin məqsədəmüvafıq olmadığından onunla bağlanmış əmək müqaviləsinə 30.09.2020-ci il tarixli, 222/K saylı əmrlə Azəbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) ləğv edilmiş və ona son haqq hesab ödənilmişdir. Əmək kitabçasının və işdənçıxarma əmrinin ona təqdim edilməsi məqsədi ilə onunla telefon əlaqəsi saxlanılaraq iş yerinə dəvət olunmasına baxmayaraq o, rayonda yaşadığını bildirərək hazırkı vaxta kimi cavabdehin idarə aparatına gəlib çıxmamışdır. Bu səbəbdən onun əmək kitabçasını və işdən çıxarma əmrinin surətini ona təqdim etmək mümkün olmamışdır. İddiaçı işlədiyi müddət ərzində dəfələrlə əmək intizamını pozaraq və idarə etdiyi “Ford-Tranzit” mikroavtobusunu təhlükəli idarə etdiyinə görə idarənin əməkdaşları tərəfində rəhbərliyə müraciətlər edilmiş, müvafiq akt tərtib edilmişdir. Həmçinin, 21.05.2020-ci il tarixdə, saat 07-50 radələrində Sahil qəsəbəsində yolda dayanmış avtobusun kuzasına idarə etdiyi maşını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar onun yazılı izahatı alınmışdır. Ona görə də hesab edir ki, müddətin buraxılması üçün heç bir üzrlü səbəb olmadığından, iddia tələbinə iddia müddəti tətbiq etməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı tərəfindən yazılmış və imzalanmış “xxxx” MMC-yə ünvanlanmış ərizəsinə əsasən ərizəçi tutduğu vəzifəsindən 07.01.2020-ci il tarixdən azad olunmasını xahiş etmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 07.01.2020-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən “xxxx” MMC-də işləyən İddiaçı ilə 25.08.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 07.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir; İddiaçı tərəfindən yazılmış və imzalanmış “xxxx” MMC-yə ünvanlanmış 30.04.2020-ci il tarixli ərizəsinə əsasən ərizəçi onu müvafiq işlə təmin edilməsini xahiş etmişdir; “xxxx” MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında 30.04.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı 30.04.2020-ci il tarixdən 31.05.2020-ci il tarixədək 1 ay müddətinə “xxxx” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 350,00 AZN təşkil edir; Əmək müqaviləsinin bağlanması ilə bağlı 30.04.2020-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı “xxxx” MMC tərəfindən 30.04.2020-ci il tarixdən müddətli (31.05.2020-ci il tarixədək) olaraq, vaxtamuzd, hər ay 350 manat əmək haqqı ödənilməklə “xxxx” MMC-nin sürücüsü vəzifəsinə işə qəbul edilmişdir; “xxxx” MMC-nin 30.09.2020-ci il tarixli, 222/K saylı əmrdən çıxarışa əsasən “xxxx” MMC-nin sürücü vəzifəsində işləyən İddiaçı 30.09.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən müqaviləsinə xitam verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 30.09.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən “xxxx” MMC-də sürücü vəzifəsində işləyən İddiaçı ilə 30.04.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir; 30.09.2020-ci il tarixli “xxxx” MMC-nin direktoru S.Həsənov tərəfindən təsdiq edilmiş aktın məzmunu aşağıdakı kimidir: Biz aşağıda imza edənlər- "xxxx" MMC-də idarəetmə üzrə menecer işləyən Fərhad Cəbrayılov, baş mühasib Zemfira İsmayılova və koordinator Samir Əsgərov tərtib edirik həmin aktı ondan ötrü ki, MMC-də sürücü peşəsində işləmiş İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona əmək kitabçasının və işdənçıxma əmrinin sürətinin təqdim edilməsi məqsədi ilə idarə rəisinin göstərişinə əsasən kordinator Samir Əsgərovun 30.09.2020-ci il tarixdə İddiaçı ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq əmək kitabçasını və işdənçıxma əmrinin surətini idarəyə gəlib almasını bildirilmişdir. İddiaçı isə cavab olaraq ona bildirmişdir ki, o, Tər-Tər rayonuna anasına baş çəkməyə gedib və qayıdandan sonra gəlib həmin sənədləri götürəcəkdir. Ona görə də bu akt tərtib edildi.” İddiaçı əmək kitabçasının surətinə əsasən İddiaçı 01.05.2006-cı il tarixdə 07 nömrəli əmr ilə “Seymur” firmasında sürücü vəzifəsinə təyin edilmiş, 01.12.2009-cu il tarixdə 45 nömrəli əmrlə öz xahişi ilə işdən azad olunmuş, 05.01.2012-ci il tarixdə 01 nömrəli əmrlə “xxxx” MMC-də sürücü vəzifəsinə qəbul edilmiş, 17.10.2013-cü il tarixdə 15 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 26.08.2019-cu il tarixdə 77/K nömrəli əmrlə “xxxx” MMC-də sürücü vəzifəsinə qəbul edilmiş, 07.01.2020-ci il tarixdə 107/K nömrəli Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, tarixli, 30.04.2020-ci il tarixdə 152/K nömrəli əmrlə “xxxx” MMCdə sürücü vəzifəsinə qəbul edilmiş, 30.09.2020-ci il tarixdə 222/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir; Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, onun Cavabdeh-yə sürücü vəzifəsinə qəbul edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə kimi hər ayda 600 (altı)yüz manat verilməklə, cəmi 2400 manat pulun əmək haqqı, habelə 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manatın, ümumilikdə isə 4900 (dörd min doqquz yüz) manatın hesablanması məhkəmədən xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə 30.09.2020-ci il tarixdə xitam verilmişdir; Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədən işə bərpa və iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə 30.03.2021-ci il tarixlə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 5-ci bəndinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 296-cı maddəsinin 1 bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2 bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3 bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 30.09.2020-ci il tarixli, 222/K saylı əmrlə işdən azad olunmuş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 B bəndi, 73-cü maddəsinin 1 hissəsi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. İddiaçıya əmək kitabçasını götürmək təklif olunmuş, lakin iddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş, işəgötürənin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 30.09.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, bu hadisədən 6 aydan artıq müddət keçdikdən sonra, yəni 30.03.2021-ci il tarixdə işə bərpa olunma və əməh haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin 3 bəndinin tələbləri baxımından artıq 30.09.2020-ci il tarixdə bilmişdir. Buna baxmayaraq, 6 aydan artıq müddət keçdikdən sonra hazırki iddianı məhkəmədə qaldırmışdır və bununla da fərdi əmək mübahisələri üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq məhkəməyə müraciət etmə müddətini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia müddətinin tədbiq edilməsi barədə cavabdehin ərizəsi iddiaçı tərəfindən 1 aylıq məhkəməyə müraciət etmə müddəti üzrlü səbəblər olmadan buraxıldığından əsaslıdır və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia müddətin tədbiq edilmədiyi təqdirdə belə, hər bir halda hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, əmək münasibətləri tərəflər arasında bağlanmış müqaviləsi (kontrakt) əsasında yaranmış və həmin müqavilənin şərtlərinə uyğun 1 ay müddətinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Əmək qanunvericliyi ilə müəyyən edilmiş müddətli müqavilənin xitam verilməsi qaydası və xitamının sənədləşdirilməsi ilə bağlı tələblərə işəgötürən tərəfindən riayət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndində təsbit edilmiş edilmiş müddəanın məzmununa görə müddətli əmək müqaviləsi yalnız fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi təqdirdə müddətsiz əmək müqaviləsi hesab olunması nəzərdə tutulmuşdur. Lakin tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq cəmi 5 ay davam etdiyindən həmin müddəanın şərti hazırki münasibətlərə şamil edilə bilməz. Məhkəmə, əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğu ilə bağlı iddiaçının istinad etdiyi hallara iş materialları ilə birlikdə qiymət verərək hesab edir ki, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin müddətli əmək müqaviləsi ilə tənzimlənməsi və əmək müqaviləsinə işəgötürən i tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətin bitməsi ilə əlaqədar olaraq ləgv edilərək iddiaçının tutduğu vəzifədən azad edilməsi, əmək qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyindən, iddiaçının işə bərpa barədə tələbi təmin edilə bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar