Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2205/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus mənzildən çıxarılması və mənzilə daxil olmalarının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 34 ünvanında yerləşən 4 saylı mənzil onun xüsusi mülkiyyəindədir. Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, mülkiyyətində olan evə qardaşları Cavabdeh2 və Cavabdeh1 də pasport qeydiyyatındadırlar. Qardaşlarına bir müddət onun evində yaşamağa və pasport qeydiyyatına düşmələrinə razılıq vermişdir. Lakin qardaşları onun sevgi və hörmətindən sui-istifadə edərək ona məxsus başqa mənzili satmışlar. Onun mülkiyyətində olan evdə onu təhqir edib xəsarət yetirmişlər, həmçinin əşyalarını sındırmışlar. O, birinci qrup gözdən əlil, açıq ürək əməliyyatı keçirən, sol ayağı dizdən yuxarı kəsilən yataq xəstəsidir. Bu yaşında qardaşları tərəfindən təhqir olunması və hücuma məruz qalması onu sarsıdır. Cavabdehlərin bu hərəkətləri qanunsuz heab edilməli və ona məxsus mənzildən çıxarılmalı, mənzilə girib-çıxmaları qadağan edilməlidir. Cavabdehlərin qanunsuz olaraq mülkiyyətindəki evdə qeydiyyatda qalmaları ona mülkiyyətindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq yekun qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehlərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 155 nömrəli 16.08.1993-cü il tarixli sərəncamından görünür ki, Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 43-cü maddəsinin İİİ hissəsinə əsasən Beynəlmiləl küçəsi, 34 nömrəli evin 4 nömrəli mənzili əvəzsiz olaraq çəxsi mülkiyyət kimi vətəndaş X2 verilmişdir. Mənzildə 6 nəfər ailə tərkibi, özü, 2 qızı və 3 oğlu yaşayır. Qanun üzrə vərəsəlik hüququ haqqında 13 iyul 2005-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı 03 fevral 1999-cu ildə ölən X1 qanun üzrə vərəsəsidir. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Beynəlmiləl küçəsi, ev 34, mənzil 4 ÖM seriyalı 243332 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 34 saylı evin 4 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyatdan keçirilmişdir və bu barədə 11.08.2005-ci il tarixdə 30/2096 qeydə alma nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 34 saylı evin 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25.08.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.06.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanındaqeydiyyatdadırlar. 15.03.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov RPİ tərəfindən 24.09.2009-cu il tarixdə verilən AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən 07.03.2013-cü il tarixdə verilən AZE seriyalı 13598107 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən 07.01.2019-cu il tarixdə verilən AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında qeydiyyatdadır. Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 03.08.2020-ci il tarixli 051086 nömrəli arayışdan görünür ki, İddiaçı, X3, X4 və X5 ünvan 4 ünvanında qeydiyyatdadırlar. 38 saylı Mənzil İstismar Sahəsinin 04.06.2021-ci il tarixli 012944 nömrəli arayışından görünür ki, Cavabdeh2 Ş.Mustafayev küçəsi, ev 34, mənzil 4 ünvanında pasport qeydiyyatındadır. Qonşuların aktına əsasən 2005-ci il tarixdən 2020-ci ilə qədər yuxarıda göstərilən ünvanda qeydiyyatsız yaşamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda mübahisə edilən Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 34 saylı evin 4 saylı mənzili Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 1993-cü il tarixli 155 saylı sərəncamı ilə X2 (6 nəfər ailə üzvləri ilə birlikdə-özü, 2 qızı və 3 oğlu) verilmişdir. X6 03 fevral 1999-cu ildə vəfat etmiş və mənzil qızı İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının 14 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatından da görünür ki, mənzil 2012-ci ildə tərəflərin razılığı ilə onun adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı ilə müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İşin hallarından göründüyü kimi sözgüdeən mənzil Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 155 nömrəli 16.08.1993-cü il tarixli sərəncamı ilə iddiaçı və cavabdeh tərəfin atası X2 verilərkən mənzildə 6 nəfər ailə tərkibi, özü, 2 qızı və 3 oğlu yaşadığı qeyd edilmişdir. Məhkəmə mənzilə dair cavabdeh tərəfin hüquq münasibətlərinin yaranma tarixini əsas götürməklə hesab edir ki, əvvəlki Mənzil Məcəlləsinin müddəlarına əsasən iddiaya hüquqi qiymət verilməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Hazırki işin hallarından aydın olur ki, cavabdehlər mənzilin əvvəlki icarədarı kimi çıxış edənX6 ilə birlikdə yaşamışlar. Sonradan bu mənzil İddiaçı adına Qanun üzrə vərəsəlik hüququ haqqında 13 iyul 2005-ci il tarixli şəhadətnamə əsasında rəsmiləşdirilsə də cavabdehlər iddiaçının bu hüququ əldə etməzdən əvvəl həmin mənzilə istoifadə hüququ əldə etmişlər. Məhkəmə iclasında iddiaçının və cavabdehlərin izahatından o da məlum olmuşdur ki, cavabdehlər iddiaçının təkidi ilə bir neçə aydır ki, mənzili tərk etmişlər. Belə təkid isə onların iradəsinə ziddir. Bu hala münasibətdə də qeyd edilməlidir ki, cavabdehlərin iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən də aydın olur ki, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Ş.Mustafayev küçəsindəki 34 saylı evin 4 saylı mənzilində qeydiyyatdadırlar. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmənin qənaətinə görə cavabdehlərin qeyd edilən mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi ilə bağlı hazırki iddia tələbi cavabdehlərin həmin mənzil üzərində hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də hazırki iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Mülku iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2205/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2205/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver