Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2205/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1na qarşı qanunsuz hesablanmış cərimələrin və onun barəsində Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış sənədin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 16 may 2019-cu il tarixli 2019/00603-saylı İpoteka və Kredit müqavilələri nəticəsində əsassız yaranan cərimələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində cavabdeh "xxxx" MMC ilə aralarında 2019/00603 saylı İpoteka və kredit müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 nömrəli ipotekaya qoyulmuşdur.Cavabdeh bunun müqabilində 40.000 (qırx min) manat məbləğində kredit ermişdir.İddiaçı qeyd edir ki, müqavilə öhdəliylərini vaxtı-vaxtında yerinə yetirmiş, lakin “Covid-19” pandemiyası ilə əlaqədar əmək fəaliyyəti dayandırılmışdır.Bu səbəblə qarşı tərəfə kredit ödənişini həyata keçirməkdə çətinlik barədə müraciət etmiş və heç bir imtina cavabı almamışdır.Buna baxmayaraq 20 aprel 2022-ci il tarixində Bakı şəhəri, Suraxanı İcra şöbəsindən onunla əlaqə saxlanılaraq, 9 saylı Notariat ofisinin 8İ-3415 saylı 13 aprel 2022-ci il tarixli icra sənədinə əsasən onun barəsində icraata başlanılmış və ona məxsus mənzilin açıq hərracdan satılması barədə qərar alınmışdır.Bu barədə bir dəfə də olsun qarşı tərəfdən hər hansı xəbərdarlıq almamışdır.Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və müvafiq ərizədə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə onunla cavabdeh "xxxx" MMC arasında 2019/00603 saylı İpoteka və kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 saylı mənzili ipotekaya qoyulmuş, cavabdeh isə ona 2 il müddətində ayda 2.277,98 (iki min iki yüz yetmiş yeddi manat doxsan səkkiz qəpik) manat ödəməklə 40000 (qırx min) manat məbləğində kredit vermişdir.Götürdüyü kredit məbləğindən 6850 (altı min səkkiz yüz əlli) manat artıq "xxxx" MMC-yə ödəmişdir.xx.xx.2021-ci ildə "xxxx" MMC-yə yazılı ərizə ilə məlumat vermiş və ödənişi edəcəyini bildirmişdir.Lakin bu barədə qarşı tərəf "xxxx" MMC heç bir cavab verməmişdir.Bu müddət ərzində 36.447,68 (otuz altı min dörd yüz qırx yeddi manat altmış səkkiz qəpik)manat ödəməli olduğu halda faktiki olaraq 36.880 (otuz altı min səkkiz yüz səksən) manat ödədiyindən və ona cavab verilmədiyindən razılaşmış olduğları qənaətinə gəlmişdir.Pandemiya dövründəki çətinliyi nəzərə almadan "xxxx" MMC Notariat ofisindən əlavə 40.957,17 (qırx min doqquz yüz əlli yeddi manat , on yeddi qəpik) manat əsassız hesablanmış borcun onun tərəfindən ödənilməsinə dair qanunsuz icra qeydi alınaraq Suraxanı rayon İcra şöbəsinə müraciət etmişdir.Bu səbəblə borcun faktiki miqdarının dəqiqləşdirilməsi üçün zərurət yaranacağı halda ekspertiza təyin olunmasına etiraz etmir. Bakı şəhəri 9 saylı Notariat ofisinin 8İ- 3415 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və "xxxx" MMC tərəfindən əsassız hesablanmış, 40.957 (qırx min doqquz yüz əlli yeddi) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş Bakı şəhəri 9 saylı notariat ofisinin 8İ-3415 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və “Kəpəz" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25.927,36 manatın İddiaçı qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, ərizədə göstərmişdir ki, işə baxılarkən verilmiş vəsatət əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə tapşırılmış, işin nəticəsini gözləməyən "xxxx" Bank Olmayan Kredit Təşkilatı İddiaçı məxsus olub, ünvan 2 ünvanda yerləşən mənzili hərraca çıxararaq satılmasına nail olmuş və ailənin mənzildən çıxarmaq üçün sənədləri icra qurumuna göndərmiş, icra qurumu tərəfindən ailə üzvləri mənzildən çıxarılmağa başlanmış, dəfələrlə edilmiş xahişlərə, bu barədə məhkəmə mübahisəsi olduğundan həmin mübahisəyə baxılanadək gözləmələrini xahiə etmələrinə baxmayaraq "Kəpəz' BOKT MMC tərəfindən ailənin (xəstə anası və azyaşlı uşaqların) mənzildən çıxarılıb, çöldə qalmaması üçün çıxılnmaz vəziyyətdə olan, İddiaçı qayınatası X2 tərəfindən “X5 Kredit Təşkilatının hesabına Muğanbank ASC vasitəsilə 3 dəfəyə xx.xx.2022-ci il tarixdə iki dəfəyə 20.000 manat və 15.000 manat, xx.xx.2022-ci ilk tarixdə isə 2400 manat olomaqla cəmi 37.400 manat ödənilmişdir. Göstərilən 37.400 manatın ödənilməsinə dair qəbzlərin surətləri Sizə təqdim olunmuşdur. Məhkəməyə təqdim olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4289 saylı rəyində göstərilmişdir ki, iş materiallarında olan ödəniş qəbzləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmaqla İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə iddia ərizəsinin tarixinə, yəni xx.xx.2022-ci il tarixə olan borcu 11.472,64 manat (əsas borc-11.252,59 manat, faiz borcu-220,09 manat) məbləğində müəyyən edilir. Göründüyü kimi "xxxx" BOKT MMC göstərilən hərəkətləri ilə hüquqi əsas olmadan çıxılmaz vəziyyətdə olan başqa şəxsin hesabına əmlak əldə etməklə əsassız olaraq varlanmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı "xxxx" BOKT MMC-yə 11.472,64 manat borcu olduğu halda 37.400 manat ödənilmişdir ki, artıq ödənilmiş 25.927.36 manat İddiaçı qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə bu cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 may 2019-cu il tarixli № 2019/00603 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı 40.000 (qırx min) manat məbləğində 24 ay müddətinə, illik 32 % dərəcəsiylə kredit vermişdir. 16 may 2019-cu il tarixli № 2019/00603-İP saylı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri 9 saylı Notariat ofisi qeyd olunan müqavilələr üzrə 8İ-3415 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi vermişdir. xx.xx.2022-ci il tarixli iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə məhkəmədən qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2205/2022 saylı qərardadı ilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00603 saylı kredit müqaviləsi üzrə ümumi olaraq nə qədər ödəniş edilmişdir, hal-hazırki vəziyyətə qalan borc mövcuddurmu, mövcud olduğu halda həmin məbləğ nə qədər olması barədə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli № 9/4289 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödəniş qəbzləri məlumatları və tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı cavabdeh "xxxx" MMC-yə iddia ərizəsinin tarixinə yəni xx.xx.2022-ci il tarixə olan borcu 11.472,64 (on bir min dörd yüz yetmiş iki manat altmış dörd qəpik) manat, o cümlədən əsas borc üzrə 11.252,59, faiz borcu üzrə 220,05 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 2 ədəd qəbzlə 15.000 manat və 20.000 manat, xx.xx.2022-ci il tarixli 1 ədəd qəbzlə 2400 manat "xxxx" MMC-yə İddiaçı tərəfindən ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı iddia qaldırmaq üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir, Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 16 may 2019-cu il tarixli № 2019/00603 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı 40.000 (qırx min) manat məbləğində 24 ay müddətinə , illik 32 % dərəcəsiylə kredit vermiş, 16 may 2019-cu il tarixli № 2019/00603-İP saylı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 nömrəli mənzil ipotekaya qoyulmuş, bu barədə Bakı şəhəri 9 saylı Notariat ofisi 8İ-3415 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi vermişdir. Məhkəmə iddia tələbinin «Bakı şəhəri 9 saylı notariat ofisinin 8-3415 sayl, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi» hissəsini əsaslı hesab edir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır; Məhkəmə mübahisənin mahiyyətini nəzərə alıb belə qənaətə gəlir ki, ilk növbədə iddia tələbinin "icra qeydinin ləğv edilməsi" hissəsinin əsaslı olub olmamasına hüquqi qiymət verilməlidir. İşdə olan sübutlardan görünür ki, hazırkı mübahisə predmeti təşkil edən icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış kredit və ipoteka müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında 4 təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. İşdə olan sübutlardan aydın olur ki, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmamış, kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərilməsi müəyyən olunmamışdır. Odur ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi iddiaçının hüquqlarını pozduğuna görə ləğv edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi və ipoteka müqaviləsi bağlanmış, həmin müqavilədən irəli gələrək İddiaçı cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 11.252,59, faiz borcu üzrə 220,05 manat (cəmi 11472,64 manat) ödəməli olduğu halda, 37.400 manat ödəniş etmişdir. Belə olan halda, iddiaçının artıq ödədiyi pulun geri qaytarılması barədə tələbi əsaslıdır, təmin olunmalıdır. (37400-11472,64=25927,36 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 527.1-ci maddəsinə əsasən Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-ci maddəsinə əsasən Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki iş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, “borcalan” İddiaçı tərəfindən mülki iş məhkəmənin icraatında olduğu dövrdə ödənişlər edilmişdir. Həmin ödənişlər 37.400 manat təşkil etmişdir. Məhkəmə tərəfindən qeyd edilən müqaviləsi üzrə ödənilməmiş qalıq borcun hansı məbləğdə olmasının araşdırılması üçün mühasibatlıq ekspertizası təyin edilmiş və bunun nəticəsində əldə edilmiş ekspert rəyi ilə kredit müqaviləsi üzrə ödənilməmiş borcun əsas borc üzrə 11.252,59, faiz borcu üzrə 220,05 manat olması aşkar olunmuşdur. Belə olduğu halda, 25.927.36 manat pulun iddiaçı tərəfindən artıq ödənilməsi müəyyən edilmiş, cavabdeh həmin ödəniş hesabına qeyd olunan məbləğdə əsassız olaraq varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsi tələb edir ki, əsassız varlanmış cavabdeh "xxxx" MMC-nin əldə etdiyi 25.927.36 manatı iddiaçıya qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi kreditor tələbləri ilə bağlı deyil, iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1091-ci maddəsidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə məhkəmənin qənaətinə əsasən Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-3415 saylı icra qeydi ləğv edilməli, «Kəpəz" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25.927,36 manat İddiaçı qaytarılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-3415 saylı icra qeydi ləğv edilsin. «Kəpəz" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25.927,36 (iyirmi beş min doqquz yüz iyirmi yeddi manat, otuz altı qəpik) manat İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2205/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2205/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver