Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2216/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildən “xxxx” MMCnın direktoru kimi tanıyır. Həmin MMC aviabiletlərin satışı ilə məşğul olan şirkətdir. Cavabdeh ona bildirmişdir ki aviabiletlərin satışı çox gəlirli bir biznes sahəsidir, ona görə biznesini genişləndirmək niyyətindədir, yeni aviareyslər açmaq istəyir, lakin bunun üçün kifayət qədər pul vəsaitlərinə malik deyil. Ondan borca 20000 ABŞ dolları pul istəmiş və qeyd etmişdir ki, yeni aviareys xətti açandan sonra iri məbləğdə pullar qazanacaq və onun borcunu qaytaracaqdır, həttə əlavə olaraq ona xeyir də verəcəkdir. İlkin olaraq o, bu təklifdən imtina etmiş, lakin sonradan cavabdehin şirkət rəhbəri olduğunu nəzərə alaraq onun etibarlı şəxs olduğuna inanmış və ona 20 000 ABŞ dollar pul vermişdir. Onda inam yaratmaq üçün Şükür Şahmuradov borcun təminatı kimi “xxxx” MMC ilə bağladığı müqavilənin əslini və həmin müqavilə üzrə inşa edilmiş mənzilin pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışını ona təqdim etmişdir və belə razılaşmışlar ki cavabdeh borcu qaytara bilmədiyi halda, o müqavilə üzrə adına olan mənzili onun mülkiyyətinə keçirəcəkdir. 2018-ci ilin aprel ayında cavabdeh onunla görüşüb işlərinin yaxşı getdiyini bildirmiş, laklin işlərini tamamlamaq üçün əlavə 10000 ABŞ dolları lazım olduğu bildirmişdir. Yenə də cavabdehə inanıb ona əlavə olaraq 10000 ABŞ dolları pul vermişdir. Hər iki halda pulları Sükür Şahmərdanova onun iş otağında vermiş və pulların təhvil verərkən bu barədə cavabdehdən yazılı iltizam almışdır. Pulları ələ keçirdikdən sonra cavabdehin həmin pulları hansı məqsədləri üçün istifadə etməsi ona məlum deyil, lakin pulların qeri qaytarmaq üçün müəyyən olunmuş müddət çatdıqda, cavabdeh pulları qaytarmamış və bundan boyun qaçırmışdır. Bu məqsədlə o, müxtəlif yalan vədlər verib vaxt uzatmaqla məşğul olmuş, sonradan isə ondan gizlənməyə başlamışdır. Belə olan halda o, borcun məbləğini sənədlərini “girov” kimi saxladığın mənzilə yönəltmək istəmiş, və bu məqsədlə “xxxx” MMC müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur cavabdehin ona verdiyi sənədlər saxtadır, onun adına heç bir mənzil yoxdur, cavabdehin ona “qirov” kimi təqdim etdiyi rəsmi sənədlər (“xxxx” MMC ilə arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli müqavilə və “xxxx” MMC tərəfindən verilmiş 107/07 saylı xx xxxxxx 2008-ci il tarixli maliyyə arayışı) tam saxta sənədlərdir. Cavabdehin hərəkətlərində dələduzluq cinayət əməlinin əlamətləri olduğu üçün, onun barəsində cinayət işinin başlanması barədə Nəsimi rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayət ərizəsi üzrə polis orqanında araşdırma aparılan zaman, cavabdeh cinayət məsuliyyətindən yayınmaq üçün ona 30 000 ABŞ dollar borclu olduğunu etiraf etmiş, bu barədə şəxsi dəst-xətti ilə iltizam yazıb ona təqdim etmişdir və həmin borcu qısa müddətdə qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra işi araşdıran müstəntiq cinayət işinin başlanmasını rədd edilinəsi barədə qərar qəbul etmişdir. Həmin qərarla ona təklif edilmişdir iddia icraatı qayrasında mülki məhkəməyə müraciət etsin. Əgər işə baxan məhkəmə cavabdehin əməllərində cinayət faktı aşkar edib barəsində xüsisi qərardad çıxarıb prokurora məlumat versə, məhkəmənin qərardadı cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olacaqdır. Cavabdeh onun pullarını aldatma yolu ilə ələ keçirdikdən sonra, onları qaytatrmaqdan boyun qaçırmış və öz biznes maraqlarına sərf edərək həmin vəsaitlərdən faydalanmışıdır. Ona görə pulları qanunsuz saxladığı müddət üçun Mərkəzi Bankın müəyyən etdiyi Bank uçot dərəcəsinə müvafiq olaraq cavabdeh əsas borcu qaytarmaqla bərabər əlavə olaraq iddiaçıya faizlər ödəməlidir. Nəzərə alınsa ki, Mərkəzi Bank xx xxxx 2020-ci il tarixli qərarı ilə hazırda bank uçot faiz dərəcəsi 7.25 fazi təşkil edər və cavabdeh 2 il 6 ay ərzində pullarını qanunsuz olaraq özündə saxlayıb ondan faydalandığına görə aşağıdakı hesabla mənə 5 437 ABŞ dolları məbləğində faiz ödəməlidir ( 30 000$ * 7.25 % : 100 = 2175$ , 2175$ * 2.5 il = 5437$ ). Qeyd edilənləri nəzərə alaraq, 30 000 ABŞ dolları məbləğində ( əsas məbləğ) və 5 437 ABŞ dolları məbləğində ( bank ücot faizi), cəmi 35 447 ABŞ dollar məbləğində pulun AZN məzənnəsi ilə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin Blok “2” mərtəbə 12 ümumi sahəsi 84,8 m2, mənzil № 136 izolə olunmuş 2 otaqlı mənzil Cavabdeh mülkiyyətinə keçmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 107/07 №-li maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası “xxxx” MMC və “xxxx” MMC-yə məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon X2 Şöbəsinin baş müstəntiqi polis mayoru X1 xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2019-cu il tarixdə İddiaçı 30 ABŞ Dolları məbləğində borcu vardır. Bu borcu hissə-hissə olmaqla ayda 1000-1500 dollar arası qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissədində təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borc olaraq aldığı 30000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, faiz borcunun ödənilməsi hissədə rədd edilməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Əsas borcun ödənilməsinin gecikdirilməsi üçün hesablanmış borcun tutulması hissəsində iddia tələbi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) ABŞ Dolları məbləğində borc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2216/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2216/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver