Məhkəmə qərarları › İş №2(005)-2223/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2223/2022

23.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2223/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan 118/K saylı, 02 oktyabr 2021-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməyi və həmçinin məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatdadır və sözügedən kənddə yaşayır. Azərbaycan Dövlət Aqrar Universitetini bitirmişdir. 2017-ci və 2018-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olmuşdur. 10 may 2019-cu ildə əmək müqaviləsi əsasında Cavabdeh, "MKT-Saatlı" filialında "SƏTƏM üzrə mütəxəssis" vəzifəsinə işə qəbul edilmişdir. 05 oktyabr 2021ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, "xxxx" MMC-nin, ''MKT-Saatlı" filialında "SƏTƏM üzrə mütəxəssis" vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsinin bitməsinə 2 (iki) ay qalmasına baxmayaraq, məlumatı olmadan onu işdən azad ediblər. İşdən çıxmazdan əvvəl ona heç bir xəbərdarlıq edilməmişdir. Hesab edir ki, ona qarşı əsassız qərar verilmişdir və o, işə bərpa olmalıdır. Vəzifədən qeyri-qanuni azad edilməyi barədə "xxxx" MMC-nin, "MKT-Saatlı" filialının rəhbərliyinə bildirsə də, onlar heç bir əsaslı səbəb göstərə bilməmişlər və məhkəməyə şikayət etməyini tövsiyyə etmişlər. Onun hüquqları kobud surətdə pozulmuşdur. İşdən qanunsuz çıxarıldığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ilə müraciət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əmək müqaviləsi bildirişi altsisteminə" baxış keçirilərkən müəyyən edilmişdir ki, onunla "xxxx" MMC-nin arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-cı il tarixdə bitir. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin, "MKT-Saatlı" filialının rəhbərliyi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozmuşdur. Nəticədə işə götürən tərəfindən inizbati xətaya yol verilib. Qanunu pozduğu üçün "xxxx" MMC-nin "MKT-Saatlı" filialının direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyət tədbiri görülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi kurslarda iştirak etmişdir. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. İş fəaliyyəti ilə əlaqədar intizam məsuliyyətinə cəlb edilməmişdir. İşlədiyi illər ərzində öhdəsinə düşən vəzifə və tapşırıqları vicdanla, vaxtlı-vaxtında icra etmişdir. Həmişə digər işçilərdən irəlidə olmuşdur. Bildirir ki, işlədiyi müddətdə həmişə başqa işçilərə nümunə olmuşdur. Ona görə də, "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü və bu səbəbdən də iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Cavabdeh MMC -işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 10 may 2019-cu il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi iş yerinə Sətəm üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir (2.1-ci bənd). Müqavilə 10 may 2019cu il tarixdən etibarlı hesab edilir və xx.xx.2019-cu il tarixədək qüvvədə olacaq (3.1-ci bənd). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir (3.2-ci bənd). İşçi 10 may 2019-cu il tarixdən işə başlayır (3.4-cü bənd). İşçiyə hər ay 350 (üç yüz əlli) manat məbləğdə əmək haqqı ödənilir (7.1-ci bənd); İş materiallarında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə dəyişiklikdən görünür ki, işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin “Saatlı” filialının xx.xx.2021-ci il tarixli 43/K №-li əmrindən görünür ki, İddiaçı müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə 3 ay müddətinə uzadılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin “Saatlı” filialının xx.xx.2021-ci il tarixli 73/K №-li əmrindən görünür ki, İddiaçı müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə 3 ay müddətinə uzadılmışdır. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 05 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, Cavabdeh MMC-nin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2021-ci il tarixində 118/K nömrəli əmr ilə xitam verilmişdir; İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin “Saatlı” filialına xx.xx.2019-cu il tarixli, 30/k nömrəli əmrlə SƏTƏM üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 118/k nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə ( müqavilənin müddətinin bitməsinə görə) xitam verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-nin 30\k nömrəli, 10 may 2019-cu il tarixli əmri ilə Cavabdeh MMC-nin “Saatlı” filialında SƏTƏM üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 118/k nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə ( müqavilənin müddətinin bitməsinə görə) xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini, həmçinin ona dəymiş mənəvi ziyanın, eyni zamanda işlədiyi dövr ərzində çəkdiyi xərclərlə bağlı pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 118 №-li əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və iddia ərizəsinə əmək kitabçasının surəti əlavə edilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə bir ildən çox müddət keçdikdən sonra müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar