Məhkəmə qərarları › İş №2(005)-223/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-223/2025

30.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-223/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi; ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək cavabdeh “FƏRƏH-M" MMC-nin əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi, cavabdeh tərəfindən ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ödənilməsi, həmçinin 8250 manat məbləğində ödənilməmiş əmək haqqının və haqsız yerə ödəmiş olduğu 3789 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Cavabdeh MMC (VÖEN **********) ilə əmək müqaviləsi bağlamışdır. Həmin əmək müqaviləsinə əsasən şirkətdə sifariş üzrə agent vəzifəsində çalışmışdır. Belə ki xx.xx.2023-cü ildə cavabdeh “FƏRƏH- M" MMC (VÖEN **********) tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Cavabdeh 2022-ci ilin mart ayından əmək haqqını ödəməyib və şirkət işəgötürən olaraq əmək müqaviləsinə xx.xx.2023-cü ildə son qoymuşdur. Bu müddət ərzində ona heç bir əmək haqqı ödənilməmişdir. Belə ki, cavabdeh bunun üçün də ona 8250 manat ödəməlidir. Bildirir ki, 2023-cü ildə Cavabdeh MMC şirkətdən 24.000 manat məbləğində yeyinti etməyi əsasında prokroturaya şikayət etmişlər. Barəsində haqsız əsasla müraciət edilməsinə rəğmən məcbur olub həmin məbləği ödəmiş və cavabdeh ona bu müəssisəyə heç bir borcunun olmamasına və şirkətin ona heç bir iddiasının olmamasına dair arayış vermişdir. Lakin bu hadisə yaşandıqdan sonra "xxxx" MMC əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. Həmçinin qeyd edir ki, şirkət onlara 3789 manat məbləğində borcunun olmasını əsas gətirərək həmin 24.000 manatın daxilinə bu 3789 manat borcu da əsassız yerə əlavə etmişdir. Bu məbləği verginin portalında faktura ilə qeyd edilmişdir. Halbuki onun borcu deyil. Müəssisə bu borcu onun üstünə atıb. Halbuki, bu müəssisənin onun əmək hüququnu pozması deməkdir. Bu müəssisə tərəfindən əmək tarixçəsində haqsız və əsassız olaraq əmək vəzifələrini kobud şəkildə pozulmasını qeyd etmək bir işçi olaraq növbəti iş yerində işlə təmin olunmaq istədiyi zaman işçi nüfuzunun zədələnməsi deməkdir. Bununla yanaşı işlədiyi illər ərzində məzuniyyət hüququndan da əmək münasibətlərində göstərilən qaydada istifadə etməmişdir. Bu isə Cavabdeh MMC (VÖEN **********) tərəfindən növbəti dəfə işçi hüququnun pozulması halıdır. Məsələ ilə bağlı cavabdehə müraciət edib, istifadə etmədiyi məzuniyyətlərinin konpensasiyasını istəsə də, heç bir nəticəsi olmadı. Məhkəməyə müraciət etməzdən öncə Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh "xxxx" MMC mediasiya prosesində iştirak etmədiyi üçün aralarında bir razılığa gəlinməmişdir. Təkbaşına iştirak edərək ilkin mediasiya sesiyasında iştirak etməyə dair arayış əldə etmişdir. Məhkəməyə müraciət etmək də məqsədi Cavabdeh MMC-nin işçi kimi hüquqlarını pozması ilə bağlıdır. Qeyd edir ki, məsələ ilə bağlı Əmək Müfəttişliyinə də müraciət etmiş, lakin bir nəticəsi olmamışdır və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək cavabdeh “Fərəh-M" MMC-nin əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi, cavabdeh tərəfindən ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ödənilməsi, həmçinin 8250 manat məbləğində ödənilməmiş əmək haqqının və haqsız yerə ödəmiş olduğu 3789 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayına qədər minimal əmək haqqı məbləğinin – 5865 manatın ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, X2 11 iyul 2017-ci ildə sifariş üzrə agent vəzifəsinə işə qəbul edilmiş, 2 aprel 2018-ci ildə 2017/18 təqvim ili üzrə, 1 aprel 2019-cu ildə 2018/19 təqvim ili üzrə, 1 aprel 2020-ci ildə 2019/20 təqvim ili üzrə, 1 aprel 2021-ci ildə 20/21 təqvim illəri üzrə hər biri 21 təqvim günü olmaqla məzuniyyətdə olmuşdur. 2022-ci ilin fevral ayından Əmrulla Şıxkərimovun maddi məsuliyyətində olan satış nöqtələri yoxlanılarkən çatışmazlıqlar aşkar edilmiş, nəticədə toplanmış materiallar Nərimanov rayon prokurorluğuna göndərilmişdir. 1 mart 2022-ci ildən yoxlama aparılan dövrdə Əmrulla Şıxkərimov işə gəlməmiş, əmək funksiyalarını yerinə yetirməmiş, bu səbəbdən ona əmək haqqı hesablanması mümkün olmamışdır. 21 yanvar 2023-cü ildə X1 törətdiyi mənimsəmə faktına görə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmış, sonuncu 25422 manat 15 qəpik zərəri və 25% dövlət nəfinə 6355 manat 60 qəpik ödədikdən sonra 24 fevral 2023-cü ildə CPM-nin 40.1 və 40.2-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verilmişdir. 12 may 2023-cü ildə son haqq hesab (21/22 təqvim illəri üçün 14 təqvim günü) 260 manat 37 qəpik ödənilməklə X1 əmək müqaviləsinə 70-ci maddənin “Ç” bəndi ilə xitam verilmişdir. Əmrulla Şıxkərimov 1 mart 2022-ci ildən işdə olmadığı və əmək funksiyalarını yerinə yetirmədiyi üçün 22/23 təqvim illəri üzrə məzuniyyət haqqı ödənilməsi mümkün olmamışdır. Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin məcəllənin 187.3-cü maddəsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Göründüyü kimi X2 barəsində tətbiq edilmiş intizam tənbehi qanuni və əsaslı olmuş, 1 mart 2022-ci ildən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi səbəbindən ona əmək haqqı və 22/23 təqvim illəri üzrə məzuniyyət haqqı ödənilməsi mümkün olmamışdır. Cinayət işi üzrə haqsız yerə ödədiyi 3789 manatın geri qaytarılması tələbi ilə bağlı qeyd etmək istəyir ki, Əmrulla Şıxkərimov şirkətə vurduğu zərəri və ona mütənasib 25% dövlət nəfinə ödədikdən sonra cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, X2 11 iyul 2017-ci ildə sifariş üzrə agent vəzifəsinə işə qəbul edilmiş, 2 aprel 2018-ci ildə 2017/18 təqvim ili üzrə, 1 aprel 2019-cu ildə 2018/19 təqvim ili üzrə, 1 aprel 2020-ci ildə 2019/20 təqvim ili üzrə, 1 aprel 2021-ci ildə 20/21 təqvim illəri üzrə hər biri 21 təqvim günü olmaqla məzuniyyətdə olmuşdur. 2022ci ilin fevral ayından Əmrulla Şıxkərimovun maddi məsuliyyətində olan satış nöqtələri yoxlanılarkən çatışmazlıqlar aşkar edilmiş, nəticədə toplanmış materiallar Nərimanov rayon prokurorluğuna göndərilmişdir. 1 mart 2022-ci ildən yoxlama və istintaq aparılan dövrdə Əmrulla Şıxkərimov işə gəlməmiş, əmək funksiyalarını yerinə yetirməmiş, bu səbəbdən ona əmək haqqı hesablanması mümkün olmamışdır. Sonuncu dəfə Əmrulla Şıxkərimova 2022-ci ilin mart ayında əmək haqqı ödənilmişdir. 21 yanvar 2023-cü ildə X1 törətdiyi mənimsəmə faktına görə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmış, sonuncu 25422 manat 15 qəpik zərəri və 25% dövlət nəfinə 6355 manat 60 qəpik ödədikdən sonra 24 fevral 2023-cü ildə CPM-nin 40.1 və 40.2-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verilmişdir. 12 may 2023-cü ildə son haqq hesab (21/22 təqvim illəri üçün 14 təqvim günü) 260 manat 37 qəpik ödənilməklə X1 əmək müqaviləsinə 70-ci maddənin “Ç” bəndi ilə xitam verilmişdir. Əmrulla Şıxkərimov 1 mart 2022-ci ildən işdə olmadığı və əmək funksiyalarını yerinə yetirmədiyi üçün 22/23 təqvim illəri üzrə məzuniyyət haqqı ödənilməsi mümkün olmamışdır. 16 aprel 2024-cü ildə Əmrulla Şıxkərimov mediasiya prosesinin tətbiqi barədə ərizə ilə Bakı 1 saylı Mediasiya Təşkilatına ərizə vermiş, 1 may 2024-cü ildə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış, 27 may 2024-cü ildə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi X2 əmək müqaviləsinə 70-ci maddənin “Ç” bəndi ilə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 1 aylıq iddia müddətini ötürmüşdür. Bu tələbdən irəli gələn 2023 may - 2024 sentyabr ayına qədər 5865 manat əmək haqqının ödənilməsi əlavə tələbi üzrədə müddət ötürülmüşdür. Bundan başqa iddia ərizəsində göstərilmiş 8250 manat ödənilməmiş əmək haqqının ödənilməsinə dair pul tələbi ilə bağlı 1 illik iddia müddəti də ötürmüşdür. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - 0664817 saylı əmək kitabçası məlumatları ilə müəyyən olunur ki, işçi Cavabdeh MMC-də xx.xx.2017-ci il tarixdə sifariş üzrə agent vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2023-cü il tarixdə 35/2023f saylı əmr ilə AR Əmək Məcəlləsinin 70 ç maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə sifariş üzrə agent vəzifəsinə “Fərəh-M" MMC-yə işə qəbul edilmişdir. Əmək haqqı 200 manatdır. - 28.07.2021-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən edilir ki, İddiaçı “Fərəh-M" MMC-də satış üzrə agent vəzifəsində işləyir, əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021ci il tarixidir, əmək haqqı 550 manatdır. - “Fərəh-M" MMC tərəfindən Nərimanov rayon Prokurorluğunun müstəntiqinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC-nin sabiq ekspeditoru İddiaçı tərəfindən cəmiyyətə vurulmuş ümumilikdə 25.422,15 AZN pul vəsaiti onun tərəfindən xx.xx.2023-cü il tarixində cəmiyyətə tam şəkildə ödənilmişdir. Bununla bağlı cəmiyyətin İddiaçı qarşı heç bir şikayət tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. - 24 fevral 2023-cü il tarixli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, istintaq zamanı İddiaçı ilk dəfə olaraq az ağır cinayət törətməsi, dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi mıqdarınca dövlət büdcəsinə ödəniş etməsini və cinayət məsuliyyətindən azad edilməsi qanuni əsaslar olmasını nəzərə alaraq, İddiaçı barəsində Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. - “Fərəh-M" MMC-nin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 35/2023f saylı əmrindən görünür ki, "Sifariş üzrə agent" bölməsində ''Sifariş üzrə agent" vəzifəsində işləyən İddiaçı Əmrulla oğlu ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi, işçinin xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. - xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə 35/2023f saylı əmr ilə AR Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, işçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar “Fərəh-M" MMC-nin ünvan 3 ünvanına, xx.xx.2023-cü il tarixli, 3-17-5/2- 14699/2023 nömrəli məktubla (SS847570850AZ) müraciət olunaraq Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin məktub "köçüb" qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda “Fərəh-M" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi ev 2054-cü məhəllə və Bakı şəhəri Heydər Əliyev prospekti 2-ci eninə küçəsində yerləşən ünvanlarına, eyni zamanda elektron poçt ünvanına (mailto:ceyhunpashazade@gmail.comElektron ünvan ) xx.xx.2023cü il tarixli, 3-17-5/2-14699/2023 nömrəli məktublarla (SS847570832A2, SS847570846AZ) müraciət edilmiş, lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Bununla yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq" alt sisteminə baxış zamanı Sizinlə “Fərəh-M" MMC-nin rəhbərliyi arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halfarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qüvvədən düşdüyü, eyni zamanda təqdim etdiyiniz əmək haqqı bank hesabından çıxarışdan Sizə sonuncu iş günü 260.37 manat məbləğində son haqq hesab ödənişinin hesablanıb ödənildiyi məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildiririk ki, “Fərəh-M" MMC-nin rəhbərliyi tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar “Fərəh-M" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi bildirilmiş, təqdim edilmiş iş vaxtının uçotu tabellərində Sizin 2022-ci ilin aprel ayından işə gəlmədiyiniz və son haqq hesabın hesablanması cədvəlindən Sizə son haqq hesab ödənişi olaraq 260.37 manat məbləğin (2023-cü il may ayında 1 iş günü üçün 24.75 manat, istifadə edilməmiş 14 təqvim günü məzuniyyətə görə kompensasiya ödənişi olaraq 235.63 manat) sonuncu iş günü ödənildiyi məlum olmuşdur. Lakin, əmək müqavilənizə xitam verilməsi və son haqq hesabınızın hesablanması ilə bağlı müəssisə rəhbərliyi tərəfindən müvafiq sənədlər tam təqdim edilmədiyindən qeyd edilən məsələlərə münasibət bildirilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq" altsisteminə baxış zamanı Sizinlə müəssisə rəhbərliyi arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla qüvvədən salındığı məlum olmuşdur. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı Cavabdeh MMC-də sifariş üzrə agent vəzifəsinə işə qəbul olunmuşdur. “Fərəh-M" MMCnin xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 35/2023f saylı əmri ilə İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi, ödənilməmiş məzuniyyət haqqı və əmək haqqının, habelə ödəmiş olduğu 3789 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (28 iyun 2024-cü il tarixdən əvvəlki redaksiya). -70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. -72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. -76-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. -154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 165-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. - 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. -186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. -300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. -296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. -296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanunun : -35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 35/2023f saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə birinci əsasla, “işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsası ilə xitam verilmişdir. Qeyd olunan əmr direktor tərəfindən imzalanmış, müəssisənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı “FƏRƏH-M" MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsini xahiş edir. Əmək qanunvericilinə əsasən (m. 10), əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. İşçi əmək funksiyasını və əmək müqaviləsi (vəzifə təlimatları) üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı - “FƏRƏH-M MMC-nin sabiq ticarət nümayəndəsi (ekspeditor) İddiaçı tərəfindən yol verilmiş xeyli miqdarda mənimsəmə və sair qanunsuzluqlar barədə həmin Cəmiyyətin rəhbərliyinin müraciəti əsasında AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmışdır. İstintaqla müəyyən edilmişdir ki, İddiaçı hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 2054-cü məhəllə olan Cavabdeh (VÖEN **********) xx.xx.2017-ci il ticarət agenti (ekspeditor) vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, Cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda müəssisəyə ziyan vurmamaq, Cəmiyyət rəhbərliyinə vaxtı-vaxtında öhdəsinə düşən maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib müəssisəyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarlaşdırılmasında iştirak etrrək və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi Cəmiyyətin ünvan 6 ünvanında yerləşən anbarlarından 11 07.2017-ci il tarixli, ********** nömrəli təhvil-təslim aktı ilə ona təhkim olunmuş "**********32144/01 və **********32142/01” İMEİ kodlu. "Samsung Galaxy” modelli Mini" markalı Planşet vasitəsi ilə xx.xx.2017-ci il tarixdən - xx.xx.2022-cı il tarixədək olan müddətdə ümumıllikdə 795284.95 manat dəyərində, müxtəlif çeşiddə və adda tikinti spirtli içki məhsullarını sifariş edərək Bakı şəhəri ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil vermiş. xx.xx.2022-cı il tarixə öndəsındə 9174,54 manatlıq mal qalığı olmuş, 102281.40 manatlıq malı anbara geri qaytarmış, müştərilər tərəfindən 58154,43 manat dəyərində mal qalığı təsdiq olunmaqla satışdan əladə etdiyi, ümumilikdə 644.023,66 manat nağd pul vəsaitinin 618601.51 manatını hissə-hissə xəzinəyə ödəmiş, cəmi 25.422,15 manat pulu isə xəzinəyə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş FƏRƏH-M" MMC-nə məxsus özgə əmlakını vahid niyyətlə oz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. İstintaq zamanı İddiaçı AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmişdir (mülki iş v.18). Bundan sonra İddiaçı tərəfindən ümumilikdə 25.422,15 AZN pul vəsaiti xx.xx.2023-cü il tarixində cəmiyyətə tam şəkildə ödənilmişdir. İstintaq zamanı İddiaçı ilk dəfə olaraq az ağır cinayət törətməsi, dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi mıqdarınca dövlət büdcəsinə ödəniş etməsini və cinayət məsuliyyətindən azad edilməsi qanuni əsaslar olmasını nəzərə alaraq, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. İşəgötürən yuxarıda qeyd olunan halları əsas kimi qəbul etməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün əsas mövcud olmuşdur. Bu səbəbdən məhkəmə əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi barədə iddiaçının tələbini əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətlərinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli 35/2023f saylı əmri ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətlərinə baxılmış və cavab məktubunda əmək müqaviləsinə dair bildirişinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halfarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qüvvədən düşdüyü bildirilmişdir. Göründüyü kimi, iddiaçı 2023-cü ilin may ayından hüququnun pozulduğunu - əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyindən məlumatlı olmuşdur. Belə olan halda iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərzində hazırki tələblə məhkəməyə müraciət etməli olduğu halda, həmin tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş (mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması da nəzərə alınmaqla), müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübutları isə məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iddiaçı 2022-ci ilin mart ayından etibarən ödənilməmiş əmək haqqının və məzuniyyət haqqının ödənilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, “Fərəh-M" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 35/2023f saylı əmr ilə iddiaçının əmək müqaviləsinə xitam verilərkən, onun xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Əmək qanunvericiliyinə əsasən, iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu tələblər üzrə müddət bir il nəzərdə tutulub. Əmək qanunvericiliyinin tələbinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Yəni, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda işə görə əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu əmək haqqına münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir (iddiaçı 2022-ci ilin aprel ayında mart ayı üzrə əmək haqqı verilmədiyindən – hüququnun pozulduğundan məlumatlı olur). Başqa sözlə, işçinin əmək haqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Bu cür vəziyyətdə əgər işçinin almadığı ödənclər varsa, onları bir il keçmədən tələb edərsə iddia müddəti ötürülmüş sayılmır (məsələn: iddiaçı 2022-ci ilin aprel ayında həmin ilin mart ayı üzrə maaş ödənilmədiyini bildikdən 1 il ərzində - 2023-cü ilin aprel ayında bu barədə tələblə məhkəməyə müraciət edə bilərdi). Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki bir ildən qabaqkı dövrün (2022-ci ilin mart ayından - xx.xx.2023-cü il tarixinədək) əmək haqqısını tələb etdiyindən iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələblər üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayına qədər minimal əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə isə qeyd edir ki, məhkəmə iddia ərizəsində göstərilən halları, habelə iş materiallarını nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin əsaslı olduğu qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunvericiliyin tələbləri pozulmaqla verilməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün iddiaçının 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayına qədər minimal əmək haqqının tutulması tələbi də əsaslı deyildir. İddiaçı həmçinin şirkət tərəfindən əsassız olaraq 24000 manat məbləğə daxil edilmiş, ödədiyi 3789 manat pulun geri qaytarılmasını tələb etmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən yol verilmiş mənimsəmə əməli barədə işəgötürənin müraciəti əsasında AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmışdır. İstintaq zamanı iddiaçı özünü təqsirli bilmiş, ifadəsində öhdəliyində 25422,15 manat (bu məbləğ Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli 9/8260 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur, mülki iş v. 111- 115) çatışmazlığın olduğunu bildiyini bildirmiş, qeyd olunan məbləğə etiraz etməmişdir (mülki iş v. 18-19). Bundan sonra qeyd olunan məbləğ tam şəkildə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən işəgötürənə ödənilmişdir. Məhkəmə araşdırması zamanı bu məbləğin iddiaçının işəgötürənə qarşı öhdəliyindən kənar məbləğ olması, bu məbləğin əsassız olaraq iddiaçıdan tutulması halı müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan halları (iddiaçının ifadəsini, etirafını və s.), iddiaçının həmin məbləği başlanılmış cinayət işi üzrə müəyyən olunmuş hallara əsasən müəssisəyə tam şəkildə ödəməsini, dəymiş ziyanı tam ödədiyi üçün müəssisənin ərizəsinə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsini nəzərə alaraq hesab edir ki, qeyd olunan ödənilmiş məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasına dair tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdeh “Fərəh-M" MMC-nin əmək mmüqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi, cavabdeh tərəfindən ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ödənilməsi, həmçinin 8250 manat məbləğində ödənilməmiş əmək haqqının və haqsız yerə ödəmiş olduğu 3789 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayına qədər minimal əmək haqqı məbləğinin – 5865 manatın ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358-360cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdeh “Fərəh-M" MMC-nin əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi, cavabdeh tərəfindən ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ödənilməsi, həmçinin 8250 manat məbləğində ödənilməmiş əmək haqqının və haqsız yerə ödəmiş olduğu 3789 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayına qədər minimal əmək haqqı məbləğinin – 5865 manatın ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar