Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2246/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Futbol+” qəzetinin baş redaktorunun xx.xx.2024-cü il tarixli işdən azad olunması haqqında əmrinin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, həmin vəzifəyə işə bərpa, hər ayı 500 manat hesablanmaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildən qəzet və saytlarda publisistik yazılar, tarixi araşdırmalar və digər mövzularla bağlı məqalələrlə çıxış edir. 2018-ci ilin yayından isə “Yeni Sözçü” qəzetində müxbir kimi işə başlamış, bununla da jurnalist karyerasına qədəm qoymuşdur. 2018-22-ci illərdə “Yeni Sözçü”, “GündemXeber.az”. “AfaTv.az“. İxaTv.az (hazırda “qerar.az”) saytlarında müxbir, xüsusi müxbir vəzifələrində çalışmış, “Ədalət“ qəzetində isə köşə yazarı kimi dərc olunmuşdur. 2022-ci ildə “X1 nəzdindəki Media Məktəbini birinciliklə bitirmiş, həmin il mayın 5-də “Futbol” qəzetində vakansiya müsabiqəsində uğurla keçərək adıçəkilən mətbuat orqanına işə qəbul olunmuşdur. İşə qəbul zamanı adı çəkilən qəzetin baş redaktoru Mahir Rüstəmov (yazılarında Mahir Rüstəmli imzasıyla tanınır) savadından, jurnalist təcrübəsindən, bacarığından, işçi keyfiyyətlərindən razı qalaraq onu işə götürdü və ştata salmamaqla yanaşı, dövlətin təyin eldiyi minimum əmək haqqından (345 manat) daha az məbləğlə maaş verməyə başladı. Halbuki işə qəbul zamanı ondan əmək haqqının miqdarını dəfələrlə soruşsa da, hər dəfəsində “yaxşı olacaq, narazı qalmayacan ifadələriylə” yola verdi. 2022-ci ilin maydekabr aylarında 200-320 manat arası əmək haqqı alırdı. Bu müddət ərzində baş redaktordan dələlərlə işini rəsmləşdirməsini xahiş edib, tələb etsə də, hər dələ qulaq ardına vurur və ya yola verirdi. Buna rəğmən adı çəkilən qəzetin vəsiqəsini və PFL-in akreditasiyasıyla təmin olunmuş ölkə çempionatının oyunlarına, o cümlədən rayonlara ezamiyyətlərə göndərilirdi. İşinin öhdəsindən layiqincə gəlir, bacardığı qədər qəzet rəhbərliyinin tələblərini yerinə yetirir və alternativ təkliflər, kreativ yaradıcılıqla daha çox mətbu orqanın nüfuzunu qaldırmaq üçün fəaliyyətlər göstərmişdir. Buna baxmayaraq, baş redaktor Mahir Rüstəmov dəfələrlə hüquqlarını pozmuş, onu istismar etmiş, onunla əmək müqaviləsi bağlamamış, bu azmış kimi siyasi, ictimai, sosial, tarixi mövqeyinə də dəfələrlə təzyiqlər göstərmişdir. Belə ki, o, hər zaman elm, idman, incəsənətin və digər bu kimi sahələrin siyasətə, milliyətçilik, şovinistlik mətbəxinə salınmasının qəti əlehdarı olmuşdur. Mahir bəy rəsmi dövlət bayramlarından olan 9 May faşizm üzərində qələbə gününü dəfələrlə aşağılayıb, bunu Rusiyanın, Putinin bayramı kimi təqdim etdiyini vurğalayanda da ona qarşı müxalif olmuşdur. 2023-cü ilin yanvar-may aylarında əmək haqqı 320-420 manat təşkil etsə də, baş redaktor onu bu müddət ərzində də rəsmi ştata keçirməkdən boyun qaçırdı. 2023-cü il mayın 16-da Mahir Rüstəmov yenidən, (bu dəfə daha kəskin şəkildə) onun siyasi, ictimai mövqeyinə müdaxilə etməklə yanaşı, şərəf, ləyaqətini də aşağıladı. O artıq bıçağın sümüyə dirəndiyini anladı və vergi orqanlarına, məhkəməyə şikayət edəcəyini bildirib işdən çıxıb gedib. İyunun axırında VÖEN-ini aktivləşdirib, asan imza əldə etdikdən sonra “Futbol+”da müqavilə əsasında işə davam etsə də, nə ona müqavilə təqdim olundu, nə də bu kimi şərtlər bildirildi. 2023-cü ilin iyunundan 2024-cü ilin yanvarına kimi “Futbol+” qəzetində məhsuldar işləməyə başladı. Hətta yazılarını, reportajlarını, müsahibələrini, köşə yazılarını, təhlil, analizlərini 1 gün öncədən verir, redaksiyada olduğu müddətdə isə maksimum 3 saata işlərini yekunlaşdırıb gedirdi. Mahir Rüstəmli materialları hamıdan tez atıb, operativ işlədiyinə, çoxlu sayda təkliflər dediyinə görə onu dəfələrlə də tərifləyib. İşi rəsmləşdirildikdən sonra əmək haqqı rəsmi olaraq 500 manat oldu (400 manat bank hesabına köçürülür 100 manat isə əlbəəl alırdı). Yanvarın 3də redaksiyanın vatsap qrupundan öyrənib ki, feysbuk sosial şəbəkəsində “onside.az” futbol səhifəsində xx.xx.2023-cü il tarixdə saytında gedən “Neftçi”nin baş məşqçisi ermənini yaxşı sayır - belə olarmı?” adlı yazının getdiyindən xəbərdar olub. Həmin yazıyla tanış olduqdan sonra “Orxan” adlı müəllifin idman, futbol prinsiplərinə sığmayan, həmçinin idmanı siyasətə qarışdıran, savadsız, təşviqat xarakterli təşviqat olduğunu görüb. Məhz adı çəkilən onside.az səhifəsində, həmçinin “futbol+" qəzetinin feysbuk səhifəsində bu yazıya görə oxucuların mütləq əksəriyyətinin ünvanına kəskin tənqid, aşağılama, təhqirlər yazdığını görüb. Bu barədə redaksiyanın vatsap qrupundan yazıyla bağlı mövqeyini bildirdiməklə yanaşı Mahir Rüstəmliyə oxucuların onları haqlı olaraq qınadığını, aşağıladığını vurğulayıb. Baş redaktorun isə buna reaksiyası belə oldu: “O, yazını mən yazmışam, fikirimi də hər yerdə, hamının qarşısında müdafiə etməyə hazıram”. O, bir neçə uzun səs atmaqla baş redaktorunun və onun təqlid edən “gənc həmkar”larının yanlış mövqedə olduqlarını, belə ucuz populizm, psevdovətənpərvərliyin yaxşı hal olmadığını deməsinə rəğmən Mahir Rüstəmli əcəb etdiyini və doğru yazdığını bildirdi. Bundan sonra o da bu yazıya alternativ yazı yazıb, sizinlə eyni fikirdə olmadığını və söyüş, təhqirlər haqq etmədiyini vurğulayıb. Elə yanvarın 3-ü gecədən bu səpkidə məqalə qələmə almağa başlayıb. Ayın 5-də “demotiya.com” saytında “Futbol+”un psevdovətənpərvərliyi” başlıqlı yazısı dərc olundu. X2 futbolu siyasətə qarışdırmasını, yersiz həssas məqamlıqdan danışmasını və s. bu kimi halları faktlarla tənqid etmişdir. Yanvarın 7-də, bayram bitdikdən sonra ilk iş günü iclasda bir daha Mahir Rüstəmlinin “məşhur” yazısının düzgün olmadığı, həm qəzetin, həm də ölkəyə bunun zərərli olduğunu bir daha vurğulayıb. Yanvarın 8-də isə Mahir Rüstəmlini tənqid etdiyi yazını kağız formatında özünə təqdim edib. O, isə bunu vecinə də almayıb, “mənə sənin yazın maraqlı deyil" dedi. Yanvarın 7-15 arası qəzet üçün məhsuldar işləməyə, hamıdan əvvəl artıqlamasıyla yazılar atmağa davam etdi. Yanvarın 15-də səhər işə gələn zaman Mahir Rüstəmli “fövqəladə iclas” keçirdi. Özü də iclasa xarici şöbəni və qəzet-sayt işinə yaxından-uzaqdan heç bir aidiyyatı olmayan, redaksiyada çay dəmləmək, təmizlik, yemək işinə baxan Günel (bu şəxs 11 ildi qanunsuz əsaslarla çalışır və ona görə vergi ödənilmir) adlı əməkdaşı da dəvət etdi. İlk dəfəydi belə hal baş verirdi. İclas onun xx.xx.2024-cü ildə dərc olunmuş məqaləsinə görəymiş. Yığıncağa dəvət olunan 6 nəfərdən 3-nün yazısından ümumiyyətlə xəbərsiziydilər və orda yazılandan bir hərf belə oxumamışdılar. Qondarma “iclas”da Mahir Rüstəmli məqalənin orasından-burasından nələrisə oxuyub, kontekstdən çıxararaq guya onun və qəzeti təhqir etməsini, baş redaktor və işçilərin işçi nüfuzunu aşağılamaq kimi təşviqat, təbliğat kimi qələmə verdi. O, yazısında təhqir, aşağılamanın olmadığını faktlarla sübut etdikdə isə Mahir Rüstəmli yazısına heç bir dəxli olmayan, aylarla, hətta bir il öncə səsləndirdiyi siyasi, ictimai, sosial, tarixi mövqelərini qabartmağa başladı. Qısası yazısında təhqir, aşağılama, söyüş olmadığı və məqaləsinə dəxli olmayan mövzuları da ora əlavə etməklə ona yazının saytdan çıxarmalı və üzr istəməli olduğunu, ya da işdən qovulacağını bildirdi. O, ona bir daha yazısında təhqir, aşağılamanın olmadığını, amma istəsə onunla birgə yenidən yazını gözdən keçirib redaktə etməyə hazır olduğunu bildirsə də, o buna məhəl qoymayıb və qondarma “iclas”da üzünə qarşı adamlar qoymaq və “səs verdirmək”lə onu işdən qovdu. Onun işdən qovulmasına səs verən 2 əməkdaş 1 aydı qəzetdə çalışır, əvvəllərdə heç bir yerdə imzalayan olmayıb və onların da heç birinə pisliyi dəyməyib. Həmçinin səs verən bir nəfər isə yuxarıda qeyd etdiyi kimi ümumiyyətlə qəzet işinə aidiyyatı olan şəxs deyil. Bu cür “səsvermə”, donosbazlıqla həm jurnalist etikasından uzaqdı, həm işdən çıxanlma haqqında qanunun müdəalarına zidd, həm jurnalistin, əməkdaşın şərəf ləyaqətini aşağılamaq, həm də Azərbaycan Respublikasının Konstitusiyasından başlayaraq, Media haqqında qanunlar, əmək məcəlləsi, işəgötürənin və işşilərlə bağlı qanunların, o cümlədən ölkə başçısının göstəriş sərəncamlarına, həmçinin X3 müdəalarına əsasən jurnalistin tənqidi yazı yazmasına görə işdən qovulması yolverilməzdi. “Futbol+”dakı vergi özbaşınalıqları və işçilərin qanunsuz işlədilib, istismar olunmasıyla bağlı Vergi Departamentliyinə şikayət etmişdir. Adı çəkilən qəzetdə qanunsuz çalışmış və hazırda çalışan şəxslər: Onlara görə bir sıra tanıdıqlarını və rəsmi çalışmayan şəxslərə görə vergi ödənilməyib, DSMF-yə məcburi ödənişlər həyata keçrilməyib, əmək müqaviləsi bağlanmayıb. İşdən çıxarılma haqqında əmrini aldıqdan sonra məhkəməyə iddia ərizəsi verməyi qət etmişdi. Mahir Rüstəmliyə dəfələrlə işdən çıxma haqqında əmrinin verilməsini istəsə də, müxtəlif bəhanələrlə vaxtı uzatdı və əmrin sürətini ona vermədi. Yalnız xx.xx.2024-cü il tarixində işdən çıxarılma haqqında əmrini ona təqdim etdi. Əmrlə tanış olduqda işinə xitam tarixi 22 yanvar 2024-cü il tarix qeyd olunmuşdu. İşdən çıxma haqqında əmrdə nə vaxt işə qəbul edilməyi, hansı vəzifədə olmağı, əmək haqqı, ailə vəziyyəti, şəxsiyyət vəsiqəsinin inisialları fəaliyyəti zamanı aldığı xəbərdarlıq, məzəmmət, töhmət, şiddətli töhmət və s. bu kimi cəzalar, eləcə də qanunda göstərilmiş digər müdəalardan heç nə göstərilməyib. Göstərilənlərə baxmayaraq cavabdeh 01 iyul 2023-cü ildə Xidməti müqavilə tərtib edərək onu işdən azad etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh onunla əmək müqaviləsi bağlamamışdır, VÖEN əsasında fəaliyyət göstərirdi. Lakin dəfələlə cavabdehdən əmək müqaviləsi bağlanmasını tələb etmişdir. Onunla bağlanmış xidməti müqavilə isə əsassız olaraq ləğv edilmişdir. Bu səbəbdən həmin əmr ləğv edilməlidir. Qanunvericiliyin tələbidirsə işin məhkəmə aidiyyati üzrə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında əmək müqaviləsinin mövcud olmadığını, xidməti müqavilə bağlandığını bildirmiş və işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə görə də sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh “Futbol+qəzeti Redaksiyası” MMC isə kommersiya hüquqi şəxsidir. İddiaçı VÖEN alaraq cavabdeh təşkilatda xidməti müqavilə əsasında juralist kimi fəaliyyət göstərirdi. xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanmış xidməti müqaviləyə xitam verilmişdir. Hazırda iddiaçı həmin xidməti müqavilənin ləğv edilməsindən narazı qalaraq məhkəməyə müraciət etmişdir. “Media haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Həmin Qanunun 74.2.12-ci maddəsinə əsasən fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır. Qeyd edilənlərdən göründüyü kimi jurnalist əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərə bilər. Hazırki mülki iş üzrə iş materiallarından da göründüyü kimi tərəflər arasında xidməti (mülki –hüquqi) müqavilə bağlanmışdır. Eyni zamanda hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının kommersiya hüqiqi şəxsi olan cavabdehə qarşı əmrin ləğv edilməsi və sair tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və sair” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2246/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2246/2024
12.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver