Məhkəmə qərarları › İş №2(005)-2267/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2267/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2267/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X7, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı mənzilin boşaldılması və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 51 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 51 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “Ailə Park" QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 68 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 51 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 8-ci mərtəbəsində yerləşəcək faktiki sahəsinə əlavə edilməklə 80 kv.metrdən ibarət olan təmirli 43 saylı mənzilin Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 43.6 kv.metrdən (faktiki 49 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 18 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 43.6 kv.metrdən (faktiki 49 kv.m.) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 18 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 8-ci binanın 3-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 72 kv.metrdən ibarət olan təmirli (mətbəx mebeli, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla) 10 saylı mənzilin Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsəələri Dövlət Komitəsi yanında X10 edilməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-d il tarixli **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14.14A, 16.16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər icra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə “Ailə Park" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. İddiaçı QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi ev 12 ünvanında yerləşən 51 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı “Ailə Park’ QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürülür. Nəticə etibarı ilə həmin əraziyə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərinin vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçun nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına və icarə müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil, eləcə də iddiaçının nümayəndəsi (atası) X9 iddia tələbinin qəbul edilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddiaçı ilə aralarında razılıq əldə edildiyini, iddia tələbini qəbul etdiklərini qeyd etmiş və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X12 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etdiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatları dinləyərək, iş materiallarını tədqiq edərək və cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir; - Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmədovun imzaları ilə təsdiq edilmiş rəyinin surətindən görünür ki, Tikintidə X3 Agentliyinin xx.xx.2020-cı il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmişdir. Həsənoğlu küçəsi, bina 12 ünvanında yerləşən beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0 40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir- beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalardan, örtüyün bir hissəsi asbest-sement şifer, digər hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərdə armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın bütün mərtəbələrində əlavə eyvanlar artırıldığından, yükdaşıyan konstruksiyalarda əlavə yüklər yaranmışdır ki, bu da bünövrədə deformasiya etmə riski yaratmışdır. Pilləkən qəfəsəsində pəncərəüstü atma və pilləkən tirlərində bəzi yerlərdə xırda Ölçülü çatlar müşahidə olundu. Binanın arxa fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik şəkildə quraşdırılmış elektrik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və su axıdıcı borulann nasaz vəziyyətdə olmasından, dam örtüyünün bəzi yerlərində asbest-sement şiferlərin çatlaması. sınması nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopmaları və tökülmə halları müşahidə olundu. Binanın mişarlanmış əhəng daşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması. hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir; - Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1572 nömrəli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi icarəyə verilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvan üzrə (43.6 kv.m.) hüquq subyekti Cavabdehdır; - Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12, 18 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2023-cü il tarixində qeydə alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Hazırda iddiaçı cavabdehə məxsus mənzilin QSC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, yeni tikiləcək binada mənzil və kirayə haqqı verilməsi müqabilində onların mənzildən çıxarılması və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdehin nümayəndəsi, eləcə də nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak etmiş və məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini bildirmişlər. Bu səbəbdən iddiaçı iddia tələbini sübut etmə vəzifəsindən azaddır. Məhkəmə tərəfindən iddiaçının iddia tələbinin qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin qəbulu barədə ərizəsi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən 18 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməli, İddiaçı QSC tərəfindən ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 8-ci binanın 3-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 72 kv.metrdən ibarət olan təmirli (mətbəx mebeli, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla) 10 saylı mənzil Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 500 manat kirayə haqqı ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən 18 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilsin. İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən 18 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 8-ci binanın 3cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 72 kv.metrdən ibarət olan təmirli (mətbəx mebeli, sanitar qovşaqda və giriş hissədə isti pol olmaqla) 10 saylı mənzil Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar