Məhkəmə qərarları › İş №2(005)-2276/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2276/2025

25.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2276/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə edilmiş dəyişikliyin və iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1- 975k/2024 nömrəli əmrin etibarsız hesab edilərək işə bərpa olunmağı, eləcə də xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə direktorların işə qəbul imtahanında bütün mərhələləri uğurla keçərək Təhsil Naziri Ceyhun Bayramovun əmri ilə Xəlilli kənd tam orta məktəbinə direktor təyin olunmuşdur və iddiaçı ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. Sonradan əmək müqaviləsində dəyişiklik edilərək əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə isə iddiaçı ilə Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbinin direktoru kimi müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı 5 il 10 ay həmin məktəbdə direktor işləmiş, 5 ildən sonra müddətsiz müqaviləsi olduğu halda xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi qanunsuz olaraq dəyişdirilib və iddiaçının məlumatı olmadan əvvəl 1 illik, sonra isə 42 günlük əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində Cəlilabad Təhsil sektorunun müdiri İlkin Zeynalov iddiaçını otağına çağıraraq bildirib ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. İddiaçı ona bildirib ki, əmək müqaviləsi müddətsizdir. O isə bildirdi ki, onun bundan xəbəri yoxdur. Nəhayət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-975k/2024 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, müddətsiz əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər düzgün verilmədiyi üçün əsassızdır və etibarsız hesab edilməlidir. O həmçinin mübahisənin mediyasiya vasitəsi ilə həll edilməsi üçün müraciət də etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə telegram ünvanlayaraq məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı ərizəsində bildirir ki, Əmək Müqaviləsinə qanunvericiliyin normaları pozularaq xitam edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (əvvəlki adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi) xx.xx.2019-cu il tarixli K-262 nömrəli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixindən 1 il müddətinə Cəlilabad rayonu Xəlilli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturu təsdiq edildikdən sonra xx.xx.2023-cü il tarixində elm və təhsil nazirinin 3-29/3-1-1520K/2023 nömrəli əmrinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2023- cü il tarixli 3-29-69/3-1-43K/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən 1 il müddətinə Cəlilabad rayonu Xəlilli kənd tam orta məktəbinin diгеktогu vəzifəsinə təyin olunmuşdur. Müvafiq əmr əsasında onunla “Əmək və məşğulluq“ altsistemi üzərində müddətli əmək müqaviləsi bağlanılmış, həmçinin əmək müqaviləsinin kağız daşıyıcıda işəgötürən və İddiaçı arasında bağlanılması həyata keçirilmişdir. Qeyd edilən dövrlər arasında onunla məktəb direktoru vəzifəsində müddətsiz əmək müqaviləsinin bağlanılması barədə əmr verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə xx.xx.2024-cü ildən etibarən bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. Bunlardan biri də əmək müqaviləsinin bağlanılmasının formasında dəyişiklikdən ibarətdir. Belə ki, əmək müqaviləsi artıq əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş şəxslərlə yazılı formada bağlanması nəzərdə tutulan əmək müqavilələri istisna olmaqla, elektron sənəd formasında bağlanılır. Bu dəyişikliklərin qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan X12lər olan işəgötürənlər üçün xx.xx.2025-ci il tarixinədək elektron sənəd formasına keçirilməsinə qərar verilmişdir. Qeyd olunan proses çərçivəsində İddiaçı ilə xx.xx.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində elektron sənəd formasına keçirilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-975K/2024 nömrəli əmri ilə İddiaçılə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi səbəbinə görə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İddiaçının “5 ildən artıq işlədiyim üçün əmək müqaviləm müddətsiz sayılmalı idi” iddiası qanunsuzdur. Əmək Məcəlləsinin 45-ci maddəsinə görə, yalnız Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Lakin bu halda: 2019– 2023-cü illərdə İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə bağlanmışdır; 2023-cü ilin dekabrında onunla yeni müqavilə artıq fərqli işəgötürən –Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə bağlanmışdır. Bu isə işəgötürənin dəyişməsi deməkdir və əvvəlki əmək münasibətlərinin davamı hesab edilə bilməz. Belə olan halda, Əmək Məcəlləsinin 45-ci maddəsinin tətbiq edilməsi mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 16 mart 2023-cü il tarixli əmək müqaviləsi onun ərizəsi əsasında 15 dekabr 2023-cü il tarixdə ləğv olunmuşdur. 19 dekabr 2023-cü il tarixdə isə ərizəsinə əsasən onunla Agentlik arasında yeni müqavilə bağlanmışdır. Müvafiq işdən çıxma və işə qəbul barədə əmrlər ona təqdim olunmuşdur və həmin sənədləri məhkəmə sisteminə özü yerləşdirmişdir. Bu da göstərir ki, hüququnun pozulduğunu 2023-cü ilin dekabr ayında aşkar etmişdir. Lakin əmək məcəlləsində nəzərdə tutulmuş 1 aylıq müddət ərzində o, hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. 19 dekabr 2023-cü il tarixli əmək müqaviləsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən 18 dekabr 2024-cü il tarixden ləğv edilmişdir. Əmrin surəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ona verilməsi üçün tədbirlər görülmüşdür. Həmçinin "Əmək və məşğulluq" alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə dərhal məlumat göndərilmişdir. Həmçinin Əmək müqaviləsi ƏMAS-da şəxsi kabinetinə göndərilmişdir. İşçi iddia edir ki, onun əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, əmək müqaviləsi müddətsiz sayılmalı və ona müddətli müqavilə ilə xitam verilməməli idi. İşçinin iddiasına görə, o, direktorluq vəzifəsində 01 mart 2019-cu ildən çalışır. Bu halda onun əmək müqaviləsinin 5 illik müddəti 01 mart 2024-cü ildə tamam olur. İşçi hüququnun pozulduğunu məhz həmin gün, yəni əmək müqaviləsinin 5-ci ilinin tamam olduğu 2024-cü ilin mart ayında bilmiş və hüququnun pozulduğunu aşkara çıxarmışdır. Sonuncu əmək müqaviləsi və ona aid əmrlər ƏMAS alt sistemində 19 dekabr 2023-cü il tarixdə qeydiyyata alınıb və işçiyə təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli No 3-29-69/3-1-975K/2024 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin surətindən görünür ki, Cəlilabad rayonu Xəlilli kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləyən İddiaçı ümumtəhsil məktəbinin direktoru ixtisası üzrə müəllim saxlanılmaqla xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmr edilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə 1 il müddətinə Cəlilabad rayonu Xəlili kənd tam orta məktəbinə direktor təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə o, öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2023-cü ildə yenidən 1 il müddətinə eyni məktəbə direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü ildə isə o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən ixtisası üzrə müəllim saxlanılmaqla Cəlilabad rayonu Xəlili kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilmişdir. - Cəlilabad rayon Xəlili kənd tam orta məktəbinin X4 xx.xx.2025-ci il tarixli 01 saylı iclasın protokolundan görünür ki, səs çoxluğu ilə Cəlilabad rayon Xəlili kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsinə xitam verilməsi qanunun pozulması halı kimi hesab olunması qərara alınmışdır. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X9 Cəlilabad Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 18-1- 32/2-430/2025 nömrəli məktubuna əsasən, Cəlilabad rayonu, Xəlili kənd sakini, 1973-cü il təvəllüdlü İddiaçı 2024-cü ilin noyabr-dekabr aylarında hər hansı bir xəstəliklə X9 Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə müraciət etməməsi barədə məlumat verilmişdir. - Tənbeh tədbiri barədə Xəlilli kənd tam orta məktəbinin 111 saylı əmrinə əsasən, Məktəbin ali təhsilli Azərbaycan dili və Ədəbiyyat müəllimi X7 28 oktyabr 2024-cü il tarixində icazəsiz olaraq iş yerini tərk etmiş və onun həmin gün Xİ sinifdə olan dərsləri boş keşmişdir Buna əsasən X1 xəbərdarlıq elan olunmuşdur. - Tənbeh tədbiri barədə Xəlilli kənd tam orta məktəbinin 115 saylı əmrinə əsasən, X3 hərəkətlərinə qiymət vermək üçün onun məsələsi məktəb həmkarlar təşkilatının iclasında müzakirə olunmasi üçün təqdimat göndərilməsi qərara alınmışdır. - Töhmət verilməsi barədə Xəlilli kənd tam orta məktəbinin 114 saylı əmrindən əsasən, X7 05 noyabr 2024 cü il tarixində Etik davranış qaydalarını kobud sürətdə pozaraq məktəbin G Ç H müəllimi Tağıyev Elbəyi Dǝyizxan oğlunu müəllim və şagirdlərin gözü qarşısında nalayiq sözlərlə təhqir etdiyi üçün ona töhmət verilsin. - Əmək haqqının tutulması barədə Xəlilli kənd tam orta məktəbinin üzrə 119 saylı əmrinə əsasən, X7 07 noyabr 2024 cü il tarixində icazəsiz işə çıxmamış və onun həmin günə Vİ sinifdə az dili, ədəbiyyat ; Vİİ sinifdə az dili ; Vİİİ sinifdə ədəbiyyat ; Xİ sinifdə ədəbiyyat dərsləri boş keçmişdir. Bunu nəzərə alaraq həmin saatların pulu X6 ödənilməsin. - Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbinin ilk Həmkarlar Təşklatının 27 noyabr 2024-cü il tarixli 03 saylı iclasının protokolundan görünür ki, Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi X3 əmək müqaviləsinə xitam verilməsi səs çoxluğu ilə məqsədə müvafiq hesab olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi barədə Xəlilli kənd tam ota məktəbinin 140 saylı ǝmrinə əsasən, X7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 30 noyabr 2024-cü il tarixindən xitam verilmişdir. - Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən, aparıcı məsləhətçi İlkin Zeynalov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-29-69/2- A-281/2-4/2025.nömrəli məktuba əsasən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-975K/2024 nömrəli əmri ilə sizinlə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi səbəbinə görə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. - Lənkəran-Astara Regional Təhsil İdarəsinin X8 ünvanlanmış Azərbaycan Respublikasının Prokurorluğu Cəlilabad Rayon Prokurorluğu tərəfindən Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair TƏQDİMAT-dan görünür ki, Sarxanlı kənd ümumi orta məktəbinin fəaliyyətinə lazımi səviyyədə nəzarət olunmamış. nəticədə İddiaçı qeyd olunan cinayət əməllərini törətmişdir. - Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi, Eşqi Bağırov və İddiaçı arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqviləsinin 2.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi müddətsiz bağlanmamışdır. -Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə, Cəlilabad rayon Xəlili kənd tam orta məktəbin direktoru İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, yazıb xahiş etmişdir ki, xx.xx.2023-cü il tarixindən onu Xəlili kənd tam orta məktəbində tutduğu vəzifədən azad etsinlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə xx.xx.2019-cu il tarixdə 1 il müddətinə Cəlilabad rayonu Xəlili kənd tam orta məktəbinə direktor təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə o, öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2023-cü ildə yenidən 1 il müddətinə eyni məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Bu dəfə isə işəgötürən hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olmuşdur. Daha sonra xx.xx.2024-cü ildə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xx.xx.2024-cü il tarixindən ixtisası üzrə müəllim saxlanılmaqla Cəlilabad rayonu Xəlili kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilmişdir. Hazırda İddiaçı ilk tələbi onun əmək müqaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli dəyişikliyin etibarsız hesab edilməsidir. Məhkəmə həmin tələblə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən tələb üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı əmək müqaviləsində qeyd edilən dəyişikliyin olduğunu həmin dəyişikliyin olduğu vaxtdan bilməsinə baxmayaraq, o bu barədə işəgötürənin üstün mövqeyinə əsasən susmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının bu cür dəyişikliyi istər əhəmiyyətsiz əqd olması baxımından, istər əqdin bağlanmasına məcbur edilməsi baxımından, istərsə də vacib əhəmiyyətli təsir altında bağlanmış olması baxımından həmin əqdin etibarsız hesab edilməsini tələb etmək üçün hər bir halda müddəti ötürmüşdür. İddiaçının ikinci tələbi işdən azad edilmə barədə cavabdeh Agentliyin xx.xx.2024-cü il tarixli əmrinin etibarsız hesab edilərək, onun işə bərpa edilməsidir. Məhkəmə həmin tələbə əmrin etibarsız hesab edilməsi deyil, əmrin ləğv edilməsi kimi qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı tələbini onunla əsaslandırır ki, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi cavabdeh tərəfindən qanunsuz olaraq müddətli müqavilə kimi bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Bu hallardan biri də (“f” bəndi) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasıdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (13 avqust 2024-cü il tarixə qədər olan mətni). Həmin maddənin hazırda qüvvədə olan mətninə görə, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Qeyd edilənlər baxımından nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının işi daimi xarakterli olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. İddiaçı isə müddətli müqavilə bağlamadığını bildirmişdir. Qeyd olunmalıdır ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Hazırki mülki iş materiallarından isə görünür ki, tərəflər arasında yaranan əmək münasibətləri xarakter etibarilə müəyyən müddətə əmək müqaviləsinin bağlanması üçün əsas ola biləcək formada olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir. Həmin Qərara görə, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Lakin qeyd olunmalıdır ki, hazırki işdə cavabdeh Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasına istinad etsə də, iddiaçının əmək müqaviləsi üzrə tutduğu vəzifə müddətli xarakterə malik olmamışdır. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydaların 1.3-cü bəndinə əsasən Müəssisələrdə direktor vəzifəsinə işə qəbul Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Mərkəzləşdirilmiş müsabiqədən uğurla keçən namizəd bir il müddətinə direktor vəzifəsinə təyin edilir. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat Nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar verilir. Qeyd edilən qaydalara uyğun olaraq iddiaçı ilk dəfə direktor vəzifəsinə 1 il müddətinə təyin edilmişdir. Sonradan iddiaçı ilə bağlanmış müqavilənin müddətli olması üçün heç bir əsas olmadığı halda, işəgötürən tərəfindən iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin iddiaçının tutduğu vəzifəyə və işin xarakterinə uyğun olaraq müddətli bağlanmasının yolverilməzliyi baxımından məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz hesab edildiyindən xitam verilmə əsası da düzgün olmamışdır. Cavabdeh tərəf bildirir ki, iddiaçı özü xx.xx.2023-cü il tarixdə işdən çıxma barədə ərizə təqdim edərək işdən çıxmış və bir gün sonra onunla yenidən müddətli əmək müqaviləsi bağlanmasına özü razı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, sosial status baxımından daha zəif olan işçi kimi iddiaçının işəgötürənin göstərişi ilə işdənçıxma barədə ərizə yazması onun daimi əsaslarla işləmək arzusunda olmasını və hər dəfə yeni müqavilə bağlanmaqla vəzifəsində saxlanmasını ehtifa edir. Yəni o, əmək müqaviləsini bağlayarkən işəgötürən tərəfindən müddət bitdiyi zaman işdən çıxarılcağını düşünməmişdir. Həmçinin qeyd edilən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı mövcud olmamışdır. Ona görə ki, “qarşılıqlı razılıq” dedikdə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının isə xx.xx.2019-cu ildən 1 il müddətinə və xx.xx.2020-ci ildən isə müddətsiz işlədiyi halda yeni yaranmış qurum olan cavabdeh Agentlik ilə yenidən müddətli müqavilə bağlanması iddiaçının iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Bundan başqa, qeyd edilməlidir ki, məktəb direktoru vəzifəsinə təyin ediən şəxslərin uzun illər bu vəzifədə qalmaqla işləməsi hamıya bəlli olan haldır. Bu baxımdan iddiaçının əmək müqaviləsi bağlanan zaman Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlamağa razı olması ağlabatan mühakimə hesab edilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddət müəyyən edilmədən, yəni müddətsiz olaraq bağlanmalı idi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində işdənçıxarılma barədə əmrin etibarsız hesab edilməsini istəsə də, lakin həmin tələb üzrə iddiaçı qanunla müəyyən edilmiş Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göstərilənlərə əsasən əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr ləğv edilməli, iddiaçı işə bərpa olunmalı və iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin: 1-ci hissəsinə əsasən, Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2-ci hissəsinə əsasən, Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-ci hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin hazırkı ərizəsinə qiymət verərək, hesab edir ki, həmin ərizə iddia tələbinin xx.xx.2023-cü il tarixli dəyişikliyin etibarsız hesab edilməsi hissəsindən başqa digər hissələrdə əsassızdır. Belə ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli əmrini məhkəmədə mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürməmişdir. Yəni iddia müddətinin axımı iddiaçının mediasiyaya müraciət etdiyi xx.xx.2025-ci il tarixdə dayanmış, xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehin İMS-də iştirak etməməsi barədə arayış əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ilə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblər üzrə iddia müddətini ötürməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki mülki iş üzrə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Dövlət rüsumu” haqqında Qanunun 8.2ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğin 60 manatı mediasiya prosesi üçün ödənildiyindən qalan 40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3- 1-975K/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı əmək əvvəlki iş yeri olan Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbinin direktoru vəzifəsinə işə bərpa olunmalı, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-975K/2024 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əvvəllər tutduğu Cəlilabad rayon Xəlilli kənd tam orta məktəbin direktoru vəzifəsinə işə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 18ş12.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar