Məhkəmə qərarları › İş №2(005)-2277/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2277/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2277/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, kirayə haqqnın ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər:müqavilə öhdəlikləri; mənzilin təhvil verilməsi;kirayə haqqı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları 11 aprel 2023-cü il tarixli,171 №-li Əvəzləşdirmə Müqaviləsinin surətindən görünür ki, müqavilə birinci tərəf-"xxxx" MTK və ikinci tərəf-İddiaçı arasında bağlanılmışdır. Müqavilənin 1-c bəndinə əsasən, müqavilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə və Fövqaladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yarasız aktını nəzərə alaraq bu binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirmək, söküntüsü nəzərdə tutulmuş Nərimanov rayonu Əliağa Vahid 12, mənzil 13 ünavında yerləşən "Mülkiyyətçi"-yə məxsus faktiki divar altı sahəsi 58 kv.m mənzilin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın E blokunun, 3-cü mərtəbəsində, 70m2-dən ibarət təmirli mənzili "Mülkiyyətçi"-yə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən şərtlərə uyğun yeni inşa edilmiş binada verilən mənzili qəbul etməyi öhdəsinə götürür.Müqavilənin 2.3.2-ci bəndinə əsasən,"xxxx" MTK "Mülkiyyətçi"-yə məxsus söküntüsü nəzərdə tutulan mənzildən köçdüyü gündən yeni inşa ediləcək binada ona verilən mənzilin açarı təqdim olunana qədər aylıq 600 (altı yüz) AZN məbləğində kirayə pulu ödəyir.Müqavilənin 2.3.3-cü bəndinə əsasən "xxxx" MTK binanın bünövrəsi qoyulduğu andan 12 (on iki) ay müddətinə mənzilin açarlarını "Mülkiyyətçi"-yə təqdim edir. Hazırda tərəflər arasında mübahisənin predmeti, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 171 saylı Əvəzləşdirmə Müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəlilklərinin – razılaşdırılmış mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi barədə şərtlərin yerinə yetirilməməsi, o cümlədən iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, maddi və mənəvi ziyanın tutulması tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 171 saylı Əvəzləşdirmə Müqaviləsinə uyğun olaraq müqavilənin müvafiq bəndlərini icra edərək iddiaçıya həmin binanın E blokunda, 3-cü mərtəbəsindəki müvafiq mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına mülkiyyət hüququ əsasında qeydiyyata aldırmaq üçün tələb olunan bütün sənədləri ilə birlikdə tam əla təmirli vəziyyətdə təhvil verilməsi, kirayə haqqında olan borcun-7200 manatın ödənilməsi, iddiaçıya dəymiş maddi zərər qismində 25.000 manat və mənəvi zərər olaraq 5000 manatın ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh aralarında xx.xx.2023-cü il tarixli 171 saylı Əvəzləşdirmə Müqaviləsi bağlamışdır. Həmin müqavilənin bağlanması üçün əsas Bakı şəhər İcra Hakimiyəti başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı və Müqavilə tərəflərin razılığı olmuşdur. Müqavilənin predmeti ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan Əliağa Vahid küçəsi, ev 12, mənzil 13 ünvanında yerləşən mənzilinin müqabilində MTK iddiaçıya inşa ediləcək binanın E blokunda, 3-cü mərtəbədə tam təmirli mənzil verəcəkdir (bənd 1.1-ci) Bundan başqa həmin Müqavilə əsasında MTK öhdəlik götürmüşdür ki, iddiaçıya yeni mənzilini və onun açarını təhvil verənədək hər ay 600 manat kirayə pulu ödəyəckdir (bənd2.3.2-ci). Üstəlik mənzil iddiaçıya binanın bünövrəsi qoyulandan 12 ay ərzində təhvil verilməli idi (bənd 2.3.3-cü). MTK həmin Müqavilənin yuxarıda göstərilən və bir çox digər müddəalarına riayət etməyib və nəticədə iddiaçının hüquqlarını kobud surətdə pozmuşdur. Şifahi olaraq dəfələrlə müraciət etsə də iddiaçıya nə mənzil hazır vəziyyətdə təhvil verilmiş,nə də kirayə haqqı üzrə iddiaçıya olan borc ödənilmişdir. Nəticə etibarı ilə iddiaçıya həm maddi,həm də mənəvi zərər dəymişdir. Bundan başqa iddiaçının evinin (sökülən evinin) təmiri əla idi və MTK iddiaçıya həmin təmirli mənzil verməli idi.Lakin təmiri çox kefiyyətsiz etdilər.Ödənmiş kirayə haqqlarını da almaq üçün iddiaçı dəfələlər cavabdehin ofisinə gəlməli, xahiş etməli,bəzi hallarda isə yalvarmalı olmuşdur.Əşyalarını daşınma və sökülüb yığılma zamanı məhv olub gedib.İddiaçı bir çox hallarda MTK nümayəndələrinin hərəkətləri nəticəsində stress, əzabəziyyət çəkmişdir. Bütün bunların nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehnə tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, müqavilə üzrə cavabdehə təhvil verilmiş mənzil yeni təmir edilmişdi. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədən imtina edərək, həm irayə haqqını ödəmədən, həm də mənzili təhvil verməkdən imtina edir. İddiaçının çətin vəziyyətdə olmasını, özünün səhhəti ilə bağlıciddi çətinliklərinin olduğunu bildikləri halda, onu get-gələ salırlar, heç bir halda öhdəliklərini icra etmək istəmirlər. İddiaçı başqa mənzili deyil, məhz müqavilədə nəzərdə tutulmuş mənzilin təhvil verilməsini istəyir. Təhvil verilməli mənzilin sahəsinin artıq olması - əgər bu həqiqətdirsə, iddiaçının deyil, cavabdehin təqsiridir. Artıq sahəyə görə ondan yüksək məbləğdə tələb edirlər. Cavabdeh həmin vəsaiti tələb etməyə haqlı deil. İddiaçının da həmin məbləği ödəməyə imkanı da yoxdur. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edildikdən sonra 2 aylıq kirayə haqqı - 1200 manat ödənilib. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X4 bildirdi ki, iddiaçıya binanın C blokunun 15-ci mərtəbəsində sahə verilməsi ilə bağlı rəhbərlik tərəfindən təklif edilmiş, lakin iddiaçı 4-cü mərtəbədə mənzil istədiyi üçün razılaşmamışdır. MTK tərəfindən ona erilən məlumata görə, təhvil verilməsi tələb edilən mənzillə müqavilədə nəzərdə tutulan sahənin arasında 15 kvadrat metr fərq var. Hazırda MTK tərəfindən təqdim edilən arayışdan görünür ki, mənzilin sahəsi 72,7 kvadrat metr təşkil edir. Yəni müqavilədə nəzərə tutulan sahədən 2,7 kvadrat metr artıqdır. Binada müqavilə üzrə mənzilin sahəsinə uyğun yalnız 1 mənzil olub. Bildirdi ki, iddiaçının maddi və mənəvi zərər ilə bağlı tələbini qəbul etmirlər, kirayə haqqı ilə bağlı bildirirlər ki, 2 aylıq kirayə haqqı ödənmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Mülki işin materialları - 11 aprel 2023-cü il tarixli,171-li Əvəzləşdirmə Müqaviləsindən görünür ki, müqavilə birinci tərəf-"xxxx" MTK və ikinci tərəf - İddiaçı arasında bağlanılmışdır. Müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə və Fövqaladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yarasız aktını nəzərə alaraq bu binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqəsdi ilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirmək, söküntüsü nəzərdə tutulmuş Nərimanov rayonu Əliağa Vahid 12, mənzil 13 ünvanında yerləşən "Mülkiyyətçi"-yə məxsus faktiki divar altı sahəsi 58 kv.m mənzilin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın E blokunun, 3-cü mərtəbəsində, 70m2-dən ibarət təmirli mənzili "Mülkiyyətçi"-yə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"- bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən şərtlərə uyğun yeni inşa edilmiş binada verilən mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.3.2-ci bəndinə əsasən,"xxxx" MTK "Mülkiyyətçi"-yə məxsus söküntüsü nəzərdə tutulan mənzildən köçdüyü gündən yeni inşa ediləcək binada ona verilən mənzilin açarı təqdim olunana qədər aylıq 600 (altı yüz) AZN məbləğində kirayə pulu ödəyir. Müqavilənin 2.3.3-cü bəndinə əsasən "xxxx" MTK binanın bünövrəsi qoyulduğu andan 12 (on iki) ay müddətinə mənzilin açarlarını "Mülkiyyətçi"-yə təqdim edir. -xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin İddiaçı məxsus hesabdan xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən çıxarışdan görünür ki, 2023-cü ilin iyun ayında 1200, avqust ayında 600, sentyabr ayında 600, noyabr ayında 600, dekabr ayında 1200, mart ayında 600, aprel ayında 600, may ayında 600, iyun ayında 600, avqust ayında 600, oktyabr ayında 600 manat məbləğində köçürmələr baş tutmuşdur. Ümumilikdə xx.xx.2023cü il tarixdən xx.xx.2025-ci il tarixədək hesaba 7801 manat mədaxil olunub. - 27 sentyabr 2025-ci il tarixli "xxxx" MTK-nın məktubundan görünür ki, İddiaçı ilə bağlanmış 171 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş binanın E blokunun 3-cü mərtəbəsində 70 kv.m sahəsi olan mənzil hal-hazırda "xxxx" MTK-nın mülkiyyətindədir və hər hansı üçüncü şəxsin adına özgəninkiləşdirilməmişdir. - 13 oktyabr 2025-ci il tarixli "xxxx" MTK-nın məktubundan görünür ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, E blokunun, 3-cü mərtəbəsində, 5 saylı mənzilin ümumi sahəsi 72.2 kv.metr təşkil edir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-280/2025 saylı, xx.xx.2025ci il tarixli qərardaddından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2277/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək Cavabdeh MTK-nın (VÖEN: **********) üzərinə İddiaçı 600 manat kirayə haqqı ödəmək vəzifəsinin qoyulması qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-317/2025 saylı, xx.xx.2025ci il tarixli qərardaddından görünür ki, e-2(005)-2277/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilən binanın E blokunun 3-cü mərtəbəsində yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. - CD disk elektron informasiya daşıyıcı vasitəsindən görünür ki, xx.xx.2025-ci il tarixdəünvan 1 ünvanında yerləşən 70 kv.m yaşayış sahəsinə İddiaçı, onun vəkili Vəkil və cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə yerli baxış keçirilmişdir. -Ödəniş qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün 205 manat ödəniş edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirilməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun: 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki işin materiallarından görünür ki, tərəflər arasında 11 aprel 2023-cü il tarixli, 171 №-li Əvəzləşdirmə Müqaviləsi bağlanılmış və "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirmək, söküntüsü nəzərdə tutulmuş Nərimanov rayonu Əliağa Vahid 12, mənzil 13 ünavında yerləşən "Mülkiyyətçi"-yə məxsus faktiki divar altı sahəsi 58 kv.m mənzilin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın E blokunun, 3-cü mərtəbəsində, 70 m 2-dən ibarət təmirli mənzili "Mülkiyyətçi"-yə verməyi öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən, "Mülkiyyətçi"-bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilədə göstərilən şərtlərə uyğun yeni inşa edilmiş binada verilən mənzili qəbul etməyi öhdəsinə götürür. 2.3.2-ci bəndinə əsasən, "xxxx" MTK "Mülkiyyətçi"-yə məxsus söküntüsü nəzərdə tutulan mənzildən köçdüyü gündən yeni inşa ediləcək binada ona verilən mənzilin açarı təqdim olunana qədər aylıq 600(altıyüz) AZN məbləğində kirayə pulu ödəyir. Müqavilənin 2.3.3-cü bəndinə əsasən "xxxx" MTK binanın bünövrəsi qoyulduğu andan 12(on iki) ay müddətinə mənzilin açarlarını "Mülkiyyətçi"-yə təqdim edir. İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallarından aydın olur ki, iddiaçı müqavilə şərtlərini yerinə yetirmiş, lakin cavabdeh tərəfindən əvəzləşdirmə müqaviləsinin 2.3.2-ci və 2.3.3-cü bəndləri üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən məhkəmə hazırlıq iclası zamanı verilən izahatlardan da görünür ki, cavabdeh tərəfindən mənzilin təhvil verilməsi barədə üzərlərinə götürdükləri öhdəliyin icra edilməməsinin əsas dəlili qismində müqavilə üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş – Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən E bloku 3-cü mərtəbədə 5 saylı mənzilin ümumi sahəsinin müqavilədə nəzrə tutulandan daha atrıq olması çıxış edir. Bu zaman cavabdehin nümayəndəsi əvvəlki izahatlarında mənzilin sahəsinin nəzərdə tutulandan 15 kv.mş artıq olduğunu bildirsə də, sonradan cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, mənzil nəzərdə tutulandan 2,7 kvadrat metr artıqdır. Belə ki, müqavilə üzrə 70 kvadrat metr sahəsi olan mənzilin təhvil verilməsi nəzərdə tutulsa da, hazır olmuş mənzilin sahəsi 72,7 kvadrat metrdir. Məhkəmə iddia və ona edilən etirazının əsası kimi istinad edilən dəlillər ilə bağlı qeyd edir ki, əvvəla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir və cavabdeh tərəf onun ləğv edilməsi ilə bağlı müvafiq iddia qaldırmamışdır. Başqa sözlə, müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək mükəlləfiyyətinin daşıyıcısı olaraq qalır. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə cavabdeh mənzili iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini icra etməmişdir. Halbuki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Məhkəmə hesab edir ki, mənzilin müqavilədə razılaşdırılmış sahədən artıq sahədə hazırlanması iddiaçının deyil, cavabdehin risq dairəsinə aid edilməlidir. Belə ki, müqavilədə mənzilin sahəsinin artıq (və ya əksik) olacağı təqdirdə mübahisənin hansı qaydada tənzimlənməsi, belə bir hal yaranarsa, iddiaçı tətəfindən yaranmış fərqin əvəzinin ödənilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Belə ki, iddiaçı mənzili müqavilənin 1.2-ci bəndini yəni, "Mülkiyyətçi"-bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün E blokunun, 3-cü mərtəbəsində, 70m2-dən ibarət təmirli mənzili iddiaçıya ya təhvil verməyi,bu müqavilədə göstərilən şərtlərə uyğun yeni inşa edilmiş binada verilən mənzili qəbul etməyi öhdəsinə götürməyi yəni müqavilə şərtlərini yerinə yetirmişdir. Digər tərəfdən tərəflərin hər ikisinin izahatlarından, eyni zamanda yerli müayinə iclasının protokolundan və audio-video yazısından görünür ki, binaya baxış keçirilmiş və mənzil təhvil verilmək üçün hazır vəziyyətdədir. Cavabdeh tərəfindən təqdim edilmiş arayışdan müəyyən edilir ki, mənzil özgəninkiləşdirilməmişdir. Cavabdeh MTK müqavilə bağlanarkən, binanın tikinti işləri görülərkən, iddiaçıya həmin binada mənzil təhvil verməli olduğu bilirdi. Məhkəmə yuxarıda qeyd edilən normalara istinad edərək, hesab edir ki, buna baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməkdə, hazırda da mənzilin sahəsinin 2,7 kvadrat metr artıq olduğunu bildirərək, öhdəliklərini icra etməkdən yayınmaqda haqlı deyildir. Məhkəmə həmçinin, qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Digər tərəfdən iddia tələbində göstərilən – mənzilin gələcəkdə mülkiyyət hüquqlarının təsdiq edilməsi üçün sənədlərlə birlikdə təhvil verilməsi tələbi də haqlıdır. Belə ki, həminməsələnin hazırki qətnamə ilə həll edilməməsi, gələcəkdə əlavə mübahisələrin yaranmasına gətirib çıxaracaqdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslı olduğundan iddia təmin edilməli, 11 aprel 2023-cü il tarixli, 171 №-li Əvəzləşdirmə Müqaviləsinə əsasən, "xxxx" MTK tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən E blokunun,3-cü mərtəbəsində,5 saylı mənzil xüssui mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərlə birgə təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulmalıdır. Məhkəmə kirayə haqqı ilə bağlı onu qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanılmış 11 aprel 2023-cü il tarixli,171 №-li Əvəzləşdirmə Müqaviləsinin 2.3.2-ci bəndinə əsasən, "xxxx" MTK "Mülkiyyətçi"-yə məxsus söküntüsü nəzərdə tutulan mənzildən köçdüyü gündən yeni inşa ediləcək binada ona verilən mənzilin açarı təqdim olunana qədər aylıq 600 (altı yüz) manat məbləğində kirayə pulu ödəməyi öhdəliyini cavabdeh "xxxx" MTK üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qismən icra edilmiş və bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından müəyyən edilir ki, yaranmış 7200 manat məbləğində pul öhdəliyinin 1200 manatı icra edilmiş (məhkəmə tərəfindən 16(005)-280/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək icraya yönəldikdən sonra); hazırda cavabdehin 6000 manat məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, bu hissədə də cavabdeh MTK üzərinə götürdüyü öhdəliklər tam icra edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməli, 11 aprel 2023-cü il tarixli,171 №-li Əvəzləşdirmə Müqaviləsi üzrə ödənilməmiş 6000 (altı min) manat kirayə haqqı cavabdeh "xxxx" MTK-dan tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə aşağıdakıları qeyd edir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir Eyni zamanda iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona hansı maddi ziyanın dəydiyini də əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, sübutetmə yükü bu hissədə iddiaçının üzərinə düşürdü. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mülki iş üzrə ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumunun 32 manatı cavabdeh "xxxx" MTK-dan tutularaq, İddiaçı ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 aprel 2023-cü il tarixli,171 №-li Əvəzləşdirmə Müqaviləsinə əsasən, "xxxx" MTK tərəfindən inşa edilən ünvan 3 ünvanında yerləşən E blokunun, 3-cü mərtəbəsində, 5 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına mülkiyyət hüququ əsasında qeydiyyata aldırmaq üçün tələb olunan bütün sənədləri ilə birlikdə İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulsun. Cavabdeh "xxxx" MTK-dan 6000 (altı min) manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumunun 32 manatı cavabdeh "xxxx" MTK-dan tutularaq, İddiaçı ödənilsin,qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar