Məhkəmə qərarları › İş №2(005)-2278/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2278/2021

03.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2278/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin X4 qeydiyyatı idarəsi cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının reyestrə göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Milli Gəlirlər Baş İdarəsinin X4 qeydiyyatı idarəsi cəlb edilməklə) “iddiaçının qanuni təmsilçi kimi X4 reyestrindən çıxarılması və cavabdehin qanuni təmsilçi kimi reyestrə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının “xxxx” MMC-nin qanuni təmsilçisi kimi X4 reyestrindən çıxarılması və təsisçilərdən biri, Cavabdeh3 qanuni təmsilçi kimi X4 reyestrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” MMC-nin cavabdeh qismində cəlb edilməklə, cavabdehlərin üzərinə iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və “X4 Reyestri”ndə dəyişiklik edilməsi məqsədilə İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya X4 qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyinin həvalə edilməsi, təsisçilərdən biri Cavabdeh3 qanuni təmsilçi kimi X4 reyestrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, 2010-cu ildən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi (direktoru) olub. Onu da qeyd edir ki. Cəmiyyət 06 oktyabr 2010-cu ildə təsis olunmuş və təsisçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Səhətində problem olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar 31 avqust 2020-ci il tarixdə təsisçilərə ərizə (iddia ərizəsinə əlavə olunub) ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və Cəmiyyətin qanuni təmsilçisi vəzifəsindən azad olunmasını xahiş etmişdi. Lakin, təsisçilər ərizədə qeyd etdiyi tələblərini yerinə yetirmədi və ərizəsinə heç bir cavab vermədilər. Bundan sonra 21 sentyabr 2020-ci il tarixdə yenidən təsisçilərə eyni məzmunlu ərizə (iddia ərizəsinə əlavə olunub) ilə müraciət etdi və ərizəsində onu da bildirdi ki, 04.10.2020-ci tarixdən işə çıxmayacaqdır. Baxamayaraq ki, hər iki ərizə poçt vasitəsi ilə təsisçilərə şəxsən təqdim olunmuşdur, bu dəfə də təsisçilər əmək müqaviləmə xitam verilməsi və qanuni təmsilçi vəzifəsindən azad olunmağı barədə tələbini heç bir əsas göstərmədən yerinə yetirmədilər və ümumiyyətlə ərizəsinə cavab vermədilər. Daha sonra, 15 fevral 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə ərizə (iddia ərizəsinə əlavə olunub) ilə müraciət edərək X4 reyestrindən onun adının çıxarılmasını xahiş etdim. Dövlət Vergi Xidməti də ərizəmə cavab vermədi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh2 iddia tələbinə yazılı etiraz edərək bildirdi ki, məhkəmənin icraatında olan 2(005)-2278/2021 saylı mülki iş üzrə İddiaçı ona və digər cavabehlərə qarşı qanuni təmsilçi kimi X4 reyestrindən çıxarılması və təsisçilərdən biri - Cavabdeh3 qanuni təmsilşi kimi X4 reyestrinə daxil edilməsi barədə iddia tələbləri qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi, 06 oktyabr 2010-cu il tarixindən "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla direktorudur. İşdən çıxmasının səbəbi kimi səhhətində problem olduğunu qeyd etsə də, səhhəti ilə bağlı hər hansı bir tibbi sənəd təqdim etməmişdir. Əslində isə, onun indi MMC-nin direktoru vəzifəsindən azad olmaq istəyi tamam başqa səbəblərlə bağlıdır. Belə ki, tərəfinmdən cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) İddiaçı, "xxxx" MMC-nin iştirakçıları Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada MMC-nin fəaliyyətindən yaranan dividendin tutularaq ona ödənilməsi barədə Abşeron Rayon Məhkəməsinin icraatında 2(012)- 168/2021 saylı mülki iş, eləcə də eyni cavabdehlərə qarşı "xxxx" MMC-nin mülkiyyətində olmuş 21 ədəd avtobusun alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə idda tələbim üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında 2(008)- 2435/2021 mülki iş vardır. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə eyni cavabdehlərə qarşı iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Cavabdeh2 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər 'xxxx” MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) İddiaçı, "xxxx" MMC-nin iştirakçısı Cavabdeh1 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh3 üzərinə qoyulmuşdur. Onun yuxarıda qeyd etdiyi iddia tələbləri iddiaçının məhz "xxxx" MMC-nin direktoru kimi fəaliyyətinə dövrünə təsadüf edir və bununla bağlıdır. İddiaçı ilə dəfələrlə söhbətlərində ondan direktor kimi təsisçi olaraq onun hüquqlarına hörmətlə yanaşmasını, direktor vəzifələrinin layiqincə icrasını tələb etmişdir. İddiaçı isə onun MMC-də formal olaraq direktor olduğunu, "xxxx” MMC-nin iştirakçılarından (təsisçilərindən) biri olan Cavabdeh1 faktiki direktor olduğunu, istisnasız olaraq onun tapşırığı əsasında hərəkət etdiyini, sənədlərə imza atdığını bildirmişdir. Elə hesab edir ki, bütün bunlar hamısı həqiqətə uyğun deyil, iddiaçının məsuliyyətdən yayınma bəhanəsidir. Əgər belə deyilsə, qoy məhkəmə qarşısında Cavabdeh1 barəsində dediklərinin həqiqət olduğunu sübut etsin. Göründüyü kimi, iddiaçı sözügedən iddia tələbini irəli sürməklə "xxxx" MMC-nin direktoru kimi onun qarşısında olan və məhkəmə qaydasında icrası məcburi hesab olunan məsuliyyətdən və vəzifələrdən yayınmaq məqsədi güdür. Şərh olunanlara əsasən İddiaçı iddia tələblərinin təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Lakin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizələrini təqdim edərək, iddiaçının fəaliyyətindən tam razı olduqlarını, onun fəaliyyəti ilə bağlı hər hansı iddialarının olmadığını, İddiaçı “xxxx” MMC-nin direktoru vəzifəsindən və qanuni təmsilçisi kimi X4 reyestrindən çıxarılmasına və onların iştirakı olmadan məhkəmə prosesinin aparılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki iş materiallarında olan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubunun surətindən görünür ki, Mən İddiaçı (ŞV AZE ********, 09.10.2013, ASAN 3, Bakı, Qaradağ rayonu, Lökbatan qəs. Nizami küç. Ev 5, mən.2) VÖEN-i ********** olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra Cəmiyyət adlanacaq ) qanuni təmsilçisi qismində ikinci iş yeri olaraq direktor vəzifəsində qeydiyyatdan keçmişəm. Ötən ilin əvvəllərindən Cəmiyyətin Təsisçilərinə (Təsisçilər: Cavabdeh1, ŞV AA*******, 04.12.2020, ASAN 3, ünvan 1 ünvanı; Cavabdeh2, ŞV AZE 0*******, 05.06.2007, ünvan 2 ünvanı; Cavabdeh3, ŞV AZE ********, 22.02.2016, ünvan 3 ünvanı) dəfələrlə şifahi müraciət edərək səhətimdə yaranmış problemlə əlaqədar direktor vəzifəsindən məni azad etmələrini xahiş etdim. Lakin yığıncaq keçirdib qərar vermədilər. Belə olan halda 31 avqust 2020-ci ildə Cəmiyyətin təsisçilərinin hər birinə poçt vasitəsi ilə (ərizələrin və qəbzlərin surəti məktuba əlavə olunur) işdən azad olunmağım üçün ərizə göndərdim. Bir cavab almadım. Yenidən Təsisçilərə 21 sentyabr 2020-ci il tarixdə təkrar işdən azad edilməyim üçün ərizə yazıb (ərizələrin və qəbzlərin surəti məktuba əlavə olunur) poçt vasitəsi ilə göndərdim. Yazdığım ərizədə eyni zamanda qeyd etdim ki, 04 oktyabr 2020-ci il tarixdən mən işə çıxmayaeam. Buna baxmayaraq mənim Cəmiyyətin direktoru vəzifəsindən azad olunmağım barədə hələ də heç bir qərar verilməmişdir. Odur ki, yuxanda qeyd olunanları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsini nəzərə alaraq məni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçiliyindən çıxartmağınızı artıq dərəcədə Sizdən xahiş edirəm. İş materiallarına əlavə edilmiş ərizələrin surətindən görünür ki, Ağayev X1 Bürhan Əhməd oğluna, Cavabdeh2 və Cavabdeh3, “xxxx” MMC-yə müraciət edərək, Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Nizamnaməsinin surətindən görünür ki, cəmiyətin nizamnamə kapitalı 30 manat həcmindədir və hər biri 1 manat olmaqla 30 paydan ibarətdir. (2.1-ci bəndi) Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh1 – 10 manat, 10 pay pul şəklində, Cavabdeh2 - 10 manat, 10 pay pul şəklində, Cavabdeh3 - 10 manat, 10 pay pul şəklində.(2.2-ci bəndi) İş materiallarında olan Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi İddiaçıdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “xxxx” MMC-nin Nizamnaməsinin surətindən görünür ki, cəmiyətin nizamnamə kapitalı 30 manat həcmindədir və hər biri 1 manat olmaqla 30 paydan ibarətdir. (2.1-ci bəndi) Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh1 – 10 manat, 10 pay pul şəklində, Cavabdeh2 - 10 manat, 10 pay pul şəklində, Cavabdeh3 - 10 manat, 10 pay pul şəklində.(2.2-ci bəndi). Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi İddiaçıdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanlayaraq, onun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçiliyindən çıxarılmasını xahiş etmiş, habelə, Ağayev X1 Bürhan Əhməd oğluna, Cavabdeh2 və Cavabdeh3, “xxxx” MMC-yə müraciət edərək, Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, lakin onun müraciətləri cavablandırılmamışdır. Hazırda iddiaçı bildirir ki, hüquqi şəxsin qanuni nümayəndəliyindən çıxarılmaması səbəbindən hüquqları pozulur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia tələbini qəbul edir, heç bir pretenziyalarının olmadığını qeyd edirlər. Lakin digər cavabdeh Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddiaçının sözügedən iddia tələbini irəli sürməklə "xxxx" MMC-nin direktoru kimi onun qarşısında olan və məhkəmə qaydasında icrası məcburi hesab olunan məsuliyyətdən və vəzifələrdən yayınmaq məqsədi daşıdığını bildirir. Göründüyü kimi, cavabdehlər “xxxx” MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı arasında olan mübahisə əmək münasibətləri çərçivəsində yaranmışdır. Hazırki mübahisəyə Əmək Məcəlləsinin müddəaları rəhbər tutularaq qiymət verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci mаddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikasının “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun: 9.1-ci maddəsinə əsasən, Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X4 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdehlərin İddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsinə dair ərizəsinin təmin edilməməsi habelə, bu barədə məlumatın qanunvericiliyə əsasən hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin qərarının müvafiq ərizə ilə birlikdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya X4 qeydiyyatı idarəsinə göndərmək vəzifəsini icra etməməklə hərəkətsizliyi qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-7-ci maddəsinə əsasən, bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 91.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək aiddir. “xxxx” MMC-nin Nizamnaməsinin 4.1-ci bəndinə əsasən, cəmiyyətin ali idarətetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Həmin Nizamnamənin 4.3-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilir. Həmin Nizamnamənin 4.4-cü bəndinə əsasən, direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər verir. Həmçinin hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin qərarı ilə bağlı məsələ cavabdeh “xxxx” MMC-nin ümumi yığıncağında həll edilən məsələlərə aid edilir. Azərbaycan Respublikası MM-nin 91.1-ci maddəsinin tələbinə əsasən, Məhdud Məsuliyyətli Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Mülki mübahisədən görünür ki, hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi ilə bağlı Ümumi Yığıncağın hazırki mübahisəli məsələ ilə bağlı çağırılması, bununla bağlı qərar qəbul etməsi və s. kimi hallar iş materiallarından müəyyən edilmir. Digər tərəfdən də iddiaçının cavabdehlərə yazılı müraciətləri cavabsız qalmaqla, əmək müqaviləsinə xitam verilməmiş, o cümlədən informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə müvafiq bildiriş də daxil edilməmişdir. Məhkəmə iddia tələbinin “təsisçilərdən biri Cavabdeh3 qanuni təmsilçi kimi X4 reyestrinə daxil edilməsi” hissəsinə münasibətdə isə iddia tələbini əsassız hesab edir, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Belə ki, hazırki tələb heç bir hüquqi əsasa söykənmir, o cümlədən də qanunvericiliyin müddəalarından göründüyü kimi, həmin hissədə tələblərin təmin edilməsi məhkəmənin səlahiyyətinə daxil deyildir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi yuxarıda göstərilən hissələrdə əsaslı və qanunidir, ona görə də iddia qismən təmin edilməli cavabdehlər “xxxx” MMC-nin üzərinə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, “xxxx” MMC-nin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və iddiaçının işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya X4 qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyi həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-nin üzərinə İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, “xxxx” MMC-nin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya X4 qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyi həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar