Məhkəmə qərarları › İş №2(005)-2279/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2279/2022

25.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2279/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ccavabdehlər Cavabdehnə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında “İntizam tənbehinin tətbiqi barədə Cavabdeh K-1552 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin icrası haqqında" Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K-112 nömrəli əmrinin və Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə“ xx.xx.2022-ci il tarixli, 12 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı qüvvəsini alana qədər olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İntizam tənbehinin tətbiqi barədə Cavabdeh K-1552 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin icrası haqqında1' Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K - İ İ 2 nömrəli əmri ilə Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə 03 fevral 2022-ci il tarixdən ləğv edilmişdir.Əmrin verilməsinə əsas kimi Cavabdeh K-1552 nömrəli, xx.xx.2021 -ci il tarixli əmri, Nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli xidməti məlumatı, Ağdam Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolundan çıxarış, izahat və xx.xx.2021-ci il tarixli akt göstərilmişdir.İddia ərizəsinə əlavə edilmiş Cavabdeh K-1552 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, həmin əmr Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1290/2 nömrəli əmrinə əsasən Mingəçevir şəhərində yerləşən Ağdam rayon 24 nömrəli tam orta məktəbdə və digər iki orta təhsil müəssisələrində aparılmış yoxlamaların nəticələrinə dair verilmişdir və əmrin 5.1-ci bəndində Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı xəstə olması ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq, o, işə çıxdıqdan sonra fəaliyyətində yol verdiyi nöqsanlara görə barəsində intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi İnsan resursları şöbəsinə tapşırılmışdır.Mübahisələndirilən əmrin qəbul edilməsinə əsas kimi qeyd olunmuş Nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli xidməti məlumatı və Ağdam Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolundan çıxarış iddiaçıya təqdim olunmadığına görə onların məzmunu tərəfimizdən müəyyən edilməmişdir.Mübahisələndirilən əmrin qəbul edilməsinə əsaslardan biri olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh İnsan resursları şöbəsinin məsləhətçiləri Rəşad Musayev, Tükəzban Quliyeva və iddiaçı tərəfindən akt tərtib edilmişdir ondan ötrü ki, məktəbdə araşdırma zamanı aşkar olunmuşdur ki:Saat 09:45 radələrində məktəbin texniki işçilərindən katibə, laborant, xadimələr, kitabxanaçı və uşaq birliyi təşkilatının rəhbəri işdə deyildilər;İddiaçı tərəfindən əmr kitabı təqdim olunsa da, əmr kitabının evdə olduğu, dərs cədvəlinin ümumiyyətlə olmadığı, pedaqoji prosesi izləmək üçün məktəbdə hər hansı təsdiqedici sənədin olmaması müəyyən edildi. Məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilməmiş və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildiriş sistemdən çıxarılmamışdır.Yuxarıda göstərilən aktda sadalanan əsaslarla iddiaçının əmək funksiyası və əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi nəticəsinə gəlinmiş və mübahisələndirilən əmrlə iddiaçı barəsində onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi intizam tənbeh tədbirinin tətbiq olunması qərara alınmış və onunla bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir.Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə” xx.xx.2022-ci il tarixli, 12 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.İddiaçı mübahisənin məhkəmədən kənar həlli ilə əlaqədar cavabdehlərə mediasiya prosesinə dəvət cdiməsinə dair ərizə ilə müraciət edərək onları mediasiya prosesində iştiraka dəvət etmiş, lakin cavabdelılər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Bu barədə arayış iddia ərizəsinə əlavə edilmişdir.Aşağıdakılara əsasən hesab edilir ki, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında “İntizam tənbehinin tətbiqi barədə Cavabdeh K-1552 nömrəli, xx.xx.2021-ci ıl tarixli əmrinin icrası haqqında” Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K-112 nömrəli əmri və Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə” xx.xx.2022-ci il tarixli, 12 nömrəli əmri qanunsuz və əsassız olduqlarına görə ləğv edilməlidir.İlk olaraq məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı müəllim kimi əmək fəaliyyətinə 1995-ci ildə Ağcabədi rayonunda müvəqqəti yerləşən Ağdam rayon 91 nömrəli tam orta məktəbində başlamış, əmək fəaliyyətinə Bərdə şəhərində yerləşən Ağdam rayon 12 nömrəli tam orta məktəbində və daha sonra Mingəçevir şəhərində müvəqqəti yerləşən Ağdam rayon 74 saylı orta məktəbində davam etmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən Mingəçevir şəhərində müvəqqəti yerləşən Ağdam rayon 24 nömrəli tam orta məktəbinin direktor vəzifəsinə təyin olunmuşdur. Təyin olunduğu vaxtdan əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2022-ci il tarixə kimi iddiaçı barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, işlədiyi kollektivdə və tabeçiliyində olduğu təşkilatlarda böyük nüfuz və hörmətə malik olmuşdur. Məhkəmənin nəzərinə iddiaçının peşəsinə, yüksək müəllim adına şərəflə xidmət etməsinə, rəhbər işçi kimi yüksək idarəçilik qabiliyyətinə, səriştəsinə malik olmasına, vətəndaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə dəlalət edən bəzi mühüm məsələləri çatdırmağı zəruri hesab edilir. İddiaçı 2001-ci ildə direktor vəzifəsinə təyin edildiyi Ağdam rayon 24 nömrəli tam orta məktəbi həmin vaxt Mingəçevir şəhəri 11 nömrəli tam orta məktəbinin binasının bir hissəsində fəaliyyət göstərirdi, iddiaçının rəhbərlik etdiyi icma onun təşəbbüsü və müəllifliyi ilə 2001-ci ildə ABŞ-ın “Uşaqların xilası təşkilatı” tərəfindən keçirilmiş qrant layihəsində iştirak edərək iddiaçının müəllifi olduğu layihə qalib olmuş, Mingəçevir şəhərində yerləşən tikintisi tam başa çatmamış mədəniyyət evinin bir korpusu ayrılmış 7000 ABŞ dolları məbləğində qrant hesabına tam təmir edilmiş və Ağdam rayon 24 nömrəli tam orta məktəbi ora köçmüşdür. 2004-cü ildə Ağdam rayon 24 nömrəli tam orta məktəbinin yerləşdiyi ərazidə yaşayan məcburi köçkünlər Mingəçevir şəhərinin digər ərazisində salınmış köçkün qəsəbəsinə yerləşdirildiklərinə görə, məktəbin də həmin qəsəbəyə köçməsi tələb olunurdu. Lakin yeni salınmış qəsəbədə məktəb binası inşa edilmədiyinə görə bu mümkün olmamışdır. İddiaçı həmin qəsəbədə məktəb binasının inşası üçün rəhbərlik etdiyi icmanın adından yeni qrant layihəsi hazırlamışdır və həmin layihə uğur qazanaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan (maliyyəçi Dünya Bankı olmuşdur) 200000 (iki yüz min) manat qrant (əvəzi ödənilməyən maliyyə yardımı) udmuşdur. Udulmuş vəsaitin 3 faizini, yəni 6000 (altı min) manat məbləğində vəsaiti qrant layihəsinin şərtlərinə uyğun qaydada məcburi icma payı olaraq iddiaçı tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Qrant layihəsinə dair sənədlər və iddiaçı tərəfindən ödənilmiş vəsaitlərin ödəniş qəbzləri iddia ərizəsinə əlavə edilmişdir. 2008-ci ildə məktəbin hal-hazırda fəaliyyət göstərdiyi binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Məktəb binası inşa edildiyi dövrdə isə yenə iddiaçının təşəbbüsü ilə ayrı-ayrı mənbələrdən xeyriyyə məqsədi ilə verilmiş maddi yardım vəsaitinin hesabına mobil tipli müvəqqəti məktəb inşa edilmiş və məktəbin fəaliyyəti davam etdirilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, yuxarıda sadalanan təşəbbüslər və görülən işlər dövlətin mənəvi dəstəyi ilə iddiaçı tərəfindən həyata keçirilmişdir.Digər bir xüsusatı da məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının direktor vəzifəsində işlədiyi dövrdə dəfələrlə məktəbdə tədris və təlim-tərbiyə işinin təşkili, maliyyə-təsərrüfat fəaliyyəti yoxlanmış və heç bir pozuntu aşkar edilməmişdir. Son olaraq 2021-ci ilin fevral ayında Təhsli Nazirliyinin Audit və daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən məktəbin maliyyə-təsərrüfat fəaliyyətinə dair səndələr təftiş edilmiş və hər hansı bir pozuntu aşkar edilməmişdir.13.xx.xx.2021 -ci il tarixli aktda göstərilən nöqsanlarla bağlı məhkəmənin nəzərinə çatdırırlar ki, istənilən müəssisədə, o cümlədən təhsil müəssisələrində də işçilərin işə gecikməsi və digər əmək intizamının pozulması halları baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə hesab edirlər ki, həmin müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən akt tərtib olunan gün Nazirliyin əməkdaşları tərəfindən aparılan qəfil yoxlama zamanı məktəbin pedaqoji kollektivinin pandemiya şəraitinə baxmayaraq bütün heyyətlə məktəbdə olmaları, dərslərin vaxtında və şagirdlərin yüksək davamiyyəti ilə aparıldığı müşahidə edilmişdir. Dərs cədvəlinin tərtib edilməməsi bağlı aktda göstərilənlər əlaqədar olaraq məhkəmənin nəzərinə çatdırılır ki, dərs cədvəlinin qaralama forması hazır olsa da, həmin cədvəlin tərtib edilməsinə cavabdeh olan direktor müavininin səhhətində olan problemlərlə əlaqədar müalicə alması və buna görə də dərs cədvəlinin səliqəli formada tərtib edilməsinin yubadılması halı baş vermişdir.Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, tədrismetodiki sənədlərin hazırlanması, dərs cədvəllərinin tərtib edilməsi kimi fəaliyyət direktorun deyil, tədris və təlim-tərbiyə üzrə direktor müavininin normativ sənədlərlə müəyyən edilmiş əsas vəzifələrinə daxildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil Sahəsi işçilərinin X1 Tarif - X3" nın XVİİ bölməsinin 1, 3 və 7-ci bəndlərində təlim-tərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir.Məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməməsi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmaması ilə bağlı bildiririk ki, məktəbin coğrafiya müəllimi öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Müvafiq əmrin hazırlanıb Ağdam rayon Təhsil şöbəsinə təqdim olunması ərizə verilən günün ertəsi günündə iddiaçının dərslərinin olması və Ağdam rayon Təhsil şöbəsinin yerləşdiyi ünvanın təxminən 100 km məsafədə olmasına görə 1 gün yubanmışdır.Digər tərəfdən qüvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin bu barədə işçi tərəfindən ərizə verildiyi gün tərtib edilməsinin zəruri olması ilə bağlı tələb yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsində 1-ci bəndində göstərilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Məmin normanın 3-cü bəndində isə qeyd olunur ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.Göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsi yalnız 69-cu maddənin 3-cü bəndində sadalanan hallarda ərizədə göstərdiyi gün ləğv edilə bilər, digər hallarda isə işçi 1 aylıq xəbərdarlıq müddətinə əməl etməlidir. Əlavə olaraq 69-cu maddənin 3-cü bəndi isə imperativ norma olmayıb, işəgötürənin üzərinə məcburi vəzifə qoymur. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, xx.xx.2021-ci il tarixində verilmiş ərizə üzrə əmrin yoxlamanın başladığı 22.10.202 l-ci il tarixdə saat 09:00 radələrinə kimi əmrin verilməməsi pozuntu kimi qiymətləndirilə bilməz.Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edilir ki, 27 il kimi uzun müddət qüsursuz pedaqoji fəaliyyət göstərmiş, direktor olduğu dövrdə rəhbərlik etdiyi məktəbin binayla təhciz edilməsində, məktəbin normal fəaliyyət göstərməsində əməyi olmuş iddiaçının əmək müqaviləsinə yuxarıda sadalanan əsaslarla əmək qanunvericiliyinin ən sərt maddələrinin biri ilə xitam verilməsi həm ədalətsiz, həm də qanunsuz olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ******* saylı Əmək kitabçasının surətindən görünür ki, K- 112 saylı, xx.xx.2022-ci il tarixli Əmrə əsasən Ağdam rayonu 24 №-li tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ağdam rayon 24 nömrəli tam orta məktəbin “Aktı”ndan görünür ki, Biz, aşağıda imza edənlər: İnsan resursları şöbəsinin məsləhətçiləri Rəşad Musayev, Tükəzban Quliyeva, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı aktı tərtib edirik ondan ötrü ki, məktəbdə araşdırma zamanı aşağıdakılar aşkar olunmuşdur: 1. Məktəbə 09:45-də daxil olarkən texniki işçilərdən yalnız Əliyeva Raxşəndə məktəbdə idi, katibə Məmmədova Aytən, laborant Əyyubova Xəyalə, xadimələr Zeynalova Xəyalə, Quliyeva Gülnarə, İmanova Afaq, Rüstəmova Mahirə, kitabxanaçı Məmmədova Fidan, uşaq birliyi təşkilatı rəhbəri Əmirova Şəlalə işdə deyildi. 2. Məktəbin direktoru İddiaçı tərəfindən əmr kitabı təqdim olundu. Direktor əmr kitabının evində olduğunu bildirdi.Dərs cədvəli ümumiyyətlə yoxdur. Pedoqoji prosesi izləmək üçün məktəbdə hər hansı təsdiqedici sənəd yoxdur. 3. İddiaçı şifahi olaraq bildirdi ki, məktəbin coğrafiya müəllimi Fərzəliyev Elçinlə bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Lakin əmək müqaviləsini ləğv edilməsi ilə bağlı əmr verilməmiş və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildiriş sistemdən çıxarılmamışdır. Elçin Fərzəliyevin dərs yükü (12 saat) vakansiyaya çıxarılmamış, vakant yer barədə Ağdam Rayon Təhsil Şöbəsinə məlumat verilməmişdir. Direktor şifahi formada bildirdi ki, məktəbin tarix müəllimləri Paşayeva Gülər və Qaraşova Aytən coğrafiya fənnindən diaqnostik qiymətləndirmədə iştirak etmədiyi halda həmin dərs saatları onlara həvalə edilib. Həmin dərs saatlarını kimin tədris etməsi ilə bağlı təsdiqedici sənəd yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, bu arayış İddiaçı işə bərpa tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 15:00-dan 16:00-dək saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında 2-ci tərəf Təhsil Nazirliyinin nümayəndəsi iştirak etmədiyini təsdiq etmək üçün verilir. İddiaçı (***-***-**-**) və AR Təhsil Nazirliyinə ilkin mediasiya sessiyasının tarixi, xx.xx.2022-ci il tarixdə saatı və yeri barədə 7 gün əvvəlcədən sms və məktub vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi. AR Təhsil Nazirliyinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədi. İş materiallarında olan 188628 saylı SN00007 seriya nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsininin surətindən görünür ki, İddiaçı iki tərəfli bronxopnevmoniya diaqnozu ilə xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. İşə başlamalı olduğu tarix xx.xx.2022-ci il tarixidir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin 108 nömrəli 23 dekabr 2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı xəstəliyə görıə bülletendə olması səbəindən 24 nömrəli köçkün tam orta məktəbin direktor vəzifəsi müvəqqəti olaraq həmin məktəbin təşkilatçısı X2 həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Ağdam rayonu 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı xəstə olması ilə əlaqədər işə çıxmadığı nəzərə alaraq, o işə çıxdıqdan sonra fəaliyyətində yol verdiyi nöqsanlara görə barəsində intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı zəruri tədbirlər görülsün. İş materiallarında olan “Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin icrası haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı İntizam tənbehinin tətbiqi barədə əmrinin surətindən görünür ki, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı İntizam tənbehinin tətbiqi barədə əmrinin surətindən görünür ki, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilsin. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2001-ci il tarixdən Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktor vəzifəsi həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli, K-112 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü və 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Ağdam rayon 24 saylı tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrlərinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76, 83 və 187-ci maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə mübahisələndirilən əmr ilə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 3 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı, 83-cü və 187-ci maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrləri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrlərinin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrləri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrləri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar