Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2282/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri Nümayəndə və X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 67/İX nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatda “işə qəbul və sənədləşdirmə şöbəsi”nin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli 67/İX nömrəli Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir və sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı bildirir ki, mübahisə ilə bağlı əvvəlcə mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhər 2 saylı Mediasiya Təşkilatının arayışını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İşlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtlı-vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. İddiaçı barəsində verilən işdən çıxarılma əmrini aşağıdakı əsaslarla qanunsuz hesab edir. Əmrin verilməsinə səbəb kimi 2 “nöqsan” qeyd edilmişdir ki, bunlar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində guya işdə icazəsiz olmaması və cavabdeh təşkilata məxsus “Asan imza” ilə 200dən çox əməkdaşın əmək müqaviləsinin uzadılması və əmək haqqının artırılması olmuşdur. Əvvəla iddiaçı bildirir ki, o iş yerini özbaşına tərk etməmişdir. Həmin müddətdə digər iş yoldaşı X7 ilə birlikdə məzuniyyət barəsində ərizə yazaraq rəhbərliyə təqdim etmiş və Gürcüstan Respublikasına səfər etmişdirlər. Maraqlı və qanunsuz məqam ondan ibarətdir ki, onunla birlikdə şirkətin əməkdaşı eyni hərəkətləri etsələr də, onun məzuniyyət ərizəsi məhv edilmiş və guya işi özbaşına tərk etməyi aktlaşdırmışdır. X1 həmin dövrlərdə işdə hesab edilməklə əmək haqqı almışdır. Bu fakt Əmrin bu hissəsinin qərəz əsasında tərtib edildiyini və qanunsuz olduğunu tam sübut edir. Lazım olduğu təqdirdə X7 məhkəmədə şahid kimi ifadə verə bilər. Həmçinin iddiaçı bildirir ki, o cavabdeh təşkilatın “Asan imza”sından istifadə etməmişdir. İddiaçıya bu barədə rəhbərlik tərəfindən heç bir səlahiyyət verilməyib. Yəni əmək müqavilələrinin vaxtının uzadılması və ya elektron sistemdəki digər hərəkətlər onun tərəfindən icra olunmayıb. Qanunvericiliyin tələbinə əsasən “Asan imza” məsul şəxsin və ya ona etibarnamə üzrə səlahiyyət verilmiş şəxsin istifadəsindədir və onun belə bir səlahiyyəti olmayıb. Hətta cavabdeh təşkilatın əməkdaşlarının müqavilə müddətinin uzadılması ilə bağlı dəlilləri o qədər formal və əsassızdır ki, həmin müqavilələrin bir çoxunun uzadılması tarixləri iddiaçının işə qəbulundan əvvəlki tarixlərə aiddir. İddiaçı bildirir ki, barəsində qəbul edilmiş işdən çıxarılma əmrinin hər iki dəlilləri qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın İnsan Resurslarının Departamentinin ona qarşı qərəzinin və aqressiyasının nəticəsi olaraq ağır maddə ilə işdən çıxarıldığını bildirir. Həmçinin onun tərəfindən məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi üçün X6 də müraciət edilmişdir. Araşdırmanın nəticəsi olaraq ona yekun cavab hələ gəlməmişdir. İddiaçı məhkəmə iclaslarında həmin sənədi təqdim edəcəyini bildirir. Cavabdeh MMC-nin baş direktoru X12 iddia tələbinə qarşı xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək müqaviləsinin ləğvinin qanuni və əsaslı olduğunun nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında ilk dəfə xx.xx.2022-ci il tarixdə tərəflərin iradələrinə uyğun olaraq Əmək Müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMCdə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-yə işə qəbul edilərkən aylıq əmək haqqı 1.115 manat məbləğində müəyyən edilməklə onunla 1 aylıq (xx.xx.2022-ci il tarixədək) X10 bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 13 mart 2024-cü il tarixli 67/İX nömrəli ƏMR ilə xitam verilmişdir. Sözügedən əmrdə İddiaçı Əmək Müqaviləsinə xitam verilməsinin 3 səbəbi göstərilmişdir: 1. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü tarixdən xx.xx.2024-cü il tarixədək işəgötürənə məlumat vermədən, icazə almadan və üzrlü səbəb olmadan işə gəlməməsi; 2. İşəgötürənin razılığı olmadan onun faktiki istifadəsində olan ASAN İmza vasitəsilə özünün və 200 yüz nəfərdən çox digər əməkdaşın əmək müqaviləsini qanunsuz şəkildə, birtərəfli qaydada ƏMAS ALT sistemində uzatması; 3. İşəgötürənin razılığı və icazəsi olmadan ASAN İmza vasitəsilə qanunsuz olaraq ƏMAS ALT sistemində özünün əmək müqaviləsinə dəyişiklik edərək əmək haqqının artırılması və əmək müqaviləsinin müddətsiz etməsi. Lakin iddiaçı iddia ərizəsində əmək haqqının özü tərəfindən artırılması məsələsinə münasibət bildirməmişdir. İddia ərizəsində qeyd edilən aşağıdakı xüsusatlar reallığı əks etdirmədiyi üçün cavabdeh etirazını bildirir: 1. iddiaçı ərizəsində qeyd edir ki, əmək funksiyalarını lazımınca yerinə yetirib, öhdəliklərini vaxtlı-vaxtında icra edib, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Həmçinin qeyd edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək güya işdə icazəsiz deyil, məzuniyyət ərizəsi verərək işi tərk etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 131-ci maddəsinin 3-cü bəndinə əsasən, işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. İddia ərizəsində də iddaçının özünün etiraf etdiyi kimi o işəgötürənin razılığını almadan və qanunvericiliyin tələblərinə uyğun şəkildə məzuniyyətə çıxmadan özbaşına şəkildə iş yerini üzrlü səbəb olmadan tərk edərək Gürcüstan Respublikasına istirahətə getmişdir. İddiaçı məzuniyyət barəsində ərizə yazmaqla bağlı iddia ərizəsində qeyd etdiyi halla bağlı cavabdeh onu qeyd edir ki, xx.xx.2024-cü ildə işə gəldikdən sonra İnsan Resursları Departamentinin Direktoru tərəfindən otağına çağırılaraq işdə olmamasının səbəbi aydınlaşdırılarkən, o xəstə olduğunu bildirmiş və xəstəlik vərəqəsi təqdim edəcəyini söyləmişdir. Daha sonra iş otağına qayıdaraq köhnə tarixə məzuniyyət ərizəsi və məzuniyyət əmri yazaraq İnsan Resursları Departamentinin Direktoruna təqdim edərək onun təsdiq edilməsini xahiş etmişdir. Odur ki, iddia ərizəsində qeyd etdiyi məzuniyyət ərizəsi xx.xx.2024-cü ildə işə qayıtdıqdan sonra yazılmışdır. Bununla bağlı video görüntülər vardır ki, məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir. İşçinin üzrsüz səbəbdən işdə olmaması faktı və izahat verməkdən imtinası işəgötürən tərəfindən aktlaşdırılmışdır. 2. İddiaçı qeyd edir ki, o cavabdeh təşkilatın ASAN İmzasından istifadə etməmişdir. Sual olunur ki, o işə qəbul və sənədləşdirmə şöbəsinin əməkdaşı olmuş, onun ƏMAS ALT sistemindəki əməliyyatlarını kim icra edirdi? İddiaçının ərizəsində qeyd etdiyi xüsusatla bağlı onu bildiririk ki, ASAN İmza faktiki olaraq İnsan Resursları Departamentinin və Mühasibatlıq Şöbəsinin əməkdaşlarında olmuşdur. Şirkətin direktorunda ASAN İmza heç vaxt faktiki olaraq mövcud olmamışdır. İddiaçı işçiləri işə qəbul edərkən onlarla bağlanan əmək müqavilələrinin sənədləşdirmə işlərini aparmaq səlahiyyətlərinə malik olmuşdur. Bu səlahiyyətlərindən istifadə edərək 200-dən çox işçinin əmək müqaviləsini ƏMAS ALT sistemində işəgötürənin razılığı olmadan uzatmışdır. Həmçinin iddiaçı ƏMAS ALT sistemində onunla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1.115 manat məbləğində əmək haqqı ilə razılaşdırılmış bir aylıq Əmək Müqaviləsində aşağıdakı dəyişiklikləri də etmişdir: 1. xx.xx.2023-cü il tarixdə Əmək Müqaviləsinə dəyişiklik edərək onu X8 etmiş və Əmək haqqısını isə 2.250 manat məbləğində müəyyən etmişdir. 2. xx.xx.2023-cü il tarixdə Əmək Müqaviləsinə dəyişiklik edərək onu X10 etmiş və Əmək haqqısını isə 1150 manat məbləğində müəyyən etmişdir. İddiaçı qeyd edir ki, onun və digər əməkdaşların əmək müqaviləsindəki dəyişiklikləri o, etməmişdir. Əgər belədirsə, işçinin əmək haqqı azaldılarkən və müqaviləsi X10nə dəyişdirilərkən niyə hansısa orqana və quruma bu barədə məlumat verməmişdir? Bu fakt onu göstərir ki, işçi ASAN İmzanın faktiki olaraq onda olmasından istifadə edərək işəgötürənin razılığı olmadan ƏMAS ALT Sistemində birtərəfli qaydada dəyişikliklər etmişdir. 3. xx.xx.2023-cü il tarixdə Əmək Müqaviləsinə dəyişiklik edərək onun bitmə tarixini xx.xx.2023-cü tarixinədək müəyyən etmişdir. Bununla da işəgötürənlə razılaşdırılmış 1 aylıq əmək müqaviləsinin müddətini işəgötürənin razılığı olmadan 8 aylıq əmək müqaviləsinə dəyişmişdir. Bu faktlar 200-ə yaxın işçidə də edilmişdir. 4. xx.xx.2023-cü il tarixdə Əmək Müqaviləsinə dəyişiklik edərək Əmək haqqısını 2.270 manat məbləğində müəyyən etmişdir. 5. xx.xx.2023-cü il tarixdə Əmək Müqaviləsinə dəyişiklik edərək Əmək haqqısını 1.300 manat məbləğində müəyyən etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Əmək Müqaviləsində əmək haqqısının 1.300 manata dəyişdirilməsi faktı işəgötürənin razılığı ilə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən sonra İddiaçı gross 1300 manat məbləğində əmək haqqı ödənilmişdir. Qalan dəyişikliklər işəgötürənin iradəsinə uyğun edilmədiyi üçün edilmiş dəyişikliklərə mütənasib əmək haqqı ödənilməmişdir. Həmçinin onu da qeyd edir ki, işəgötürənin razılığı ilə edimiş dəyişikliyə dair Əmək Müqaviləsinin kağız daşıyıcıda olan nüsxəsinə işəgötürənin imzası və möhürü vurulmuşdur. Qalan digər dəyişikliklər işəgötürən tərəfindən edilmədiyi üçün kağız daşıyıcıda olan nüsxələrdə imza və möhür yoxdur. 3. İddiaçı onun işdənçıxma barədə Əmrinə əlavə edilmiş Aktları və Dövlət Vergi Xidmətinin Məktublarını iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən Cavabdeh MMC-nin onlayn kargüzarlıq kabinetinə **********652300 saylı 2023-cü ilin İİİ rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” ilə həmin dövrə aid “əmək müqaviləsi bildirişi” məlumatlarının müqayisəsi zamanı müəyyən edilmiş “risklər” barədə Bildiriş daxil olmuşdur. Həmin bildirişdə qeyd edilir: “Hörmətli vergi ödəyicisi! Bildiririk ki, aparılmış təhlillər zamanı aktiv əmək bildirişlərinin məlumat bazasına və 2023-ci ilin İİİ rübü üzrə təqdim edilən bəyannamə məlumatlarına əsasən işçilərin iş yerinin tipi əsas və işləmədiyi iş günləri “0” olmasına baxmayaraq aktiv əmək müqaviləsi ilə müqayisə etdiyimiz zaman müvafiq vahid bəyannamədə işçilər üzrə əmək haqqı məbləği az bəyan edilmişdir. Vergi ödəyicisi fəaliyyətini muzdlu işçiləri cəlb etməklə həyata keçirdikdə, həmin şəxslərlə əmək müqaviləsi bağlamalı, əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınmalı və işçilərə qanunvericiliklə müəyyənləşdirilən məbləğdən az olmayan əmək haqqı hesablanmalıdır. Qeyd olunanlar nəzərə alınaraq 2023-cü ilin İİİ rübü üzrə hesablanmış əmək haqqı məbləğinin aktiv əmək bildirişlərinin məlumat bazasına uyğunlaşdırılması və vergi bəyannamələrinə müvafiq düzəlişlər edilərək işçilərə ödənilən əmək haqqı məbləğinin tam əks etdirilməsi Sizə bildirilir...” Bildirişdə qeyd edilən xüsustaları aydınlaşdırmaq üçün 15 yanvar 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aşağıdakı məzmunda müraciət ünvanlanmışdır: “**********652300 saylı uyğunsuzluq məktubuna cavab olaraq, yazıb sizdən xahiş edirik ki, uyğunsuzluq yaranmış işçilər barəsində daha ətraflı məlumat almağımıza köməklik göstərəsiniz.” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bizə aşağıdakı məzmunda cavab göndərilmişdir: “**********552300 Cavabdeh MMC-yə AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev, ev 26 VÖEN: ********** Müraciətinizə baxılmanın nəticələri barədə Əmək münasibətləri barədə xx.xx.2024-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********598600 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, 2023-cü ilin İİİ rüb üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” təqdim edilən zamanı İddiaçı (PİN: xxxxxxx) əmək müqaviləsi üzrə əmək haqqı məbləği aylar üzrə 2.270 manat olsa da, tərəfinizdən təqdim edilmiş müvafiq bəyannamədə əmək haqqı məbləği aylar üzrə 1300.00 manat göstərilmişdir (o cümlədən, 2023-cü ilin İİİ rübü üzrə işləmədiyi iş günlərinin sayı sıfırdır)”. 600-dən çox işçisi olan hüquqi şəxsin işçilərindən yalnız “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsində çalışan İddiaçı əmək haqqısında yaranmış bu cür uyğunsuzluq işəgötürənin təqsiri nəticəsində yaranmasını düşünmək ağalabatan deyil.
4. İddiaçı ərizəsində qeyd edir ki, barəsində qəbul edilmiş işdən çıxarılma əmrinin hər iki dəlili qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın İnsan Resursları Departamentinin ona qarşı qərəzinin və aqressiyasının nəticəsi olaraq ağır maddə ilə işdən çıxarılmışdır. Yuxarıda qeyd edilən xüsusata etiraz edərək cavabdeh bildirir ki, işçi tərəfindən yuxarıda sadalanan qanunsuzluqlar, özbaşınalıqlar nəticəsində Dövlət Vergi Xidmətinin xəbərdarlıq bildirişini aldıqdan və işçi tərəfindən işəgötürənənin razılığı və icazəsi olmadan iş yerini tərk edərək Gürcüstan Respublikasına istirahətə getməsi halından sonra və s. digər faktların məcmusuna əsaslanaraq əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd edilən faktardan da görünür ki, işçiyə qarşı hər hansı qərəzdən söhbət gedə bilməz. İşçinin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə xitam verildikdən sonra qeydiyyat ünavanı Füzuli rayonu olduğu üçün və faktiki yaşayış yeri onlara məlum olmadığı üçün əmrin surətinin, Əmək Kitabçasının əsli onun şəxsi mobil nömrəsinə mesaj göndərilərək Baş ofisdən götürülməsi xahiş edilmişdir. Və son haqq-hesabı isə əmək haqqı kartına köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlilləri ilə eyniməzmunlu izahat verdi, bundan əlavə məhkəmə çıxışında göstərdi ki, iddiaçının himayəsində 1-ci qrup əlilliyi olan şəxslər var. Belə olan halda, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə hazırki əsasla xitam verilə bilməz. Bundan əlavə, 70-ci maddənin "xxxx" bəndi ilə əmək müqaviləsinə xitam verilməsi iddiaçının sonrakı həyatına da ciddi təsir etdiyindən, işəgötürən bu maddəni tətbiq edərkən əmri kifayət qədər əsaslandırmalıdır. Eyni zamanda “ASAN” imza işəgötürənə məxsusdur və hər hansı sənəd olmadan şifahi qaydada elektron imzanın işçiyə verilməsi yolverilməzdir. Belə olan halda, iddiaçının imzadan özbaşına istifadə etməsi mümkün deyil. Digər tərəfdən, iddiaçı ilə birlikdə başqa əməkdaşın da xarici ölkəyə səfər etməsinə baxmayaraq, həmin işçi barəsində heç bir tədbir görülməmiş və yalnız iddiaçı barəsində formal aktlar tərtib edilməklə onun işdə olmaması halı göstərilmişdir. Göstərdiklərinə əsasən, məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi . Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı işəgötürənin məzuniyyət barədə hər hansı icazəsi olmadan xarici ölkəyə səfər etmişdir. Şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, işəgötürənin bu barədə şifahi razılığı belə olmamışdır. Bundan əlavə, hazırki mərhələdə yeni sübut qəbul edilməsi yolverilməzdir. İddiaçı işə qəbul olunarkən himayəsində əlilliyi olan şəxslərin mövcudluğu barədə hər hansı sənəd tələb olunmadığından, işəgötürən ümumiyyətlə belə bir halın olmasından xəbərdar olmamışdır. Bundan əlavə, təqdim olunan çıxarışın mötəbərliyi də hazırda şübhə doğurur. Çünki, iddiaçı dəfələrlə digər əməkdaşlara atasının rəhmətə getdiyini bildirmişdir, Halbuki təqdim olunan çıxarışda hazırda onun əlillik dərəcəsinin olduğu göstərilir. Həmçinin, iddiaçı öz mülahizəsi əsasında əmək haqqı məbləğini banklardan kredit vəsaiti əldə etmək məqsədilə artırıb-azaltmışdır. Bütün qeyd olunan hallar nəzərə alınmaqla, tərtib olunan əmr kifayət qədər əsaslandırılmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X9 digər nümayəndə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, 2023-cü ildən etibarən cavabdeh müəssisədə çalışır. İddiaçı ilə birlikdə işlədiyindən onu da tanıyır. İddiaçı və digər əməkdaşın xarici ölkəyə səfər etməsi ilə bağlı aviabiletlər əvvəlcədən alınmışdır. Lakin onlar Şeyla xanıma bununla bağlı müraciət etdikdə, Şeyla xanım hər ikisinin eyni anda xarici ölkəyə getməsinin mümkün olmadığını bildirmişdir. Bu müzakirə onun iştirakı ilə baş verdiyindən həmin məsələdən xəbərdar olmuşdur. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı Şeyla xanıma etiraz edərək, cavabında xarici ölkəyə səfər edəcəyini bildirmişdir. O, cavabdeh müəssisənin müvafiq filialında çalışır, bəzən baş ofisə gəlib-getməli olurdu. İddiaçının sonradan ərizə yazmasını videokameralara baxış keçirildikdən sonra müşahidə etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki, o, cavabdeh müəssisədə sənədləşmə şöbəsinin müdiri vəzifəsində çalışır və iddiaçı ilə birlikdə 6-7 ay müddətinə eyni şöbədə işləmişdir. Artıq 1 ildir ki, cavabdeh müəssisədə çalışır və əvvəlcə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Həmin zaman iddiaçı aparıcı mütəxəssis vəzifəsində idi və o, da iddiaçının fəaliyyətinə nəzarət edirdi. Lakin iddiaçı demək olar ki, heç bir göstərişlərə tabe olmurdu. İşəgötürənin “ASAN” imzası faktiki olaraq onların şöbəsində olurdu və o, cavabdeh müəssisəyə işə qəbul olana qədər bütün əməliyyatları iddiaçı edirdi, sonradan işçilərin qəbulu və azad olunması ilə bağlı əməliyyatların icrası rəhbərlik tərəfindən ona həvalə olunmuşdur. “ASAN” imza üzərindən müqavilələrə dəyişiklik olunması səlahiyyəti isə iddiaçıda qalmışdır. “ASAN” imza onun və iddiaçının istifadəsində olmuşdur. Yalnız iddiaçı işə qəbul olunmazdan əvvəl iddiaçının işdə olmadığı vaxtlar Ş.Əlizadə “ASAN” imzadan istifadə etmişdir. Əmək haqqının artırılması ilə bağlı əməliyyatı iddiaçı icra etsə də, işəgötürənin imzası və möhürü olmalıdır və möhürlə bağlı səlahiyyətlər isə ondadır. İddiaçı barəsində isə belə bir müraciət və əmr mövcud olmamışdır. İşçilər məzuniyyətlə bağlı 2-3 həftə əvvəlcədən şifahi şəkildə bildirir, sonra ərizə ilə müraciət edirlər. Həmin ərizə insan resursları şöbəsi tərəfindən təsdiqləndikdən sonra əmrləşdirilir. Məhkəmə iclasında dindirilmiş şahid Ramil İmanov ifadəsində bildirmişdir ki, o, 2019cu ildən etibarən cavabdeh şirkətdə çalışır. İddiaçını şirkətin əməkdaşı kimi tanıyır. Ondan tələb ediliyi zaman iddiaçının printerindən çap olunan sənədlərin adını çıxarış formasında təqdim etmişdir. Şəbəkə printerlərində çap olunan faylın adı görünür. Şəbəkə printerinin admin interfeysində çapla bağlı məlumatlar, yəni sənədin adı, istifadəçinin adı, tarix və s. görünür. Dinara xanımın adına çıxarış təqdim olunmasının səbəbi kompüterin əvvəllər onun istifadəsində olması ilə bağlıdır və sonradan həmin kompüter iddiaçının adına dəyişdirilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin sonunda tərəflərin imzaları və MMC-nin möhürü mövcuddur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, X10nin müddətinin qurtardığı vaxt xx.xx.2022-ci il, işçinin aylıq əmək haqqı 1.115 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2022-ci ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətsiz bağlanmış və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 2.250 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür yoxdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmaqla, işçinin aylıq əmək haqqı 2.250 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətli, yəni xx.xx.2023-cü il tarixədək bağlanmış və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 1.115 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür yoxdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, X10nin müddətinin qurtardığı vaxt xx.xx.2023-cü il, işçinin aylıq əmək haqqı 1.115 manat müəyyən edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətli bağlanmış və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 1.115 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür yoxdur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətli olmaqla, X10nin müddətinin qurtardığı vaxt xx.xx.2023-cü il, işçinin aylıq əmək haqqı 1.115 manat müəyyən edilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü ildir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2022-ci il müəyyən edilməklə, əmək müqaviləsi müddətli olmaqla, X10nin müddətinin qurtardığı vaxt xx.xx.2023-cü il və əmək müqaviləsi üzrə işçiyə ödənilən aylıq əmək haqqı 1.300 manat müəyyənləşdirilmişdir. Müqavilədə tərəflərin imzaları və MMC-nə məxsus möhür mövcuddur. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də tərəflərin imzalarının və MMC-nin möhürünün olmadığı Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqavilələri və həmin tarixlərdə sistemə daxil edilmiş Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri mövcuddur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoruna MMC-nin İnsan Resursları departamentinin direktoru Şeyla Mahmudova tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli təqdimatın məzmunundan müəyyən olunur ki, İddiaçı heç bir məlumat vermədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək işə gəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki,Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İmtina aktının surətindən görünür ki, Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 67/İX nömrəli Əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir. İşçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024cü il tarixinə qədər istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Əmr onunla əsaslanıdırılmışdır ki, işçi İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə işə gəlsə də, iş yerini tərk edərək xx.xx.2024-cü il tarixədək işə gəlməmiş, işə gəlməməsinin səbəbi kimi xəstə olmasını göstərsə də, lakin arayış təqdim etməmişdir, işəgötürənin razılığı və icazəsi olmadan ƏMAS ALT sistemində öz əmək müqaviləsində, əmək haqqında və digər 200dən çox işçinin əmək müqaviləsində işəgötürənin imzası ilə dəyişiliklər etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023cü ilin İİİ rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” ilə həmin dövrə aid “əmək müqaviləsi bildirişi” məlumatlarının müqayisəsi zamanı müəyyən edilmiş risklər barədə bildirişin surətindən görünür ki, “Hörmətli vergi ödəyicisi! Bildiririk ki, aparılmış təhlillər zamanı aktiv əmək bildirişlərinin məlumat bazasına və 2023-ci ilin İİİ rübü üzrə təqdim edilən bəyannamə məlumatlarına əsasən işçilərin iş yerinin tipi əsas və işləmədiyi iş günləri “0” olmasına baxmayaraq aktiv əmək müqaviləsi ilə müqaisə etdiyimiz zaman müvafiq vahid bəyannamədə işçilər üzrə əmək haqqı məbləği az bəyan edilmişdir. Vergi ödəyicisi fəaliyyətini muzdlu işçiləri cəlb etməklə həyata keçirdikdə, həmin şəxslərlə əmək müqaviləsi bağlamalı, əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınmalı və işçilərə qanunvericiliklə müəyyənləşdirilən məbləğdən az olmayan əmək haqqı hesablanmalıdır. Qeyd olunanlar nəzərə alınaraq 2023-cü ilin İİİ rübü üzrə hesablanmış əmək haqqı məbləğinin aktiv əmək bildirişlərinin məlumat bazasına uyğunlaşdırılması və vergi bəyannamələrinə müvafiq düzəlişlər edilərək işçilərə ödənilən əmək haqqı məbləğinin tam əks etdirilməsi Sizə bildirilir”. İş materiallarında olan “Azerbaijan Airlines”-ın elektron bilet məlumatlarından görünür ki, İddiaçı xx.xx.2024-cü ildə Bakı-Tbilisi gediş və xx.xx.2024-cü ildə Tbilisi-Bakı dönüş biletləri almışdır. Həmçinin bilet məlumatlarından görünür ki, biletlər xx.xx.2023-cü il tarixdə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən verilmiş xx.xx.2024-cü il tarixli əlilliyi olan şəxslərə qulluq haqqında arayışdan görünür ki, İddiaçı əlilliyi olan şəxslər X2 və X5 qulluq edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 2 saylı Mediasiya Təşkilatının arayışının surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2022-ci il tarixdə “işə qəbul və sənədləşdirmə şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinin əsası olaraq, işəgötürən MMC tərəfindən iddiaçının icazəsiz işdən qalması, işçinin onun razılığı olmadan öz əmək müqaviləsində və müəssisənin digər 200-dən çox əməkdaşının əmək müqaviləsində əmək müqavilələrinin müddəti və əmək müqaviləsi üzrə ödənilməli olan əmək haqqının məbləği ilə bağlı dəyişikliklər edərək, həmin dəyişiklikləri MMC-nin Asan imzası vasitəsilə ƏMAS ALT sisteminə daxil etməsi kimi hallar göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMC-nin 67/İX saylı, xx.xx.2024-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə həm iddiaçı, həm də cavabdehin dəlillərinə hüquqi qiymət verərək, qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasına xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində səfər etməsi üçün biletlər almışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal odur ki, iddiaçı məhkəməyə bildirir ki, səfər etməzdən qabaq məzuniyyət ərizəsi yazmış və onun ərizəsi MMC tərəfindən məhv edilmişdir. Lakin məhkəmə araşdırması zamanı işin faktiki halları ilə qeyd olunan tarixlərdə iddiaçının cavabdehin müvafiq razılığı və əmri əsasında əmək məzuniyyətində olması öz təsdiqini tapmır. Yenə Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-3-cü hissələrinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, işçi əmək məzuniyyətinə çıxarkən işəgötürənlə məzuniyyətin vaxtını qabaqcadan razılaşdırmalıdır. İddiaçının dəlilləri ilə isə vaxtın razılaşdırılması və həqiqətən səfərdə olduğu zaman onun əmək məzuniyyətində olması barədə sübutları sadəcə dediklərindən ibarət olmuş, hər hansı digər mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Cavabdeh MMC isə məhkəməyə bildirir ki, iddiaçıya əmək məzuniyyətinə çıxmasına razılıq verilməmişdir. Belə ki, cavabdeh MMC etirazının bu dəlilləri ilə bağlı məhkəməyə sübutlar təqdim edərək, iddianın bu hissədə dəlillərini təkzib edəcək mötəbər sübutlar təqdim etmişdir. Göründüyü kimi, cavabdeh MMC iddiaçının səfərdən qayıtdığı tarixdən sonrakı dövrü əhatə edən video görüntünü, ona təhkim edilmiş əvvəllər “dinara.khanahmadova” adlı işçinin istifadəsində olmuş kompyuterdə icra olunaraq şəbəkə printerində çap olunan məzuniyyət adlı faylla bağlı çıxarış, habelə şahid ifadələri ilə öz etirazını əsaslandırmışdır. Həmin sübutlara hüquqi qiymət verərək məhkəmə bildirir ki, təqdim edilən sübutların bir-birini tamamlaması məhkəmədə həmin sübutların mötəbərliyi ilə bağlı hər hansı şübhə oyatmır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı səfərdə olduğu zaman həqiqətən əmək məzuniyyətində olması barədə dediklərini sübut edə bilməmişdi. Digər tərəfdən, cavabdeh MMC bildirir ki, iddiaçı əmək funksiyalarını yerinə yetirərkən pozuntulara yol verərək, işəgötürənin razılığı və icazəsi olmadan öz əmək müqaviləsində və müəssisənin digər 200-dən çox əməkdaşının əmək müqaviləsində əmək müqavilələrinin müddəti və əmək müqaviləsi üzrə ödənilməli olan əmək haqqının məbləği ilə bağlı dəyişikliklər edərək, həmin dəyişiklikləri MMC-nin Asan imzası vasitəsilə ƏMAS ALT sisteminə daxil etmişdir. Həmin hallara dair məhkəməyə təqdim edilmiş iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsi barədə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilələri ilə ilk əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli əmək müqavilələrini müqayisə etdikdə müəyyən edilir ki, ilk iki müqavilədə işəgötürənin və işçinin imzaları, həmçinin işəgötürənin möhürü olsa da, lakin qeyd edilən digər müqavilələrdə işəgötürənin və işçinin imzaları, həmçinin işəgötürənin möhürü yoxdur. Cavabdeh qeyd edir ki, iddiaçının maaşı işlədiyi dövrdə yalnız bir dəfə artırılmış və həmin artıma dair edilmiş dəyişiklik barədə müqavilədə cavabdehin və iddiaçının hər birinin imzası və MMC-nin möhürü mövcuddur. İmzasız və möhürsüz müqavilələr tədqiq olunarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətli bağlansa da, lakin təqdim edilən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrdə əmək müqaviləsi gah müddətli, gah müddətsiz, əmək haqqı isə gah 1.115 manat, gah 2.225 manat, gah da 2.270 manat olaraq dəyişdirilmişdir. Göstərilən həmin hallar, həmçinin iddiaçının cavabdeh MMC-də işlədiyi dövrdə tutduğu vəzifəsindən irəli gələrək belə imkana sahib olması iddiaçının öz əmək müqaviləsinin müddətini və əmək haqqının məbləğini öz istədiyi kimi dəyişməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə iclaslarında verilmiş şahid ifadələri həm də İddiaçı icazəsiz işdən qalmasını, sonradan köhnə tarixlə məzuniyyət ərizəsi yazaraq çap etdiyini, həmçinin müəssisənin Asan imzasının faktiki onun istifadəsində olmasını təsdiq edir. Qeyd olunanlarla yanaşı məhkəmənin sonuncu iclasında iddiaçının nümayəndəsi (vəkili) sonuncunun himayəsində 1-ci qrup əlilliyi olan ata və anasının olmasını və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə qanunla yol verilmədiyini bildirmiş və əlilliyi olan şəxslərə qulluq haqqında arayış təqdim etmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə qeyd edilən arayışın mötəbərliyinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçının həmin dəlili mötəbər sayıla bilməz. Belə ki, əgər iddiaçının öhdəsində əlilliyi olan şəxslər mövcud idisə, hansı səbəbdən iddiaçının həmin arayışı məhkəmə hazırlıq iclasında təqdim etməməsi, iddia tələblərini həmin əsasla əsaslandırmaması onun bu dəlilini şübhə altına alır. Digər tərəfdən, iddiaçının həmin arayışında mövcud olan “QR” kodu “Mygov Checker” mobil tətbiqi vasitəsilə yoxlanıldığı zaman sənədin mövcud olmaması barədə məlumat çıxır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin iş yerində xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixləri müddətində olmaması o cümlədən əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Məhkəmə işin araşdırılan bütün hallarına və sadalanan qanunvericilik normalarına əsasən, hesab edir ki, İddiaçı əmək müqaviləsinin Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesaab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova