Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2298/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən artıq ödənildiyi iddia edilən 15065 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında 194 kv.m-lik mənzilin cəmi 223100 manat dəyərinə satılması barədə müqavilə bağlanmışdır. Daha sonra çıxarış almaq üçün dövlət qurumu BTD gəlib mənzili ölçdü və iddiaçıya verilən çıxarışdan müəyyən olundu ki? MTK 194 kv m əvəzinə 180.90 kv sahə verib. Burdan görünür ki, iddiaçı 15065 manat pul məbləğini artıq ödəmişdir. Belə ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqları Dövlət reyestrinə qeydiyyata alarkən iddiaçıya satılan mənzilin sahəsi ölçülmüş və məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 180.90 kv.m təşkil edir və bu qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da öz əksini tapmışdır. Bununla da cavabdeh müqavilə üzrə götürdüyü öhtəliyi tam icra etməyərək iddiaçıya 13,1 kv.m yaşayış sahəsi az vermişdir, baxmayaraq ki, iddiaçıdan ümumi sahəsi 194 kv.m olan mənzilin məbləği alınmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzili kv.m qiyməti 1150 manatdan hesablanmışdır, bununla da iddiaçıya verilməyən 13,1 kv.m yaşayış sahəsinə görə 15065 manat əlavə ödəniş etmişdir. Yaranmış vəziyyətlə bağlı cavabdehə dəfələrlə müraciət etsə də əlavə ödədiyi vəsaitin geri qaytarılması niyyətində olmadıqlarını, ümumiyyətlə mübahisənin həlli istiqamətində heç bir təklif etmədiklərindən və mübahisənin yalnız məhkəmə qaydasında mümkün ola biləcəyi qənaətində olduğu üçün hüquqlarımın müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini əsassız hesab edərək, tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında 23 oktyabr 2017-ci il tarixli, 49 saylı müqavilə bağlanmış və müqavilələrin şərtlərindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi və S.Rəhman küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının B blokunun 8-ci mərtəbəsinin 4 otaqlı 124 saylı mənzilin tikilib “Sifarişçi”yə təhvil verilməsini və “sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürür. İşdə olan 28 fevral 2020-ci il tarixli, 363 saylı maliyyə arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-nə borcu yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ əsasında malikdir və bu barədə 06.04.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli, 10/3711 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqavilənin şərtlərini və müqavilə üzrə ümumi sahənin oxdan-oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) hesablanmasını nəzərə alaraq, İddiaçı mülkiyyətində olan, AZ 1078 ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqaviləyə uyğun olaraq 194,0 m2 təşkil etdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında 23 oktyabr 2017-ci il tarixli, 49 saylı müqavilə bağlanmış və müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi və S.Rəhman küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasının B blokunun 8-ci mərtəbəsinin 4 otaqlı 124 saylı mənzilin tikilib “Sifarişçi”yə təhvil verilməsini və “sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına 06.04.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İddiaçı ona müqavilədə nəzərdə tutulandan daha az sahəli mənzil verildiyini və beləliklə onun tərəfindən artıq pul məbləğinin ödənildiyini iddia edir və həmin məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de faktö) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2- ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Mülki işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, Cavabdeh müqavilə şərtlərinə əsasən iddiaçıya ünvan 1 ünvanında yerləşən mənzili verməyi öhdəsinə götürüb və bu öhdəliyi yerinə yetirib. Eyni zamanda iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğini cavabdehə ödəmişdir və iş materiallarında olan arayış da bunu sübut edir. İddiaçı isə ona təhvil veriən mənzilin müqavilədə nəzərdə tutulandan daha az olduğunu iddia edir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin olunmuş, rəyə əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış və imza ilə təsdiq edilmiş 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqavilənin şərtlərini və müqavilə üzrə ümumi sahənin oxdan-oxa (daxili divarların hörgü altları, balkonlar ümumi sahəyə daxil olmaqla) hesablanmasını nəzərə alaraq, İddiaçı mülkiyyətində olan, AZ 1078 ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış 23 oktyabr 2017-cı il tarixli, 49 saylı Müqaviləyə uyğun olaraq 194,0 m2 təşkil etdiyi müəyyən edilir. Beləliklə müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri Cavabdeh tərəfindən pozulmamışdır, iddiaçıya tərəflər arasında bağlanmış müqavilənin tələblərinə cavab verən mənzil təhvil verilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2298/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2298/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver