Məhkəmə qərarları › İş №2(005)-2298/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2298/2022

30.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2298/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması, pul tələbi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 saylı mənzildən istifadə hüququm tanınması, həmin mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılması və mənim tərəfimdən ödənilən 57000 min (əlli yeddi min) manat pul məbləğinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, Bakı şəhəri. Nərimanov rayonu. Əhməd Rəcəbli 28, 20 saylı mənzilin tərəfimdən alınması məqsədi ilə mənim tərəfimdən ödənilən 57000 min (əlli yeddi min) manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28, 20 saylı mənzilin alınması üçün müqaviləyə görə ilkin olaraq 10.000 min, sonra hissə-hissə ümumilikdə 39000 manat pul ödədi. X5 vəfat etdikdən sonra Cavabdeh evin qalmış pulu kimi iddiaçıdan 10 000 (on min) manat aldı, bundan başqa Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 saylı, evi iddiaçının adına rəsmiləşdirmək məqsədi ilə Cavabdeh istədiyi 8000 manat pulu həyat yoldaşı Samirə vasitəsi ilə verib. İddiaçı 8000 (səkkiz min) manat pulu o qonşusu olan X2 borc alaraq, elə həmin vaxt onun da iştirakı ilə Kasumova Samirəyə verib. Samirə isə həmin pulu Qədirə vermiş və Qədir həmin pulu aldıqdan sonra iddiaçıya evin sənədləşməsi üçün biraz gözləməyi desə də sonradan iddiaçını aldatdığını və pulunu ələ keçirdiyini başa düşdü. Beləliklə də iddiaçı cavabdehlərə ev almaq məqsədilə ümumilikdə 57 000 (əlli yeddi min) manat pul verib. Belə ki, iddia tələbimdən göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 28, 20 saylı mənzilin tərəfindən alınması üçün ümumilikdə 57 000 (əlli yeddi min) manat pul verib.X1 vərəsəsi hazırki iş üzrə Cavabdeh mənzili iddiaçıya verməkdən imtina edir. Halbuki, vərəsəlik qəbul edilənə qədər mənzilin alınması üçün ödədiyi pullar cavabdehin iştirakı ilə iddiaçıdan alınmış və pulların tərəfindən mənzilin alınması üçün ödədiyi cavabdehə məlum idi. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu qeyd edərək, hazırki mübahisəli məsələ üzrə artıq yekun məhkəmə aktının qəbul edildiyini, iddianın qaldırılmasında əsas məqsədin icra hərəkətlərinin yubadılması olduğunu bildirdi. Məhkəmə iddiaçıların izahatını ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3692/2021 saylı, 26.042021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Göründüyü kimi, mübahisələndirilən məsələyə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3692/2021 saylı, 26.042021-ci il tarixli qətnaməsində “iddiaçının qeyd edilən əsasa (müzakirə edilməyən sübuta) pul tələbi ilə bağlı hissədə yeni iddia vermək hüquqları istisna edilmir” izahı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu hal iddiaçıya eyni predmet barəsində və eyni əsaslar üzrə iddia irəli sürməsinə əsas ola bilməzdi. Belə ki, iddiaçı əvvəllər də eyni iddia tələbi ilə məhkəməyə müraciət edəndə, xx.xx.2008-ci il tarixli müqaviləsinin mövcudluğu (iddiaçıya münasibətdə) aşkar məsələ idi. Bundan əlavə yeni sübuta istinad edərək, eyni məsələ üzrə məhkəməyə ikinci dəfə müraciət edilməsi yeni əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə münasibət bildirildiyindən, habelə həmin qətnamə qanuni qüvvəsini aldığından mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla mülki işin icraatına xitam verilirsə, qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı X4 tərəfindən ödənilmiş 261,4 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar