Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-637/2025 19.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onun Naxçıvan MR, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 3 ünvanında yerləşən, 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, yaşayış hüququnun tanınması və oğlu Cavabdeh1 həyatyanı torpaq sahəsi və evin bağışlama qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, İddiaçı Naxçıvan MR, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 3 ünvanında 50 ildən çoxdur ki, yaşayır. Onun 80-ə yaxın yaşı var. Yaşadığı fərdi yaşayış evinin 7 sot həyatyanı torpaq sahəsi var. Həmin torpaq sahəsində oğlu Cavabdeh1 özünə fərdi yaşayış evi tikmişdir. Ahıl yaşda olduğu üçün yaşadığı evi və torpaq sahəsini oğlu Cavabdeh1 adına sənədləşdirmişdir. Odur ki, o, oğlu ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə gedərək evi və torpaqyanı sahəni oğlunun adına sənədləşdirməsinə razılıq vermişdir. Oğlu ona bildirmişdir ki, “bu qoca vaxtında mən sənin qulluğunu tutaram”. Kiçik oğlu İsmayılov Rövşən təkidlə onu Bakı şəhərində yaşadığı evə aparmışdır. 1-2 ay qaldıqdan sonra Bakıda yaşamaq xoşuna gəlməmiş və məcbur olaraq Naxçıvan şəhərində yerləşən evinə qayıtmalı olmuşdur. O, evinə girmək istəyərkən oğlu Raç və gəlini Cavabdeh2 ona bildirmişlər ki, “sən bu evə gələ bilməzsən, hal-hazırda həyatyanı torpaq sahəsi və ev bizimdir, bizdə də bununla əlaqədar rəsmi sənəd var”. O, oğlu Raça izah etmişdir ki, “evi sənin adına sənədləşdirməyim o demək deyil ki, evimə gələ bilməyim”. Oğlu onun bu dediklərinə əhəmiyyət verməyərək onu həyətdən qovmuş və ona bu həyətə girməkdən başqa hara istəyirsə gedə biləcəyini demişdir. O, 2 həftədir ki, məscidlərdə yatır. Naxçıvanda yaşayan digər oğlu İsmayılov İntiqam da onu öz evinə buraxmır. Oğlu Cavabdeh1 ona qarşı bu ədalətsizliyi və nankorluğu görüb yaşayış evinə köçürülmə, yaşayış hüququnun tanınması və oğluna bağışladığı həyatyanı torpaq sahəsi ilə bağlı qərarın ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-637/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. İddiaçı 30 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR, Naxçıvan şəhəri, 58-ci məhəllə, döngə 3 ünvanında yerləşən, 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, yaşayış hüququnun tanınması və oğlu Cavabdeh1 həyətyanı torpaq sahəsi və evin bağışlama qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini, hal-hazırda iddia tələbinin həcmini azaldaraq 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-637/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin təmin edilməsi və iddia tələbinə 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab olunması həddində baxılması qərara alınmışdır. Cavabdeh1 29 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək atası İddiaçı tərəfindən Naxçıvan şəhəri, 58-ci məhəllə 29 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixində bağışlama müqaviləsi əsasında hədiyyə etdiyini, indi isə atasının həmin torpaq sahəsini geri almaq barədə məhkəmədə iddia qaldırdığını, həmin iddianın əsassız olduğunu, eyni zamanda iddia müddəti keçdiyinə görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 30 iyul 2025-ci il tarixə və 19 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə 07 iyul 2025-ci il və 14 avqust 2025-ci il tarixlərdə eyni məzmunlu məktublar göndərərək təyin edilmiş İddiaçı fərdi yaşayış evinə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakları olmadan işə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin qeyd olunan məktublarını nəzərə alaraq Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında hal-hazırda xəstə olduğunu, bağışlama müqaviləsinin etibarsız sayılmasını, əmlakın yenidən adına keçməsini istədiyini, kirayə verib özünün Bakıda yaşayacağını, 2013-cü ildə bağışladığını, torpaq sahəsi bağışladığını, torpaq sahəsinin üzərində ev olmadığını, oğlu və onun ailəsi ilə mübahisələri olduğunu, onun adında olmasını artıq istəmədiyini, bu səbəbdən etibarsız sayılmasını istədiyini, gəlininə görə o torpaq sahəsini vermək istəmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbinə etiraz etdiyini, onların həmin torpaq sahəsindən istifadə etdiyini, onların evlərinin həmin torpaq sahəsinin yanında olduğunu, özlərinin tikdiyini, ünvanların fərqli olduğunu, ağaclar olduğunu, əkin apardıqlarını, həmçinin də toyuq damı olduğunu, atasının 2013-cü ildə həmin torpaq sahəsini ona bağışladığını, torpaq sahəsinin üzərində ev olmadığını, iddiaçının öz yaşadığı evini satdığı üçün indi bu iddianı qaldırdığını düşündüyünü, iddiaçının onun anasını, bacısını bıçaqladığını, yoldaşına xəsarət yetirdiyini, ona görə ailəsinin dağılmaq həddinə çatdığını, bir də elə bir vəziyyətin yaranmasını istəmədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbinə etiraz etdiklərini, həmin torpaq sahəsindən istifadə etdiyini, əkin apardıqlarını, ağaclar olduğunu, həmçinin də toyuq damı olduğunu, iddiaçının dəfələrlə ona xəsarət yetirdiyini, yoldaşının atası kimi hörmətini saxladığını, iddiaçının öz evini satdığı üçün indi müqavilənin etibarsız sayılmasını istədiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 23 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi X9 izahatında İddiaçı və Cavabdeh1 arasında bağışlama müqaviləsi bağlandığını, həmin müqavilənin bağlanması ilə əlaqədar sənədlərin isə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin arxivinə təhvil verildiyini bildirmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qeydiyyat tarixi xx.xx.1992-ci il tarixli, qeydiyyat nömrəsi JN-1559A reyestr nömrəli, KOD-10400002 nömrəli çıxarışa əsasən Naxçıvan şəhəri, 58-ci məhəllə 29 nömrəli ünvanda yerləşən 0.06 ha torpaq sahəsini oğlu Cavabdeh1 bağışlamış, həmin müqavilə imzalanarkən bağışlanan torpaq sahəsinə görə Cavabdeh1 bağışlanmanı bütünlüklə qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan şəhəri, 58-ci məhəllə 29 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Naxçıvan şəhər 2-DNK-nın 21 iyun 2013-cü il tarixli, 4/Ə-02-410 nömrəli bağışlama müqaviləsi əsasında 12 iyul 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmış və onun adına ********** qeydiyyat nömrəli və **********27 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 iyul 2013-cü il tarixli çıxarışdan görünür ki, Naxçıvan şəhəri, 58-ci məhəllə 29 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16/10 nömrəli reyestr kitabının 1747 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 07 iyun 2013-cü il tarixli arayışın təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, 58-ci məhəllə, 29 ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 258 nömrə ilə, 16/10 nömrəli reyestr kitabının 1747 nömrəli səhifəsində qeydiyyata alınmışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 1559A, KOD10400002 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, 58-ci məhəllə 29 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Naxçıvan şəhər XDM İK-nin 20 fevral 1992-ci il tarixli, 759 nömrəli qərarı ilə İddiaçı və ailə üzvləri X7, X3, X10, X8, X4 və X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 21 iyun 2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı Naxçıvan şəhər ikinci dövlət notariat kontoruna ərizə ilə müraciət edərək ünvan 6 ünvanında yerləşən evin Cavabdeh1 satdığını (bağışladığını) bildirərək, müqavilənin təsdiq edilməsini xahiş etmişdir. İş materiallarında olan ərizələrin təsdiq edilmiş surətlərindən görünür ki, X7, X3, X8, X4 və X5 ərizə ilə Naxçıvan şəhər ikinci dövlət notariat kontoruna ünvanlanmış eyniməzmunlu ərizələrdən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 6 ünvanında yerləşən evin Cavabdeh1 satılmasına (bağışlanmasına) etirazları olmadığını bildirmişlər. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh1 ilə aralarında bağlanmış 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini istədiyini qeyd etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında oğlu Cavabdeh1 və onun ailəsi ilə münasibətləri korlandığına görə həmin müqavilənin etibarsız hesab edilməsini istədiyini qeyd etmiş, müqavilənin etibarsızlığına dəlalət edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı 21 iyun 2013-cü il tarixdə ərizə ilə Naxçıvan şəhər ikinci dövlət notariat kontoruna müraciət edərək ünvan 6 ünvanında yerləşən evin Cavabdeh1 satdığını (bağışladığını) bildirərək müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, İddiaçı 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müqavilənin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Həmçinin həmin qərarda qeyd olunmuşdu ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda qeyd olunmuş qanunvericilik normalarına əsasən məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddət buraxılmışdır. Bu müddət keçdiyi üçün iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürmək hüququnu itirmişdir. İddiaçı 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il kəsici müddəti buraxdığı üçün iddia tələbi rədd edilməlidir. İddiaçının tələbinin Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli bağışlama müqaviləsi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. Göründüyü kimi hazırki iddia tələbi 21 iyun 2013-cü il tarixli, 4Ə-02-410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan iddiaçının müqaviləsinin etibarsız hesab edilməsi tələbinə cavab verməli olan şəxs Cavabdeh2 deyildir, digər Cavabdeh1dur. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh2 dair hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı Cavabdeh1 ilə aralarında bağlanılmış 21 iyun 2013-cü il tarixli, 4Ə-02- 410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı Cavabdeh1 ilə aralarında bağlanılmış 21 iyun 2013-cü il tarixli, 4Ə-02- 410 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-637/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-637/2025
19.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver