Məhkəmə qərarları › İş №2(103)-5701/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5701/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5701/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi X2 (sədrlik edən və məruzəçi), X17 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(011)-1487/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 10 saylı evin 25 saylı mənzilinə dair Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyət hüququ xx.xx.1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı (bundan sonra “iddiaçı”) ilə cavabdeh arasında xx.xx.2001-ci il tarixdə nikah bağlandıqdan sonra iddiaçı həmin mənzilə köçərək, cavabdehlə birgə təsərrüfat aparmağa başlamışdır. Onların birgə nikahından xx.xx.2002-ci il tarixdə X9, xx.xx.2004-cü il tarixdə X10 və xx.xx.2012-ci il tarixdə X8 doğulmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh həmin mənzili xx.xx.2011-ci il tarixdə 52.909 manat məbləğində pula X1. X7 cavabdehin anasıdır. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən 26 saylı evin, 74 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 032577 nömrəli orderinə və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli, 163 nömrəli maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Həmin maliyyə arayışında bu mənzilin qiyməti 37.500 manat olaraq qeyd edilmişdir. xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil cavabdehin anası tərəfindən cavabdehə bağışlanmış və mənzil üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda da onun mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan övladı Mikayıl Allahverdiyevin cavabdehə məxsus ünvan 2, mənzil 74-dən istifadə və həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə ailə quran vaxtdan cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzildə birgə yaşayırdılar. Sonra cavabdeh həmin 4 otaqlı mənzili 2009-cu ildə əsaslı şəkildə təmir etdirərək, 65.000 ABŞ dollarına onun razılığı ilə sataraq əldə etdikləri pula hazırda yaşadıqları ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 143 kv.metr olan 3 otaqlı 74 nömrəli (pod mayak) mənzili əsaslı şəkildə təmir etdirərək oraya köçmüşlər. Lakin qayınanası xx.xx.2020-ci il tarixdə vəfat edəndən sonra ailə daxilində münasibətlər gərginləşmişdir. Əri 10 ildir ki, heç bir yerdə işləmək istəmədiyi üçün ailənin maddi durumu ağırlaşmışdır. O, atasının pensiyası ilə dolanır. Ərinin anası və atası ilə münasibətləri yaxşı olsa da, onlar onu müxtəlif bəhanələrlə yaşadıqları mənzilə qeydiyyata almayıblar. Övladlarını isə ərinin qeydiyyatda olduğu Buzovna qəsəbəsindəki ünvana qeydiyyata saldırmışdır. Əri onlara baxmasa da, üç oğlan övladı var deyə ondan ayrılmaq istəmir. Lakin o, uşaqlara baxılmasında köməklik etmir. Cavabdeh 14 ildir yaşadıqları mənzildən onları ümumiyyətlə çölə atmaq və evsizeşiksiz qoymaq istəyir. Bu barədə dəfələrlə onu və uşaqları hədələmişdir. Yaşadığı evi o, 2020-ci ildə anası vəfat edəndən əvvəl də satmaq istəyib, lakin anası biləndə icazə verməyib. Çünki anası deyirdi ki, o, heç bir ciddi işlə məşğul ola bilmir. 4 dənə maşını var idi. Hamısını satıb pulunu dağıdıb. O, evin satılmasına etiraz etmişdir və ilk dəfə 2020-ci ildə Azərbyacan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə ərizə ilə müraciət etmişdir ki, evinin alqı-satqısı barədə müraciət olarsa, onun bu ərizəsini nəzərə alaraq razılığı olmadan alqı-satqı etməsinlər, çünki əri ilə aralarında əmlak mübahisəsi vardır. Əri deyir ki, evi satmaq və biznes qurmaq istəyir ki, daha yaxşı yaşasınlar. Onların isə özünün də qeydiyyatda olduğu atasının bağ evinə köçmələrini təklif edir. Həmin bağ evi Buzovna qəsəbəsində yerləşir və qayınatasının adınadır. Qayınatasının cavabdehdən də başqa övladı var. Yəni həmin bağ evi gələcəkdə vərəsələr arasında mübahisə predmeti olacaqdır. Bundan başqa, əri Rövşən övladlarını düşünmüş olsa idi, 10 il işsiz duraraq divanda yatmazdı, övladları acdırmı-toxdurmu deyə maraqlanardı. Hal-hazırda yaşadıqları mənzil şəhərin mərkəzinə yaxındır. Övladlarından Mikayıl bu ərazidə məktəbə gedir. Oğlu Kənan isə DİM-də 600-dən yuxarı bal toplamaqla Azərbaycan-Fransız Universitetinin və ADNSU-nun geofizika mühəndisliyi fakültəsinə əyani təhsilə qəbul olmuşdur və 2-ci kursda əyani təhsil alır. Həmin universitet də evinə yaxındır. Onlar demək olar ki, nəqliyyatdan istifadə etmir, məktəbə, işə və universitetə piyada gedirlər. Böyük oğlu Fərhad isə Rusiya Federasiyasının Tomsk şəhərində Politexnik universitetində əyani əsaslarla Ali təhsil alır. Maddi durumu çox ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim tərbiyəsində və təhsilində cavabdeh iştirak etmir. Halbuki, böyük oğlu Fərhad və ortancıl oğlu Kənan universitetə qəbul imtahanlarına hazırlaşarkən, cavabdeh onları müəllim yanına hazırlıqlara qoymaqdan belə imtina etmişdir. Ona görə o, kiçik oğlu Mikayılı dayənin yanında saxlayaraq, aptekdə gecə növbəsində əczaçı kimi çalışırdı ki, övladları layiqli təhsil ala bilsinlər. Yaşadıqları evi vaxtilə Bakı şəhər İHB-nın xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2011-ci ildə 37.500 manata qayınanası Gözəl Allahverdiyeva öz adına almışdır. xx.xx.2011-ci ildə isə ünvan 1 ünvanında yerləşən 4 otaqlı 25 nömrəli mənzili əri 65.000 ABŞ dollarına sataraq əldə etdiyi pulu hal-hazırda övladları ilə yaşadıqları mübahisəli evin təmirinə xərcləmişdir. Bakıxanov qəsəbəsində satdıqları mənzilin və indi yaşadıqları mənzilin təmirində onun da əziyyəti çox olub. Belə ki, anası ona təmir vaxtı pul yardımları da edirdi, özü də təmir vaxtı və ondan sonra təmizlik işləri və ustalarla, fəhlələrə yemək verməklə, onlara qulluq etməklə təmirdə iştirak etmişdir. Bir il sonra, yəni xx.xx.2012-ci ildə isə qaynanası yaşadığı mənzili cavabdehin adına bağışlama ilə keçirmişdir. Beş il bundan öncə isə cavabdeh evdən gedərkən ondan aliment tələb etməməyinin əvəzində o, yaşadığı mənzili onun və övladlarının istifadəsinə verdiyini ona bildirmişdir.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının öz iddia ərizəsində də etiraf etdiyi kimi, onun iddiaçı ilə nikaha daxil olana qədər mülkiyyətində mənzil olmuşdur. Həmin mənzil 4 otaqlı olmuşdur və ünvan 3 ünvanında yerləşmişdir. Hazırda yaşadıqları ünvan 4 ünvanında yerləşən 74 saylı mənzil isə Bakı şəhər İHB-nin xx.xx.2009-cu il tarixli orderi və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli maliyyə arayışı ilə mərhum anası Gözəl Allahverdiyeva tərəfindən alınmış və anasının da adına rəsmiləşdirilmişdir. O, nikaha daxil olana qədər əldə etdiyi ünvan 3 ünvanındakı mənzilini sataraq onun pulu ilə anasına məxsus olan mənzili təmir etmişdir. Bu faktı iddiaçı özü də öz ərizəsində etiraf edir. Mənzili təmir etdikdən sonra köçüb həmin mənzildə yaşamışlar. Onun anası öz adına olan həmin mənzili xx.xx.2012-ci ildə bağışlama yolu ilə onun adına keçirmişdir. Göründüyü kimi, hazırda mülkiyyətində olan və iddiaçının da ½ pay haqqı tələb etdiyi mənzil əvəzsiz qaydada onun mülkiyyətinə keçmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun və mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınması” barədə iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 1487/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X14)

7. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, tərəflər nikaha daxil olandan sonra, yəni 1998-ci ildən cavabdehə məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 10 ünvanında yerləşən 25 saylı mənzildə yaşamış, 2011-ci ildə cavabdeh həmin mənzili üçüncü şəxsə özgəninkiləşdirmişdir. Daha sonra tərəflər ilk əvvəl cavabdehin mərhum anasının adına rəsmiləşdirilmiş, daha sonra isə bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmiş mübahisəli mənzilə köçmüşlər. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 10 ünvanında yerləşən 25 saylı mənzil nikahadək cavabdehə məxsus olmuş, mübahisəli ünvan 4 ünvanında yerləşən 74 saylı mənzil isə cavabdehə nikah dövründə anası tərəfindən bağışlanılmışdır. Məhkəmə hesab etmişdir ki, sonuncu mənzilin tərəflərin nikahı dövründə onların birgə vəsaiti və ya iddiaçının şəxsi vəsaiti hesabına əsaslı təmir olunması iş materialları ilə təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, bağışlanmış mübahisəli mənzilin şəxsən cavabdehə deyil, ailəyə bağışlanması da iş materialları ilə öz təsdiqini tapmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci, 35-37ci, 41-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü, 222-ci, 225-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əmlakın dəyərini xeyli artıran əsaslı təmirin mövcud olmasına, bu halı təsdiq edən qiymətləndirmə rəyinin, şahid ifadəsinin, komendantın məktubunun olmasına və bu halı təkzib edən hər hansı bir sübutun olmamasına baxmayaraq, iddianı təmin etməmişdir. Bakıxanov qəsəbəsindəki, mənzili əsaslı təmir etdikdən sonra 52.909 manata satan cavabdeh həmin vəsaiti eyni tarixdə 37.500 manata alınmış mübahisəli mənzilin təmirinə xərcləmişdir. Belə olan halda həm Bakıxanovdakı, həm də Xətaidəki mənzillər birgə nikah dövründə əsaslı təmir edilmiş və birinin əsaslı təmiri nəticəsində qiyməti yüksəldiyindən yüksək qiymətə satılmış, əldə edilən vəsait birgə nikah dövründə əldə edilmiş digərinin əsaslı təmirinə xərclənmişdir. Xətaidəki mənzilin cavabdehin anasının adına alınması və sonradan bağışlanma ilə cavabdehin adına keçirilməsi isə formal xarakter daşımış, çünki həmin mənzil əvvəlcədən cavabdeh və ailəsi üçün alınmışdır. Belə ki, Bakıxanovdakı mənzil cavabdehin böyüyən ailəsi, qayınata, qayınananın birgə yaşayışı üçün darısqal idi. Bu da Buzovnadakı həyət evinin və Xətaidəki mübahisəli evin alınması ilə nəticələnmişdir ki, cavabdeh və ailəsi o vaxtdan Xətaidə yaşamağa başlamışlar. Məhkəmə Buzovnadakı cavabdehin qeydiyyatda olduğu fərdi yaşayış evinin nə vaxt və hansı məbləğə alınmasını, həmçinin cavabdehlə onun nə vaxtdan valideynlərdən ayrı yaşamasını da müəyyən etməmişdir. Məhkəmə həmçinin mənzillərin kimin tərəfindən təmir olunmasını və buna nə qədər vəsait sərf olunmasını müəyyən etməmişdir. Halbuki, onun tərəfindən bu hallara dair kifayət qədər sübut təqdim edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəmməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarının: 4.4-cü bəndinə əsasən qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir; 4.5-ci bəndinə əsasən ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ərarvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz; 4.6-cı bəndinə əsasən Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir; 5.6-cı bəndinə əsasən əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alıb, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.

23. Eyni zamanda, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. Lakin ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Əks halda, bu maddə qeyd edilən qəbildən olan mübahisəyə tətbiq edilə bilməz.

24. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Hazırda iddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 10 saylı evin, 25 saylı mənzilinə (bundan sonra birinci mənzil) köçdüyünü, birgə nikah dövründə həmin mənzilin əsaslı təmir edildiyini, nəticədə mənzilin dəyərinin əhəmiyyətli dərəcədə artdığını, bu mənzilin xx.xx.2011-ci il tarixdə özgəninkiləşdirilməsindən əldə edilmiş 52.909 manat məbləğində pul vəsaiti hesabına mübahisəli mənzilin əsaslı təmir edildiyini, həmin mənzilin əvvəlcə qaynanasının adına rəsmiləşdirildiyini, sonradan cavabdehə bağışlandığını və 2012-ci ildən cavabdehin mülkiyyətində olduğunu bildirir və hər iki mənzilin təmirində maddi baxımdan da (valideyninin yardımları hesabına) iştirak etdiyini qeyd edərək, mübahisəli mənzilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb edir.

26. Cavabdeh iddianı qəbul etmir, birinci mənzilin iddiaçı ilə nikahdan əvvəl də onun mülkiyyətində olduğunu, nikah dövründə həmin mənzilin əsaslı təmir edilmədiyini, bu mənzilin satışından əldə edilmiş 52.909 manat məbləğində pul vəsaiti hesabına mübahisəli mənzilin təmir edildiyini, həmin mənzilin anasının mülkiyyətində olduğunu və 2012-ci ildə ona bağışlandığını bildirir və iddiaçının təmirlə bağlı dəlillərini, o cümlədən mübahisəli mənzilin hər hansı hissəsinə payının tanınması barədə tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş edir.

27. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə bağlı qeyd edir ki, birinci mənzil xx.xx.1998-ci il tarixdən etibarən cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Tərəflər arasında nikah xx.xx.2001-ci il tarixdə bağlandıqdan sonra iddiaçı bu mənzilə köşmüşdür. Mübahisəli mənzil isə "xxxx" MTK tərəfindən cavabdehin anası X4 satılmış və mənzilin dəyəri olan 37.500 manat onun tərəfindən "xxxx" MTK-ya tam şəkildə ödənilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2009-cü il tarixli, 032577 saylı orderə və "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli, 163 nömrəli maliyyə arayışına əsasən həmin mənzil xx.xx.2011-ci il tarixdə cavabdehin anasının adına qeydiyyata alınmış, 1 il sonra, yəni xx.xx.2012-ci il tarixdə isə sonuncu tərəfindən cavabdehə bağışlamış və bundan sonra cavabdehin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

28. Bununla belə, mübahisəli mənzilin dəyəri X7 tərəfindən cavabdehin mülkiyyətində olmuş birinci mənzilin özgəninkiləşdirilməsindən əvvəl ödənilmişdir. Başqa sözlə, birinci mənzil satılan zaman mübahisəli mənzilin dəyəri artıq ödənilmiş və mənzil cavabdehin anasının sahibliyində olmuşdur. Bu da öz növbəsində mübahisəli mənzilin birinci mənzilin satışından əldə edlmiş vəsait hesabına əldə edilmədiyini təsdiq edir.

29. İddiaçı nikahda olduqları dövrdə (2009-cu ildə) birinci mənzilin əsaslı təmir edildiyini, təmirə onun anası tərəfindən də pul verildiyini və bunun nəticəsi olaraq mənzilin dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artdığını, yəni bu səbəbdən 52.909 manata (65.000 ABŞ dollara) satıldığını iddia edir. Lakin nəinki anası tərəfindən pulun verilməsini və 2009cu ildə mənzilin əsaslı təmir edilməsini, ümumiyyətlə həmin mənzildə yaşadığı hər hansı dövrdə mənzildə əsaslı təmir işlərinin aparılmasını, o cümlədən məhz əsaslı təmirin nəticəsi olaraq mənzilin 52.909 manata (65.000 ABŞ dollarına) satılmasını sübuta yetirə bilmir. Əsaslı təmir üçün sərf edilən məbləğə də hər hansı aydınlıq gətirə bilmir. Halbuki, iddiaçı özünün (ustalara və fəhlələrə qulluq göstərmək, xörək hazırlamaq və sair) və maddi baxımdan anasının da iştirak etdiyi təmirin məbləği barədə (hissə-hissə ödənişlər, anasının verdiyi pulun məbləği, təmirin tam məbləği və sair) məlumatlı olmalı idi. Bu da öz növbəsində iddiaçının bu dəlilinin əsassız olduğunu təsdiq edir və birinci mənzilin alqısatqı qiymətinin məhz əsaslı təmir nəticəsində 52.909 manat (65.000 ABŞ dolları) təşkil etməsini istisna edir. Bununla belə, hüquqi nəticə etibarı ilə birinci mənzilin iddiaçı ilə cavabdehin birgə mülkiyyəti sayılması, o cümlədən iddiaçının həmin mənzilə hər hansı hissədə payının yaranması üçün hər hansı əsas mövcud deyil.

30. İddiaçı mübahisəli mənzilin təmiri ilə bağlı da anası tərəfindən yardımların edildiyini bildirsə də, bununla bağlı da hər hansı sübut təqdim edə bilmir, ümumiyyətlə məbləğ barədə məlumat verə bilmir. İddiaçı tərəfindən təqdim edilmiş və mübahisəli mənzilin xx.xx.2024-cü il tarixinə bazar və təmirsiz vəziyyətdə dəyərini, habelə təmirə çəkilən xərci əks etdirən "xxxx" MMC-nin hesabatı mötəbər sübut kimi qəbul edildiyi təqdirdə belə, iddianın hər hansı formada təmin edilməsi üçün əsas yaratmır. Belə ki, artıq müəyyən edildiyi kimi, mübahisəli mənzilin dəyəri iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına ödənilməmiş, onun təmiri isə cavabdehə nikahdan əvvəl məxsus olmuş və birgə nikah dövründə əsaslı təmir edildiyi öz təsdiqini tapmamış mənzilin satışından əldə edilmiş vəsait hesabına həyata keçirilmişdir. Bu baxımdan həmin mənzilin təmirsiz və ya təmirli vəziyyətdə hazırki qiymətinin mübahisəyə nəinki təsiri, ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Maraqlısı ondan ibarətdir ki, bu hesabatda oxşar təmirə çəkilən xərcin hazırki qiyməti (60.000 manat) məbləğ etibarı ilə birinci mənzilin satışından əldə edilmiş vəsaitdən az fərqlənir. Halbuki, hamılıqla qəbul edilən bir haldır ki, mübahisəli mənzilin təmir edildiyi dövrdə (10 ildən artıq müddət bundan əvvəl) bu təmir xeyli az məbləğ tələb edirdi.

31. Məhkəmə kollegiyası mübahisəli mənzilin cavabdehin anasının adına rəsmiləşdirilməsinin, sonradan cavabdehə bağışlanmasının formal xarakter daşıması, həqiqətdə əvvəldən cavabdeh və onun ailəsi üçün alınması barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu əmlakın cavabdehə deyil, məhz ailəyə bağışlanması da iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilməlidir ki, işə baxılan zaman cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın surətindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 2 saylı evin, 33 saylı mənzilinin xx.xx.2020-ci il tarixdən tərəflərin birgə nikahından doğulmuş X5 mülkiyyətində olduğu müəyyən edilmişdir. Tərəflər bu əmlakın bağışlama müqaviləsinə əsasən həmin şəxsin mülkiyyətinə keçməsini mübahisələndirmir.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1487/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar