Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1731/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzil üzərində birgə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzil üzərində birgə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş, mülkiyyət hüququ ilə cavabdehin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 28, mənzil 23 ünvanında yerləşən, 4 otaqlı, ümumi sahəsi 195,16 m2 olan mənzilin üzərində birgə mülkiyyət hüquqlarının tanınması, eləcə də həmin mənzildən istifadə və sahiblik hüquqlarının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, İddiaçı3 ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmiş, o cümlədən iddiaçılar qiymətləndirilməyən iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, dövlət rüsumunu qanunla müəyyən edilmiş məbləğdən az ödəmişlər.
4. Məhkəmə qeyd edir ki, İddiaçı3 məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməlidir. Çünki xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və həmin tarixdən vətəndaşlar ailə və əmək münasibətlərindən irəli gələn mülki mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2.4-1-ci maddə. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 150.1 və 150.1.2-ci maddə. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1.5, 152.1.6-1-ci maddə. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır.
6. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1 və 3.1.2-ci maddə. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir; 26.1 və 26.1.5-ci maddə. Ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər; 28.1-ci maddə. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.2-ci maddə. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur.
8. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
9. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır.
Nəticə:
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzil üzərində birgə mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı3 geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova