Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2298/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı CavabdehMənzil-Tikinti Kooperativinə qarşı müqavilənin bağlanılması və sənədlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş (açar sözlər: müqavilənin bağlanılması; sənədlərin təhvil verilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin bağlanılması və sənədlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı CavabdehMənzil-Tikinti Kooperativinə qarşı müqavilənin bağlanılması və sənədlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini,tərəflər arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsininin bağlanılmasının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2017-ci il tarixli, 39 saylı Sərəncamı ilə Cavabdeh MMC-yə Bakı şəhəri Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bildirir ki,xx.xx.2019-cu il tarixində onunla Cavabdeh MMC arasında 68-ZT/2019 nömrəli “Mənzil alqı-satqısına dair” müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən,bu müqaviləyə “Satıcı” Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində ona məxsus olan ərazidə tikilməkdə olan,”Zümrüd Residence” yaşayış kompleksində 2-ci bina, 9-cu mərtəbədə olan mənzili “Alıcı”ya verməyi,”Alıcı” isə həmin mənzili qəbul edib əvəzində anlaşma şərtlərinə uyğun olaraq,həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürür.İddiaçıda öz növbəsində Bakı şəhəri,Nərimanov rayonu,B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində olan ərazidə inşa olunmuş “Zümrüd Residence”yaşayış kompleksində 2-ci binanın 9-cu mərtəbəsində yerləşən,ümumi sahəsi 113 kv.m olan,3 otaqlı mənzili tam dəyəri 146900 manat olmaqla Cavabdeh MMC-yə ödəyərək alıb.Bununla bağlı,xx.xx.2019-cu il tarixli, 68 nömrəli maliyyə arayışı mövcuddur. Müqavilənin 2.4-cü maddəsinə əsasən binanın tikintisi hazır olduqdan sonra tərəflər öz aralarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayırlar və müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarış alınmasından ötrü müraciət etmişdir. Müraciətinə cavab olaraq aidiyyatı idarə tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu verilmişdir. Məktubda qeyd edilmişdir ki, müraciətlə əlaqədar olaraq bildirilir ki,Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş 06 saylı xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində tikinti obyektinin sifarişçisi Cavabdeh MMC göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışında Cavabdeh MTK Cavabdeh MMC-nin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzilə dair Cavabdeh MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyən edici sənədlərlə müraciət edəcəyiniz təqdirdə ərizəsinə qanunamüvafıq qaydada baxılacaqdır. Müraciətə əlavə olunmuş sənədlər “Cavid-2016" MMC tərəfindən təsdiq edilmişdir. Belə olduğu halda daşınmaz əmlak Məhdud Məsuliyyətli Cəmiyyətin adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bundan başqa, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, B. Dadaşov, K. Rəhimov,S.Y. Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində olan ərazidə inşa olunmuş “Zümrüd Residence" yaşayış kompleksində inşa olunmuş binanın istismara qəbul olub-olmaması barədə məlumatın əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-35-1/2-Ə-19xx-xx-1923/2024 saylı cavab məktubu verilmişdir. Məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Zümrüd Residence ” yaşayış kompleksində inşa edilmiş yaşayış binasının istismarına icazə verilib-verilməməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2024-ci il tarixli müraciətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu,Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində "Cavid-2016” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 8 girişli 16 mərtəbəli yaşayış binasına dair xx.xx.2018-ci il tarixli 29 nömrəli tikintiyə icazə sənədi “PİLOT layihəsi" əsasında Nərimanov rayonu İcra Hakimiyyəti tərəfindən verilmişdir. Eyni zamanda bildirilir ki,Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında' Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 1.3-cü bəndinə əsasən "PİLOT" layihəsi əsasında inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti tərəfindən həyata keçirildiyindən aidiyyəti üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciətini məqsədəuyğun hesab edirlər.Bu səbəbdən məcbur qalıb Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etməli olub.Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 5-14/2-Ə-142-071/2024 saylı cavab məktubu verilmişdir. Məktubda qeyd edilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 02/24 nömrəli sənədi ilə Cavabdeh MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Halhazırda mənzil alqı-satqısınaa dair 68-ZT/2019 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra olunmur. Belə ki, bina uzun müddətdir ki,hazır olmasına baxmayaraq, eləcə də həmin binadakı mənzildən istifadə etməyinə baxmayaraq hələdə sözügedən öhdəlik icra olunmamışdır. Qeyd edir ki, aralarında bağlanmış müqavilənin 3.2.1.5-ci maddəsində qeyd olunur ki, Binanın istismara verilməsi barədə “Alıcıya rəsmi bildiriş göndərmək qeyd edilib. Lakin, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 02/24 nömrəli sənədi ilə Cavabdeh MTK-ya tikinti obyektinin istismarına icazə verilsə də bununla bağlı ona rəsmi bildiriş məktubu göndərilməmişdir. Bundan başqa, arlarında bağlanmış müqavilənin 2.4-cü maddəsində qeyd olunur ki, binanın tikintisi hazır olduqdan sonra Tərəflər öz aralarında Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqısatqı müqaviləsini bağlayırlar və müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almır. Göründüyü kimi, binanın tikintisi uzun zamandır hazır olmasına, hətta istismara qəbul edilməsinə baxmayaraq tərəflər arasında (“Satıcı" və “Alıcı”) notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanılmır. Bu isə cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması deməkdir. Hal-hazırda özünə məxsus olan mənzilə çıxarış almaq istəyir. Lakin, cavabdeh tərəfindən müqavilədə qeyd olunan öhdəliklərin icra edilməməsi onun hüququnu pozur. Hesab edir ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilərək onunla Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmalıdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, cavabdeh tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədin – çıxarışın əldə edilməsi üçün iddiaçıya süni maneələr yaradılır, pul tələb edilir, əks təqdirdə lazımi sənədlərin tərəflərindən təqdim edilməyəcəyi bildirilir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materialları - xx.xx.2019-cu il tarixli Cavid-2016” Mənzil - Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış 68-ZT/2019 saylı mənzil alqı-satqısına dair müqaviləyə əsasən, “Satıcı”- Cavabdeh Mənzil - Tikinti Kooperativi-Bakı şəhəri, Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuvivə, Q.Rəşad küçələrinin kəsişməsində ona məxsus olan ərazidə tikilməkdə olan,”Zümrüd Residence” yaşayış kompleksində 2-ci bina,9-cu mərtəbədə olan mənzili “Alıcı”-İddiaçı verməyi, “Alıcı”-İddiaçı isə həmin mənzili qəbul edib əvəzində anlaşma şərtlərinə uyğun olaraq həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Binada tikinti işlərinin tam olaraq başa çatması CavabdehMənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı bildiriləcəkdir.Binanın tikintisi hazır olduqdan sonra tərəflər öz aralarında Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayırlar və müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.Bu müqavilə üzrə satılan mənzilin 1(bir) kv/mnin qiyməti 1300(bir min üç yüz)manat AZN müəyyən edilir.Mənzilin ümumi dəyəri 113x1300=146900 (bir yüz qırx altı min doqquz yüz)manat təşkil edir. “Alıcı”-İddiaçı mənzilin ümumi dəyəri olan 146900(bir yüz qırx altı min doqquz yüz) AZN məbləği birdəfəlik ödəyərək bağlayır. - xx.xx.2019-cu il 68 saylı maliyyə arayışından görünür ki,Bakı şəhəri,Nərimanov rayonu, B.Dadaşov, Q.Rəşad, Bakuvi və K.Rəhimov küçələrinin kəsişməsində inşa olunan çoxmənzilli hündür yaşayış binalarından ibarət yaşayış kompleksi (Zümrüd Towers) ”Cavid-2016” MMC-ə məxsusdur. 2-ci bina, 9-cu mərtəbədə yerləşən,ümumi sahəsi 113 m2 olan, 3 otaqlı mənzilin dəyəri-146900(bir yüz qırx altı min doqqu yüz)manat İddiaçı tərəfindən tam olaraq Cavabdeh MMC-yə ödənilmişdir və onun sözü gedən mənzilə görə Cavabdeh MMC-yə borcu qalmamışdır. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan məktubundan görünür ki, ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzilə dair Cavabdeh MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacağı,müraciətə əlavə edilmiş sənədlər Cavabdeh MMC tərəfindən təsdiq edildiyi,belə olan halda daşınmaz əmlak Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəflərindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyatı aparıla biləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 8 girişli 16 mərtəbəli yaşayış binasına dair xx.xx.2018-ci il tarixl 29 nömrəli tikintiyə icazə sənədi “Pilot layihəsi” əsasında Nərimanov rayonu İcra Hakimiyyəti tərəfindən verilmişdir. Eyni zamanda bildirilmişdir ki, ”Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 1.3cü bəndinə əsasən “PİLOT” layihəsi əsasında inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti tərəfindən həyata keçirildiyindən adiyyəti üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə İddiaçı tərəfindən edilən müraciət məqsədəuyğun hesab edilmişdir. - xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindənb İddiaçı ünvanlanmış məktubdan görünür ki,Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 02/24 nömrəli sənədi ilə Cavabdeh MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. -Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 43.1. Əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Maddə 87. Mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Maddə 100-1. Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 568.2. Əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-cimaddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 68-ZT/2019 saylı mənzil alqı-satqısına dair müqaviləyə əsasən, Cavabdeh Mənzil - Tikinti Kooperativi Bakı şəhəri, Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuviyə, Q.Rəşad küçələrinin kəsişməsində ona məxsus olan ərazidə tikilməkdə olan, ”Zümrüd Residence” yaşayış kompleksində 2-ci bina, 9-cu mərtəbədə olan mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul edib əvəzində anlaşma şərtlərinə uyğun olaraq həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2019-cu il tarixli maliyyə arayışından da görünür ki, B.Dadaşov, Q.Rəşad, Bakuvi və K.Rəhimov küçələrinin kəsişməsində inşa olunan çoxmənzilli hündür yaşayış binalarından ibarət yaşayış kompleksi(Zümrüd Towers)”Cavid-2016”MMC-ə məxsusdur. 2-ci bina ,9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 113 m2 olan, 3 otaqlı mənzilin dəyəri-146900(bir yüz qırx altı min doqqu yüz)manat İddiaçı tərəfindən tam olaraq Cavabdeh MMC-yə ödənilmişdir və onun sözü gedən mənzilə görə iddiaçının CavabdehMMC-ə borcu qalmamışdır. Məhkəmə vurğulayır ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzilləri iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilələr üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edlir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən mənzil təhvil verilsə də, mənzil üzərində hüquqmüəyənedici sənədin əldə edilməsi üçün zəruri olan sənədin – kooperativin üzvlüyünə qəbul edilmə barədə qərarın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində olan ərazidə inşa olunmuş “Zümrüd Residence” yaşayış kompleksində 2-ci binanın 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 113 kv.m olan, 3 otaqlı mənzilin sahibi İddiaçı Cavabdeh üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının iddiaçıya təqdim edilməsi Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Lakin MTK-nın üzərinə notarial qaydada müqavilə bağlanması öğhdəliyinin qoyulması hissəsində tələb əsassızdır. Belə ki, həm qanunvericilikdə belə bir imperativ norma nəzərdə tutulmamış, həm də qəbul olunmuş praktikada da MTK ilə mütləq qaydada notarial qaydada müqavilənin bağlanması zərurəti yoxdur. Digər tərəfdən iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, hazırki iddia tələbinin qaldırmaqda məqsədləri iddiaçının mənzilə dair mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, yəni mənzilə dair çıxarışın əldə edilməsidir. Yuxarıda istinad edilən normalardan da görünür ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün kifayət edən əsasdır və başqa hər hansı əsasın olması, sənədin təqdim edilməsi tələb edilmir. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehin üzərinə notarial qaydada üqavilənin bağlanması öhdəliyinin qoyulması jissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov, K.Rəhimov, S.Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində olan ərazidə inşa olunmuş “Zümrüd Residence” yaşayış kompleksində 2-ci binanın 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 113 kv.m olan, 3 otaqlı mənzilə dair İddiaçı Cavabdeh üzvlüyünə qəbul olunmasına dair ümumi yığıncağının qərarının İddiaçı təqdim edilməsi öhdəliyi “Cavid-2016" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh “Cavid-2016" Mənzil- Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2298/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2298/2025
08.07.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver