Məhkəmə qərarları › İş №2(005)-2299/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2299/2022

01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2299/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Əhməd qızının həqiqətən də xx.xx.2022-ci il tarixdə vəfal etmiş X8 ilə nikahda olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-ci il tarixdə Ermənistan SSR Spitak rayonunda anadan olmuşdur. O, 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçüb. Bakı şəhəri, Nəsimi rayonu ərazisində, hazırda isə Bakı şəhəri Nərimanov rayonunda məskunlaşmışdır. Ərizəçi 15 yanvar 1984cü il tarixdə Noyemberyan rayonunda X8 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onların 2 (iki) uşaqları doğulmuşdur. Ərizəçi əri X8 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR, Noyemberyan rayonunda doğulmuşdur, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi əri X8 arasında mövcud olmuş nikah haqqında şəhadətnamə naməlum şəraitdə itirilmişdir. X2 vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılması və vərəsəsi qismində çıxış etmək üçün nikah haqqında şəhadətnamə lazım olmuşdur. Ərizəçi nikah haqqında şəhadətnaməni itirdiyi üçün nikah haqqında akt qeydi bərpa edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X3 ərizə ilə müraciət etmişdir. Lakin, şöbənin xx.xx.2022-ci il tarixli 05/Q-259/İ5 saylı məktubunda qeyd olunur ki, nikah akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən ərizənin təmini mümkün olmamışdır və onun bərpa edilməsi məhkəmə qaydasında mümkündür. Ərizəçi həqiqətən nikahda olmalarının sübutu kimi uşaqları X4 və X5 doğum haqqında şəhadətnamələrini təqdim edir. Həmin şəhadətnamələrdən göründüyü kimi uşaqların valideynləri barədə məlumatlar qrafasında atası kimi Əhməd Bayramov, anası kimi Ərizəçi qeyd olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, Ərizəçi onun qızının baldızıdır. Qeyd edir ki, təxminən 1983-1984-cü illər ərəfəsində Ərizəçi ilə X8 arasında nikah bağlanmış, özü də həmin nikah mərasimində iştirak etmişdir. O həmçinin qeyd edir ki, tərəflər arasındakı nikah münasibəti toydan sonra rəsmiləşdirilmişdir. Bildirir ki, onların nikahından iki övladları olmuşdur. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Qeyd edir ki, Ərizəçi ilə X8 arasında nikah bağlanmış, tərəflər arasındakı nikah münasibəti toydan sonra rəsmiləşdirilmişdir. Bacısının nikah haqqında şəhadətnaməni hansı vəziyyətdə itirməsi ona məlym deyil. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1985-ci il il tarixdə verilmiş, V-СЛ № 286446 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. X1, anası isə Ərizəçi. İş materiallarında olan xx.xx.1985-ci il il tarixdə verilmiş, V-СЛ № 256544 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. X1, anası isə Ərizəçi. İş materiallarında olan AZ-İİ №220618 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 378 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli № 05/Q-259/15 saylı məktubunda qeyd olunur : 1 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə ünvanladığınız nikah haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2022-cı il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfinizdən şöbəmizə nikah akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənizin təmini mümkün olmamışdır. Bildiririk ki yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi 15 yanvar 1984-cü il tarixdə Noyemberyan rayonunda X8 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1985-ci il təvəllüdlü X9 və xx.xx.1987-ci il təvəllüdlü X10 dünyaya gəlmişlər. X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi əri X8 arasında mövcud olmuş nikah haqqında şəhadətnamə naməlum şəraitdə itirilmişdir. X2 vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılması və vərəsəsi qismində çıxış etmək üçün nikah haqqında şəhadətnamə lazım olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2020-ci il tarixli Plenum Qərarının 4.5-ci bəndinə əsasən, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. 5.1-ci bəndinə əsasən, məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X17 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi və X2 arasında 15 yanvar 1984-cü il tarixində Ermənistan, Noyemberyan rayonunda nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, bu barədə Ərizəçi nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Ərizəçi “nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməli və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi və X2 arasında 15 yanvar 1984-cü il tarixində Ermənistan, Noyemberyan rayonunda nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə Ərizəçi nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar