Məhkəmə qərarları › İş №2(005)-2302/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2302/2022

08.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2302/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, haqsız olaraq iddiaçıya ödənilməmiş əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilin iyul ayindan 2020-ci ilin aprel ayının sonuna kimi SOCAR- ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində, metodiki kabinetin müdiri vəzifəsində işləyib. Xəstəliyi ilə əlaqədar 01 may - 31 may dövründə xəstəlik vərəqi təqdim edib və 01 iyun 2020-ci il tarixində, həmin dövr üçün təqaüdə çıxma yaşının 64,5 olması ilə əlaqədar öz ərizə ilə işdən çıxıb. "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz X1 İttifaqı Respublika Komitəsi arasıdakı Kollektiv Sazişə" əsasən qanunvericiliklə pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilir. İddiaçı da öz ərizəsi ilə işdən çıxmasına baxmayaraq bu müavinət iddiaçıya verilmədi. Səbəb isə idarənin insan resursları şöbəsindən o göstərildi ki, iddiaçının işdən azad olunmağının müddəti yaşı tamam olandan sonra bir aydan çox çəkib. İddiaçı bu yaxınlarda onun kimi təqaüdə çıxan bir yoldaşdan öyrəndi ki, xəstə olduğu dövr həmin müddətə daxil edilməli deyilmiş. İddiaçının 64.5 yaşı 04 apreldə tamam olduğundan, iddiaçının işdən çıxmaq hüququ mayın 4-nə kimi olmuşdur. 01 maydan 31 may tarixinə kimi xəstə olduğundan və xəstəlik vərəqi təqdim etdiyindən, iddiaçının iyunun 4-nə kimi huququ olsa da, iddiaçı 01 iyun 2020-ci il tarixindən öz ərizə ilə pensiya yaşının çatması ilə əlaqədar işdən azad olunub. Bunu bildiyi zaman xx.xx.2022 tarixində SOCAR rəhbərliyinə ərizə ilə müraciət etdisə də, iddiaçının ərizəsinə müsbət cavab verilmədi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz təqdim etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “Müavinətin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan aşağıda göstərilən səbəblərə görə hesab edirik ki, rədd edilməlidir: Belə ki, SOCAR ilə İddiaçı arasında bağlanmış 03 avqust 2011-ci il tarixi əmək müqaviləsinə əsasən, bu iş üzrə iddiaçı SOCAR-ın Baş ofisinin Təlim, Tədris və Sertifikatlaşdırılması İdarəsində, metodiki kabinetin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Qeyd edilən əmək müqaviləsinin, eləcə də həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən, tərəflər hüquqi bərabərlik prinsipinə əməl etməklə əmək müqaviləsinə xitam verilməsinin aşağıdakı hallarını müəyyən etmişdir: Tərəflərin qarşılıqlı razılığı əsasında; Səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə(peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə sahiyyə müəssisəsinin müvafiq rəyinə görə; Əmək funksiyasının müəyyən müddətə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) İşin və ya göstərilən xidmətin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən Əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; Bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda: İşçi Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər və sair. Göründüyü kimi, işəgötürənlə bu iş üzrə İddiaçı qanunvericinin tərəflərə verdiyi hüquqlar daxilində münasibətlərini tənzimləyən əmək müqaviləsi ilə münasibətlərinə xitam verilməsinin digər hallarını müəyyən etmişdirlər. Həmin hallardan biri də işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda əmək müqaviləsinə, işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilməsidir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçının yaşa görə pensiya hüququ 04 aprel 2020-ci il tarixdə yaranmış, lakin İddiaçı 01 may 2020-ci ildən 31 may 2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixdə xitam verilmişdir. Qeyd edilən hallar öz növbəsində işin mübahisələndirilmiyən tərəfidir. Məlumat üçün bildirir ki, SOCAR-ın və Azərbaycan Neft və Qaz X1 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının (Əmr-Qərar) 4-cü bəndinə əsasən, işdənçıxarma müavinəti (orta aylıq əmək haqqının beş misli məbləği) həmin Əmr-Qərarın verildiyi, eləcə də 22 may 2009-cu il tarixindən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdığı tarixdən bir ay müddətində öz təşəbbüsü ilə işdən çıxan və yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə müvafiq razılaşma imzalayan şəxslərə verilə bilər. (Qeyd edilən hal qanunvericiliklə müəyyən edilmir, həmin əmr-qərar işçilərin maddi rifah hallının yaxşılaşdırılması məqsədi ilə verilmişdir, evni zamanda həmin əmr-qərarda müddətlə bağlı hər hansı istisna hal mövcud deyildir). Göstərilənləri nəzərə alaraq hesab edir ki, əmək haqqının 5 mislini almaq üçün yuxarıda qeyd edilən əmr-qərarla müəyyən edilmiş müddəti (pensiya yaşına çatdığı tarixdən bir ay müddətində) iddiaçı ötürdüyündən, ona müavinətin ödənilməsi üçün hüquqi əsas yoxdur. Bununla yanaşı bildiri ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, işçi öz hüquqlarının bərpa ediləlməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DNŞ-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə cavabdan görünür ki, belə ki, həm müraciətinizdən, həm də ki, apardığımız araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sizin yaşa görə pensiya hüququnuz 04 aprel 2020-ci il tarixdə yaranmış, lakin 01 may 2020-ci ildən 31 may 2020-ci il tarixədək əmək qabiliyyətinizi müvəqqəti olaraq itirmişdiniz. Görünüdüyü kimi, beş mislinin alınması ilə bağlı işəgötürənə müraciət etmək üçün kifayət qədər vaxtınız var idi. Eyni zamanda bıldiriririk ki, bir aylıq müddətin ötürülməsi ilə bağlı yuxarıda qeyd edilən əmr-qərarda hər hansı bir istisna hal müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, əmək haqqının 5 mislini almaq üçün yuxarıda qeyd edilən əmr-qərarla müəyyən edilmiş müddəti (pensiya yaşına çatdığı tarixdən bir ay müddətində) ötürdüyünüzdən, sizə müavinətin ödənilməsi üçün hüquqi əsas yoxdur. 26 aprel 2022-ci il tarixli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, bu Arayış Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X2 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00249) tərəfindən qeydiyyat ünvanı Bakı şəhəri. Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi, ev 5A, mənzil 218 olan İddiaçı (Tel: ***-***-**-**) “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilir. Bu Arayış hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti. 121 olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) (Mobil tel: ***-***-**-**) İddiaçı tərəfindən təsvir edildiyi kimi, yəni əmək müqaviləsinə xitam verilərkən kompensasiyanın verilməməsi ilə bağlı əmək mübahisə üzrə 26 aprel 2022-ci il tarixində saat 17:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qanunvericiliyə uyğun olaraq, ilkin mediasiya sessiyasının keçirilmə tarixi, saatı və yeri barədə 8 (səkkiz) gün əvvəlcədən poçt xidməti vasitəslilə müvafiq yazılı bildiriş (mediasiyaya dəvət məktubu) göndərilərək məlumatlandırılmışdır, həmin məktubun göndərilməsini təsdiq edən qəbz mediasiya işində mövcuddur. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərci ödəyəcəkdir. Azərbaycan Respublikası DNŞ ilə Azərbaycan Neft və qaz X1 İttifaqı Respublika Komitəsinin arasında bağlanmış 22 aprel 2009-cu il tarixli Əmir-Qərarın təsdiqlənmiş surətindən görünür ki, Bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır.(4-cü bəndi) e-sosial elektron sistemindən çıxarışdan görünür ki, İddiaçı Əmək qabiliyyəti xx.xx.2020-xx.xx.2020-ci il tarixdə müvəqqəti olaraq itirilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin l bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hüququ vardır. 69.1--ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 74-cü maddəsinin qeyd hissəsinə əsasən, Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 01 may 2020-ci ildən 31 may 2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti olaraq itirmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən azad olmuşdur. Azərbaycan Respublikası DNŞ ilə Azərbaycan Neft və qaz X1 İttifaqı Respublika Komitəsinin arasında bağlanmış 22 aprel 2009-cu il tarixli Əmir-Qərarın təsdiqlənmiş surətindən görünür ki, Bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır.(4-cü bəndi) Hazırda iddiaçı iddia edir ki, xəstə olduğu dövr müavinət alması üçün hüququ yaranmış müddətə daxil edilməli olmadığından, onun iyunun 4-nə kimi hüququ olsa da, iddiaçı 01 iyun 2020-ci il tarixindən öz ərizə ilə pensiya yaşının çatması ilə əlaqədar işdən azad olunub. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaya yazılı etiraz təqdim edərək, SOCAR-ın və Azərbaycan Neft və Qaz X1 İttifaqı Respublika Komitəsinin 22 aprel 2009cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarının (Əmr-Qərar) 4-cü bəndinə əsasən, işdənçıxarma müavinəti (orta aylıq əmək haqqının beş misli məbləği) həmin Əmr-Qərarın verildiyi, eləcə də 22 may 2009-cu il tarixindən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdığı tarixdən bir ay müddətində öz təşəbbüsü ilə işdən çıxan və yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə müvafiq razılaşma imzalayan şəxslərə verilə bilər. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, əmək haqqının 5 mislini almaq üçün yuxarıda qeyd edilən əmr-qərarla müəyyən edilmiş müddəti (pensiya yaşına çatdığı tarixdən bir ay müddətində) iddiaçı ötürdüyündən, ona müavinətin ödənilməsi üçün hüquqi əsas yoxdur. Bununla yanaşı bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 01 may 2020-ci ildən 31 may 2020ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir. Həmin müddət yuxarıda qeyd edilən Əmr-Qərarda nəzərdə tutulmuş 1 aylıq müddətə daxil olmasa da iddiaçı 2020-ci ildə yaranmış əmək mübahisəsi üzrə tələblərini məhkəmə müstəvisi qaydasında yalnız 2022-ci il tarixdə iddia qaldırmaqla mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, nəticə etibarilə iddiaçı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nin “X4” Trestinə qarşı “müavinətin, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DNŞ-nə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar