Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2303/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Təbriz küçəsi, bina 105/35 ev 100 saylı mənzilindən Cavabdeh və 3 uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2014- cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X14 ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, bina 105/35, ev 100 saylı mənzil, 9 mərtəbəli binanın 4-cü mərtəbəsində 1 otaqlı yaşayış sahəsindən ibarətdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən xx.xx.2000ci ildə qeydə alınmaqla iddiaçının adına ÖMN-037728 saylı qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətindədir. 2000-ci ildən 2007-ci ilədək ailəsi ilə birlikdə həmin evdə yaşayıblar. Cavabdeh 2007-ci ildə iddiaçının oğlu X5 ilə rəsmi nikahları qeyd edilməklə ailə quraraq evləniblər. 2024-cü ildə xasiyyətləri uyğun gəlmədiyi üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsində nikahları pozulmuşdur. Cavabdehlə oğlunun birgə nikahlarından 3 uşaqları - X12xx.xx.2008-ci il, X8 xx.xx.2014-cü il və xx.xx.2016-cı il X14 - anadan olmuşdur. Ev şəhərin mərkəzində olduğu üçün nəvələrinin baxçaya getmələri və sonra da dərsə getmələrinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, bina 105/35 ev 100 saylı 1 otaqlı evi müvəqqəti yaşamaları üçün onlara vermişdir. Evin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdeh oğlu Samir Quluyev və 3 uşaqları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 10/36 saylı mənzildə daimi pasport qeydiyyatındadırlar. Cavabdehlə oğlunun nikahları pozulduqdan sonra iddiaçını evinə gəlib getməyə mənzilindən istifadə etməyə Cavabdeh icazə vermir. Hər dəfə qapını iddiaçının üzünə bağlayır. İddiaçı cavabdehə uşaqları ilə birlikdə evdən bütün əşyalarını çıxartmaqla evi boşaltmaları barədə Bakı şəhəri, Nərimanov rayon Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh mediasiyaya gəlmədiyi üçün xx.xx.2025-ci il tarixli arayış yazılaraq məhkəməyə verilməsi üçün iddiaçıya verilmişdir. Bu günə kimi cavabdehdən evdən çıxmağı tələb edilsə də, evi boşaltmayaraq çıxmır. Cavadeh könüllü olaraq iddiaçının evindən çıxmadığı üçün mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianı müdafiə edib, əlavə olaraq bildirmişdir ki, aralarında barışıq olması mümkün deyil. Uşaqlar ona yaxın gəlmir, ona salam belə vermirlər. Bu şəraitdə barışıq olması mümkün deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirib, hazırda onların başqa yaşamaq üçün yerləri olmadığını, övladları yetkinlik yaşına çatanadək mənzildən çıxarılmalarına dair iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə sualcavab zamanı bildirmişdir ki, o, həmin ünvanda qeydiyyatda deyildir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən ÖM seriyalı 037728 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı, 16,52 yaşayış sahəsindən ibarət 1 otağlı 100 saylı mənzili İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2000-ci il tarixdə 107 saylı reyestr kitabında 10059 səhifədə 30/7754 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayonu MKTB 134 saylı MKİS tərəfindən İddiaçı verilən xx.xx.2025-ci il tarixli 31 nömrəli arayışdan görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 105/35 saylı evin 100 mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00121 nömrəli X4 (İms) X11 arayışından görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 331/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2007-ci il tarixdə 3758 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların saxlanması üçün X1 iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli, cəmi 1,74 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-23300/2025 nömrəli xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, ünvan 2 ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 3MA-323 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı DNK-nın 3M-131 reyestr nömrəli xx.xx.2000-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu X6 ilə Cavabdeh 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar. Cavabdeh həmin vaxtdan indiyədək iddiaçıya məxsus mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, 100 saylı mənzilində övladları ilə yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-331/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh ilə cavabdeh X6 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra da cavabdeh və uşaqları iddiaçıya məxsus həmin mənzildə yaşamaqda davam edirlər. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh və uşaqları mübahisələndirilən mənzildə pasport qeydiyyatına alınmamışdırlar. Mübahisəli mənzilə istifadə hüququ barədə cavabdehlə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Belə ki, Cavabdeh istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı artıq cavabdehin və övladlarının ona məxsus evdən çıxmasını xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir, övladlarının yetkinlik yaşlarına çatanadək mübahisəli mənzildə yaşamasına şərait yaradılmasını xahiş edir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisənin əsasını cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmamasının aydınlaşdırılması və onun mübahisəli mənzildən çıxarılması üçün əsasların mövcud olub-olmamasının müəyyənləşdirilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarına əsasən formalaşdırdığı mövqeyə əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına əsasən, cavabdeh 2007-ci ildə iddiaçının oğlu X6 ilə ailə qurmuş və qaynanası olan iddiaçıya məxsus mənzildə yaşamağa başlamışdır və 2024-cü ildə nikahları pozulduqdan sonra da həmin mənzildə yetkinlik yaşına çatmayan övladları ilə hazırki vaxtadək mənzildə yaşamağa davam etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə 2007-ci il tarixindən köçdüyündən hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Belə ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. X7 Məhkəməsi plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya və beynəlxalq müqavilələrin normalarından irəli gələn və onu inkişaf etdirən mülki qanunvericilik mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Hazırki vəziyyətdə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və onunla mübahisəli mənzilin mülkiyyətçisi arasında hər hansı notarial qaydada təsdiqlənmiş yazılı razılaşmanın mövcudluğu müşahidə edilmir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına, həmçinin işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, cavabdeh Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mübahisəli mənzilin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən iddiaçı ilə bərabər istifadə etmək hüququ yaranmamışdır. Bununla yanaşı mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da, cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun yaranmadığına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən mənzilə istifadə hüququ olmadığından ona qarşı iddiaçının mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə iddianın cavabdehin yetkinlik yaşına çatmayan övladlarının mənzildən çıxarılmaları barədə hissəsinə qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Belə ki, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X14 14 yaşlarına çatmadıqlarından onların yaşayış yeri valideynin yaşayış yeri sayılır. Ona görə də qanunla himyəçisi olan analarının mənzildən çıxarılması təmin edildiyindən, onların da mənzildən çıxarılması təmin edilməlidir. Məhkəmə iddianın xx.xx.2008-ci il təvəllüdlü X10 aid hissəsi ilə bağlı qeyd edir ki, onunla mənzilin mülkiyyətçisi olan iddiaçı arasında da mənzildən istiffadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından, onun da mənzildən çıxarılması barədə iddia təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh və övladları xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2014- cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X14 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, bina 105/35 ev 100 saylı mənzildən çıxarılsınlar. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2303/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2303/2025
17.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver