Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2304/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İsmayılova (Əsgərova) Aynurə Fəxrəddin qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İsmayılova (Əsgərova) Aynurə Fəxrəddin qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova (Əsgərova) Aynurə Fəxrəddin qızının Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63 Əmlakın Dövlət Reyestr Xidmətində 1995-ci il 21 oktyabrda xüsusi mülkiyyət kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçirilmişdir. 2018-ci il 17 aprel tarixində isə iddiaçının adına yeni reyestrdən çıxarış verilmişdir. X1 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən tərəflər arasındakı nikah pozulmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il 10(102)-34\2021 saylı qərardadı ilə həmin məhkəmə aktı Azərbaycan Respublikasının ərazisində tanınmışdır. X1 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasında yerləşən tərəflərin birgə nikahdan əldə etdikləri daşınmaz əmlakları bölünmüş və iddiaçı istifadə hüququna xitam verilməsini tələb etdiyi mənzilin dəyərini cavabdehə pulla ödəmişdir. X1 rayon Məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il 10(102)-50\2022 saylı qərardadı ilə həmin məhkəmə aktı Azərbaycan Respublikasının ərazisində tanınmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan evdə xx.xx.1997-ci ildən qeydiyyatdadır. İddiaçı qeyd edir ki, o həmin evdə 2003-cü ildən yaşamır və İsveç Krallığının vətəndaşıdır, orada işləyir və yaşayır. Onun qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan; - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzil İddiaçı şəxsi mülkiyyəti kimi tanınmışdır. - xx.xx.1995-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzil İddiaçı əvəzsiz olaraq verilmişdir. - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışınından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzil (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küç.,23, M5, m2) İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə ********** saylı qeydiyyat aparılmışdır. - “Grönvall and Partners” vəkil bürosu tərəfindən X1 Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizədən məlum olur ki, İddiaçı və Cavabdeh 20 avqust 1996-cı il tarixdə nikaha daxil olmuşlar. - Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasındakı nikah X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. - X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, tərəflərin birgə nikahdan əldə etdikləri Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlakları bölünmüş və İddiaçı istifadə hüququna xitam verilməsini tələb etdiyi - Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzil (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küç.,23, M5, m2) ünvanında yerləşən mənzilin dəyəri olaraq Cavabdeh 325.000 SEK kompensasiya ödəməsi qərara alınmışdır. - AR-nın Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından məlum olur ki, İddiaçı və Cavabdeh arasında əmlak bölgüsünə dair X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı AR-nın ərazisində tanınmışdır. - 36 saylı MKİS tərəfindən tərtib edilən arayışdan məlum olur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzildə xx.xx.1991-ci ildən, Cavabdeh isə həmin mənzildə xx.xx.1997-ci ildən pasport qeydiyyatındadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzil (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küç.,23, M5, m2) ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzil (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küç.,23, M5, m2) xx.xx.1995-ci il tarixdə onun şəxsi mülkiyyəti kimi tanınmış, xx.xx.1995-ci il tarixli Bağışlama müqaviləsi əsasında İddiaçı əvəzsiz olaraq verilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, tərəflər 20 avqust 1996-cı il tarixdə nikaha daxil olmuşlar. Həmin nikah X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ölkə xaricində olduğunu, beləliklə onun könüllü olaraq sözügedən mənzilə qeydiyyatdan çıxmadığını, nəticədə isə özünün mülkiyyətçi kimi hüquqlarının pozulduğunu bildirir və Cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin materiallarından görünür ki, tərəflərin mübahisəli mənzilə olan istifadə hüquqları 2000-ci il tarixdən əvvəl yaranmışdır ki, cavabdeh sonradan könüllü olaraq sözügedən mənzili tərk etmiş və həmin tarixdən etibarən mənzildə yaşamır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində isə göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. 118.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmə sadalanan qanunvericilik aktlarına əsaslanaraq belə qənaətə gəlir ki, tərəflərin 20 avqust 1996-cı il tarixdə nikaha daxil olması nəticəsində cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzildən istifadə hüququ yaranmış olsa da, xx.xx.2018-ci il tarixdə tərəflər arasında olan nikahın pozulması, cavabdehin 20 ilə yaxın müddətə yaşayış yerini tərk etməsi nəzərə alınaraq, Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Eyni zamanda iş materiallarından da müəyyən olunmuşdur ki, həmin mənzil nikaha qədər İddiaçı şəxsi mülkiyyəti kimi tanınmış, tərəflər arasında nikah isə 20 avqust 1996-cı il tarixdə qeydə alındığından, sözügedən mənzil tərəflərin birgə nikahından əldə olunmuş əmlak hesab edilə bilməz. Mülki işin materiallarında olan X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh isveç vətəndaşıdır və 2003-cü ildən İsveç Krallığında yaşayır. Eyni Qərarla həm də müəyyən edilir ki, iddiaçı tərəfdən cavabdehə həmin mənzilə görə kompensasiya ödənilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan iddia üzrə cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh İsmayılova (Əsgərova) Aynurə Fəxrəddin qızının Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzildən (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küç.,23, M5, m2) istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İsmayılova (Əsgərova) Aynurə Fəxrəddin qızının Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova küçəsi, ev 63, 46 saylı mənzildən (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küç.,23, M5, m2) istifadə hüququna xitam verilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2304/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2304/2023
28.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver