Məhkəmə qərarları › İş №2(005)-2308/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2308/2025

18.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2308/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi; mənzildən çıxarılma) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 33, mənzil 10, Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Cavabdeh istifadə hüququna xitam verilməsinə və cavabdehin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 33, mənzil 10, Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 55,87 kv.metrdən ibarət yaşayış sahəsi xüsusi mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi həmin yaşayış sahəsinə olan mülkiyyət hüquqlarını qeydiyyata alaraq adına ********** saylı Çıxarış vermişdir. Cavabdeh oğludur və həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. Nərimanov rayon 30 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli 30/071 saylı Arayşından görünür ki, cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Ondan başqa qızı da, orada pasport qeydiyyatındadır. Cavabdeh dəfələrlə onu təhqir edib döydüyünə gorə öz mənzilindən çıxaraq kirayə qalmaq məcburiyyətində qalmışdır. Bir mənzildə yaşamaqları mümkün olmadığına görə cavabdehə bildirmişdir ki, razılıq versin mənzili satıb, ayrı-ayrı mənzillər alaq. Lakin cavabdeh mənzilin satılmasına etiraz etdiyinə görə mənzili sata bilmir. Belə vəziyyətdə isə mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmir və aralarında narazılıq yaranır. Cavabdehə 36 (otuz altı) ay müddətində bir otaqlı mənzildə yaşamasına görə ayda 400 (dörd yüz) manat kirayə haqqı verə bilər. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron qaydada iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizətə etiraz təqdim edərək, işin mahiyyəti üzrə həll olunmasına dair yekun məhkəmə aktı – qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsini, habelə işin məhkəmə baxış mərhələsində olmasını nəzərə alaraq işə mahiyyəti üzrə baxmışdır. II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron qaydada iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “İddiaçı göstərilən iddia tələbi əsassızdır. Buna görə də idda rədd edilməlidir. Belə ki, Rusiya Federasiyası Novqorod şəhəri Pankova qəsəbə X3 İcraiyyə Komitəsinin 22 mart 1990-cı il tarixli qərarı ilə Novqorod şəhəri, Pankova qəsəbəsi, İnşaatçılar küçəsi, 12 saylı evin, sahəsi 24,5 kvm olan 12 saylı mənzili (korpus) atam X2 verilməsi qərara alınmışdir. Göstərilən qərar əsasında həmin mənzilə dair 26 mart 1990-cı il tarixdə atam A.Musayevin adına 142 nömrəli order verilmişdir. Göstərilən orderə əsasən mənzilin kirayəçisi atam A.Musayev olmuşdur. Orderə həmçinin anam İddiaçı, mənim və bacım X1 adları daxil edilmişdir. Atam A.Musayev 23 iyul 1990-cı il tarixdə Novqorod şəhəri, Pankova qəsəbəsi, İnşaatçılar küçəsi, 12 saylı evin, sahəsi 24,5 kvm olan 12 saylı mənzilin – Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 33 saylı evin, 10 saylı mənzili ilə dəyişdirilməsinə dair ərizə vermişdir. Bu ərizə əsasında atamın kirayəçisi olduğu Novqorod şəhəri, Pankova qəsəbəsi, İnşaatçılar küçəsi, 12 saylı evin, sahəsi 24,5 kvm olan 12 saylı mənzili ilə – Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 33 saylı evin, 10 saylı mənzili dəyişdirilmişdir. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 33 saylı evin, 10 saylı mənzilin – mənzil dəyişdirmə müqaviləsi və dəyişdirmə orderi əsasında atam A.Musayevə verildiyi gündən hal-hazıradək göstərilən mənzildə yaşayıram. Anam İddiaçı mənə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 33, mənzil 10 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqma xitam verilməsi və mənim həmin mənzildən çıxarılmağıma dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etdikdən sonra mənə məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 33, mənzil 10 (yeni qaydalarla ünvan 2 09 yanvar 2025-ci il tarixdə anam İddiaçı adına özəlləşdirilərək, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında anam İddiaçı adına qeydiyyata alınmışdır. Lakin, mənzilin özəlləşdirilməsi üçün mənim razılığım alınmamış və mənzilin özəlləşdirilməsi mənim razılığım olmadan həyata keçirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 33 saylı evin, 10 saylı mənzilin – mənzil dəyişdirmə müqaviləsi və dəyişdirmə orderi əsasında atam A.Musayevə verildiyi gündən halhazıradək göstərilən mənzildə yaşadığımdan ailə üzvüyəm. Buna görə də həmin mənzilə dair hüquqlara malikəm. Mənim mənzildən istifadə hüququma xitam verilməsi və mənzildən çıxarılmağım üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. Odur ki, iddia əsassıdır. Buna görə də iddia rədd edilməlidir.” Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək etirazın dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehi iddia tələbinə etiraz edərək onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 33, mənzil 10 Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, giriş 77, M2, m2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - 30 saylı MKİS tərəfindən verilmiş 052464 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı, onun qızı X4, oğlu Cavabdeh Ağa Neymətulla küçəsi 33 saylı evin 10 №-li mənzilində pasport qeydiyyatındadır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı tərəfin, tərəflərin nümayəndə-vəkillərinin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 33, mənzil 10 (Yeni qaydalarla : AZ 1033, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2025-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh iddiaçının oğlu olmaqla, hazırda mübahisəli mənzildə yaşayır. Hazırda İddiaçı cavabdehin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin hallarından göründüyü kimi mübahisəli mənzil 142 №-li 26 mart 1990-cı il tarixdə order əsasında cavabdehin atası – iddiaçının həyat yoldaşı Ağa Musayevin sahibliyində olmuş və övladı olan Cavabdeh qeydiyyata alınmaqla, daimi orada yaşamışdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində icarədarın ailə üzvü hesab olunan şəxslərin əhatə dairəsi göstərilmişdir, qeyd edilən müddəadan da göründüyü kimi Cavabdeh ailə üzvü - övladı olmaqla, onun mənzildən istifadə hüququ yaranmışdır. Sonradan həmin mənzil İddiaçı adına özəlləşdirilmişdir. Bununla belə, Cavabdeh həmin mənzilə istifadə hüququ yaranmış, bu gün də mövcuddur. Bu hüququn isə ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzdür. İstifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır, lakin hazırkı işdə bu hallar mövcud deyildir. Cavabdeh 1990-cı ildən mənzildə qeydiyyata alınmaqla hazırda da orada yaşayır. İşin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, cavabdehin izahatından müəyyən edilir ki, o, mübahisəli yaşayış sahəsinə məhdud əşya hüququndan imtina etmir. İddiaçı isə kompensasiya verilməklə Cavabdeh istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, məhkəmə baxış iclasınadək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişdir. İddiaçının nümayəndəsi və vəkili yalnız mülki iş üzrə baxış mərhələsində iddia ərizəsində çap zamanı yanlışlığa yol verdiyini bildirərək, “xahiş edirəm” hissəsini təsviri hissəyə uyğunlaşdıraraq, cümlədə buraxılmış kompensasiya sözünü əlavə edib, həmin hissənin "Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 33, mənzil 10, Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə qəbul edəsiniz" kimi oxunmasını xahiş etmiş, qeyd olunan ərizə məhkəmə baxışı mərhələsində verildiyindən məhkəmə tərəfindən qəbul olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, bununla belə iddiaçıya qeyd edilən tələblə məhkəməyə müraciət hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 33, mənzil 10, Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Cavabdeh istifadə hüququna xitam verilməsinə və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməməli, dənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi ev 33, mənzil 10, Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə Cavabdeh istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar