Məhkəmə qərarları › İş №2(005)-231/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-231/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-231/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixində Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdə onunla Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair“ 58 saylı müqavilə bağlanmışdır. Həmin vaxt onun atasının adı Hümbət əvəzinə Qubat olaraq yazılmış, həmin sənədlərlə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə çıxarış alınması üçün müraciət edərkən bu yanlışlıq məlum olmuşdur. Hazırda həmin idarə ləğv olunduğundan, yanlışlığın düzəldilməsi imkan xaricindədir, şəxsiyyət vəsiqəsində soyadı İsmayılov, adı Qiyas, ata adı Hümbətdir, lakin həmin sənəddə adı Ərizəçi Qubat oğlu olaraq göstərilmişdir. Əslində isə həmin sənəd ona məxsusdur, həmin sənəddə icarəçi qrafasında da onun qeydiyyatda olduğu Bakı şəhəri, Neapol küçəsi, ev 16, mənzil 10 göstərilmiş, hazırda da həmin evdə qeydiyyatdadır, MKİS tərəfindən verilmiş arayışdan da görünür ki, həmin mənzildə 1993cü ildə ondan əvvəl də yalnız Ərizəçi yaşamış və qeydiyyatda olmuş, Ərizəçi Qubat oğlu adlı vətəndaş olmamışdır. Hüquqi faktın müəyyən edilməsi həmin torpaq sahəsinə çıxarış almaq üçün lazımdır. Hüquqi faktın müəyyən edilməsi barədə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-1708/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1993-cü il tarixli Bakı şəhəri icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4218/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1708/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Həm Xətai Rayon Məhkəməsinə, həm də Nərimanov Rayon Məhkəməsinə xüsusi və iddia icraatı qaydasında müraciət edərkən tələbi cavabdeh qurumu ona yaranmış səhvi aradan qaldırmağa məcbur etmək deyildir. Başqa sözlə iddiaçı kimi hər iki icraat zamanı mülki mühakimə icraatı qaydasında göstərilən səhvin aradan qaldınlmasına nail olmaq istəyir. Çünki bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, iddiaçının xüsusi icraat qaydasında verdiyi ərizəsinin baxılmamış saxlandığını, məhkəmənin başqa qaydada iddia verməsi təklifini qəbul etmədiyini, iddiaçının hüquqlarının məhkəmə tərəfindən müdafiəsinin zəruriliyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə Ərizəçi Qubat oğlu arasında bağlanmış Nardaran qəsəbəsində 0,10 ha bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 58 saylı, 17 oktyabr 1993-cü il tarixli müqavilənin əslindən görünür ki, icarəçi İsmayılov X2, ev 16, mənzil 10 ünvanında qeydiyyatdadır; AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 arasında nikah xx.xx.2008-ci il tarixdə Bakı Nikah Evi tərəfindən rəsmiləşdirilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1708,2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ərizəsi təmin edilmiş, 17 oktyabr 1993-cü il tarixli Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində “Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanmışdır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində yerləşən 2332A/55 saylı bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 17 oktyabr 1993-cü il tarixli, 58 saylı müqavilə və qeyd edilən bağ sahəsinə dair məlumat İdarə arxivində aşkar edilməmişdir; Məhkəmə iclasında şahid qismində ifadə vermiş Rəsulov Malik-Əjdər Süleyman oğlu bildirmişdir ki, əmisi iddiaçının atası ilə qonşudur. İddiaçını da oradan tanıyır. İddiaçının Nardaranda bağı olduğunu eşitmişdir. İddiaçının atasının adı Hümbətdir. Hümbət müəllim vəfat etmişdir. Sənəddə yanlış olaraq Qubat yazılmışdır; Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, taksi sürücüsüdür. İddiaçı onunla tez-tez Nardaranda yerləşən bağlarına gedirdi. Bağ evinin içərisində olmayıb, lakin həyətində əyləşib çay içmişdir. İddiaçının atasının adı Hümbətdir. Sənəddə səhv yazıldığını deyirdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırki iş üzrə iddiaçı eyni tələbi xüsusi icraat qaydasında ərizə formasında vermiş, birinci instansiya məhkəməsi tərəfindən ərizəsi təmin edilmiş, müqavilənin ona məxsus olması faktı müəyyən edilmişdir. Daha sonra maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, mübahisələndirilən icarə müqaviləsinin İdarənin arxiv əsaslarında aşkar edilmədiyini əsas gətirərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi hüquq haqqında mübahisənin olduğuna əsaslanaraq qətnaməni ləğv etmiş və ərizəni baxılmamış saxlamışdır. Hazırda iddiaçı torpaq sahəsinin ona məxsus olmasına, uzun müddətdir həmin torpaq sahəsindən istifadə etməsinə, icarə müqaviləsində ata adının düzgün yazılmadığına və hüquqlarının başqa qaydada bərpasının mümkün olmadığına əsaslanaraq icarə müqaviləsinin ona məxsus olması faktının iddia icraatı qaydasında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə uyğun olaraq, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə qeyd edir ki, hazırki mülki iş xüsusi icraat qaydasında baxılmalı olsa da, apellyasiyya instansiyası məhkəməsinin qərarının preyudisiallığını, iddiaçının məhkəmə müdafiəsi hüququndan imtinanın yolverilməzliyini nəzərə alaraq məhkəmə işə iddia icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarından göründüyü kimi, iddiaçının torpağın icarəyə verilməsinə dair sənəddəki ata adı şəxsiyyət vəsiqəsindəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və sənədin ona məxsus olması barədə hüquqi əhəmiyyətli fakt xüsusi icraat qaydasında artıq mübahisələndirilmişdir. Həmin sənəddə Ərizəçi əvəzinə yanlışlıqla Ərizəçi Qubat oğlu qeyd edilmişdir. Məhkəmə tədiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, Bağlar Təsərrüfatı İdarəsi ilə Ərizəçi arasında bağlanmış Bağ sahəsi və tikintilərin uzunmüddətli icarəyə verilməsinə dair 58 nömrəli, 17 oktyabr 1993-cü il tarixli icarə müqaviləsi əsasında Ərizəçi Nardaran qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin müqavilədə icarəyə götürənin atasının adı səhvən “Qubat” kimi qeyd olunmuşdur. Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının ata adının “Qubat” deyil, “Hümbət” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin müqavilədə icarəçi qrafasında icarəçinin qeydiyyatda olduğu ünvan ünvan 3nvanda qeydiyyatdadır. Bu səbəbdən icarə müqaviləsinin iddiaçıya məxsus olmasının müəyyən edilməsi barədə iddia təmin edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunmuş “Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində yerləşən 2332A/55 saylı bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 17 oktyabr 1993-cü il tarixli, 58 saylı müqavilə və qeyd edilən bağ sahəsinə dair məlumatın İdarə arxivində aşkar edilməməsi” ilə bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin İdarənin arxivlərinin Bakı Ərazi İdarəsinə verilməsi qərara alınmışdır. Lakin həmin bağ sahəsinin uzun müddətdir ki, iddiaçının istifadəsində olması, orada bağ evi tikməsi, icarə müqaviləsinin əslinin iddiaçıda mövcud olması və məhkəməyə təqdim etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, sənədin arxivdə aşkar olunmaması idiaçının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilməz və bu hal onun hüquqlarının bərpasından imtinaya əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində yerləşən 2332A/55 saylı bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 17 oktyabr 1993-cü il tarixli, 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində yerləşən 2332A/55 saylı bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair 17 oktyabr 1993-cü il tarixli, 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar