Məhkəmə qərarları › İş №2(005)-2313/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2313/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2313/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 saylı evin 27 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra məhkəmə iclasında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 saylı evin 27 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən 125 saylı evin 27 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə həyat yoldaşı ilə birgə yaşayır. İş üzrə Cavabdeh onun rəfiqəsinin oğludur. Cavabdehin valideynlərinə məxsus mənzil satıldıqdan sonra rəfiqəsi xahişi ilə cavabdehi ona məxsus evə qeydiyyata aldırmışdır. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da bir gündə bu evdə yaşamamışdır. Hazırda cavabdehlə münasibətləri yoxdur və onun harada yaşadığı ona məlum deyil. Cavabdehin onun evində yaşamadığını qohum və qonşuları da təsdiq edə bilərlər. Lakin cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Cavabdehlə münasibəti olmadığına və hazırda onun harada yaşaması ona məlum olmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək, məhkəməyə ərizə təqdim edərək, hazırda iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 saylı evin 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 997 nömrəli reyestr kitabının 89607 nömrəli vərəqində, xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri haqqında ******* №-li arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 saylı evin 27 saylı mənzilində Cavabdeh qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsindəki 125 saylı evin 27 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsindəki 125 saylı evin 27 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. Çıxarılmış qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi 125 saylı evin 27 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar