Məhkəmə qərarları › İş №2(005)-2349/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2349/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2349/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı1, İddiaçı3 Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evin 4 kv.m olan əlavə sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evin 4 kv.m olan əlavə sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin 9,4 kvm və 11,2 kvm yaşayış otaqlarıma bitişik əlavə sahəsi 4 kvm olan hamam və ayaqyolunun mənim ailəmlə birlikdə istifadəmə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1031/2008 saylı 12 may 2008-ci il tarixli qətnaməsinə əsasən, «İddiaçı Axundova Ülkər Məmməd qızının İddiaçı1 Firudin qızı və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı1 Firudin qızı və qeydlərinin Axundova Ülkər Məmməd qızı və qeydlərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir». Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin ilkin sahibi qaynatası X4 olub, o, vəfat edəndən sonra həmin ev qaynanası Axundova Ülkər Məmməd qızının adına keçib. Axundova Ülkər Məmməd qızı vəfat edəndən sonra qeyd etdiyi ünvandakı evin 89,4 kvm yaşayış sahəsindən ibarət 7 otağından qaynı Cavabdeh1 ailəsi ilə birlikdə istifadə edir. Həmin yaşayış sahəsində Cavabdeh1 qardaşının həyat yoldaşı Cavabdeh5, qardaşı oğlanları: Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 3 azyaşlı uşağı qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Onu da qeyd edir ki, qayınları, baldızları və həyat yoldaşı X1 vəfat etmişlər. Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin 9,4 kvm və 11,2 kvm yaşayış otaqları isə onun və ailəsinin istifadəsindədir, 1978-ci ildən indiyə kimi 42 ildir ki, orada qeydiyyatda olmaqla yaşayır, hazırda 2 oğlu və 2 nəvəsilə qeyd etdiyi yaşayış sahəsində qeydiyyatdadır, dövlətə bütün kommunal xidmət haqlarını ödəyir. İstifadə etdiyi həmin 2 otağın hətta mətbəxi belə yoxdur, iddiaçı həmin otaqların birindən məcbur olub mətbəx kimi də istifadə edir. Cavabdeh1 mübahisəli evin onun otaqlarına bitişik 4 kvm-dən ibarət əlavə sahəsindən onu və ailəsini (hamam və ayaqyolundan) istifadə etməyə qoymur və onu məcbur edir ki, 20,6 kvm olan yaşayış sahəsində hamam və ayaqyolu tiksin, bu isə mümkün deyildir, çünki qeyd etdiyi kimi o, 2 balaca yaşayış otağının birindən mətbəxt kimi istifadə edir, digər balaca otaqdan isə ayaqyolu tiksə həmin otaqlarda yaşamaq mümkün olmaz. Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin cavabdehləıə məxsus yaşayış sahələrinin 3 yerində əlavə sahə: hamam, ayaqyolu və mətbəxi vardır. Bu, iddia ərizəmə əlavə etdiyi sxemlə də sübut edilir. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı1, İddiaçı3 iddia tələbinin dəlillərinə uyğun surətdə çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 iddianı qəbul etməyərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuşlar, lakin məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1031/2008 saylı, 12 may 2008-ci il tarixli qətnaməsinin məzmunundan və surətindən görünür ki, iddiaçı Axundova Ülkər Məmməd qızının İddiaçı1 Firudin qızı və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı1 Firudin qızı və qeydlərinin X2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3304/2008 saylı, 04 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli 2(005)- 3304/2008 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddiaçı Axundova Ülkər Məmməd qızının nümayəndəsi X5, həmçinin cavabdeh İddiaçı1 Firudin qızı, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməsi, qətnamənin qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-3201/08 saylı, 16 dekabr 2008-ci il tarixli qərarından görünür ki, iddiaçı Axundova Ülkər Məmməd qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın iş üzrə 04 sentyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 18 saylı MKİS tərəfindən verilmiş 18/484 nömrəli, 02.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Firudin qızı, İddiaçı2, İddiaçı3, X6 və X3 Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı 20,01 kv.m sahəsi olan 2 otaqlı evdə (özbaşına tikili) qeydiyyatdadırlar. 18 saylı MKİS tərəfindən verilmiş 18/486 nömrəli, 25.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, X7, X8, Cavabdeh5 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, X10 və X12 Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı, 53,04 kv.m sahəsi olan 4 otaqlı evdə (özbaşına tikili) qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ramin Qurbanovun, 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, vət. İddiaçı1 Firudin qızının müraciəti əsasında HK 1-də 886 sayda qeydiyyata alınmış toplanmış materialı nəzərdən keçirib toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1031/2008 saylı 12 may 2008-ci il tarixli qətnaməsinə əsasən, «İddiaçı Axundova Ülkər Məmməd qızının İddiaçı1 Firudin qızı və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı1 Firudin qızı və qeydlərinin Axundova Ülkər Məmməd qızı və qeydlərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir». Məhkəməyə təqdim edilmiş mənzil kommunal Təsərrüfatı Birliyinin arayışları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı ev özbaşına tikilidir. Qeyd edilən evin 2 otaqlı, 20.1 kv.m-i iddiaçıların, qalan 53,4 kv.m-i cavabdehlərin istifadəsindədir. Qeyd edilən yaşayış sahəsinin yaxınlığında əlavə sahəsi 4 kv.m olan qeyri-yaşayış sahəsi yerləşir. Hazırda iddiaçılar qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə qaydalarının müəyyənləşdirilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, qeyd edilən özbaşına tikili hər iki tərəfin ümumi istifadəsində olduğundan qeyri-yaşayış sahəsinə tərəflərin istifadə qaydasının müəyyən edilməsi digər tərəflərin hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hazırkı iddiası əsassızdır, iddiaçılar iddianı əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, həmin sübutların mötəbərliyini əsaslandıra bilməmişdir. Beləliklə təqdim edilmiş sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evin 4 kv.m olan əlavə sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evin 4 kv.m olan əlavə sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar