Məhkəmə qərarları › İş №2(005)-2351/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2351/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2351/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1in yaşayış sahəsindən istifadə etmək hüququnun tanınmasını və mənzilə köçürülməsi, eləcə də məhkəmə xərcləri ilə bağlı ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1i Cavabdeh ilə ailə qurduqdan sonra birgə nikah dövründə tikmişlər. Artıq 20 ilən çoxdur ki, o, cavabdehlə birgə sözügedən mənzildə yaşamış, birgə sahiblik etmiş və həmin mənzildən birgə istifadə etmişdir. Lakin cavabdeh onun həmin mənzildə yaşayış sahəsindən istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh ilə 1984-cü il tarixdən ailəlidir, lakin xx.xx.2021-ci il tarixindən rəsmi nikahdadır. Cavabdehlə birgə nikahdan xx.xx.1986-cı il təvəllüdlü X1 və xx.xx.1986-cı il təvəllüdlü X3 adlı əkiz qız övladları və xx.xx.1988-ci il təvəllüdlü X2 adlı oğlu anadan olmuşdur. O, həmin evdə qeydiyyatdadır və ikinci yaşayış yeri yoxdur. Qohumlarda müəyyən müddətdən artıq qalmaq olmur. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1ə köçürülməsi, eləcə də məhkəmə xərcləri ilə bağlı ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1in yaşayış sahəsindən istifadə etmək hüququnun tanınmasını və mənzilə köçürülməsi, eləcə də məhkəmə xərcləri ilə bağlı ödənilmiş 110 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: AZ-İ seriyalı, 758877 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 420 nömrəli akt qeydi tərtib edilmişdir; DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Bakı şəhəri, Ə.Əliyev küçəsi, 120/1 evdə qeydiyyatdadır Nərimanov Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 049352 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu ildən Ə.Əliyev küçəsi, 120/1 evdə qeydiyyatdadır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci 60 manat İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ər-arvad münasibətləri olmuş, onların nikahı xx.xx.2012-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Tərəflər birgə nikah dövründə ünvan 1i tikmiş və 20 ilə yaxın orada birlikdə yaşamışlar. Hazırda Cavabdeh İddiaçı həmin mənzildə yaşamasını və istifadə etmək hüquqlarını məhdudlaşdırdığından, o iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mülki Məcəllənin 135.1-ci addəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, saylı 1/2024 Qərarının 4.11-ci maddəsinə əsasən Mülki Məcəllənin 180.2ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Həmin Qərarın 4.16-cı maddəsinə əsasən özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəyə hüquqi qiymət vermək üçün ilk növbədə barəsində müvafiq prosessual hərəkətlərin aparılması tələb olunan predmetin, yəni ünvan 1in xüsusiyyətlərini xarakterizə etmək lazımdır. Belə ki, istənilən tikilinin xüsusiyyətlərinin tədqiq olunması və aydınlaşdırılması əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını yəqin etməyə imkan verəcəkdir. Adıçəkilən tikinti ilə bağlı məhkəmə araşdırması nəticəsində aşkar edilmişdir ki, o, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi olduğundan özbaşına tikinti hesab olunur. Məhkəmə qeyd edir ki, İddiaçı yaşayış sahəsindən istifadə etmək hüququnun tanınması tələbinin hüquqi nəticəsi məhz ünvan 1in özbaşına tikinti olmasından asılı olaraq müəyyənləşdirilməlidir. Belə ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur və o, əmlak üzərində istifadə, sahiblik, sərəncam hüquqlarının hansı şəkildə özlərini göstərməsi məsələlərini ehtiva edir. Adıçəkilən tikilinin özbaşına tikinti olmasının ər-arvadın birgə mülkiyyətinin rejiminə təsiri ondan ibarətdir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli, saylı 1/2024 Qərarının 4.16-cı maddəsinə əsasən özbaşına tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Buradan belə bir qənaətə gəlmək olar ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikinti kimi qəbul olunduğundan, qanunvericiyin tələblərinə əsasən onun üzərində əşya hüquqları, müvafiq surətdə bu qaydanı hazırki işə tətbiq etsək, yəni əşya üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan, əşyadan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı- istifadə hüququ tanınmamalıdır. Məhkəmə mənzilə köçürülmə tələbinə münasibətdə qeyd edir ki, iddia ərizəsinin bu hissəsinin müqəddəratı da yuxarıda adıçəkilmiş Plenum Qərarının 4.11-ci maddəsi ilə təyin olunmalıdır. Maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Bu müddəaya istinad edərək görə bilərik ki, hazırki iş üzrə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 120/1 saylı fərdi yaşayış evi də İddiaçı və Cavabdeh əmək və xərclərinin nəticəsini ifadə edən maddi dəyəri təşkil edir. Belə ki, həmin yaşayış sahəsinin maddi dəyər kimi qəbul olunması və tərəflərin öz həyat fəaliyyətlərinin realizəsi, tələbatlarının qarşılanması məqsədilə inşa edilməsi İddiaçı oraya köçərək yaşaması hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1ə köçürülməli, həmçinin mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul və dövlər rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1ə köçürülsün. Mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul və dövlər rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar