Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2355/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 13/İX nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 13/İX nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və iş buraxmaya görə əmək haqqının ödənilməsi, həmçinin ödənilməmiş 1560 manat əmək haqqının və istifadə edilməmiş məzuniyyət günlərinə görə 3040 manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatda “Mühasibatlıq şöbəsi”nin mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Daha sonra mediasiyaya müraciət etmiş, xx.xx.2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. İşlədiyi müddətdə əmək funksiyasını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtında icra etmiş, rəhbərliyinin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbləri pozulub, cavabdeh ondan izahat almamış, bu səbəbdən göstərilən nöqsanlar barədə öz arqumentlərini bildirə bilməmiş, əmrdə izahat verməkdən imtina edildiyi qeyd olunsa da, belə hal baş verməmişdir. Cavabdehin bu hərəkətləri onun işçi kimi hüquqlarını məhdudlaşdırmışdır. Əmrin verilməsinə səbəb kimi bir nöqsan qeyd olunmuşdur. Bu nöqsan isə onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan dövr ərzində guya işdə icazəsiz olmamağıdır. İş yerini özbaşına tərk etmədiyini, təhvil təslim olunmasına baxmayaraq, özü ərizə yazmağına baxmayaraq, Əmək Məcəlləsinin başqa maddəsi ilə azad olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini edərək, təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X3 və X5 iddia tələbini qəbul etmədiklərini, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın əsassız olduğunu, həmçinin iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o iddiaçını, tanıyır, iddiaçı cari ilin yanvar ayının 11-də ərizəsini ona təqdim etmişdir ki, o, rəhbərliyə təqdim etsin. Əslində bu məsələlər ötən ilin dekabr ayında başlamışdır. Tərəflər arasında baş verən digər məslələr barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də mütəxəssis vəzifəsinə qəbul edilmişdir; Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 13/İX saylı əmrindən görünür ki, “Mühasibatlıq şöbəsinin mütəxəssisi” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 “ç” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir; xx.xx.2024-cü il tarixli 14 saylı Mediasiya təşkilatının arayışından görünür ki, Cavabdeh MMC-nin iştirak etməməsi əsası ilə arayış verilmiş, mediasiyasının tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən, rəsmi icazə almadan və üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir; xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə yazaraq işdən azad edilməsini xahiş etmişdir; Əmək müqaviləsindən görünür ki, “işəgötürən” Cavabdeh MMC “işçi” İddiaçı “mühasibatlıq şöbəsinin mütəxəssisi” vəzifəsinə qəbul etmişdir. İşçinin aylıq əmək haqqısı 1200 manat təşkil edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işəgötürənə heç bir məlumat vermədən, rəsmi icazə almadan və üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerinə gəlməmişdir. İşə gəldiyi gün işdən çıxma barədə ərizə təqdim etmişdir. Əmək müqaviləsinə 5 gün sonra xitam verilmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan və tədqiq edilmiş sübutlarla iddiaçının iş davamiyyəti ilə bağlı nöqsanları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır, bunu təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, həmçinin iddiaçı tərəfindən inkar edilsə də, mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Həmin maddənin a bəndinə görə işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndinin tələbləri kobud şəkildə pozulmuş, bu haqda onun barəsində akt tərtib edilməklə, əmək müqaviləsi ləğv edilmiş, bu əsaslar əmək müqaviləsinin ləğvi üçün kifayət etməklə birlikdə xx.xx.2024-cü il tarixli, 13/İX saylı əmrin əsaslı olması təsdiq olunmuş, bunun əksinə olaraq iddiaçı tərəfindən irəli sürülən tələblərin həqiqəti əks etdirməsi işdəki sübutlarla təsbit olunmamışdır. Məhkəmə iddia tələbinin əsassızlığı və əmrin əsaslılığı nəticəsinə gəlməyi məqsədəuyğun hesab edir. Bundan əlavə iddiaçı işdən azad olunduqdan sonra xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərməklə əmrin ləğvi üçün bir aylıq müraciət etmə müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə görə Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddənin məzmunundakı “məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan” və “əmək mübahisələrinə baxan orqan” anlayışlarının mahiyyəti isə sual doğurmaqla birlikdə iddiaçı və apellyasiya instansiyası məhkəməsi tərəfindən də yanlış anlaşılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur”. Yenə həmin qərarda göstərilmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: 1) yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; 2) müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması. Qərarda göstərilən digər mühüm nəticə isə budur ki, “Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır”. Göründüyü kimi qərarda ifadə olunan mövqe bundan ibarətdir ki, əmək mübahisələrinə baxan orqan anlayışının tərkibinə 1) əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan 2) məhkəmə aid edilmiş, əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan anlayışına isə 1)kollektiv müqavilə yaradılması nəzərdə tutulan 2) müəssisələrdə həmkarlar ittifaqlarının nəzdində yaradılan orqanlar aid edilmişdir. Beləliklə hazırkı işdə iddiaçının əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət etmək imkanı olmadığı və əmək mübahisələrinə baxan digər orqan olan məhkəməyə müraciət üçün qanunla nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan ötürüldüyü üçün iddia müddətinin tətbiq edilərək iddia tələbinin həmin hissədə rədd edilməsi zəruridir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad olunmuş, həmin tarixdə bu barədə əmrlə yerində tanış olmuş və bu andan müddətin axımı başlamışdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürüldüyündən əmrin ləğvi və işə bərpa hissəsində təmin edilməməlidir. Bundan əlavə iddiaçı iddia edir ki, işlədiyi müddət üçün (2 il 6 ay 11 gün) rəsmi məzuniyyətə çıxmamış, cavabdeh buna şərait yaratmamışdır. Bu səbəbdən də, 68 məzuniyyət gününə görə 3040 manat məzuniyyət pulunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir. Çünki işdə olan əmr və ərizələr ilə iddiaçının işlədiyi müddətdə əmək məzuniyyətində olduğu müəyyən olunur, faktiki olaraq əmək məzuniyyətinə çıxmaması barədə sübutlar isə mövcud olmadığından, məhkəmə iddia tələbinin bu hissədə də əsassız olduğu qənaətinə gəlir. Məhkəmə ödənilməmiş 1560 manat əmək haqqının iddiaçıya ödənilməsi hissədində iddia tələbini əsaslı hesab edir və 2023-cü ilin dekabr ayı və 2024-cü ilin yanvar ayının ilk 11 günü üçün ödənilməmiş əmək haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində aylıq əmək haqqının 1200 manat təşkil etdiyi və iddiaçının tələb etdiyi məbləğ ona ödənilməmiş əmək haqqı həcmində olduğu müəyyən edilir. Cavabdeh tərəf də məhkəmə araşdırması zamanı iddia tələbinin bu hissədə əsassız olması, yəni həqiqətən bu məbləğin 1560 manat əmək haqqının iddiaçıya ödənilməsini sübuta yetirə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı ödənilməmiş 1560 manat məbləğində əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2355/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2355/2024
02.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver