Məhkəmə qərarları › İş №2(005)-2357/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2357/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2357/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 20 saylı evin 7 saylı mənzilini xx xxxxxx 2019-cu il tarixdə 9 saylı notariat ofisində təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasında almış və ********** qeydiyyat nömrəli xx.xx.2020-ci İl tarixli Çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərinə əməl edilməklə bağlanandan sonra keçmiş mülkiyyətçisi mənzili ona təhvil vermiş və 30 gün ərzində qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, bu yaxınlarlda ona məlum olmuşdur ki, evin keçmiş sakini, iş üzrə Cavabdeh hal-hazırki vaxtadək ona məxsus mənzildə qeydiyyatdadır. Hazırda cavabdeh faktiki olduğu yer ona məlum olmadığı üçün onu tapıb, qeydiyyatdan çıxmasını tələb edə bilmir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması onun xüsusi mülkiyyətində olan mənzilinə sərəncam vermək hüququnu məhdudlaşdırır. Bundan başqa, o, cavabdehə görə hər ay əlavə kommunal xidmət xərclərini ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 mülkiyyətində olan Bakı Şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı ünvanında yerləşən yaşayış evini İddiaçı oğluna satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı Şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı oğlunun adına xx.xx.2020-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanv Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 051229 №-li forma 2 arayışından görünür ki, Cavabdeh Bakı Şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı ünvanında yerləşən yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əlavə olunmu, notarial qaydada təsdiq edilmiiş ərizədən görünür ki, Cavabdeh tərəfindən Bakı Şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı ünvanında yerləşən yaşayış eviin satılmasına və bağışlanmasına razılıq vermişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan Bakı Şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı yaşayış evini İddiaçı oğluna satmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı X1 üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən müvafiq mənzil xüsusi mülkiyyət kimi İddiaçı oğlunun adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Mənzil satılan vaxt cavabdeh həmin ünvanda yaşamamış, hazırda da qeyd olunan ünvanda yaşamır, lakin mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə notarial qaydada ərizə göndərərək Bakı Şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı ünvanında yerləşən yaşayış evinin satılmasına və bağışlanmasına razılıq vermişdir. Cavabdehin həmin ünvanda hər hansı hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin mübahisəli mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən iddia rədd edilməli, cavabdehin bu mənzilə istifadə hüququ olmadığından həmin ünvanda qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı «mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddiası təmin edlməsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 20 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar