Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2357/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı bağışlamadan imtina edilərək bağışlanmış əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdehə hədiyyə etdiyi ümumi sahəsi 30,6 kv.m olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən 73 saylı evin 48 saylı mənzilinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş etdi” hissəsinin “bağışlama müqaviləsindən imtina edilərək əmlakın geri qaytarılması” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 sentyabr 2019-cu il tarixdə verilmiş **********82-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətindəki ümumi sahəsi 30,6 kv.m olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən 73 saylı evin 48 saylı mənzilini oğlu-Cavabdeh bağışlamışdır. Oğlu ilə aralarında olan şifahi razılaşmaya görə o, sözügedən mənzili heç vaxt kənar şəxsin adına özgəninkiləşdirməyəcəyini, həmin evdən yalnız özü istifadə edəcəyini, özünün yaşayacağını, eyni zamanda hər ay dolanışığı üçün ona 400-500 manat pul verəcəyini, bundan əlavə, bir ana kimi onunla mütəmadi maraqlanacağını, onu müalicə etdirəcəyini və dərmanlarını alacağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh evi öz mülkiyyətinə keçirdikdən sonra üzərinə götürdüyü bu öhdəliklərin heç birini yerinə yetirməmiş, həmin öhdəlikləri kobud şəkildə pozaraq bu günədək ona hər ay ödəməli olduğu 400-500 manat pul vəsaitini ödəməmiş və bu günədək bir ana kimi ona baxmamış, səhhəti ilə maraqlanmamış və heç vaxt qayğısına qalmamışdır. Bu səbəbdən o, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə aralarında bağlanmış 13 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsindən imtina edərək həmin müqavilə əsasında ona bağışladığı xüsusi mülkiyyətindəki ümumi sahəsi 30,6 kv.m olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən 73 saylı evin 48 saylı mənzilinin özünə geri qaytarılmasını istəyir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 13 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən ümumi sahəsi 30,6 kv.m olan 73 saylı evin 48 saylı mənzilini Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 27 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən ümumi sahəsi 30,6 kv.m olan 73 saylı evin 48 saylı mənzili 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu E.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 4Ə-2206 reyestr nömrəli 29 noyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 07 dekabr 2021-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İşin hallarından görünür ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən ümumi sahəsi 30,6 kv.m olan 73 saylı evin 48 saylı mənzilini 13 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlamış, mənzil cavabdehin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 29 noyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdeh sözügedən mənzili X1 və mənzil hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı Cavabdeh sözügedən mənzili heç vaxt kənar şəxsin adına özgəninkiləşdirməyəcəyini, həmin evdən yalnız özü istifadə edəcəyini, özünün yaşayacağını, eyni zamanda hər ay dolanışığı üçün ona 400-500 manat pul verəcəyini, bundan əlavə, bir ana kimi onunla mütəmadi maraqlanacağını, onu müalicə etdirəcəyini və dərmanlarını alacağını öhdəsinə götürdüyünü bildirsə də, 13 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsində hədiyyə verənlə hədiyyə alan arasında hər hansı bir öhdəliyin, şərtlərin yerinə yetirilməsi ilə bağlı razılaşma qeyd olunmamış, iddiaçı bu barədə məhkəməyə sübutlar təqdim etməmiş və bu faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, mübahisəli mənzilin Cavabdeh bağışlanmasından imtina edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 иyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlamadan imtina edilərək bağışlanmış əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2357/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2357/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver