Məhkəmə qərarları › İş №2(005)-2357/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2357/2024

12.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2357/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfaərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliklə 65 yaşda pensiya yaşına çatdığı üçün ARDNŞ və ANQİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin Geofizika və geologiya İdarəsi tərəfindən hesablanıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, SOCAR Geofizika və geologiya İdarəsinin “X5” X1 və mühəndisi topogeodeziya ekspedisiyasının ekspedisiya rəisi vəzifəsində işləmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə xx.xx.2024-cü il tarixdə Geofizika və geologiya İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ərizədə xx.xx.2024-cü il tarixdən pensiya yaşına (65) çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X7 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur (ƏMR- QƏRAR, № SOCAR**********00030020A00003, xx.xx.2020) Geofizika və geologiya İdarəsinin rəhbərliyi güzəştli şərtlərlə əmək pensiyası aldığını (2011-ci il tarixindən), ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması haqqında 14-2-4/3- 6-364/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Buna baxmayaraq onunla bağlanmış müqaviləyə (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, 14-2-4/3-1K- 168/2024 nömrəli əmrlə xitam verilmişdir. Yəni bağlanmış müqaviləyə "xxxx" AR Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun yaranması əsas götürülərək xitam verilmişdir. Bu barədə əmək kitabçasında da “Təqaüd yaşına çatdığına görə” müvafiq qeydi aparılmışdır. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq deyildir. GGİ tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsindən imtina olunmasını qanunsuz və əsassız hesab edir. Bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ uzun illər zərərli sahədə işləyənlər üçün dövlət tərəfindən yaradılmış sosial ədalət imkanıdır. Bu imkandan istifadə etməsi pensiya yaşına çatdıqda (65 yaş üçün nəzərdə tutulan şərtlərə əməl etdiyi halda) 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırmamalıdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi, “Kollektiv Saziş”in 5.16-cı maddəsi, Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr və əmək kitabçasındakı “Təqaüd yaşına çatdığına görə” müvafiq qeydi onun haqlı olduğunu sübut edir. Eyni zamanda, bununla bağlı oxşar məhkəmə qərarları da vardır. Cavabdeh tərəf iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən, işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. Məzmunundan göründüyü kimi istinad olunan norma dispozitivdir və yalnız bütün şərtlər eyni anda ödənildiyi halda müraciət müəllifi belə müavinəti almağa ixtiyar qazanır. Bu şərtlər isə aşağıdakılardır: 1) Qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmaq; 2) Pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmək; 3) İşdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etmək və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması; 4) Cari məsələ ilə bağlı SOCAR-ın qərar qəbul etməsi. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı” dedikdə "xxxx" Azərbaycan Respublikası Qanununun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun uzun müddətdir əmələ gəldiyindən (2011-ci il tarixindən etibarən) ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı hələ 2011-ci ildən pensiya yaşına çataraq pensiya hüququ qazansa da, işdən azad olunmadan əmək münasibətlərini davam etməsi, hazırda belə bir iddianın verilməsini istisna etmiş olur. İddiaçı iddiasında o zaman haqlı ola bilərdi ki, ilk dəfə pensiya hüququ verən yaş həddinə (2011) çatarkən, 1 ay müddətində əmək münasibətlərinin xitam verilməsini xahiş etmiş olsun. Lakin iddiaçı bu qaydada davranmadığı üçün, dolayısıyla, hazırkı reallıqda belə bir iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ aradan qalxmış olur. Sözügedən kollektiv Sazişin bağlanmasında məqsəd, Preambulasında da qeyd olunduğu kimi, AR Dövlət Neft Şirkətində aparılan struktur islahatları çərçivəsində ştat vahidlərinin təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması, başqa sözlə, Şirkətin müəssisə və təşkilatlarda işçi heyətindən daha səmərəli istifadə etmək və xərclərin azaldılmasına nail olmaqdan və s. ibarət idi. Bu bir həvəsləndirmə tədbiridir ki, ARDNŞ pensiya yaşına çatmış işçiyə 5 misli miqdarında müavinət ödənilməsini bəyan etməklə onu işdən azad olunmasına dəvət edir, əvəzində isə daha yeni kadrların, işçi qüvvələrinin işə cəlb olunmasına nail olmaq istəyir. Belə olan halda hazırki mübahisə üzrə zamanında (2011) pensiya yaşına çatmış iddiaçı 13 il ərzində əmək münasibətlərinə davam etməklə, dolayısıyla, özünə münasibətdə işəgötürənini çatmaq istədiyi hədəfdən məhrum etmişdir. Bundan əlavə, əks yanaşmanın tətbiq olunması, həmçinin, güzəştli şərtlərlə pensiya yaşına çatan və 1 ay ərzində əmək münasibətlərinə xitam verilən işçilərə münasibətdə qeyri-bərabərliyə səbəb olar. Çünki həmin şəxslər güzəştli şərtlərlə pensiya hüququ qazanan kimi müvafiq müavinəti almaq üçün 1 ay ərzində əmək münasibətlərinə xitam verməli olduqları halda (ki onların da illər sonra yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin olunması istisna olunmurdu), iddiaçının işdən azad olunmadan əmək münasibətlərinə davam etdirməsi və hazırda həmin müavinətə yiyələnməsi işçilər arasında ayrı-seçkiliyə gətirib çıxarar ki, bu da Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən yolverilməzdir. Sğzügedən müavinətin verilməsi üçün işçi, işdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etməli və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması da tələb olunurdu. Hazırkı iş üzrə iddiaçı, ona verilən səlahiyyətdən vaxtında istifadə etmədiyi üçün tərəflərə arasında belə bir razılaşma imzalanmamışdır. Başqa sözlə, işçi ilə müvafiq məzmunda razılaşma bağlanmadığı üçün işəgötürənin müvafiq müavinəti ödəmək öhdəliyi də yaranmamışdır. Çünki mübahisələndirilən normanın ilkin şərtinin yerinə yetirilməməsi, sonrakı şərtlərin mövcudluğunu və əhəmiyyətini istisna edir. Buna görə də tələb əsassız və qanunsuz olduğuna görə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndələri X3 və Nümayəndə iddia tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; xx.xx.2024-cü il tarixli, 14-2-4/3-1K-168/2024 nömrəli Əmrdən və ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “X5” istehsalat bölümünün Naviqasiya və mühəndisi topogeodeziya ekspedisiyasının ekspedisiya rəisi İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 1400 nömrəli əmək müqaviləsinə, həmin müqavilənin 9-cu bəndinin 9.1.1 hissəsini (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 19 mart 2024-cü il tarixindən xitam verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “ərizəyə cavab”ın surətindən görünür ki, yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququnun uzun müddətdir əmələ gəldiyindən (2011-ci il tarixindən etibarən) iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X7 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, Ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə təqaüd yaşına çatdığına görə xitam verilmişdir. İddiaçı istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə onun 2011-ci ildən pensiya hüququ yaranmış, eyni zamanda əmək münasibətlərinə davam etməklə xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində çalışmışdır. Hazırda iddiaçı pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi isə iddiaçının yaşla əlaqədar əmək pensiyası hüququnun 2011-ci ildən yarandığı üçün hazırda idda tələbinin əsassız olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə (əmək hüququ) əsasən: İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 38-ci maddəsinə (sosial təminat hüququ) əsasən: İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 35-ci maddəsinə əsasən, münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş - respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi - müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi - ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. 39-cu maddəsinə əsasən: 1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. 2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 10-1.1-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. "xxxx" Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası; 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası; 4.1.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan hüquq normalarını təhlil edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunvericiliyin tələbləri baxımından Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Yəni dövlət müəssisəsində çalışan hər bir vətəndaş 65 yaşınadək çalışa bilər. Bu müddətin uzadılması səlahiyyəti isə müvafiq dövlət orqanının rəhbərinə həvalə edilmişdir. Digər tərəfdən Qanunla əmək pensiyasının üç növü müəyyən edilmişdir ki, bunlardan biri də yaşa görə əmək pensiyasıdır. Yaşa görə əmək pensiyası hüququ isə müxtəlif şərtlərlə əmələ gələ bilər. Belə ki, yaşa görə əmək pensiyası hüququnun əmələ gəlməsi üçün ümumi şərt kişilərin 63 yaşına, qadınların isə 60 yaşına çatmış olması və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması kimi müəyyən edilir (Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün isə fərqli şərtlər – fərqli yaş hədləri və stajlar nəzərdə tutulur. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olması, yaşa görə əmək pensiyası hüququnun daha erkən yaşlarda əmələ gəlməsini istisna etmir. Hazırkı iş üzrə iddiaçı "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X7 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə istinad edərək, yaşa görə əmək pensiyasına çıxdığı üçün cavabdehdən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini tələb edir. Sözügedən Sazişin 5.16-cı bəndinin məzmunundan aydın olur ki, işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilir, şəxs bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2011-ci ildən yarandığından o, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməklə bu imkandan istifadə edərək, müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçı 2011-ci ildə yaranmış bu hüququndan istifadə etməməyi seçərək, əmək münasibətlərini davam etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar