Məhkəmə qərarları › İş №2(005)-2359/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2359/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2359/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətina qarşı mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətina qarşı mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövləl Neft Şirkəti tərəfindən mənzil növbəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-cü ildən 2019-cu ilə qədər fasiləsiz olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətində müavin, mühəndis, tikinti quraşdırma idarəsinin rəisi və s. vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2013-cu ildə “Tərəqqi” medalı və 2019-cu ildə isə “Əmək” orderi ilə təltif edilmişdir. xx.xx.2001-ci ildə “Azərdənizneftinşaat” trestinin, TQİ-nin müdriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 36 saylı protokolu ilə 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu və qızı) Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzil bölüşdürülməsi qaydalarının “12-ci” bəndi ilə uçota alınmışdır. 2019-cu ildə təqaüdə çıxmış, 13 il sonra 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mənzil növbəsindən çıxarılmışdır. Bakı İcra Hakimiyyəti onu istisna hal kimi xidmətlərini nəzərə alaraq mənzil növbəsinə götürmüşdür. Həmkarlar İttifaqının sədri, müavini və şöbə müdri əleyhinə qərəzli şəkildə onu mənzil növbəsindən çıxarmaq barədə protokol tərtib edərək, həmin protokolu Səbail Rayon İcra Hakimiyyətinə göndərmişlər. Hazırda o, 4 nəfərdən ibarət ailəsi ilə 1 otaqlı evdə yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2002-ci il tarixli Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamından Çıxarışa əsasən Vət.İddiaçı 4 nəfər ailə tərkibi ilə iş yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında “Azərdənizneftinşaat” 2 nömrəli Tikinti Quraşdırma İdarəsinin müdiriyyəti və HK-nin xx.xx.2001-ci il tarixli, 36 saylı birgə protokolunun təsdiq edilməsi, Vət.İddiaçı öz mənzil şəraitini süni surətdə pisləşdirdiyinə görə sərəncama baxılmaq üçün Bakı şəhər İcra hakimiyyətinin Başçısı yanında fəaliyyət göstərilən ictimai komissiyaya göndərilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1 ünvanındaki mənzilin hazırki hüquqi sahibi X2r. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2014-cü il tarixli, 3 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci bəndinə zidd olaraq mənzil uçotuna götürüldüyünə görə o, mənzil uçotundan çıxarılmalıdır. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin İddiaçı mənzil növbəsindən çıxarıldıqları barədə xx.xx.2014-cü il tarixli, 3 saylı protokol qərarından çıxarışların təsdiq edilməsi və mənzil uçot qovluqlarının ARDNŞ-nə göndərilməsi qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində uzunmüddətli və müstəsna xidmətlərinə görə mənzil növbəsində dayanmış, lakin Həmkarlar İttifaqı mənzil növbəsindən çıxarmaq barədə protokol tərtib edərək, iddiaçını mənzil uçotundan çıxarmışdır. İddiaçı qərəzli şəkildə onun mənzil növbəsindən çıxarıldığını iddia edərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 8-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Şəxsi mülkiyyət hüququ ilə onlara məxsus olan, eyni yaşayış məntəqəsində yerləşən yaşayış evini (evin bir hissəsini) özgəninkiləşdirmək (satmaq, bağışlamaq) yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmiş vətəndaşlar, habelə öz mənzil şəraitini pisləşdirmək və uçota dayanmağa hüquq əldə etmək məqsədilə başqa yaşayış sahəsinə köçmüş vətəndaşlar öz mənzil şəraitini süni surətdə pisləşdirdikləri gündən on ildən tez olmayaraq uçota götürülürlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşa onu uçota götürmüş orqan tərəfindən bu barədə yazılı şəkildə xəbər verilir. Uçota götürülməsi rədd edilmiş vətəndaşa da bu barədə eyni qaydada xəbər verilir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Belə ki, uzunmüddətli, qüsursuz və müstəsna fəaliyyətinə görə İddiaçı ailə tərkibi ilə birlikdə iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Mənzil uçotunda olduğuna görə 1990-cı ildə Darvin küçəsi, 2379-81-82 məhəllə, ev 32, 5 otaqlı, sahəsi 68,03 kv.m yaşayış sahəsi olan 36 nömrəli mənzillə təmin edilmişdir. Lakin iddiaçı xx.xx.2007-ci ildə həmin mənzili özəlləşdirərək bağışlama yolu ilə oğlu Azərin adına keçirmişdir. Yenidən mənzil uçotuna durmaq məqsədilə xx.xx.2020-ci ildə ailə tərkibi ilə birlikdə 1997-ci ildən adına olan yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzilə qeydiyyata düşmüşdür. Lakin SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının xx.xx.2014-cü il tarixli, 3 saylı protokolu ilə mənzil uçotundan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılmasının qərəzli şəkildə baş tutduğunu bildirsə də, bu həqiqəti əks etdirmir. Mənzil növbəsindən çıxarılma qanunvericiliyə müvafiq olaraq həyata keçirilmişdir. Belə ki, İddiaçı 1990-cı ildə Darvin küçəsi, 2379-81-82 məhəllə, ev 32, 5 otaqlı, sahəsi 68,03 kv.m yaşayış sahəsi olan 36 nömrəli mənzili oğlu Azərə bağışlamaqla, öz mənzil şəraitini süni surətdə pisləşdirmişdir. “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 8-ci maddəsinə əsasən öz mənzil şəraitini süni surətdə pisləşdirmiş əvvəllər mənzil növbəsində dayanan vətəndaşların yenidən mənzil uçotuna götürülməsi üçün 10 il müddət keçməsi lazımdır. Bu müddət tələbi isə İddiaçı tərəfindən gözlənilmədiyindən və bu tələbə zidd olaraq mənzil uçotuna götürüldüyünə görə onun mənzil uçotundan çıxarılması qanunamüvafiq olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətina qarşı mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə dövlət rüsumu özünə aid edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətina qarşı mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar